0
Saturday 10 July 2010 - 14:29

MƏBƏS BAYRAMINIZ MÜBARƏK!

Story Code : 30621
MƏBƏS BAYRAMINIZ MÜBARƏK!
Bu il - miladi tarixin 2010-cu ilində biz müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Allah tərəfindən Həzrət Məhəmmədə (s) vəhy vasitəsi ilə göndərməyə başlanmasından 1400 illik bir vaxt keçir. Bəlkə də bir o qədər böyük zaman kəsiyi deyil. Günəş sistemindən çıxıb sonsuz fəzaya düşdüyümüzdə heç bir saniyəyə də bərabər olmayan bu zaman ərzində Yer kürəsində bir çox hadisələr baş vermişdir. İnsanlar qruplara, varlı-yoxsula bölünəkər biri-biri ilə müharibələr etmiş, öldürmüş, özləri də ölmüşlər. Tarix maraqlıdır, yaşamaq da maraqlıdır, lakin görünür ki, ölmədən, öldürmədən keçinmək olmur. İlk insan, bizim ulu babamız olan Adəm peyğəmbərdən bu yana insanlar biri-birilərini öldürməkdən əl çəkmirlər. Keçən zaman ərzində olanları uyarmaq üçün, onları doğru yola dəvət etmək üçün neçə-neçə peyğəmbər göndərilmiş, müqəddəs kitablar nazil olmuşsa da, insanlar hələ də ölüb-öldürmək xislətindən əl çəkməmişlər...

Həzrət Adəmin Yer Kürəsinə sürgün olunmasından sonra nə qədər vaxt keçib, bunu yalnız Allah bilir. Ancaq bizim bildiyimiz odur ki, Adəm (ə) peyğəmbərlə İslam peyğəmbəri Məhəmməd (s) arasında ötən vaxtda bir çox peyğəmbərlər gəlib getmişdir və hamısının da bir ilahi vəzifəsi olmuşdur. Həmin peyğəmbərlər Allahın birliyini, yəni bütün kainatın bir Xaliq tərəfindən yaradıldığını söyləmiş, insanları bu ideyaya iman gətirməyə çağırmışlar. Hər dəfə kütlə dinini unudaraq yolunu azdıqda Allah tərəfindən yeni peyğəmbər və insan toplumuna müəyyən düzən verən qudsal kitablar gəllmişdir. Bizim müqəddəs kitabımız olan Quranda 28 peyğəmbərin və onlara göndərilən səmavi kitablardan üçünün adı çəkilir. Bu peyğəmbərlərdən bəzilərinə “Səhifələr” (broşür), bəzilərinə isə kitablar nazil olmuşdur. Kitab göndərilən peyğəmbərlər bunlardır: Davud peyğəmbərə Zəbur, Musa peyğəmbərə Tövrat, İsa peyğəmbərə İncil və son peyğəmbər olan Məhəmmədə (s) Quran göndərilmişdir. Biz müsəlmanlar bu kitabların və peyğəmbərlərin hamısını müqəddəs sayır, onlara inanır və onları təsdiq edirik . Əgər belə isə, bütün insanlara bir peyğəmbər və bir kitab bəs etməzdimi? Bəli, haqlı sualdır. Birincisi, onu qeyd edək ki, yuxarıda dediyimiz kimi, bu peyğəmbərlərin hamısı eyni missiya ilə gəlmişlər: Allah birdir və insanlar dünyada etdikləri xeyir və şər işlərin əvəzini görəcəklər... İnsanlar bəzən peyğəmbərlərə inanır, onların yolu ilə gedir, bəzən də onlara zülm edir, qoyulan xətdən çıxır və yollarını azırdılar. Belə məqamlarda Allah tərəfindən yeni peyğəmbərlər göndərilirdi. Bu vəziyyət Həzrət Məhəmməd (s) gələnə qədər davam etdi. İslam peyğəmbəri doğulanda dünyada dini siyasi vəziyyət belə idi ki, əsasən yəhudilərin dini və xristian dini fəaliyyət göstərirdi. Bütpərəstlik və digər xırda dinlər də mövcud idi. Məhəmməd Peyğəmbərin (s) doğulduğu Məkkə şəhərində və ümumiyyətlə ərəb dünyasında isə əsil cəhalət hökm sürürdü. Hətta iş o yerə çatmışdı ki, ərəblər ailədə doğulan qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Hansı ki, İslam peyğəmbəri daha sonra cənnəti anaların ayaqları altına sərəcəkdi: “Cənnət anaların ayaqları altındadır”. Əslində sonuncu peyğəmbərin belə bir cahil ölkədə həyata gəlməsinin səbəbi də həmin vəziyyətin özü idi. Çünki işığın görünməsi üçün zülmət lazım gəlirdi. İnqilablar həmişə böhranlar nəticəsində baş verir. O dövrdə də ərəb dünyasında və bütün Yer üzündə insanların şüurlarında inqilabın baş verməsi üçün bir cəhalət böhranı lazım idi. Məkkədə o zaman və bu günün özündə də müqəddəs məkan olan Kəbənin ətrafında 360 büt qoyulmuşdu, hər qəbilə bir bütə inanırdı. Bu isə hər şeydən əvvəl insanların tayfalara, qəbilələrə, yəni qruplara bölünməsi demək idi. Onları birləşdirmək, həm də tək onları yox, dünyada yaşayan bütün insanları birləşdirmək mümkün olacaqdımı?

Bəli, Məkkə şəhərində , Qüreyiş qəbiləsindən olan Haşimilər tayfasında Abdullah adlı ərəbin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Onun gələcəyini anadan olmasından çox-çox əvvəl Əhdi-Ətiq adı ilə toplanan kitablar, daha sonra İsa peyğəmbərə nazil olan İncil (Barnaba) xəbər vermişdi. Əhdi-Ətiqdə onun adı olduğu kimi göstərilirdi. Sonralar bu adı kitablardan çıxatdılar. Və bu kitablara, həmçinin İsa peyğəmbərə nazil olan İncilə insanların əl qatdıqlarına görə daha bir peyğəmbərin gəlişinə və daha bir müqəddəs kitabın nazil olmasına ehtiyac yarandı. Bu peyğəmbər “Xatəmül-Ənbiya” (Peyğəmbərin möhürü) olan Həzrət Məhəmməd (s), müqəddəs kitab isə nazil olduğu vaxtdan 1400 il keçməsinə baxmayaraq, bir vergülü belə dəyişməyən Qurani-Kərim idi.

Yer Kürəsinə İlahi güc tərəfindən göndərilən sonuncu peyğəmbər Həzrət Məhəmmədin (s) həyat tarixçəsi çox maraqlıdır və bu barədə bir çox kitablar yazılıb. Qısaca olaraq qeyd edək ki, Məhəmməd (s) dünyaya gəlincə Abdullah, o, 6 yaşında ikən anası Aminə vəfat etmişlər. Rəsulullah (s) yetim olaraq babası Abdumüttəlibin, daha sonra əmisi Əbu Talibin himayəsində böyümüşdür. Peyğəmbər həzrətləri 25 yaşında ikən Xədicə adlı zəngin bir qadınla evlənmiş və bu qadının peyğəmbərimizin həyatında çox böyük rolu olmuşdur. Peyğəmbər (s) nə vaxt evə gəlsəydi, Xədicə onu gülərüzlə qarşılayar, fikir çəkməsinə imkan verməzdi. Rəsulullahın (s) peyğəmbərliyinə ilk inanan, vəhyin həqiqətini ilk təsdiq edən də Xədicə olmuşdur.

Məhəmməd peyğəmbər (s) 40 yaşına çatanda ona peyğəmbərlik verildi və bu gün Quran adı ilə bir yerə toplanan müqəddəs kitabımız vəhy şəkilində ayə-ayə nazil olmağa başladı. Sual oluna bilər: vəhy nədir, kimə gəlir, kimdən gəlir? Vəhy Allah tərəfindən peyğəmbərlərə göndərilən məlumatlardır, - demək olar. Vəhy ilhamın çox güclü formasıdır, -deyənlər də var. Ancaq Məhəmməd Peyğəmbərə (s) əsasən Cəbrayıl mələk vasitəsilə vəhy gəlmişdir. Ilk vəhyin gəldiyi ərəfədə Həzrət Məhəmmədin (s) 40 yaşının bitməsinə 6 ay qalırdı. O zaman bir dəyişiklik hiss edir, daha çox tək qalamağa ehtiyac duyurdu. Ona görə də şəhərdən aralıda yerləşən təpəliklərə gedir, burada Hira adlı bir dağda saatlarla oturub təfəkkür dənizinə dalır, gələcək vəhyi qəbul etmək üçün daxilən daha da təmizlənərək hazırlanırdı. Zahirən yaraşıqlı, daxilən çox təmiz olan 40 yaşlı Məhəmməd (s) onsuz da bütün naqis hallardan ari idi. O, xalq arasında Məhəmməd Əl-Əmin adı ilə tanınmışdı. O, bəşər tarixinin məntiqi nəticəsi olaraq cahana gəlmişdi. İnsanların sitayiş etdikləri cansız bütləri yıxmaq, dünyaya barış təlqin etmək, insanları tək olan Allaha inandırmaq və onları bu ideya ətrafında birləşdirmək İlahi missiyası idi və Allahın sevgili Rəsulu bu missiyanı böyük çətinliklər bahasına olsa da, yerinə yetirdi. Beləliklə Həzrət Adəmdən başlayan böyük vəzifə yerinə yetirildi. Ona sonuncu peyğəmbər, İslama isə son din dedilər.

Quran adı ilə dünyada tanınan və bu sahədə yeganə olan müqəddəs kitabımız 23 il ərzində peyğəmbərimizə vəhy olunan əmrlər, qadağalar, hala-haramlar, qanunlar, dini hekayələr və sairədir. Miladın 610-cu ilində, Ramazan ayının 17-də vəhy olunmağa başlayan Quran 632-ci ildə (8 iyun) Məhəmməd Həzrətlərinin (s) vəfatından azca əvvəl başa çatmışdır. Quranın ilk ayəsi belədir: “Oxu! Səni yaradan Allahın adı ilə oxu”. İlk vəhy gələndə Cəbrayıl mələkdən vəhy alan peyğəmbər həyəcanlı halda evə gələrək bu hadisəni xanımı Xədicəyə danışdı. Xədicə (s.ə) dərhal ona iman gətirdi. Xədicədən sonra peyğəmbərimizə iman gətirən Həzrət Əli olmuşdur.

Peyğəmbərin sağlığında Quran kitab halında cəm olunmamışdı. O vaxt Quranı əzbər bilən hafizlər var idi, bəzi ayələr isə kağızı əvəzən edən müxtəlif əşyalar üzərində yazılmışdı. Əbu Bəkirin xəlifəliyi dövründə Quranın kitab şəkilində yığılması üçün məşvərət edildi. Çünki Quranı əzbər bilənlər (Hafizlər) bu və ya başqa səbəbdən həyatdan gedirdilər. Məşvərətin qərarına əsasən Quranı kitab şəklində yazaraq peyğəmbərin zövcəsi Həfsətin evində saxladılar. Sonra, Osmanın dövründə bu nüsxə çoxaldılaraq müxtəlif ölkələrə göndərildi. Osman Quranı 4, başqa məlumata görə 7 nüsxə yazdıraraq müxtəlif ölkələrə göndərdiyi söylənilir. Qeyd edək ki, Osmanın dövründə yazılan Quran nüsxələrindən biri Azərbaycana göndərilmişdir. Ümumiyyətlə İslam başçıları ilk illərdə Azərbaycana xüsusi diqqət göstərmişlər. Həzrət Əlinin Azərbaycan valisinə məktubu, onun nəslinin indi də Azərbaycanda yaşaması fikrimiz aydınlaşdıran misal ol bilər.

Quran hərfən oxumaq sözündəndir, oxumaq deməkdir. Ancaq dini- fəlsəfi mənada Quran çox böyük , yəni müqəddəs bir Kitabdır. Quranda 114 surə, 6236 ayə, 77934 söz, 323621 hərf vardır. Surələrin ən böyüyü 286, ən kiçiyi 3 ayədən ibarətdir. Quran dünya mədəniyyətinin nadir incisidir, tarixi, ədəbi, fəlsəfi, dini və başqa cəhətlərdən yeganə kitabdır. Biz onun strukturunu qısaca anlatdıq. Bəs bu kitabın məğzi nədir, Quran bizə nə öyrədir? İxlas surəsi cəmi 3 ayətdən ibarətdir, burada Allahın sifətləri izah olunur: Allah təkdir, heç kimə möhtac deyil, doğurmaz, doğulmaz, heç nə onun bənzəri ola bilməz.

Bu, Allahın oğlu var deyən yəhudilərə və xristianlara verilən cavabdır. Üzeyiri və İsanı Allahın oğlu adlandıran, Əhdi-Cədidə (İncildə) əl qatan insanlara cavab olaraq nazil olmuşdur. Həcmcə ən kiçik olsa da, məna etibarı ilə ən böyük surə hesab olunur.

Quranda daha nələr var, Quran daha nə deyir? Bəqərə surəsinin 177-ci ayəsinə nəzər salaq: “Xeyirxahlıq heç də üzlərimizi qərbə və şərqə döndərməyimiz deyildir. Əsil xeyirxah insan odur ki, o, Allaha, Qiyamət gününə, Mələklərə, Kitaba və Peyğəmbərlərə inanır, sevdiyi malını yaxınlara, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və kölələrə xərcləyir, namaz qılır, zəkat verir, əhd etdiyi zaman əhdinə vəfalı olur, çətinliyə düşəndə, bədbəxtlik üz verəndə səbr edir. Düzgün insanlar, təqva (güc iman) sahibləri bu sifətləri daşıyanlardır” (tərcümə özümündür – M.Ş). Bizə elə gəlir ki, bu ayəti-kəriməni təfsir, yaxud izah etməyə ehtiyac yoxdur. Müsəlmanın, onun şəxsində ali bir insanın xislətləri ayədə çox gözəl əks olunmuşdur.

Bu il, yəni 2010-cu ildə müqəddəs Kitabımız olan Quranın peyğəmbərimizə vəhy şəkilində nazil olmağa başlanmasından 1400 il keçir. Bu müddətdə müqəddəs kitabımızın bir nöqtəsi də dəyişilməyib. Onun ilk dəfə yazılan nüsxəsi bu gün də qalır. Peyğəmbərimiz Məhəmməd (s) həyat tarixçəsi, əsil-nəsəbi dəqiq bilinən yeganə peyğəmbər olduğu kimi, kitabımız da tarixi tam bilinən və insan əli qatılmaya yeganə səmavi kitabdır. Hicr surəsinin 9-cu ayəsində Allahın dedikləri belədir: “Quranı həqiqətən biz nazil etdik, onu biz də qoruyacağıq”. Hər şeyə qüdrəti çatan Allahın dediklərinə nə isə əlavə etməyə ehtiyac varmı?!

Bir məqamı da qeyd edək ki, Quranı tənqid edənlər, İslama müxalif olanlar müqəddəs Kitabımızda olan bəzi fikirlərin Əhdi-Ətiqdə və Əhdi-Cədiddə (Zəbur, Tövrat, İncil) olduğunu qeyd edirlər. Bu, həqiqətən belədir. Zəburun, Tövratın, İncilin və Quranın bəzi ayələrində oxşarlıq, hətta eyni fikirlilik var və burada heç bir təəccüblü iş yoxdur. Əgər vəhyin gəldiyi mənbə birdirsə və bu kitabların göndərilməsində məqsəd eynidirsə, fikir oxşarlığının olmasına nə üçün təəccüb etməliyik.

Qurani-Kərim bütün zamanlar və məkanlar üçün göndərilib, o bir millətin, bir xalqın kitabı deyil. Müqəddəs kitabımız bütün inananları qardaş hesab edir. Bu fikrə diqqət edin: təkcə müsəlmanlar yox, bütün inananlar hamısı qardaşdır! Bundan böyük qudsallıq, müqəddəslik olarmı?!

Məhəmməd Şabanoğlu
jurnalist-publisist
Source : faktxeber
Comment