0
Thursday 29 May 2014 - 15:15

ABŞ-ın Qarabağa dair qara planı

Story Code : 387492
ABŞ-ın Qarabağa dair qara planı
Mayın 8-də Kaliforniya Ştatı qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyıb. Qarabağın müstəqilliyini tanımağın lehinə parlament üzvlərinin 70%-i səs verib. Kaliforniya Parlamenti bu qərarı qəbul etməklə bərabər ABŞ Konqresini də Dağlıq Qarabağın müstəqilliyini tanımağa səsləyib.

Qeyd edək ki, Kaliforniya Dağlıq Qarabağın müstəqilliyini tanıyan beşinci ştat oldu. Bundan öncə isə Men, Rod-Aylend, Masaçuset, Luiziana ştatları bu barədə qərar qəbul etmişdilər.
ABŞ tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünə və milli hakimiyyətinə laqeydlik kimi xarakterizə olunan son hərəkət respublikada bir mənalı olaraq qınaq obyektinə çevrilib. Hətta son günlər gül bayramı, Heydər Əliyev Fondunun təsis olunmasının 10-cu ildönümü və SSRİ-nin faşizm üzərində qələbəsinin ildönümü şənliklərinə başı qarışmış hakimiyyət belə Birləşmiş Ştatların bu xəyanətkar və ermənipərəst addımına göz yuma bilməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ-ın Kaliforniya ştatının yerli assambleyasında erməni lobbisinin təsiri altında Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqda qətnamənin qəbulunu şərh edərkən deyib: “ABŞ-ın Kaliforniya ştatının yerli assambleyası tərəfindən 8 may tarixində qəbul edilmiş qətnamə deklarativ xarakterli olduğu üçün heç bir siyasi və hüquqi qüvvəyə malik deyil”. Onun sözlərinə görə, Kaliforniya ştatının yerli assambleyasında olan erməni diaspora nümayəndələri və onların ianələri hesabına fəaliyyət göstərən şəxslər öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq belə bir ədalətsiz addım atıblar.

Qətnamənin Şuşanın işğalının 22-ci ildönümü günündə qəbulunu təxribat adlandıran Abdullayev bəyan edib ki, bununla da özünü “demokratiya carçısı” adlandıran insanların təcavüz, işğal və etnik təmizləməni təşviq edən əsl mahiyyətini bir daha ortaya qoymuş olur: “Münaqişənin əsl mahiyyətinə göz yuman, yalnız öz məhdud maraqları çərçivəsində fəaliyyət göstərən erməni lobbisi və onun əlində alət olan şəxslər münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları əsasında həllinə töhfə vermək əvəzinə, bu təxribatçı addımları ilə regiondakı vəziyyətin gərginləşməsinə rəvac verirlər”.

Müşahidəçilər bildirirlər ki, ABŞ-ın anti-Azərbaycan fəaliyyətləri çox şaxəlidir və bu məsələdə Ağ Evin xəbərsiz olduğunu söyləmək olmaz. Əslində Amerika hələ 1992-ci ildə Bill Klintonun hakimiyyətdə olduğu vaxtdan Azərbaycan Respublikasına təzyiq göstərməyə başladı. O zaman 907-ci düzəliş əsasında Azərbaycanın adı qara siyahıya salındı, son günlər isə rəsmi Vaşinqton erməni separatçılarını Qarabağ münaqişəsinin tərəfi adlandırmaqla Dağlıq Qarabağın müstəqilliyini de-jure tanımaq niyyətində olduğunu aşkar etdi. Belə ki, ABŞ-ın Minsk Qrupundakı təmsilçisi Ceyms Uorlik öz Twitter səhifəsində münaqişə tərəflərinin Azərbaycan və Dağlıq Qarabağ olduğunu yazaraq, Dağlıq Qarabağın birbaşa danışıqlarda iştirakına təkid etdi.

Təəssüfləndirici haldır ki, rəsmi Bakı başda ABŞ olmaqla həmsədr dövlətlərin niyyətlərinə necə deyərlər heç vaxt dəqiq diaqnoz qoyma bilməyib və boş vədlərə inanaraq onların istəyini müxtəlif səviyyələrdə yerinə yetirib və indi vasitəçilikdən 20 il sonra onlardan tam qeyri-səmimi münasibət görəndə məyus olur.

ABŞ-ın hərəkətlərindən aydın olur ki, bu dövlət Azərbaycan Respublikasından nə qədər enerji imtiyazları qoparsa da və bu ölkə vasitəsilə Cənubi Qafqazda strateji maraqlarını təmin etsə də, Birləşmiş Ştatların strateji müttəfiqlik iddiası sözdə qalır və bu dövlət müsəlman ölkənin ərazi bütövlüyünü şübhə altına alan fəaliyyətlərindən əl çəkmək istəmir. Onun əsas hədəfi Azərbaycan Respublikası torpaqlarında yeni bir erməni dövlətinin qurulmasına nail olmaqdır. Hələlik isə bu məqsədi Konqres səviyyəsində deyil, ştatlar səviyyəsində izləyir.

Yeri gəlmişkən ABŞ-ın Dağlıq Qarabağ separatçılarına hər il milyonlarla dollar yardım ayırmasını , onlara Vaşinqtonda siyasi nümayəndəlik açmaqla de-fakto müstəqilliklərini tanımasını, bir sözlə münaqişənin həllində ədalətli mövqe tutmamasını xatırlatmaq lazımdır. Təhlillərə əsasən, ABŞ-ın Azərbaycan siyasəti və Qarabağa dair mövqeyi dəyişməz olaraq qalmaqdadır və bu günlər amerikalı həmsədr Ceyms Uorlik tərəfindən Qarabağa dair irəli sürülən 6 maddəlik həll planı da ABŞ-ın xristian təəssübkeşliyində qaldığını bir daha təsdiqləmiş oldu. Çünki sözü gedən planda yalnız ətraf rayonların azad edilməsinə işarə olunur və Qarabağ dolayısı ilə müstəqil bir qurum kimi nəzərdə tutulur. Bununla da amerikalılar böyük ehtimalla Qarabağ konfliktinin çözülməsi işində təşəbbüskarlığı öz əllərinə keçirməyi düşünürlər. İrəli sürdükləri təkliflər isə həm Ermənistanın və həm də Rusiyanın maraqlarına cavab verir.

Müəllif: Qəhrəman Nurani
Source : Islamtimes
Comment