0
Thursday 7 August 2014 - 01:45

“Dindarlar arasında şəhadət şərbəti içməyə hazır olanlar çoxdur”

Story Code : 403649
“Dindarlar arasında şəhadət şərbəti içməyə hazır olanlar çoxdur”
“Dindarlar arasında şəhadət şərbəti içməyə hazır olanlar çoxdur”
Cəbhə bölgəsində baş verən son olaylardan sonra ölkənin hər yerindən Müdafiə Nazirliyinə kütləvi müraciətlər edilməkdədir. Yaşından və cinsindən asılı olmayaraq minlərlə vətəndaş könüllü olaraq ordu sıralarında işğalçılarla vuruşmaq arzusunda olduğunu bildirib. Qəlbi vətən torpaqlarının işğaldan azad olunması, şəhidlərimizin qisasını almaq arzusu ilə döyünən bu insanların arasında dindarlar da çoxdur.

Hər gün partiyaya daxil olan çoxsaylı müraciətlərdə inanclı insanlar bunu hansı formada etmək lazım gəldiyini bilmədiklərini deyirlər. Onlar düşmənə qarşı mübarizədə yer almaq üçün səfərbərlik elan edilməsini gözləmək, hərbi komissarlıqlara müraciət etmək və yaxud bir yerə toplanıb sərhəd bölgələrinə yürüş etmək variantları arasında seçim edə bilmədiklərini deyir və məsləhət istəyirlər.

İslaminsesi.az saytı bu məsələyə aydınlıq gətirmək üçün Azərbaycan İslam Partiyasının sədr əvəzi hacı Elçin Manafova müraciət etdi.

-Hacı, vətənpərvər insanlar, xüsusilə möminlər, hazırki durumdan çox narahatdırlar və döyüşlərdə iştirak etmək üçün nə etmək lazım gəldiyini öyrənmək istəyirlər. İslam partiyasının məsul şəxsi kimi möminlərə nə tövsiyə edirsiz?

-Bu çox müsbət göstəricidir ki, cavanlarda vətənpərvərlik hissi ölməyib, əksinə, bu cür kütləvi formada özünü biruzə verir. Deyim ki, son günlər şəxsən mənim özümə də belə müraciətlər çox edilir. Mən bu ərəfədə rayonlarda səfərdəydim. Bir neçə bölgədə dindarlarla keçirdiyimiz görüşlərdə mənə eyni sualı ünvanladılar. Onlara dedik ki, zülmə və zalıma qarşı mübarizəyə qalxmaq hər bir kəsin borcudur. Vətəndaş vətən daşı olmağı, lazım gələndə müqəddəs məqsədlər naminə şəhid olmağı baçarmalıdır. Hər bir kəs, sağlamlığı imkan verdiyi təqdirdə, vətən uğrunda və Allah yolunda canını fəda etməkdən çəkinməməlidir. Xüsusən dindar kəsim arasında şəhadət şərbəti içməyə hazır olanlar çoxdur. Lakin hər şey qanun çərçivəsində olmalıdır.

Mən bu narahatlığı və həyəcanı başa düşürəm. İnsanlar 22 ildir ki, bu günü gözləyirlər. Artıq hamının səbri tükənib. Onlar gənc və təcrübəsiz əsgərlərin əvəzinə ön cəbhədə yer almaq, düşmənlərin üzərinə od ələmək istəyirlər. Cəbhəyə getmək arzusunda olanlar arasında 60-70 yaşlı insanlara da rast gəlmək olar. Bu, onun göstəricisidir ki, vətən sevgisi və Allah rizasını qazanmaq istəyi yaşa baxmır. Könüllülərin hamısını orduya qəbul etmək mümkün olmasa belə, ən azından müvafiq qurumlar onların hərbi hazırlıqlı olduğu barədə məlumatlandırılmalıdır.

Bütün ölkə ərazisi boyu insanları əhatə edən bu cür mübariz əhval-ruhiyyənin olması Ermənistan prezidenti ilə danışıqlara hazırlaşan ölkə başçısı üçün də böyük stimul və dəstəkdir. Bütün xalqın Azərbaycan Ordusunun arxasında bu cür əzmlə dayanması hakimiyyəti öz addımlarında qətiyyətli olmağa ruhlandıracaq.

Mən bu məsuliyyətli dövrdə haqsız yerə həbsə məhkum edilmiş vicdan məhbusları barədə də danışmaq istərdim. Məhbuslar bizim ən ağrılı yerimizdir. Bu, böyük haqsızlıqdır ki, xalqın ən layiqli övladları hazırda barmaqlıqlar arxasındadır. Belə bir gündə onların yeri daha çox görünür. Bu şəxslər xalq tərəfindən sevilən insanlardır.Təbii ki, bu gün onlar aramızda olmalıydı. Vicdan məhbusları azadlıqda olsaydılar, çoxdan cəbhədə, ön mövqedə idilər.

Sonda onu əlavə etmək istərdim ki, əgər prezidentin səfərbərlik haqda fərmanı olsa, biz buna müsbət yanaşarıq. Xalqımızın digər qeyrətli oğulları kimi, ölkənin inanclı insanları da intizarla prezidentin bu barədə qətiyyətli addımlar atmasını gözləyir. Əgər dövlət başçısı bu fərmanı versə, sevinərik. Biz hamılıqda Vətən uğrunda canımızı fəda etməyə hazırıq.
Source : Faktxeber
Comment