QR CodeQR Code

Kabus geri qayıdır

27 Jul 2014 10:35

IslamTimes - Avropada bank iflasları böhran qorxusunu yenidən gündəmə gətirib.


ANS PRESS-in məlumatına görə, bir neçə gün öncə Bolqarıstanda başlayan bank qalmaqalının ardından hökumət radikal addımlar atacağını açıqlayıb. İflas edən bankların xilas edilməsi üçün borc alacağını bildirən hökumət beynəlxalq maliyyə qurumları ilə danışıqlara başlayıb. Bolqarıstan hökuməti təxminən 1 milyard avro borc alacağını açıqlayıb.
Mütəxəssislər Bolqarıstandakı vəziyyətin Avropa Birliyinin digər ölkələrində də baş verəcəyini düşünürlər. Birliyin bütün ölkələrində maliyyə sistemində sarsıntıların ola biləcəyi ehtimal olunur.
Almaniya Mərkəzi Bankının idarə heyətinin üzvü Andreas Dombret bu tərz proseslərin gələcəkdə daha tez-tez yaşanacağını iddia edib. Amerika Birləşmiş Ştatları və Avropa Birliyində faiz dərəcələrinin tarixin ən aşağı səviyyələrində olduğunu deyən Dombert, bu vəziyyətin bank sektorunda böhranlar baş verməsinə səbəb olduğunu dilə gətirib.
Ekspertlər banklara güvənin kəskin azalmasının da bu sektora ciddi təsir edəcəyini bildirirlər. Banklar haqqında hər hansı mənfi bir dedi-qodu sonda faciəvi nəticələrə yol aça bilir. Nəticədə bu, müştərilərin bankın batmasından qorxaraq pullarını geri çəkməsinə səbəb olur. Bu proses "Bank-Run" adlanır. Normal vəziyyətdə heç bir bank bu proseslə başa çıxa bilməz və iflas edər.
Tanınmış iqtisadçı alim Tomas Hartmann Vendels isə bu proseslərin banklar arasında yoluxucu ola biləcəyini düşünür: "Bir bank sarsıntı yaşadıqda digər banklara olan güvən də azalır. Ya da banklar öz aralarında kredit əlaqəsi olduğundan böhran bir bankdan digərinə sıçrayır",-deyə ekspert bildirir. Vendels bunları bankçılıq sisteminin real iqtisadiyyatda bilinməyən özünə xas xəstəlikləri olaraq xarakterizə edir.
Qeyd edək ki, Avropada fəaliyyət göstərən bankların böhrandan sığortalanması üçün yeni bir sistem üzərində işlənilir. Almaniya Mərkəzi Bankının idarə heyətinin üzvü Andreas Dombret bütün bankların testlərdən keçiriləcəyini və onların böhrana hazırlıq vəziyyətinin yoxlanılacağını bildirib.


Story Code: 401767

News Link :
https://www.islamtimes.org/az/news/401767/kabus-geri-qayıdır

Islam Times
  https://www.islamtimes.org