0
Saturday 26 July 2014 - 18:43

Əliyev vətəndaşların müraciətinə baxırmı?

Story Code : 401650
Əliyev vətəndaşların müraciətinə baxırmı?
Əliyev vətəndaşların müraciətinə baxırmı?
Ölkəmizdə tərif o qədər hörmətdən salınıb ki, özünə hörmət edən adamlar təriflənməkdən utanır. Platon deyirdi ki, tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır. Bir şəxsi etmədiyi əmələ görə tərifləmək həm də tərif deyənin özünüifşasıdır. Hakimiyyətin nəzarətində olan qəzetlər, demək olar, hakim ailəni aşırı tərifləməklə məşğuldur və artıq tərifin bütün növlərindən istifadə ediblər.

Ötən gün isə “Azərbaycan” qəzeti tərif seriyasına davam edərək geniş bir məqalə dərc edib. “Azərbaycan prezidenti bütün məmurlardan vətəndaş müraciətlərinə həssas yanaşma tələb edir” başlıqlı yazıda ölkəmizin bütün sahələr üzrə Avropanı geri qoymasından söhbət açılır və prezidentin səyi nəticəsində məmurların ictimai müraciətlərə operativ yanaşması “fakt”larla göstərilir.

Bütün dünya Azərbaycan hakimiyyətindən siyasi məhbusları azad etməyi, demokratik islahatlara start verməyi, azad ticarətə şərait yaratmağı tələb edir. Azərbaycan hakimiyyəti isə bütün vasitələrlə bu tələblərdən yayınmağa başlayır. Belə bir reallıqda Ilham Əliyevin məmurlardan vətəndaş müraciətlərinə həssas yanaşmağı tələb etməsi, qeyri-ciddi görünür.

Sən prezident ola-ola müraciətlərdən imtina edirsənsə, sənin tabeliyində olan məmur hansı nümunədən qidalanaraq vətəndaşa xidmət etməlidir?

Məsələn, 50-yə yaxın sahibkar iyulun 24-də Dövlət Gömrük Komitəsinin qarşısında etiraz aksiyası keçirdi. Onlar gömrük rüsumlarının qaldırılmasının əleyhinədirlər. Bakının müxtəlif ticarət mərkəzlərində mobil telefon aksessuarlarını Çindən, Dubaydan gətirən sahibkarların dediyinə görə, onlardan hər məhsul üçün 1-120 dollar arasında gömrük rüsumu tələb edirlər. Sahibkarlar deyirlər ki, seçki vaxtı onları Ilham Əliyevə səs verməyə məcbur edirlər. Problemlərini dilə gətirəndə isə, “gedin prezidentə şikayət edin” deyib, yola salırlar.

Yəni xırda sahibkarın probleminin həlli də prezidentin iradəsindən asılı vəziyyətdədir. Ancaq “get kimə istəyirsən şikayət et” deyimi də var. Bu da o deməkdir ki, məmurlar Ilham Əliyevi də saymırlar. Yaxud pulu “yuxarı”lar üçün yığdığlarına görə arxayındılar.

Demək istədiyimiz odur ki, bu ölkədə bütün müraciətlər Ilham Əliyevə ünvanlandığı halda, Ilham Əliyevin məmurları intizama dəvət etməsini qəhərəmanlıq kimi qiymətləndirməyə ehtiyac yoxdur.

Ilham Əliyevə ünvanlanan müraciətlər həllini tapsaydı, nə gömrük rüsumunun artırılması, nə məmurun vətəndaşı incitməsi, nə də başqa neqativ hallar olmazdı.

Bəli, Ilham Əliyev hakimiyyəti vətəndaş cəmiyyətini sıradan çıxarmağa, azad mətbuatı boğmağa, azad sahibkarlığı məhv etməyə yönəlib. Ona görə də bütün sahələr inhisara alınıb, QHT-lərin fəaliyyəti məhdudlaşdırılıb, xalqın problemlərini işıqlandıran mətbuat nümunələri barmaqla sayılacaq qədər də qalmayıb.

Yəni ölkəni korrupsiya bataqlığına çevirib, aşağılara “haqq” sistemi tətbiq edib, vətəndaşı məhdud əmək haqqına möhtac qoyub sonra məmurdan vətəndaşa hörmət tələb etmək absurddur.

Digər tərəfdən, Ilham Əliyev dəfələrlə müşavirələrdə məmurlara, məmur övladlarına barmaq silmələməsinə baxmayaraq, reallıqda hansısas məmurun cəzalandırılması, hansısa məmur övladının tənqid olunması görünmədi. Əksinə, məmurlar daha da harınlayır, məmur övladları daha da sərbəstləşir.

Yekun nəticə onu göstərir ki, ölkə başçısı vətəndaşı “ünsür”, “antimilli”, “ermənipərst” adlandıranda, məmur da vətəndaşla “ünsür” kimi rəftar edir.

Cənab prezident, müraciətlərimizə həssas yanaşın ki, məmurlar da vətəndaşların müraciətinə həssas yanaşsın./azadlıq/
Source : Azadliq
Comment