0
Tuesday 16 September 2014 - 08:55

Cənab Rəhbər xəstəxanadan çıxanda...

Story Code : 409929
Cənab Rəhbər xəstəxanadan çıxanda...
Müxbir: Əziz Rəhbəri salamlayırıq.
Cənab Rəhbər: Salamun ələykum və rəhmətullah.
 
Müxbir: Həzrət Ağa! Sizə sevgi və sayğılarımızı bildiririk.
Cənab Rəhbər: Salamat olun.
 
Müxbir: Allaha şükür olsun ki, cərrahi əməliyyatdan bir həftə sonra xəstəxananı tərk edirsiniz. Xalqımız, müsəlman millətlər, dünyadakı aşiqləriniz cənabınızın sağlamlıq durumu ilə maraqlanırlar.
Cənab Rəhbər: Bismillahir-Rəhmanir-Rəhim. Allaha şükr olsun ki, cərrahiyyə əməliyyatı, ondan sonrakı mərhələ uğurla həyata keçdi. Hazırda sağlam vəziyyətdə evə qayıdıram. Cismim sağlamdır. Amma qəlbimdə və ruhumda bir ağırlıq var. Xəstəxanada olduğum müddətdə mənə göstərilən diqqət və sevgi, xüsusi ilə müxtəlif zümrələrdən olan insanların məhəbbəti insanın məsuliyyətini artırır. Ölü qəlbi, ölü torpağı dirildən yağış damlaları kimi yüzlərlə, minlərlə sevgi ismarıcı vücudumu bürüdü. Hörmətli alimlər, müctəhidlər, şəxsiyyətlər, layiqli məsullar, müxtəlif zümrələrin təmsilçiləri görüşümə gəldi. Ötən müddətdə mənə o qədər sevgi göstərdilər ki, gerçəkdən xəcalət çəkirəm. Ölkəmizin hüdudlarından xaricdən ötən neçə gündə eyni sevgiyə şahid olduq. Mən həmişə demişəm ki, İran xalqının özünəməxsus imtiyazı var. Dünyada heç bir ölkə, heç bir dövlətin xaricdə bu qədər aşiqi, iman baxımından davamçısı yoxdur. Cismən də sağlamam, ruhən də şadam. Amma öncə qeyd etdiyim kimi bu bir həftədə siyasətçilərdən tutmuş sənət adamları, sadə insanlara qədər elə bir məhəbbət göstəriblər ki, bundan dolayı utanıram. Bu məhəbbət və diqqət gördüklərimizdən daha artıq olub. Məktublar yazılıb, internet fəzasında münasibət bildirilib. İnşaallah Allah-Taala onların hər birinə xeyir nəsib edər.
Digər tərəfdən həkimlər və tibbi personelə təşəkkürümü bildirməliyəm. Bu bir vəzifədir. Onlar öz işlərini gözəl gördülər. Təşəkkürdən üstün olan budur ki, mən həkimlərimizlə fəxr edirəm. Fəxr edirəm ki, əziz İranımızda böyük sərvət sayılacaq cərrahlar, mütəxəssis həkimlər, tibb işçiləri var. Xalqımız bununla fəxr edə bilər. Həyatımızın, cəmiyyətimizin, ən mühüm və həyati məsələlərindən biri səhiyyə, xalqın sağlamlığıdır. Mən gördüm ki, tibb işçiləri nə qədər məsuliyyətlidirlər. Onlar öz işlərinin bilicisi, məharət sahibidirlər. Mən səhiyyə işçilərinə həmişə bu gözlə baxmışam. Amma özün onların əlinin altına düşəndə, işlərinə şahid olanda elmül-yəqin eynül-yəqinə çevrilir. Gerçəkdən hiss edirsən ki, əziz həkimlərin vücudu necə böyük sərvətdir. Ümid edirəm ki, inşaallah Allah-Taala onlara mükafatını verəcək.
Qeyd etdim ki, bizim təşəkkürümüz bu iki-üç kəlmə ilə başa çatmır. Doktor Mərəndi tibbi personelin məsuliyyətini öz üzərinə götürmüşdü. Həmişəki kimi məhəbbətini bildirirdi. Mən doktor Mərəndiyə dedim ki, bizim bu vəzifəmizi sizin həyata keçirməyinizi istəyirik. Məsləhət bildiyiniz şəkildə bu əzizlərə təşəkkür edin.
Amma səhiyyə, sağlamlıq, xəstəxana mövzusundan fərqli bir mövzuda da sözüm var. Ötən neçə gündə əyləncə saya biləcəyim bir iş bu oldu ki, amerikalıların İŞİD-lə bağlı sözlərini dinlədim. İŞİD-lə mübarizə barədə sözləri puç, məqsədli sözlərdir. Maraqlı bu oldu ki, ABŞ xarici işlər naziri və sözçü xanım açıq bildirdilər: “Biz İŞİD-ə qarşı koalisiyaya İranı dəvət etmirik!!” Əvvəla bundan böyük iftixar nə ola bilər ki, Amerika qrup şəklində öz azğın bir işində bizdən ümid gözləmir, bizim orada olmağımızı istəmir. Bu bizdə təəssüf yox, qürur yaradır. İkincisi, nə danışırdılarsa, yalan idi. İraqda İŞİD məsələsi ortaya çıxanda ABŞ öz səfiri vasitəsi ilə bizim İraqdakı səfirdən həmkarlıq istəmişdi. Bəzi məsullarımız sussa da mən etiraz etdim. Dedim ki, bu işdə xüsusi ilə Amerika ilə həmkarlığımız yoxdur. Çünki onların öz əli çirkaba batıb. Axı biz əli, niyyəti çirkab içində olanlarla necə həmkarlıq edək?! Sonra həmin xarici işlər naziri dünyanın gözü qabağında İranla həmkarlıq istəmədiklərini söylədi. Hansı ki, şəxsən özü cənab doktor Zərifə həmkarlıq təklif etmişdi. Doktor Zərif onun təklifini rədd etdi. Bu işlərdə iştirakı olan xanım da cənab Əraqçini həmkarlığa dəvət etmişdi. Amma rədd cavabı aldılar. Biz öz mövqeyimizi qətiyyətlə ortaya qoyduq. İndi deyirlər ki, İranı koalisiya qrupuna qoşmaq istəmirik.
Onlar əvvəlcə Suriya əleyhinə koalisiya yaratdılar. Başlarına 30-40 ölkə topladılar. Amma heç bir iş görə bilmədilər. İraqda da əllərindən bir iş gəlmədi. İraqda İŞİD-in qəddini qıran amerikalılar olmadı. Bunu amerikalılar da, İŞİD-çilər də yaxşı bilir. Bunu İraq xalqı, İraq ordusu həyata keçirdi. Onlar İŞİD-lə mübarizə apardı, İŞİD-ə ciddi zərbə vurdu. Bu zərbədən sonra amerikalılar məsələyə müdaxilə edir. Amerikanın məqsədi Pakistanda olduğu kimi güclü ordusu olan ölkədən icazəsiz onun ərazisinə zərbə endirməkdir. İraqda və Suriyada bu işi görmək istəyirlər. Əgər bu işi görsələr son 10 ildə İraqda yaşadıqları problemlə üzləşəcəklər. Bir sözlə, bu hadisələri seyr etmək mənim üçün xəstəxana çarpayısında bir əyləncə oldu.
 
Müxbir: Çox təşəkkür edirik. Milyonlarla pak insanın qəlbi cənabınızı yola salır və duaları həmişə sizinlədir.
Cənab Rəhbər: Salamat olun.
 
Müxbir: Sizdən dua istəyirik.
Cənab Rəhbər: İnşaallah müvəffəq olun.
 
Vilayet.nur-az.com
Comment