0
Wednesday 30 July 2014 - 12:43

Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar

Story Code : 402179
Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar
Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar
Avropa Birliyi ölkələri səfirləri Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırıb. Sanksiyalar neft və hərbi sektorlara, ikili təyinatlı malların və həssas texnologiyaların ixracına təsir edəcək. Diplomatların məlumatına görə, iqtisadiyyatın dörd sahəsində bir sıra cərimə tədbirləri də razılaşdırılıb.
Bundan sonra Avropa Birliyi ölkələrinə Rusiyaya hərbi təyinatlı, həmçinin ikili təyinatlı məhsullar ixrac etmək qadağan edilir. Rusiyanın dövlətin iştirakı 50 faizdən çox olan bankları da Avropa bazarlarında qiymətli kağızlar yerləşdirə bilməyəcək. Bundan əlavə, əsasən neft hasilatı ilə bağlı olan yüksək texnologiyalı avadanlıqların ixracı da qadağan edilib.
Iyulun 31-ə qədər Avropa Birliyinin 28 ölkəsinin hökuməti yeni sanksiyaları təsdiqləyəcək. Həmin gün axşam sanksiyalar siyahısı açıqlanacaq və qüvvəyə minəcək. Bir il üçün nəzərdə tutulan sanksiyalar qüvvəyə minəndən 3 ay sonra onlara yenidən baxıla bilər.
Sanksiyalar VTB və "Sberbank"a, həmçinin Putinin yaxın ətrafında olan oliqarxlara da təsir edəcək. Avropa Birliyinə yaxın saytların məlumatına görə, sanksiyaların üçüncü dalğası nəticəsində Rusiya iki ilə 100 milyard dollar itirəcək.
Sanksiya qərarı verilməmişdən əvvəl ABŞ, Britaniya, Fransa, Almaniya və Italiya liderləri öz aralarında bu haqda müzakirə apararaq, yeni sanksiyaların tətbiqi məsələsində razılaşıblar.

Putinin komandasında qarşıdurma

Almaniyanın “Der Spiegel” jurnalı Malayziya təyyarəsinin vurulmasından sonra Rusiyanın üzləşdiyi sanksiyaların bu ölkəyə yaradacağı problemlərdən yazıb. Nəşrin yazdığına görə, Avropa ölkələri sanksiya tətbiq etmək niyyətindən dönməsə, Rusiyanın və Putinin vəziyyəti çətinləşəcək.
“Bu həftənin sonlarında Avropa ölkələri Rusiya banklarına, konsernlərinə və ayrı-ayrı şəxslərə qarşı sanksiyalarla bağlı rəsmi qərar qəbul edəcək. Yay tətillərinə baxmayaraq, Almaniya hökuməti Brüsseldə Avropa Birliyinin növbədənkənar sammitinin çağırılacağına ümid edir. Böyük ehtimalla, beynəlxalq arenada Putinə əlcək atmaq istəyirlər”, - “Der Spiegel” yazıb.
Bu arada, Almaniya Federal Kəşfiyyat Xidməti Rusiya rəhbərliyində sərt kurs tərəfdarları ilə iqtisadi dairələrin nümayəndələri arasında Putinə təsir uğrunda sərt qarşıdurmanın əlamətlərinin göründüyünü iddia edir. Kəşfiyyat Xidmətində ehtimal edirlər ki, Avropa Birliyinin sanksiyalarının təsiri altına düşən oliqarxlar yaxın vaxtlarda siyasi və iqtisadi tələblər irəli sürərək, Putini dayandırmağa çalışacaq.
ABŞ kəşfiyyatından Rusiya əleyhinə peyk sübutları
ABŞ kəşfiyyatı iyulun 27-də Rusiya ordusunun Ukrayna qüvvələrini raket atəşinə tutumasına dair fotolar yayıb. ABŞ Mərkəzi Kəşfiyyat Idarəsi rəhbərinin adından yayılan fotolar iyulun 21-26-da çəkilən peyk görüntüləridir.
Yayılan rəsmi məlumatda deyilir ki, Rusiya ərazisindən Ukrayna ordusunun mövqeləri davamlı şəkildə “Qrad” raketləri və özüyeriyən artilleriya qurğularından atəşə tutulur.
Hələlik bu fotolara Rusiya tərəfinin reaksiyası məlum deyil, amma Moskva tez-tez Ukraynanın şərqində silahlı separatçılara dəstək verməsinə dair ittihamları rədd edir.

Vurulan “Boeing”ə görə Putini məhkəməyə verirlər

Britaniyadan olan hüquqşünaslar Ukrayna səmasında Malayziyaya məxsus təyyarənin vurulması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə qarşı milyonlarla avro cərimə tələbilə məhkəmə iddiası hazırlayırlar. Bu barədə “The Sunday Telegraph” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, “McCue&Partners” hüquq firmasının nümayəndələri artıq Kiyevdə olublar və dəlillər toplusu barədə müzakirə aparıblar. Həmçinin təyyarə qəzasında ölənlərin yaxınlarına da məhkəmə iddialarına qoşulmaları təklif olunur.
Bu arada, ABŞ-ın “CBS News” telekanalı xəbər verib ki, təyyarənin “qara qutu”su oxunub. Telekanal bildirib ki, “qara qutu”nun dərc olunmamış məlumatında təyyarənin raketlə vurulduğu təsdiqini tapır. “Qara qutu” qeydə alıb ki, təyyarə partlayan raketin qəlpələrindən deşik-deşik olub.
“Raket hansı məqsədlə hazırlanmışdısa, onu da edib - təyyarəni vurub”, - deyə telekanal uçuşlarda təhlükəsizlik üzrə avropalı məmurlardan birindən sitat verib. Adı açıqlanmayan təhlükəsizlik məmuru deyib ki, “qara qutu”nun qeydləri təyyarənin güclü partlayış nəticəsində yerə düşdüyünü təsdiqləyir.

Keçmiş müşaviri Putini ifşa etdi

Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey Illarionov Donetsk səmasında vurulan “Boinq-777" təyyarəsi ilə bağlı şok açıqlamalar verib.
Illarionov təyyarənin vurulmasını planlaşdırılmış terror aksiyası kimi qiymətləndirib.
Onun sözlərinə görə, təyyarəni vuran “Buk” Pervomayskoe və Krasnıy Oktyabr qəsəbələrinin yaxınlığında yerləşdirilib. Həmin ərazilərə isə qondarma Donetsk Xalq Respublikası separatçıları nəzarət edirdi: “Buk-M1" zenit-raket kompleksi (ZRK) həmin gün döyüş hazırlığı vəziyyətinə gətirilib. ZRK-nın şəxsi heyətini isə hazırda Rusiya ordusunda xidmət edən hərbçilər təşkil edib. Atəş əmri isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahından gəlib. Bu raketin əsas xüsusiyyətlərindən biri odur ki, ondan yanlış atəş açmaq olmur. Əksər insanlar elə fikirləşir ki, təyyarə təsadüfən vurulub və onun yerinə Ukraynanın An-24 təyyarəsi vurulmalı imiş. Lakin An-24 və Boinq-777 taktiki-texniki xarakteristikalarına nəzər saldıqda aydın olur ki, bu iki təyyarəni bir-birilə qarışdırmaq qeyri-mümkündür”.
“Niyə məhz MH17?” - Illarionov sual qoyur və cavab verir: “Həmin vaxt raketin atıldığı istiqamətdə çoxlu sərnişin təyyarələri uçurdu. Hadisədən 20 dəqiqə əvvəl Münhen-Dehli, 1 dəqiqə əvvəl isə Kopenhagen-Sinqapur reysi o istiqamətdən uçmuşdu. Lakin məhz MH-17 reysi seçildi. Çox düşünülmüş plan idi. Bunun həyata keçirilməsi üçün ilk növbədə cənub və şərq istiqamətində uçan Rusiya, MDB ölkələri, ABŞ, Almaniya, Fransa və digər ölkələrin təyyarələri ayrılmalı idi. Qurban olaraq ya Varşava, ya da Amsterdam istiqamətində uçan təyyarə seçilməliydi. Varşavadan gələn təyyarənin vurulması polyaklara qarşı növbəti terror aksiyası törətdiyi üçün Kreml rəhbərliyini çətin vəziyyətdə qoya bilərdi. Geridə isə bir reys qalırdı - Amsterdamdan uçan MH-17. Adətən onun marşrutu cənub istiqamətindən keçir. Rusiya hökuməti həmin istiqamətdə 12 hava dəhlizini bağlayaraq pilotlara yalnız Torez və Snejnoye istiqamətini saxlayıb. Orada isə təyyarəni ”Buk-M1" zenit-raket kompleksi gözləyirdi".
Illarionov bildirib ki, planın əsl məqsədi məhv edilməkdə olan “Novorossiya layihəsi”ni xilas etmək olub: “Rusiya ikinci Krım əldə etməyə ümid edirdi, lakin Ukrayna ordusunun güclü müqaviməti ilə qarşılaşdı. ”Novorossiya layihəsi"nin xilası üçün Ukrayna ordusunun ölkənin şərqində hərbi əməliyyatlarını dayandırmaq lazım idi. Iyulun 17-dək müxtəlif variantlar tətbiq olunmuşdu: separatçıların hərbi müqaviməti, diplomatik təzyiq. Lakin bütün bunlar yetərsiz idi. Avropa cəmiyyətini şoka salıb, onları Ukrayna hakimiyyətinə təzyiq edərək ölkənin şərqindəki hərbi əməliyyatları dayandırmağa səsləyən bəyanatlar verməyə məcbur edə biləcək yeni üsul lazım idi. “Amsterdam reysi” əməliyyatının uğurla başa çatmasından sonra “Sülhməramlı” əməliyyatının həyata keçirilməsinə başlandı. Terror aksiyasından sonra “Sülhməramlı” əməliyyatının müəllifi (Vladimir Putin nəzərdə tutulur - red.) ABŞ prezidenti Barak Obama ilə əlaqə saxlayaraq, onu faciə ilə bağlı məlumatlandırdı. Son günlər onun bütün fəaliyyəti (müxtəlif ölkələrin liderləri ilə telefon danışıqları, çıxışlar, 1 dəqiqəlik sükut) Ukrayna tərəfinin hərbi əməliyyatları dayandırmasına yönəlmişdi. Artıq Avropa və ABŞ ictimaiyyəti öz hökumətlərindən Ukraynada hərbi əməliyyatların dayandırılması istiqamətində addımlar atmağı tələb edirdi. Çoxları təyyarənin vurulmasında separatçıları günahlandırırdı. Lakin faktlar ortaya çıxandan sonra məlum oldu ki, onların özlərini də məcbur ediblər. MH-17-ni separatçılar vurmayıb. Bezlerin (separatçıların lideri) hesabatı qəsdən verilmişdi ki, Ukrayna Təhlükəsizlik Xidməti onun səsini tutsun və dünyaya çatdırılsın ki, təyyarəni Rusiya yox, separatçılar vurub".

NATO-ya Rusiya əleyhinə dəlillər verildi

Amerika Birləşmiş Ştatları NATO-ya Rusiya ərazisindən Ukraynadakı hədəflərə raketlər atıldığını göstərən dəlillər təqdim edib. Bu barədə “RIA Novosti” NATO-dakı mənbəyə istinadla xəbər yayıb. Mənbə deyib ki, NATO təqdim olunan dəlilləri əsaslı sayır.
Source : Azadliq
Comment