0
Sunday 31 March 2013 - 01:17

AİP-in seçki seçimi: müxaliflər nə deyir?

Story Code : 250164
AİP-in seçki seçimi: müxaliflər nə deyir?
AİP-in seçki seçimi: müxaliflər nə deyir?
Azərbaycan İslam Partiyası oktyabrın 16-da keçiriləcək prezident seçkisində iştirak qərarı verib. Partiya seçkiyə ya öz namizədi ilə, ya da başqa müxalif partiya və ya blokun namizədini müdafiə etməklə qatılacaq. Müxaliflər bu qərarı necə qarşılayır? “Media forum” bunu soruşub.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, İslam Partiyasının Azərbaycanda hüquqi dövlət qurulması istiqamətində fəaliyyət göstərən, dini dəyərlərə hörmətlə yanaşan Müsavat və digər siyasi partiyalarla əməkdaşlığa hazır olmasını müsbət dəyərləndirir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı İslam Partiyasının qərarını müsbət qarşılayır: “Ölkənin bütün siyasi qüvvələri demokratik seçkilərin keçirilməsi üçün birgə səy göstərməlidir. O cümlədən vahid namizədin olması, vahid seçki platformasının hazırlanması, vahid komandanın formalaşdırılması istiqamətində əməkdaşlıq edilməlidir. Bu məsələlərdə islamçılarla əməkdaşlıq üçün problem görmürük. Son dövrlər baş verənlər islami kəsimlə demokratik qüvvələrin münasibətlərini yaxınlaşdırdı və qarşılıqlı etimad mühitini gücləndirdi. İndi də əməkdaşlıq üçün geniş imkanlar var”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İslam Partiyasının seçkidə iştirakını Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun hesab edir: “Azərbaycanda bütün proseslər seçkilərdən keçməlidir. İslam Partiyasının da seçki yolunu seçməsi təqdirəlayiqdir. ADP İslam Partiyası ilə sıx əməkdaşlıq edir. İslamçıların hüquqlarını qorumaq üçün səy göstəririk. Dini kəsimin demokratik topluma inteqrasiyası vacibdir”.

El hərəkatının qurucusu Eldar Namazov Azərbaycanda haqq-ədalətin bərpası üçün bütün qüvvələrin birləşməsini zəruri bilir: “Milli dəyərlər üzərində davamlı, sabit, hüquqi sistemin qurulmasında maraqlı olan, mübarizə aparan bütün qüvvələr birləşməli, bir araya gəlməlidir. Qarşıda taleyüklü seçki olacaq. Bu seçkidə seçim sağçılarla solçular, iqtisadi platformalar arasında yox, xeyirlə şər, zülmlə haqq-ədalət arasındadır. Ona görə də hamının bir yerdə olmasını vacib sayırıq”.
Source : Mediaforum
Comment