0
Sunday 11 May 2014 - 11:17

10 May - İsraf günü

Story Code : 381904
10 May -  İsraf günü
10 May - İsraf günü
Məlum olduğu kimi artıq bir neçə ildir ki, ölkəmizin tarixinə daha yeni bir bayram əlavə edilib. 2004-cü ildən bəri Azərbaycanda hər il may ayının 10-u Heydər Əliyevin doğum günü münasibəti ilə Gül bayramı kimi qeyd olunur.

Hər il bu bayrama görə dünyanın 50-dən çox ölkəsindən 1 milyondan artıq gül gətirilir və təbii ki, bu güllər də heç də pulsuz və yaxud hədiyyə olaraq verilmir. Bəzi ekspertlərin hesablamalarına əsasən hər il bu bayrama 10 milyon manatdan çox pul xərclənir. Həqiqətən də ölkəmizdə baş verən bu harınlığa və israfçılığa nəzər salanda insanın qəlbi dəhşətə gəlir.

Bu qədər ictimai, elmi, tibbi, sosial, yoxsulluq və s. kimi problemlərimiz olduğu halda görün xalqın pulu nəyə xərclənir. Görün zalım rejim nə qədər harınlayıb ki, xalqın pulunu küçələrə tökür.

Bir gündən ötrü milyonlarla manat pul xərcləyir. Ancaq məsələ müəllimlərin, həkimlərin əmək haqqlarına gəldikdə min bir bəhanə gətirirlər və özləridə deyir ki, biz yer üzündə müəllimdən böyük ad tanımırıq. Budurmu müəllimə, gələcək nəsili yetişdirən insanlara qoyduğunuz hörmət. Diqqət edin hesablamalara əsasən bir gün ərzində gül bayramına xərclənən pul vəsaiti ilə ölkəmizdə mövcud olan bütün müəllimlərin əmək haqqlarını 50 faiz artırmaq olar. Ancaq hakimiyyət sadəcə iki, üç ildən bir cəmi 5-10 faiz miqdarında müəllimlərin və digər dövlət işçilərinin əmək haqqlarını artır. Həqiqətən də buna düşmənçilikdən başqa bir ad qoymaq olmaz.

Xalqı bu qədər məhrumiyyət və əzab-əziyyət içərisində saxlayasan, xalqa məxsus olan pulları isə küçələrə tökəsən. Əgər mövcud hakimiyyətin xalqına qarşı bir az rəhmi olsaydı heç vaxt belə etməzdir. Xalqını, millətini düşünən hakimiyyət həmişə birinci növbədə xalqını düşünər və sonra digər məsələlərə əhəmiyyət verər. Ancaq biz hakimiyyət nümayəndələrində xalqa qarşı bu cür münasibət görmürük. Buna yalnız bir ad qoymaq olar – xalq düşməni. Yalnız düşmən xalqı bu qədər alçaldar, məhrumiyyət və əzab-əziyyətlərə mübtəla edər.

Məsələnin təəccüb doğuran tərəflərindən biri də budur ki, sadəcə bir gün bayramda nümayiş etdirilən və sonradan məhv edilən 10 milyon manat dəyərində güllər xarici ölkələrdən gətirilir. Heç olmasa bu məsələdə xalqı düşünərək həmin gülləri yerli fermerlərdən almaqla ölkədə bağçılığın, gülçülüyün inkişafına töhfə vermək olardı. Heç olmasa bir gün xalqın bir qisminin üzünü güldürərdin.

10 May Heydər Əliyevin doğum günü münasibəti ilə təkcə küçələri bahalı, dekorativ güllərlə bəzəməklə qurtarmır. Bu gün və yaxud həmin gün ərəfəsində paytaxt Bakı da daxil olmaqla xərci heç də xaricdən gətirilən güllərin qiymətindən geri qalmayan konsert proqramları təşkil edilir. Pozğunluğu ilə dünyada ad çıxarmış xarici müğənilləri külli miqdarda pul müqabilində ölkəmizə dəvət edərək onları gənc qız və oğlanlara nümunə kimi təbliğ edirlər. Necə ki, belə bir hadisə 7 may tarixində Gəncədə baş verdi. Türk müğənnisi Hadisə yarıçılpaq şəkildə insanların qarşısına çıxaraq əxlaqsız hərəkətlər edərək sanki mahnı oxumaq üçün deyil, bədənini satmaq və gənclərdə müəyyən hissləri oyadaraq onları günaha cəlb etmək məqsədi güdürdü.

Nə gözəl olardı məhz bu gündə Azərbaycanda olan bütün qocalar və kimsəsizlər evində ehsanlar təşkil edilərdi. Yetim uşaqların qəlbi şad edilərdi və bu bir adətənənə kimi tətbiq edilərdi. Bax bu zaman Heydər Əliyevin ruhu bir az da olsun dinclik tapardı. Ancaq çox təəssüflər olsun ki, bunlar baş vermir. Hakimiyyət xalqın qeydinə qalmaqdansa israfçılıq ilə məşğul olur.
Source : Islamtimes
Comment