0
Saturday 20 July 2013 - 11:42

Həzrət Əlinin (ə) fitnələrə münasibətdə rəftarı

Story Code : 284967
Həzrət Əlinin (ə) fitnələrə münasibətdə rəftarı
Çox zaman haqla batil bir-birinə qarışır. İnsanlar azğın nəfsin təsiri altında həqiqətə oxşar batil ortaya qoyan bidətlərə yol verirlər. Beləcə firqələr yaranır, insanlar fitnə ilə üzləşir. Əgər həqiqət batildən aydın şəkildə seçilsəydi bir çox insanlar yolunu azmaz, batildən uzaq olardılar. Amma elə olur ki, haqq batilə qarışır, bəsirətsiz sadəlövh insanlar yanlış təsəvvürlə düşmənlərin əlində alətə çevrilir. Onlar bilərəkdən haqqı batilə qatan qüvvələrin əlində oyuncaq olurlar.
Həzrət Əli (ə) xəvaricə buyurur: “Siz insanların ən pisisiniz, siz şeytanın əlində oxlarsınız. Şeytan sizinlə öz hədəflərini vurur.”

ثم انتم شرار الناس و من رمی به الشیطان مرامیه و ضرب به تیهه

Bəli, şeytan belə insanların vasitəsi ilə insanları tərəddüdə salır və insanları azdırır.
 
Həzrət Əlinin (ə) fitnəyə münasibətini və rəftarlarını öyrənmək üçün fitnəkarların fəaliyyətlərini nəzərdən keçirmək lazım gəlir. Həmin fəaliyyətləri belə qruplaşdırmaq olar:
 
1. Kütlənin bəyəndiyi bəhanələr
Həzrət Əlinin (ə) hakimiyyəti dövründə qətlə yetirilmiş Osmanın köynəyi müxaliflər üçün münasib bəhanə idi. Maraqlıdır ki, Osman hökumətinə müxalif qrupun başçıları onun qətlinə sevindikləri zaman qanlı köynəyini bayraq edib Əliyə qarşı çıxırdılar.
İbn Əbil Hədid deyir: “Osmana qarşı ən sərt mövqedə Təlhə dayanmışdı. Ondan sonra Zübeyr gəlirdi.”
Nəql olunur (بلاذری از ابی مخنف) ki, camaat Osmanın qərargahını mühasirəyə alanda Təlhə mühasirəni daraltmaq və Osmanı qətlə yetirmək üçün ona su və çörək verilməsini qadağan etdi. Həmin vaxt həzrət Əli (ə) xəbər tutub qəzəbləndi və Osmana su göndərdi.
Həzrət Əli (ə) buyurur: “And olsun Allaha Təlhə Osmanın qanını axıtmağa tələsirdi. Sadəcə qorxurdu ki, bu qətlə görə özü ittiham edilə. Xalq arasında Osmanın qanına Təlhə qədər təşnə olan yox idi...”
Digər bir məqamda həzrət buyurur: “Bu insanlar özləri tapdadığı haqqı tələb edirlər, öz axıtdıqları qanın günahkarını axtarırlar.”

و انهم لیطلبون حقاً هم ترکوه و دماء، هم سفکوه

Həzrət Əli (ə) əhdi pozanların hərəkətlərini bəhanə kimi tanıtdırır: “Onların göstərdiyi bəhanələrin yalnız zahiri, rəngi var, batini puçdur.”
 
2. Tanınmış simalardan alət kimi istifadə
Düşmənlər çalışırlar ki, cəmiyyətdə tanınmış simalardan öz məqsədlərini həyata keçirmək üçün istifadə etsinlər. Peyğəmbərin (s) zövcəsi Aişədən öz çirkin məqsədləri yolunda faydalanırlar. Müsəlmanlar Peyğəmbər (s) və onun zövcəsinə ehtiram göstərib, fitnəkarlara aldanır, həzrət Əli (ə) ilə döyüşə gedirlər. Fitnəkarların bu planı baş tutur.
Həzrət Əli (ə) alçaq insanların bu üsulu ilə bağlı deyir: “Bu insanlar qiyam qaldırdılar, Peyğəmbərin (s) zövcəsini kəniz kimi arxalarınca çəkdilər, öz zövcələrini evdə pərdə arxasında qoydular. Peyğəmbərin (s) ailəsini özləri və başqalarının qarşısına çıxardılar.”
Təlhə və Zübeyrin təbliğatında Aişə əsas sima idi. Bu iki şəxs ondan çox istifadə etdi. Bu yolla xalqı Cəməl savaşında həzrət Əliyə (ə) qarşı qaldırdılar. Həzrət Əli (ə) bu batil üsulla bağlı buyurur: “Azğınlığın qarşısını almaq yolu şəxsləri, həqiqəti tanımaqdır.” İnqilab və onun hədəflərini doğru üsullarla gerçəkləşdirmək lazımdır. Bütün xalqlar öz inqilablarında bunu nəzərə almalıdırlar.
 
3. Şübhə yaratmaq
Şübhə o zaman yaranır ki, batil həqiqətə bənzədilsin. Həzrət Əli (ə) buyurur: “Şübhəni ona görə belə adlandırıblar ki, həqiqətə oxşarlığı (şəbahət) var. Allahın dostları üçün qaranlığı işıqlandıran nur var. Bu nur onların əminliyi, hidayətidir. Allah düşmənləri isə öz azğınlıqları içində şübhəyə yönələrlər.”
Həzrət Əli (ə) şübhə yaradılmasını düşmənin üsullarından sayır. Həzrətin nəzərincə həqiqəti bilməyən insanlar üçün şübhə böyük təhlükədir. Çünki onların analiz qabiliyyəti yoxdur. Onlar batilin əynindən həqiqət libasını çıxara bilmirlər. Bu vəziyyət düşmən üçün fürsətdir.
Həzrət Əlinin (ə) nəzərincə düşmən batilə haqq libası geyindirir. Hətta yaxın insanlar çaşmağa başlayır. Şübhə o qədər güclənir ki, Əli (ə) kimi natiq həqiqət doğrunun sübutu yolunda zəhmət çəkir, səy göstərir.
Həzrət Əli (ə) Bəsrəyə yaxınlaşanda düşmənlər onun düşərgəsinə casus göndərdilər. Onlar bilmək istəyirdilər ki, hansı yolla şübhə yarada bilərlər. Amma həzrət həmin şəxsə elə sözlər dedi ki, o səhv yolda olduğunu anladı və kimliyini etiraf etdi. İmam onu beyətə çağırdı. Həmin şəxs dedi: “Məni göndərən var və özbaşına hərəkət edə bilmərəm.” Həzrət buyurdu: “Əgər onlar səni yağış düşən yer axtarmaq üçün göndərsəydilər və sən həmin yeri tapıb xəbər versəydin, bununla belə onlar susuz səhraya üz tutsaydı nə edərdin? Həmin şəxs dedi: “Onlardan ayrılıb, səfalı yerə üz tutardım.” Həzrət bir daha təkrarladı ki, beyət et. Həmin şəxs dedi: “And olsun Allaha, həqiqəti gördüyüm zaman ondan üz çevirmərəm.” Sonra həzrətə beyət etdi.
 
4. Hiylə
Bəsrə qiyamçıları hiyləyə əl atdılar. Onlar həzrətə ilk beyət edənlər idi. Sonradan beyəti pozdular. Mərvan ibn Həkəm də aralarında idi. Mərvan Cəməldə əsir düşdü, imam Həsən və Hüseynin vasitəçiliyi ilə azad oldu. Həsən və Hüseyn atalarına dedilər ki,
Mərvan beyət etmək istəyir. Həzrət qəzəblə buyurdu: “Məgər Osmanın qətlindən sonra mənə beyət etməmişdi?! Onun beyətinə ehtiyacım yoxdur, əli yəhudi əlidir. Əli ilə beyət etsə yenə arxa çevirib əhdini pozacaq.”
 
5. Təbliğat
Batil əhlinin həmişəki üsullarından biri təbliğat və ictimai fikir yaratmaqdır. Düşmənlər azğın firqələr yaradıb insanları yoldan çıxarırlar. Həzrət Əli (ə) buyurur: “Ey xalq! Doğru yolda sayınızın azlığından qorxmayın. İnsanlar bir süfrə ətrafına toplanıb ki, bu süfrənin toxluğu qısa müddətli, aclığı uzunmüddətlidir.”
Həzrət Əli (ə) düşmənin təbliğatını şimşəyə bənzədir. Buyurur ki, batil fənaya məhkumdur və onların səs-küyü səmərə verməz. Yada salır ki, batil əhlinin işi şüardır, əməl yox. Bəli, haqq əhli əvvəl iş görür, sonra şüar verir.

قد ارعدوا و ابرقوا و مع هذین الامرین الفشل و لسنا نرعد حتی نوقع ولانسیل حتی نمطر

Cəməl səhnəsində olanlar şimşək effekti yaradırdılar. Amma öz səs-küyləri içində məğlub oldular. Möminlər şimşək kimi çaxıb kimisə hədələmirlər. Yalnız qələbə qazanıb sözlərini deyirlər.
 
6. Müsəlmanlar arasında ixtilaf
Həzrət Əli (ə) müsəlmanların vəhdətini yüksək dəyərləndirirdi. İlahi məqsədlərin gerçəkləşməsi vəhdətin əhəmiyyətini vurğulayırdı. Həzrət buyururdu ki, düşmən Cəməl və Siffeyndə təfriqə yolu ilə qiyam qaldırdı. Həzrət düşmənlər haqqında buyurur: “Onlar mənim məmurlarım, xəzinədarlarıma nüfuz etdilər. Hamının mənə beyət etdiyi bir şəhərdə addım atdılar, cəmiyyətin vəhdətini pozdular. Bu yolla qiyam qaldırdılar.”
Həzrət Əli (ə) vəhdətə verdiyi dəyər səbəbindən 25 il sükut etdi.
 
7. Müqəddəsliklərdən sui-istifadə
Tarix boyu düşmən müqəddəsliklərdən sui-istifadə edib. Müaviyə Siffeyndə həzrət Əlinin (ə) tərəfdarlarını aldatmaq üçün Quranı bayraq etdi. Fitnədən sonra həzrət Əli (ə) Müaviyəyə yazmışdı: “Sən Quran əhli olmadığın, Quranla hökm etmədiyin bir halda məni Quranın hökmünə çağırdın.”

ثم انک قد دعوتنی الی حکم القرآن و لقد علمت انک لست من اهل القرآن و لاحکمه ترید

Həzrət Əlinin (ə) nəzərincə xəvaric müqəddəsliklərə münasibətdə ifrata varmış cahillərdən ibarət idi. Düşmən Quranı yanlış təfsir etməklə onları alətə çevirmişdi. Maraqlı nöqtə budur ki, bütün azğınlıqlar cəhalət müstəvisində baş verir. Təlhə və Zübeyr Bəsrə əhlinin cahilliyindən istifadə edib qiyam qaldırdı. Həzrət Əli (ə) Bəsrə əhalisinə buyurdu: “Sizin torpaqlar suya yaxın, səmaya uzaqdır. Ağlınız küt, düşüncəniz dayazdır. Oxatanlar üçün yaxşı hədəf, müftəxorlar üçün yağlı tikə, ovçular üçün yaxşı ovsunuz.”
Cahil insan tez tora düşür. İslam tarixində belə hadisələr kifayət qədərdir. Münafiqlər həmişə axmaq müqəddəsnümaları İslama qarşı qaldırıblar.
 
İndi isə həzrət Əlinin (ə) fitnə ilə rəftarını nəzərdən keçirək:
 
1. Düşmən qarşısında oyaqlıq
Həzrət təkidlə vurğulayır ki, düşmən qarşısında mürgüləmək olmaz, onu kiçik saymaq düzgün deyil. Həzrət buyurur: “Düşmən sizə təşəkkür etsə belə özünü ondan amanda bilmə.”

لا تأمن عدوا و ان شکر

Həzrət buyurur ki, düşməndən bir an gözünü çəksən ağır zərbələr alacaqsan. O buyurur: “Kim mürgüləsə düşmənin hiyləsi onu oyadacaq.”

من نام عن عدوه انبهته المکائد

Həzrət Əli (ə) alnıaçıq sülh barədə Malik Əştərə buyurur: “Düşmənlə sülhdən sonra ondan daha çox qorx. Çünki bəzən düşmən yuxuya vermək üçün yaxınlaşır. Uzaqgörən ol, düşmənə nikbin baxma.”
Həzrət Əli (ə) düşmən qarşısında oyaqlığı özünə imtiyaz sayaraq buyurur: “And olsun Allaha, mən yuvasının qabağında yatmış kaftar deyiləm ki, bir zərbə ilə ovlayarlar.”
Həzrət Əli (ə) bu oyaqlığı ilə Təlhə və Zübeyrin Bəsrə və Kufə planlarını alt-üst etdi.
 
2. Qaranlıq nöqtələri işıqlandırmaq
Həzrət Əlinin (ə) düşmənə münasibətdə təsirli üsullarından biri qaranlıq nöqtələri işıqlandırması idi. Həzrət Qurana istinadla məntiqi dəlillər ortaya qoyur, düşməni cilovlayırdı.

ادع الی سبیل ربک بالحکمه

Həzrət öyrədir ki, mübarizədə məntiqi dəlillər yaddan çıxmamalıdır. O buyurur: Zübeyr elə bilir ki, beyət təkcə əllə olur, qəlblə yox. Buna görə də öz beyətinə dəlil göstərməlidir. Beyətinə qayıtmalı və sədaqətli olmalıdır.”
Həzrət Əli (ə) Fərat çayını Müaviyənin qoşunundan alandan sonra onlara icazə verdi ki, sudan istifadə etsinlər. Bir müddət savaşı saxladı və Müaviyəyə xəbərdarlıq etdi. İraqlılar arasında söz-söhbət başladı ki, nə üçün imam cihad hökmü vermir. Dedilər ki, ailə-övladımızı Kufədə qoyub burada yaşamağa gəlməmişik. Döyüşə başlayaq. Həzrət soruşdu ki, sizcə bunun səbəbi nədir? Dedilər: “Bəziləri bu fikirdədir ki, ölüm qorxusundan döyüş hökmü verilmir. Bəziləri şamlılarla döyüş məsələsində tərəddüdə olduğunuzu düşünür. Həzrət buyurur: “And olsun Allaha ki, ölümdən qorxum yoxdur və
şamlılarla döyüş məsələsində tərəddüdə deyiləm. Döyüşü yubadıram ki, kimsə hidayət olub bizə tərəf keçsin. Mən bunu onları öldürməkdən üstün sayıram.”

اما قولکم احل ذلک کراهیة الموت فو الله ما ابالی دخلت الی الموت او خرج الموت الی… و اما قولکم شکا فی اهل الشام فو الله ما دفعت الحرب یوما الاو انا اطمع ان تلحق بی طائفة فتهتدی بی و تعشوا الی ضوئی وذلک احب الی من ان اقتلها علی ضلالها و ان کانت تبوء بآثامها

Kəsir ibn Numər (کثیر بن نمر) deyir: “Cümə namazında idim, həzrət Əlinin (ə) xütbəsini dinləyirdim. Bu vaxt bir şəxs qalxıb xəvaricin şüarını dedi. Sonra başqa bir xəvaric qalxıb eyni işi gördü. Həzrət buyurdu: “Oturun! Deyirsiniz ki, Allahın hökmündən başqa hökm yoxdur. Amma dediyinizi düzgün başa düşmürsünüz. Mən Allahın sizin haqqınızda hökmünü gözləyirəm. Nə qədər ki, bizimləsiniz, sizi üç hüquqdan məhrum etməyəcəyəm: məsciddə Allahın zikri, dolanışıq xərcinizin təmini, silaha əl aparana qədər toxunulmazlıq.”

الا ان لکم عندی ثلاث خلال ما کنتم معنا… ان نمنعکم مساجد الله ان یذکر فیها اسمه و لانمنعکم فیئا ما کانت ایدیکم معنا و لا نقاتلکم حتی تقاتلوا

Başqa bir məqamda buyurur: “Nə qədər susurlar, azad buraxacağıq, danışığa gəlsələr xəbərdarlıq edəcəyik, fəsada əl atsalar vuruşacağıq.”

ان سکتوا ترکناهم و ان تکلموا حاججناهم و ان افسدواقاتلنا
 
3. Düşmənə bəhanə verməmək
Düşmənlər insanları həzrət Əliyə (ə) qarşı qaldırmaq üçün Osmanın köynəyini bayraq etdilər, Əlini (ə) Osmanın qətlində müqəssir saydılar. Həzrət müxtəlif xütbələrdə bu hadisə barədə danışdı və şübhələri aradan qaldırdı. Əgər həzrət cavab verməsəydi, düşmən çox müvəffəq olardı.
 
4. Gücdən istifadə
Həzrət Əli (ə) bütün yollar bağlanandan sonra, düşmənə son xəbərdarlıq ardınca döyüşə başlayardı. Bəli, bəzən düşmən inadkarlıq göstərir, barışığa gəlmir. Belə bir vaxtda həzrət qılınca əl aparardı: “Əgər son xəbərdarlıq ardınca itaətsizlik göstərsələr onlara iti qılıncı göstərərəm, bu, batilin müalicəsi, haqqa yardım üçün bəs edər.”
 
 
HaqqYolu - Hawzah
Comment