0
Saturday 23 August 2014 - 00:37

ABŞ-ın Süleymani xofu

Story Code : 406177
ABŞ-ın Süleymani xofu
İslam İnqilabının fədailəri arasında öz təmkin və aramlığı ilə seçilən bir şəxs var. Maraqlıdır ki, bu şəxs haqqında İran sərhədlərindən kənarda əfsanəvi xəbərlər dolaşır. İslam düşmənləri bu şəxsdən və onun tabeçiliyində olan Qüds Qüvvələrindən həmişə vahimələniblər. Təbii ki, onun haqqında xəbərlərdə bu vahimə hiss olunmaqdadır. Dünya imperializmi və sionizm adətən qorxduğu insanları ləkələməklə onları nüfuzdan salmağa çalışır. Sakit görünsə də çox qətiyyətli olan bu şəxs də daim təbliğat hücumlarının hədəfindədir. Onu terrorda ittiham edir, başqa ölkələrin daxili işlərinə qarışmaqda suçlayır, ona müxtəlif sahələrdə qadağalar qoyur, onu Yaxın Şərqdə təyinedici şəxs sayırlar. Sonda elə bir vəziyyət yaranır ki, ABŞ konqresində bu şəxsin terror edilməsi ilə bağlı rəsmi təklif səslənir. Bu təmkinli və ciddi qəhrəman Qüds Qüvvələrinin komandanı general Qasim Süleymanidir.
Super güclərin onun haqqında fikirləri bir kitaba sığmaz. Britaniyanın Guardian qəzeti yazır: “Süleymanini sevməyənlər belə onu düşüncəli adam sayır. Qüds komandanını təsirsizləşdirmək qərarında olan ABŞ rəsmiləri onu görmək maraqlarını gizlətmirlər.”
Qasim Süleymani adı gələndə kırıxan ABŞ ordu komandanlarından biri deyir: “Onu görə bilsəm, birinci sualım bu olar ki, bizdən nə istəyir?”
General Süleymani şəmsi 1336-cı il (57 il öncə), isfənd ayında İranın cənub-şərqində Kerman ustanının Rabor kəndində dünyaya göz açıb. Bu məntəqədə əhali tayfa qrupları şəklində yaşayır. Süleymani 12 yaşında ibtidai təhsilini başa vurduqdan sonra Rabor kəndini tərk edib Kermanda bənnalıqla məşğul olub. Bir müddət su təchizatı idarəsində işləyir və həmin illərdə inqilabi fəaliyyətə başlayır.
Öz sözlərinə görə inqilabın qələbəsindən sonra Kermanda su təchizatı idarəsində işləməklə yanaşı SEPAH-ın fəxri bölməsinə üzv olub. Müharibə başlayanda cəbhəyə gedir, bir az sonra öz vilayətində Bəsicin (Könüllülər Təşkilatının) başçısı olur. Sonra həmin könüllülərdən 41 sarəllah korpusu yaradılır. Müharibə başa çatandan sonra bu korpus Süleymaninin rəhbərliyi altında Kermanda təxribatçı qüvvələrlə mübarizə aparır. Sistan və Bəluçistan, Kerman əhalisi yaxşı bilir ki, Süleymaninin komandanlığı dövründə gərgin şərq sərhədlərində misilsiz asayiş olub.
Şəmsi 1378-ci il, tir ayının 18-də prezident Məhəmməd Xatəmiyə xəbərdarlıq məktubunu imzalayanlardan biri də Qasim Süleymani olub. Qasim Süleymani müharibə başa çatandan Qüds Qüvvələrinə komandan təyin olunduğu günə qədər Əfqanıstanla sərhədlərdə narkotika qaçaqmalçıları ilə mübarizə aparıb. Şəmsi 1379-cu ildə Ayətullah Xamenei Süleymanini Tehrana çağırıb və onu Qüds Qüvvələrinə komandan təyin edib. Həmin gündən Qasim Süleymani ABŞ və sionist məsulların kabusuna çevrilib. Düşmənlər Süleymani və Qüds Qüvvələrindən həmişə vahimələniblər və bu səbəbdən Süleymaniyə qarşı bütün çirkin yollara əl atıblar.
Suriya hadisələrində İran hərbçilərinin iştirakı ilə bağlı iddia qaldıran Avropa Birliyi və ABŞ 3 SEPAH zabitinin adını öz sanksiyalar siyahısına salıb. Bu 3 nəfərdən biri Qasim Süleymanidir. Vaşinqtonda Ərəbistan səfirliyində partlayışdan sonra Süleymaniyə qarşı növbəti qadağalar tətbiq olunub. Düşmən Süleymani şəxsiyyətini kiçiltmək üçün bütün çirkin yollardan faydalanıb. Bu ittihamlardan biri də sabiq Livan baş naziri Rəfiq Həririnin terrorudur. Nəhayət ABŞ konqresi açıq şəkildə Süleymaninin terrorunu gündəmə gətirib.
General Süleymani 2005-ci ilin yanvar ayında İraqa qədəm qoydu. Səddamın süqutundan sonra iraqlılar ilk dəfə seçkiyə gedirdi. ABŞ ciddi şəkildə İyad Ələvinin baş nazir olması üçün çalışırdı. Süleymani şiələrin himayəsi istiqamətində fəaliyyətə başladı. Seçkilərdən sonra Buş İraq xalqının rəngli barmaqlarını demokratiyanın qələbəsi kimi görmək istəsə də Ələvi və müttəfiqləri məğlub oldu. Qərb mətbuatı yazır: “CİA rəisi general Petreus İraqda dörd ulduzlu general olduğu dövrü yada salır. 2008-ci ilin əvvəllərində silahlı şiələrlə ABŞ ordusu baş-başa gəldiyi zaman Petreusun telefonuna iranlı bir generaldan SMS daxil olur. Həmin andan iranlı general Petreus üçün intiqam mələyinə çevrilir.”
SMS-i göndərən Qasim Süleymani idi. İranlı general yazmışdı: “Mən Qasim Süleymaniyəm. İranın İraq, Livan, Qəzzə və Əfqanıstan siyasətlərini həyata keçirirəm. Bilin ki, İranın Bağdaddakı səfiri də Qüds üzvüdür və əvəz olunsa, yerinə Qüds üzvü gələcək!”
Guardian yazır ki, Petreusun ciddi xəbərdarlığa ehtiyacı vardı. İraqda şiələrə qarşı olan ABŞ qüvvələri Qasim Süleymani tərəfindən lokallaşdırılırdı. ABŞ-ın Yaxın Şərqdə, xüsusi ilə Livandakı siyasətləri Süleymani maneəsini aşa bilmirdi. Petreus ordu araşdırmaları mərkəzinə Süleymaninin ona yaratdığı problemlərdən geniş məruzə təqdim etmişdi.
İraq prezidentinin müavini Adil Əbdül-Mehdi deyir: “Amerikalılar dalan açıldığından sevinsələr də Süleymaninin məntəqədə baş qaldırması onları narahat edirdi. ABŞ diplomatı Zəlmay Xəlilzad deyir: “O vaxt Süleymaninin regiona gəlişi təsdiqləndi. Amerikalılar Süleymanini müharibəni qızışdırmaqda ittiham etsələr də iranlı general sülh yaranması üçün çox çalışırdı. Bəsrədə Müqtəda Sədrlə İraq qüvvələri arasında döyüşləri dayandıran Süleymani oldu. Bu döyüşlər İraq neft mənbələri üçün ciddi təhlükə yaradırdı.
ABŞ Quru Qoşunlarının sabiq komandanı Cek Kein konqresdəki toplantıda demişdi: “Nə üçün İran məsullarını öldürmürük? Hərbi əməliyyat keçirməsək də terror edə bilərik.”
İran-İraq sərhədində Mərivanda mühüm bir görüşdə Cəlal Talabani general Süleymanidən döyüşlərin dayandırılması üçün kömək istəyib. Süleymani elə səhəri gün buna nail olur.
Pentaqon administrasiyası 7 mühafizə təbəqəsinə malikdir. Bu təbəqələrdən dördü müdafiə naziri, Pentaqon rəisinin mühafizəsi üçündür. Hətta məktublar bütün bu mühafizə təbəqələrindən keçməklə Leon Panettanın stolu üzərinə qoyulur. Bir dəfə Panettanın diqqətini üzərində heç bir təşkilatın möhürü olmayan zərf cəlb edir. Panetta məktubu oxuduqca onu soyuq tər basır. Bəli, yenə Süleymani ABŞ başçılarının rahatlığını pozmuşdu. Məktubda yazılmışdı ki, əgər lazım olsa bundan da yaxına gələcəyik! Məktubun sonunda imza olaraq “Qüds komandanı Qasim Süleymani” yazılmışdı.
Zəlmay Xəlilzad ABŞ-ın Əfqanıstanda səfiri olub. O Süleymani haqqında deyir: “ABŞ rəsmiləri Süleymanini müharibə qızışdırmaqda ittiham etdiyi qədər Süleymani sülhə çatmaq üçün təlaş göstərir. Süleymaninin təlaşları sayəsində bir çox qruplar arasında qarşıdurmaya son qoyulub.”
Guardian yazır: “Qasim Süleymani regionun ən güclü fiqurudur. Bu güc son 3 ildə nəinki zəifləməyib, hətta artıb. Süleymaninin İraq dövlət rəsmiləri ilə güclü əlaqələri var və onlar Süleymaniyə sitayiş edir.”
Guardian CİA-ya xidmət edən BƏƏS ünsürü Saleh Əl-Mətləkin dilindən yazır: “Süleymani gücünü birbaşa Ayətullah Xameneidən alır. İraq dövlət rəsmiləri Süleymaniyə qurtuluş mələyi kimi baxır, bütün addımlarını onunla razılaşdırır.”
ABŞ ordu komandanları Süleymanini hər zaman, hər yerdə olan əfsanə kimi yada salır. Mark Gerçet deyir: “Onu hökmən aradan götürməliyik. Süleymani adı hər yeri tutub. Çalışın, onu səhnədən çıxarın.”
ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərində təhqiqat aparan Ali Alfunə deyir: “Qasim Süleymani İraq-İran müharibəsində SEPAH-ın 41-ci korpusunun komandanı olaraq sarsıdıcı əməliyyatlar keçirməklə şöhrət qazanıb. Müharibə zamanı İraq radiosu tez-tez Qasim Süleymanidən danışırdı.”
ABŞ-ın İraqdakı sabiq səfiri Rayan Kraker deyir ki, Qasim Süleymani üçün İraq müharibəsi başa çatmayıb və onun strateji məqsədi İraqda tam qələbədir.
Diqqətlə araşdırdıqda şübhə qalmır ki, Qərbdə Qasim Süleymani adı hörmətlə çəkilir. Zəlmay Xəlilzad deyir: “ABŞ rəsmilərinin ittihamları gerçəkdə təsdiqini tapmır və Qasim Süleymani İraq daxilində müharibə alovunun yatırılmasında müstəsna rol oynayıb.”
Guardian yazır: “Bir şəxsin düşmən tərəfindən dəyərləndirilməsi onun böyüklüyünü göstərir. Bəli, Süleymanini düşmənlər yüksək dəyərləndirir. ABŞ rəsmiləri üçün bu əfsanəvi qəhrəmanla tanışlıq bir arzudur.”
General Süleymani imperialist güclər üçün daim pusquda dayanmış və qəfil zərbəyə hazır bir rəqibdir. ABŞ və İsrail təhlükəsizlik qüvvələri tərəfindən hər an izlənilən bu qəhrəmanın, sadə desək, Hacı Qasimin arzusu Qüdsün azadlığıdır.
ABŞ-ın Vayred jurnalı dünyanın 13 təhlükəli fiquru arasında sabiq Misir prezidenti Məhəmməd Mursi və Suriya prezidenti Bəşar Əsədin adını çəkir. Maraqlıdır ki, bu 13 nəfər arasında ən təhlükəli şəxs kimi Hacı Qasim Süleymaninin adı keçib. Jurnal yazır ki, general Süleymani ABŞ və Qərbin dünya və Asiyada mənafelərini hədələyən birinci şəxsdir. Jurnal İranı ən təhlükəli ölkə kimi qeyd edir. Bu ölkənin ən təhlükəli şəxsinin general Süleymani olduğu vurğulanır.
Cənab Ayətullah Xamenei Qasim Süleymaniyə dörd məqamda “diri şəhid” deyə müraciət edib. Böyük Rəhbər buyurur: “Allah-Taala istədi ki, bu insanlar sağ qalsın, ölkəmiz və İslam dünyası onlardan faydalansın.” Rəhbər bu sözləri şəmsi 1376-cı ildə Kerman, Sistan və Bəluçistan, Hormozqan şəhidlərinin anım mərasimində dilə gətirib. Cənab Rəhbər Süleymaniyə müraciətlə buyurub: “Siz cənab Süleymani, bizim gözümüzdə şəhidsiniz, diri şəhid! Siz savaş meydanlarında dəfələrlə şəhadətə çatmısınız.”
Hacı Qasim Süleymaninin ABŞ-ı vahiməyə salan sözlərindən biri budur: “İran xalqı ABŞ-a tarixi məğlubiyyətin acısını daddırmağa layiq xalqdır!” 5 il öncə deyilmiş bu sözləri o zaman kimlərsə arzu sayırdı. Amma bu gün eyni sözlərin gerçəkləşdiyinə şahid oluruq. Bu gün qaniçən İsrailin baş naziri Netanyahunun qulaqlarında İmam Xomeyninin səsi cingildəyir. Robert Qeyts deyir ki, İranla döyüşmək sabah ABŞ-ın öz torpaqlarında İran inqilabı övladları ilə döyüşməsi deməkdir. Bu sözdən sonra Hacı Qasimin bəyanatını arzu saymaq olarmı?!
 
Vilayet-nur.az
Comment