0
Thursday 10 May 2018 - 15:05

Mübarək Ramazan ayına 8 sadə addımla hazırlıq

Story Code : 723685
Mübarək Ramazan ayına 8 sadə addımla hazırlıq
Heç düşündünüzmü ki, nə üçün Ramazan ayında olduğu kimi qalan aylarda da özünüzü daha "iman"lı hiss etmir və ya Ramazanda olduğu kimi digər vaxtlarda da namazda fikrinizi mərkəzləşdirə bilmirsiniz?
 
Bizim çoxumuz həyatımızın müəyyən anlarını və imanımızı xüsusi şəraitə bağlayırıq. Müəyyən şəraitdə daha şadıq, müəyyən şəraitdə isə daha qəmgin, bəzi fəzalarda daha imanlıyıq və ya özümüzü imanlı hiss edirik və ya imanlı göstəririk, bəzən isə xüsusi bir şəraitdə imanı unuduruq və bəzən də imanımızı gizləməyə çalışırıq.
 
Bəzən də imanlı olacağımız barədə özümüzə vədələr veririk. Məsələn, deyirik ki, Ramazan ayı gəlsin, Quran oxumağa başlayacam. Bu səfərə də gedim, inşaallah, qayıdanda namazlarımı vaxtında qılacam və ya namaza başlayacam. Uşağım dünyaya gəlsin, siqaret çəkməyi tərk edəcəm.
 
Bütün bunlar və bu cür təfəkkür tərzi bizi dini və dünyəvi işlərimizdə həmişə naümidliyə qapadır. Kiçik bir hadisə elə bir həyacan yaradır və bizi elə bir təsirə məruz qoyur ki, biz nə Quran oxuya bilir, nə namaz qıla bilir və nə də siqareti tərk edə bilirik. Bu həyacanlı anlar, bizi təsirləndirmiş hadisənin təsiri ötüb keçəndən sonra isə biz əvvəlki hala qayıdırıq və yenə də özümüzə yalan vədələr verməyə başlayırıq.
 
Bizim bu mübarək ay üçün öz mənəviyyatımızı yüksəltmək və bu İlahi qonaqlıqdan faydalanmaq üçün doğru-düzgün bir proqramımız vardırmı? Yəqin ki, çoxlarımızın cavabı mənfidir. Biz çox vaxt Ramazan ayına xüsusi bir mənəvi və ibadi proqramımız olmadan daxil oluruq. Özümüzü buraxırıq cəmiyyətin axınına. Cəmiyyət hara, biz də ora. Cəmiyyətdəki şəraitlə uyğunlaşırıq. Özümüzün mənəvi irəliləyişi üçün xüsusi bir proqramımız olmur. Buna görə də Ramazan ayı sona yetdikdə və bir ay ac qalmağın zəhmətinə qatlaşdıqdan sonra özümüzün imanında bir dəyişiklik hiss etmirik. Ramazana necə "palaza bürün, elnən sürün" daxil olmuşduq, yəni orucluğun zahiri simvolları ilə, elə o cür də Ramazandan xaric oluruq.
 
Bu mübarək aydan faydalanmaq və özümüzdə mənəvi dəyişiklik etmək istəyiriksə, aşağıdakı 8 sadə addımı atmalıyıq:
 
 
1) Elə bu gündən başlayaraq mübarək Ramazan ayının fiziki və mənəvi faydaları barədə çox mütaliə edin və moizələrə qulaq asın. Bu mütaliə və dinləmələr səni Ramazan ayından daha faydalı istifadə etmək üçün təvşiq edəcəkdir.
 
2) "Geriyə saymaq": Ramazana 8 gün qaldı!
 
Yəqin ki, hamımızın həyatında mühüm bir hadisənin intizarı olub. O intizarın sonuna gəlmək üçün durduğumuz və olduğumuz zamandan saymağa başlamışıq. Məsələn, hərbi xidmətdə divar təqvimini qaralayar və deyərdik: bu gün də tamam olsa, 7 gün qaldı, nazirlik tərxis əmrini verəcəkdir. Və ya toya dəvətlisiniz və şadlıq sarayının qarşısında toyun başlanmasını və əlvan süfrəyə qonaq olmağını həyacanla gözləyirsiniz.
 
İndidən özündə bu hissi və həyacanı yarat ki, Allah-Taala səni bir aylıq qonaqlığa dəvət edib. Səni bu ayda bütün çirkinliklərdən paklamaq və əbədi Cənnətə və əbədi xoşbəxtliyə qovuşdurmaq istəyir. Və sən düşdüyün bu çirkabdan və sənə əzab verən mənəvi xəstəliklərdən qurtarmaq üçün geriyə sayırsan: bu gün də tamam olsa, 10 gün qaldı... İlahi, şükürlər olsun Sənə... axır ki, ruhumu didən bu yalan, töhmət, qeybət, ailəni incitmək, söymək, aldatmaq, naməhrəmə baxmaq, seriallara baxmaq kimi əzablardan canım rahat olacaq. Bir ay məni öz süfrəndə bu pisliklərdən qoruyacaqsan.
 
3) Özümüz üçün Ramazan proqramı yazaq.
 
Bu mübarək ayda Allahın qonağıyam. Bu qonaqlıqdan əliboş qayıtmaq ən böyük bədbəxtlikdir. Buna görə də gərək bu süfrənin eninə də "yeyəm", uzununa da. Bir dəftərçə əlimizə alırıq və yazırıq:
 
3-1) Hər gün İmsak etdikdən sonra iki rəkət gecə namazı və bir niyyət qəza namazı qılacam. Sübn namazının dua və zikrindən sonra 3 səhifə Quran oxuyacam.
 
3-2) Bundan sonra işə getmək üçün hələ bir saat vaxt var, həmin bu bir saatda mütaliə edəcəm.
 
3-3) Günorta namazından sonra 3 səhifə Quran oxuyacam.
 
3-4) Ramazan ayının ilk Cüməsində filan kasıba kömək edəcəm.
 
3-5) Ramazan ayının 15-də bacımı yoxlamağa gedəcəm.
 
3-6). ....
 
Bu proqramı həyata keçirmək üçün gündəlik həyat tərzinizi çox da dəyişməyin. Çalışın bu proqramınız asan və sadə olsun. Özünüzü çətinə salmayın. Görəcəyiniz işlər az, sadə, asan, gücünüz çatan və davamlı olsun. Tam qəlbiniz və vücudunuzla və həm də davamlı gördüyünüz kiçik yaxşı iş həvəssiz və davamsız gördüyünüz böyük və çətin işdən daha yaxşıdır.
 
4) Həyat tərzinizi tanıyın və zəruri işlərinizi Ramaz ayından öncə həyata keçirin.
 
Oruc tutmaq bizim bəzi fəaliyyətlərimizə təsir qoyur və gündəlik həyat tərzində bir az ləngimə yaranır. Buna görə də həyatınız üçün Ramazan ayında zəruri olan məsələləri Ramazan ayından öncə həyata keçirin. Məsələn, Ramazan ayında imtahanız varsa, həmin imtahan Şəban ayında hazırlaşın ki, oruc halında çətinliyə düşməyəsiniz.
 
5) Ramazan ayı üçün fiziki və mənəvi baxımdan hazır olun.
 
Ramazan ayı üçün yuxarıda hazırladığınız proqramı Ramazan ayından öncə həyata keçirməyə başlayın ki, Ramazan ayında həm fiziki və həm də mənəvi baxımdan buna hazır olasınız.
 
6) Zehni baxımdan da Ramazan ayı üçün hazırlaşın.
 
Özünüzə təlqin edinki, səbirli olacaqsınız. Danışıq və rəftarınıza diqqət edəcəksiniz. Yersiz danışmayacaq və daha çox sükut edəcəksiniz.
 
7) Fiziki və mənəvi cəhətdən hansısa xoşagəlməz adətiniz varsa, Ramazan ayından öncə bunu tərk etməyə çalışın. Əgər gecələr gec yatırsınızsa, Ramazan ayından öncə yuxunuzu nizamlayın. Əgər sosial şəbəkələrdə çox vaxt sərf edirsinizsə, bunu kontrol edin. Çay öyrəncəlisinizsə, bunu yavaş- yavaş tərk və ya islah edin...
 
8) Həyatınızı ibadət ilə tənzimləyin və proqramlaşdırın.
 
Namaz vaxtında iş görmək yerinə, iş zamanında ibadət üçün vaxt ayırın. Sizi məşğul edən şeyləri, məsələn telefonu, ibadət etdiyiniz yerə aparmayın. Çalışın ibadət zamanı İlahi əzəmətdən başqa heç nəyi böyük və əhəmiyyətli hesab etməyin. (iqna/Maide) 
Source : Maide
Comment