0
Thursday 2 January 2014 - 22:46

“İlham Əliyev gələcək problemlərinin əsasını qoydu”

Story Code : 336897
“İlham Əliyev gələcək problemlərinin əsasını qoydu”
“İlham Əliyev gələcək problemlərinin əsasını qoydu”
Əli Kərimli: “2013-cü il çox ciddi siyasi proseslərin başlanğıcı oldu”

Azərbaycanda mühüm siyasi hadisələrin baş verdiyi 2013-cü ili arxada qoymaq üzrəyik. İsmayıllı, Quba olayları ilə başlayan 2013-cü ildə kifayət qədər önəmli hadisələr baş verib. Müxalifətin son 20 ildə ilk dəfə olaraq böyük siyasi koalisiya yaradaraq seçkiyə vahid namizəd, vahid komanda ilə getməsi də məhz bu ilə təsadüf etdi. İlin son günlərində Qarabağ qazisi Zaur Həsənovun hüquqlarının tapdanmasına etiraz əlaməti olaraq özünü yandırması və dünyasını dəyişməsi də cəmiyyətdə canlanmaya səbəb oldu. AXCP sədri Əli Kərimli ilə müsahibəmizdə ilin siyasi yekunlarına qiymət verməklə yanaşı, gələn illə bağlı gözləntilərini də öyrəndik.

- 2013-cü il kifayət qədər dinamik siyasi hadisələrlə, proseslərlə zəngin bir il oldu. Təəssüf ki, il daha çox əsgər Ceyhun Qubadovun ölümü ilə xarakterizə olundu. Ilin sonunda da hamımız Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması nəticəsində faciəvi şəkildə dünyasını dəyişməsinin şahidi olduq. Il ərzində yenə də xeyli sayda əsgər ölümləri, saysız-hesabsız siyasi həbslər baş verdi. Yenə də əvvəlki illərdəki haqsızlıq, hüquqsuzluq, ədalətsizlik davam etdi. Amma bu ilin ərzində pozitiv məqamlar da oldu. Əsgər ölmlərinə etiraz zamanı məlum oldu ki, Azərbaycanda artıq etirazçıların yeni təbəqəsi formalaşıb. Internetin meydana gətirdiyi gənclik, fəal vətəndaş cəmiyyəti artıq hakimiyyətə qarşı yeni cəbhə açıb. Bu gün Azərbaycan hakimiyyətinə qarşı yalnız müxalif siyasi partiyalar dayanmır. Eyni zamanda bu ada layiq olan vətəndaş cəmiyyətinin təmsilçiləri, ziyalılar, gənc fəallar prosesdə iştirak edirlər.
2013-cü il həm də Quba, Ismayıllı hadisələrinin baş verməsi ilə yadda qaldı. Qubada, Ismayıllıda baş vermiş hadisələr aydın şəkildə sübut etdi ki, Azərbaycan hakimiyyətinin uzun zaman öyündüyü və zor gücünə əldə olunmuş sabitlik, nisbi anlayışdır. Azərbaycanda gerçək, uzunmüddətli, xalq iradəsinə dayanan sabitlik yoxdur. 2013-cü il bu həqiqəti də bariz şəkildə nümayiş etdirdi.
Təəssüf ki, ağır, məhrumiyyətli ili indi də acı təəssüratlarla yola salırıq. Nəinki Qarabağ qazisi Zaur Həsənovun özünü ölüm həddinə çatdırılmasıyla bağlı heç bir tədbir görülmədi, cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunmadı, əksinə, hökumət bu hadisəni ört-basdır etdi. Qazimizin özünü yandırmasına etiraz edən mübariz gənclərimizi insafsızcasına, namərdcəsinə həbs etdilər. Indi onlar 2014-cü ili həbsxanada qarşılamalı olacaqlar. Millətin vətənpərvər, vicdanlı kəsiminin Zaur Həsənovun acısını yaşadığı bir gündə paralel olaraq Sumqayıtda öz düşük tortkəsmə mərasimini həyata keçirdilər. Yenə 52 metrlik tort kəsib, alçaltdıqları, ac saxladıqları azərbaycanlıları sonra da o tort qırıntıları ilə sevindirib, xalqı bu qədər aşağlaya bilməklərindən zövq aldılar. Belə acı notlarla il təhvil olunur.
Fürsətdən istifadə edib, növbəti ildə bütövlükdə Azərbaycan xalqına daha yaxşı bir il, cansağlığı, şəxsi həyatlarında uğur arzulayıram. Daha ləyaqətli həyat nəsibləri olsun.

“Demokratik düşərgə üçün uğurlu il”

- Bu ili demokratik düşərgənin qarşısına qoyduğu məqsədlərə çatmaq baxımından necə dəyərləndirmək olar?

- Bu il bütövlükdə müxalifətin birləşməsi tendensiyasının gündəmdə olması ilə xarakterizə olundu. Bildiyiniz kimi, yanvar ayında Rüstəm Ibrahimbəyov tərəfindən Milli Şuranın yaradılması təşəbbüsü irəli sürüldü. Sonradan mayın 28-də Milli Şura elan olundu. Nəticədə ölkənin demokratik qüvvələri nəhayət ki, uzun illərdən sonra vahid bir koalisiyada birləşərək, prezident seçkilərində vahid namizədlə iştirak etdilər. Bu, Azərbaycan xalqının müxalifətdən uzun illərdən bəri gözləntisi idi. Düzdür, bu seçkilər də saxtalaşdırıldı. Amma birləşmiş müxalifətin vahid namizədi Cəmil Həsənli seçkilərdə iştirak edən seçicilərin əksəriyyətinin səsini ala bildi. Mübarizənin kifayət qədər qeyri-bərabər şərtlərlə aparılmasına baxmayaraq, Azərbaycanın birləşmiş müxalifəti yenə də mənəvi-siyasi qələbəsini qazana bildi. Nəhayət ilk dəfə olaraq Azərbaycanda keçirilən seçkilərin saxtalığını beynəlxalq aləm etiraf etdi. Bu, iyirmi il ərzində bir ilk idi. Bütün dünya, ATƏT, ABŞ, Avropa Birliyi, Böyük Britaniya Azərbaycanda keçirilmiş seçkilərin beynəlxalq standartlara uyğun olmadığını, saxtalaşdırıldığını açıq və rəsmi şəkildə bəyan etdilər. Beləliklə, 2013-cü ildə Ilham Əliyev hakimiyyətini daha bir müddət uzatmağa müvəffəq olsa da, təkcə Azərbaycan xalqı deyil, bütün dünya onun legitimliyini sual altına qoyub. Əslində bununla da Ilham Əliyev özünün gələcəkdə problemlərlə üzləşməsinin əsasını qoymuş olub.
Bu ilin ərzində bir sıra başqa ciddi siyasi proseslər də baş verib. Birləşmiş müxalifət çoxlu sayda etiraz aksiyaları keçirib. Son illərdə ən kütləvi etiraz aksiyaları məhz bu ilin ərzində keçirilib. Eyni zamanda çox təəssüfedicidir ki, ilin sonları həm də qiymət artımı və gələn ilin büdcəsində böyük kəsirlərlə xarakterizə olundu.
Belə ümumiləşdirə bilərik ki, bu il çox ciddi siyasi proseslərin başlanğıcı oldu. Ilk növbədə ölkədə təkcə müxalifətin deyil, vətəndaş cəmiyyətinin güclənməsi prosesi başladı. Hökumətə qarşı geniş bir spektrin birləşməsi, səfərbər olunması bir tendensiyadır. Bu tendensiya davam edəcək və sonrakı mərhələdə hakimiyyət üçün daha ciddi problemlər yaradacaq. Hakimiyyətin legitimliyinin sarsılması bu il baş verən növbəti bir tendensiyadır. Ölkədə sosial-iqtisadi vəziyyətin dözülməz olması və bu prosesin davam etməsi əlavə sürprizlər yaradacaq. 2013-cü il Azərbaycan xalqının qəbirstanlıq sabitliyindən imtina etdiyi, dinamizimlə mübarizə apardığı bir il oldu. Baxmayaraq ki, bu il uğrunda mübarizə apardığımız məqsədlərin heç birinə nail ola bilməmişik. Hesab edirəm ki, bu ilin ərzində böyük siyasi proseslərin əsası qoyuldu və onlar gələn il inkişaf edəcək.

“2014-cü il müxalifətin daha ciddi təşkilatlanması ilə xarakterizə olunacaq”

- 2014-cü illə bağlı gözləntiləriniz nədən ibarətdir? Demokratik proseslərin inkişafı baxımından Azərbaycanı nə gözləyir?

- 2014-cü ildə 2013-cü ildə başlamış proseslərin davamı olacaq. Azərbaycan xalqı bu il ciddi şəkildə anons edib ki, bu vəziyyətlə barışmaq fikrində deyil. Hökumət beynəlxalq təcridə məruz qalmaq, Azərbaycan xalqının böyük nifrətini qazanmaq bahasına olsa da kütləvi həbslər həyata keçirdi. Azərbaycan siyasi məhbusların sayına görə rekordçu ölkələrin sırasına daxil olub. Amma buna baxmayaraq rejim siyasi mübarizənin qarşısını ala bilməyib. Bu da o deməkdir ki, 2014-cü ildə ölkədə ciddi siyasi mübarizə gözlənilir. Həm də 2015-ci il Azərbaycan üçün mühüm üç tədbirlə xarakterizə olunacaq. Bu tədbirlər 2015-ci ilin martında Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammitidir. Ehtimal olunur ki, bu sammitin əsas mövzusu Azərbaycan ilə assosiativ sazişin imzalanması olacaq. 2015-ci ilin mayında Bakıda Avropa olimpiadası keçiriləcək. Ilin sonunda da parlament seçkiləri gözlənilir. Əgər ölkədə hər hansı fors-major hadisələr olmasa belə 2015-ci ildəki bu üç tədbir 2014-cü ili bu tədbirlərə hazırlıq ili kimi xarakterizə edəcək. Bütün siyasi qüvvələr, vətəndaş cəmiyyəti, Azərbaycan xalqı ciddi fəallıq içində olacaq. Hesab edirəm ki, 2014-cü il müxalifətin daha ciddi təşkilatlanması, ölkədə siyasi duruma etirazlarla xarakterizə olunacaq. Azərbaycan hakimiyyətinin beynəlxalq arenada ifşası 2014-cü ildə də davam edəcək. Bu proses başlanıb və Azərbaycan hakimiyyəti heç bir nəticə çıxarmadığına görə növbəti il bu proses davam edəcək. Amma 2013-cü il sübut etdi ki, Azərbaycanda hər bir proqnozu arxa plana keçirən hadisələr də hər an baş verə bilər. Çünki Azərbaycanda hazırkı durum zor gücünə əldə olunub. Azərbaycanda hər zaman sürpriz hadisələr baş verə bilər. Bütün dünya artıq qəbul edib ki, Azərbaycan elə ölkələrdəndir ki, burada zor gücünə əldə olunan siyasi sabitlik hər hansı hadisə ilə tez bir zamanda, asanlıqla pozula bilər. Belə sürprizlərə də cəmiyyət hazır olmalıdır.

“Siyasi rejimin dəyişiklikdən başqa perspektivi yoxdur”

- 2013-cü ildə avtoritar ölkələrin sırasının bir qədər seyrəlməsini müşahidə etdik. Beynəlxalq aləm diktatura rejimlərinə qarşı sərt mövqe nümayiş etdirir. Hazırda Azərbaycan hakimiyyəti beynəlxalq aləmlə qarşıdurma siyasəti aparır. Növbəti il Azərbaycandakı avtoritarizmlə bağlı beynəlxalq aləmdə hansı addımların atılmasını müşahidə edə bilərik?

- Azərbaycan 2003-cü ilə qədər yarımazad ölkələr sırasında idi. Yarımazad ölkələr dedikdə o ölkələr nəzərdə tutulurdu ki, orada demokratiya olmasa da, onun imitasiyasının müəyyən əlamətləri olur. 2003-cü ilə qədər Azərbaycan məhz belə ölkə hesab olunurdu. Ilham Əliyev hakimiyyətə gələndən sonra 2004-cü ildən Azərbaycan azad olmayan ölkələr sırasındadır. İlk illərdə Azərbaycanın daxil olduğu bu qrupda, azad olmayanlar siyahısında 44 ölkə var idi. Hazırda Azərbaycan klassik avtoritarizmin, totalitarizmin mövcud olduğu 22 ölkədən biridir. Yəni ötən müddət ərzində azad olmayan ölkələrin sayı yarıbayarı azalıb. Bu o deməkdir ki, bu prosesin qarşısını heç kim ala bilməyəcək və bu proses Azərbaycandan da yan keçməyəcək. Azərbaycan məhz 2013-cü ildə ciddi, nüfuzlu beynəlxalq təşkilatların sanksiyalarının tətbiq edilməsi ehtimalı ilə üzləşib. Avropa Birliyinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə bu ehtimal açıq şəkildə səsləndirilib. Eyni zamanda çoxlu sayda ABŞ siyasətçisi də Azərbaycanla bağlı Maqnitski qanunun tətbiq olunmasını mümkün sayırlar. Ona görə də Azərbaycanla bağlı beynəlxalq sanksiyalar məsələsi gündəmə gələ bilər. Azərbaycan xalqının daxildən etirazı artdıqca beynəlxalq aləmin diqqəti, beynəlxalq təzyiqlər də artacaq. Bu, gözləniləndir. Ən əsası Azərbaycan hökuməti özünü elə bir çevrəyə salıb ki, həmin çevrədə olanların məğlubiyyətdən başqa perspektivi yoxdur. Onların dəyişikliklərdən başqa çarəsi yoxdur. Dünyanın gələcəyində totalitar, avtoritar rejimlərin perspektivi yoxdur. Onların sırası seyrəlməkdə davam edəcək. Hər ötən il daha bir qeyri-demokratik rejimin çöküşü ilə yadda qalır. Heç bir il istisna təşkil etmir. Bu proses qarşısıalınmaz prosesdir. Azərbaycan hakimiyyəti bu prosesdən nəticə çıxarmalıdır. Imkan yaratmalıdır ki, Azərbaycana gəlməsi labüd olan dəyişiklik daha böyük kataklizmlər olmadan gəlsin. Daha böyük kataklizmlərin olması Azərbaycanı bu gün idarə edənlərin daha acı sonluğunu labüd etmiş olar.

Xəyal Şahinoğlu
Source : Azadliq.info
Comment