0
Monday 24 August 2009 - 22:43

MÜSƏLMAN ÖLKƏLƏRİNDƏ AMERİKANI NİYƏ SEVMİRLƏR?

Story Code : 10435
MÜSƏLMAN ÖLKƏLƏRİNDƏ AMERİKANI NİYƏ SEVMİRLƏR?
Şotlandiyanın Ədliyyə Nazirliyinin 1988-ci ildə bu ölkənin səmasında Amerika sərnişin təyyarəsini partladan və 259 nəfərin ölümünə səbəb olan liviyalı terrorçunu - Abdel Basset Əli əl-Meqrahini xəstəlik səbəbindən azadlığa buraxması haqda ötən saylarımızda məlumat vermişdik.

“Frans press” agentliyinin məlumatına görə, Tripoli aeroportunda Meqrahini qəhrəman kimi qarşılayıblar. Əllərində Liviya bayraqları tutan yüzlərlə adam aeroporta yığışıb, Meqrahi Liviya lideri Muəmmər Qəzzafinin oğlu Seyf Əl-İslamın vətənpərvər mahnı sədaları altında təyyarədən düşürülüb... 

Bu mövzuya yenidən qayıtmağımız heç də olayın motivi və ya yeni məlumatlar əldə edilməsi ilə bağlı deyil. Biz, sadəcə, Amerika vətəndaşlarını öldürən şəxsin öz ölkəsində qəhrəman kimi qarşılanmasının səbəbləri barədə danışacağıq. İstənilən halda, terrorçuya bəraət yoxdur. 

Amma burada bir incə məqam var ki, Meqrahi məhz Amerika təyyarəsini partlatdığı üçün öz ölkəsində qəhrəman kimi qarşılanıb. Müşahidələr onu deməyə əsas verir ki, təkcə Liviyada deyil, Pakistanda, İraqda, Əfqanıstanda, Birləşmiş Ərəb Əmirliklərində, İranda və digər müsəlman ölkələrinin
əksərində Amerika Birləşmiş Ştatlarına qarşı bir qəzəb, qisasçılıq var. Maraqlıdır, müsəlman ölkələri Amerikanı niyə sevmir? Hansı səbəbdən ABŞ-a qarşı hər hansı bir iş görənləri qəhrəman kimi tanıyırlar? 

Xeyli müddət müsəlman ölkələrində yaşayan politoloq Vəfa Quluzadə bildirdi ki, Amerikaya qarşı qəzəbin kökündə bir neçə səbəb durur: “Mən bu ölkələrdəki əhval-ruhiyyəni bilirəm. Əksər müsəlman ölkələrində hakimiyyətlər amerikayönümlüdür. Yəni onlar ABŞ-dan dəstək alıb hakimiyyətdə qalırlar. 
Amma həmin ölkələrin əhalisi, ələlxüsus onun zadəgən qısmi yox, əksər hissəsini təşkil edən kasıb təbəqə birmənalı şəkildə antiamerika ruhundadır. Bütün müsəlman ölkələrində də varlı təbəqə ən çoxu əhalinin 10 faizini təşkil edir. Yəni qalan 90 faiz Amerikanı sevmir. 
Bunun birinci səbəbi odur ki, müsəlmanların dinləri, adət-ənənələri Amerikanın bu ölkələrdə tətbiq etmək istədiyi Qərb adət-ənənələrinə, qaydalara ziddir. 
İkincisi, bütün müsəlman dünyası Fələstin probleminə görə, antiamerika əhval-ruhiyyəsindədir. Çünki heç bir müsəlman Fələstin problemini ABŞ-a
bağışlamaq istəmir. 

Bütün müsəlmanlar bu qənaətdədirlər ki, İsrail dövlətini Fələstin ərazisində yaradan Amerika ilə Böyük Britaniya olub. Düzdür, keçmiş SSRİ də bu prosesdə iştirak edib. Lakin Rusiya Amerikanın əleyhdarı kimi ərəbləri silahlandırıb. Ona görə də onların ziyalı təbəqəsində Rusiyaya qarşı da nifrət var. Onlar bilirlər ki, Rusiyanın Türküstanda apardığı qırğınların mahiyyəti nə idi. Bundan başqa, 20 milyon müsəlman Rusiyada işğal altındadır. Amma Rusiya özünü dünyaya həm də müsəlman ölkəsi kimi təqdim edir ki, əhalimin 20 milyonu müsəlmandır”. 

Politoloq qeyd etdi ki, Amerikaya qarşı nifrət tendensiyası Fələstin problemi həll olunandan sonra aradan qalxa bilər:
“Bir məsələ də var ki, Amerika müsəlman ölkələrində diktatorları dəstəkləyir. Məsələn, Misir prezidenti Hüsnü Mübarək diktatordur. Amma Amerika prezidenti Barak Obama ora gələndə dedi ki, ABŞ demokratiya ixrac etməyəcək. Tələbələr də onun bu çıxışından qəzəbləndilər ki, canları diktatordan nə zaman qurtaracaq. 

Müsəlman ölkələrində cəmiyyətin bir qismi demokratiya istəyir, Amerika isə diktatoru dəstəkləyir. 

Ərəb ölkələrində böyük əksəriyyəti
təşkil edən kəsim isə deyir ki, Amerika ənənələri İslam mədəniyyətinə ziddir. Onlar istəmirlər ki, qadınlar Amerika qadınları kimi davransınlar, gəncləri ABŞ gəncləri kimi geyinsinlər. Bu insanlar arzulayırlar ki, öz ənənələri ilə öz ölkələrində istədikləri kimi yaşasınlar. Amerika isə bu dəqiqə dünyada birincilik, hökmranlıq uğrunda mübarizə aparır. Bu mübarizəni demokratiya yolu ilə aparırlar. Bilmək lazımdır ki, bütün ideologiyalar aqressivdir. Hitlerin ideologiyası da aqressiv idi, kommunist ideologiyası da. Eynilə demokratiya ideologiyası da aqressivdir. Amerika isə bu ideologiyanı bütün dünyaya yayır, məsələn, kişi ilə qadının bərabərliyini tələb edirlər. Müsəlman ölkələrində isə bunu istəmirlər. 

Yəni Amerikanın ideologiyasını müsəlman ölkələrində qəbul etmirlər, onlar isə bunu yeritmək istəyir. Bir ziddiyyət də buradan yaranır. Əslinə baxanda, Amerikanın böyük təbliğat maşını qurub həyata keçirmək istədiyi ideologiyası da dünyanı fəth etmək ideologiyasıdır. Lakin başqa, sivil metodlarla, demokratiya yolu ilə. Ona görə də müsəlman aləmi ilə Amerika arasında böyük ziddiyyətlər var. Mən inanmıram ki, onlar asanlıqla aradan qalxa biləcək”.
Source : Yeni Musavat
Comment