0
Tuesday 24 April 2018 - 17:58

Ermənidən alçaq! - Sarqisyan müxalifətə yalvarır, İlham Əliyev müxalifətə "zibil" deyir

Story Code : 720234
Ermənidən alçaq! - Sarqisyan müxalifətə yalvarır, İlham Əliyev müxalifətə "zibil" deyir
Ermənistanda müxalifət mitinqləri davam etməkdədir. Bu günlərdə müxalifət lideri Ermənistanın baş naziri (keçmiş prezident) Sarqisyanla oteldə görüşüb. Daha doğrusu Sarqisyan müxalifət lideri ilə görüşməkdən ötrü dəridən-qabıqdan çıxıb. Bunu heç özlərindən eşitməsək də hər ikisinin geyimindən bunu anlamaq asandır. Görüşdən çəkilən fotoda müxalifət lideri qısaqol köynək və beyzbolka ilə Sarqisyanın qarşısında oturub, Sarqisyan isə sanki BMT-nin zalına gəlibmiş kimi rəsmi geyimdə (kostyum) gəlib görüşə. Arada gedən bir neçə dəqiqəlik danışıq zamanı isə müxalifət lideri baş nazirə deyib ki sən getməlisən. Baş nazir isə deyib ki, mən çox şadam ki, artıq siz uzun sürən dəvətlərimizə cavab verib gəlmisiniz.
Azərbaycanda isə İlham Əliyev andiçmə zamanı bir daha Azərbaycan müxalifətini "zibilliyə gömüb." Adəti üzrə, həmişə olduğu kimi bu dəfə də müxalifət haqda etikadan kənara çıxaraq "müxalifətin yerini xalq göstərib, onu zibilliyə gömüb" məzmunlu çıxışlar edib. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, İlham Əliyev Azərbaycan müxalifətini erməni müxalifətindən alçaq hesab edir. Çünki İlham Əliyevin Azərbaycan müxalifətini yüksəltmək kimi bir fikrinin olmadığı qətidir. Əksinə əgər ictimai qınaqla üzləşmədiyini bilsə deyər ki, Ermənistan müxalifəti Azərbaycan müxalifətindən üstündür. Çünki onlar birləşir, meydanlara tökülür, Azərbaycanda isə müxalifət yoxdur. Məlumdur ki, Əliyev sonuncu ifadələri dəfələrlə işlədib. Dəfələrlə deyib ki, Azərbaycanda müxalifət yoxdur. Əlbəttə onun siyasətdən heç bir anlayışı olmadığı üçün bu cür kobud səhvlərə yol verir. "Azərbaycanda müxalifət yoxdur" demək "Azərbaycanda xalq, söz azadlığı, demokratiya" yoxdur demək kimi bir şeydir. Çünki bütün ölkələrdə müxalifətin varlığı hər kəsdən əvvəl iqtidara sərf edir. Çünki iqtidarlar belə etməklə dünyaya göstərirlər ki, bizim ölkədə demokratiya mövcuddur. İlham Əliyev isə avtoritar rejimin başçısı olduğu üçün bu cür məsələlərdən qafildir.
Bu arada müxalifət də boş oturmur. Onlar da öz imkanlarından istifadə edib İlham Əliyevə səslənirlər ki, Sarqisyandan ibrət alsın. Çünki Sarqisyan erməni müxalifətinin liderinin az qalsın ayağına düşür. Yalvarır ki, daha qurtarın bu etirazları. Beləliklə də Azərbaycan müxalifəti də açıq-aşkar deməsə də İlham Əliyevi erməni baş nazirindən aşağı hesab edir. Bununla da biz Qarabağı almaq barədə "düşünürük". Əlbəttə burası məlumdur ki, Ermənistanda nə hazırkı iqtidar, nə Sarqisyanlar, nə də müxalifət liderləri Qarabağı qaytarmaq fikrində deyil. Çünki müxalifət də gözəl bilir ki, Qarabağı Azərbaycana qaytaracağıq kimi ifadələr işlətsə xalqdan dəstək görməyəcək. Üstəlik onlar öz çıxışlarında deyiblər ki, ölkəni Azərbaycnaın gününə qoymayın. Bununla da biz hər gün rüsvay olduqca oluruq.
Azərbaycan müxalifətinə gəldikdə isə o heç də zəif deyil. Bir faktı nəzərinizə çatdırsam iddiamın doğru olduğunu görəcəksiniz. Hazırkı Milli Şuranın sədri Cəmil Həsənli bundan qabaq Parlamentin sıradan bir deputatı idi. Siz Azərbaycanda təsəvvür edirsiniz ki, hansısa deputat prezidenti sərt tənqid etsin? O deputat olduğu halda belə edə bilsəydi belə onu tezliklə həbs edəcəkdilər. Amma gün gəldi Cəmil Həsənli müxalifət liderləri tərəfindən dəstəkləndi və müxalifətin vahid namizədi elan edildi. Məhz bundan qorxan iqtidar Cəmil Həsənliyə heç nə edə bilmir. Hətta bundan qabaqkı prezident seçkilərində İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Cəmil Həsənlinin əleyhinə faktlarla çıxış edib deyirdi ki, hüquq mühafizə orqanlarına müraciət edəcəyik ki, bu barədə araşdırma aparsın. İndiyədək isə Cəmil Həsənliyə heç kəs toxuna bilməyib. Mən indi iddia etmirəm ki, müxalifət əvvəlki gücündədir. Çünki tanınmış müxalifətçi siyasətçilərin çoxu Milli Şuradan ayrılıb. Bu, isə müxalifətin gücsüzlüyünü göstərmir. Müxalifət bu gün də birləşsə ölkədə partlayış edə bilərlər. Xalqda da bu minvalla maraq, ruh yüksəkliyi oyana bilər.
Ermənilər isə müxalifət liderlərindədn, onların birliyindən çox gözəl istifadə edib qabağa getməyə çalışırlar. Bu da onu göstərir ki, Azərbaycan növbəti illərdə də beynəlxalq hesabatlarda, nüfuzlu mətbu orqanlarda demokratiya, insan haqları mövzusunda Ermənistandan çox çox geridə yad ediləcək. Çünki ölkəmizdəki insan haqları, demokratiya filan yoxdur.
Source : Nur-az.com
Comment