0
Friday 27 September 2013 - 12:38

Şahin Həsənli seçkilərlə bağlı danışdı

Story Code : 305927
Şahin Həsənli
Şahin Həsənli
İslamazeri.az İnternet Qəzeti “Mənəvi Dünya” İctimai Birliyinin sədri, “Məşhədi Dadaş” məscidinin İmam camaatı, ilahiyyatçı-alim Hacı Şahin Həsənlidən seçkilərlə bağlı müsahibə alıb.

Müsahibəni diqqətinizə çatdırırıq:

1) Seçki ərəfəsindəyik. Seçkilərə və seçkilərdə iştirak məsələsinə münasibətiniz?

Bu Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir hadisədir. Ölkəmizin gələcək inkişafı seçkilərdən asılıdır. Mən düşünürəm ki, hər bir bir vətəndaş kimi inanclılar da seçkilərdə fəal şəkildə iştirak etməlidir. İnanclılar öz mövqelərini ortaya qoymalıdırlar. Bu həmdə müsəlmanların dini vəzifəsidir. Din yalnız namaz qılıb, oruc tutmaqdan ibarət deyil. Əksinə ictimai həyatdan, cəmiyyətdən təcrid olunub kənarda ibadətə qapılmaq Allah dərgahında o qədərdə böyük bir dəyərə malik deyil. Hər bir vətəndaş öz taleyini təyin eləmək hüququndan istifadə etməlidir. Hər bir vətəndaş öz taleyinə biganə qalmamalıdır, o cümlədəndə inanclılar. Düşünürəm ki, seçki prosesində bütün vətəndaşlar fəal iştirak etməli və öz mövqelərini ortaya qoymalıdırlar.


2) Seçkilərlə bağlı cəmiyyətdə bəzən dindarlar arasında fərqli fikir mövcuddur, hətta bəzən hansısa namizədin dəstəklənməməsinə və ya seçkilərdə səs verilməməsi sərt şəkildə pislənilir, buna münasibətiniz?


Yəni islam dini hər halda insanın mövqe tutmasının tərəfdarıdır. Səs verməmək özüdə bir mövqedir. Kimsə öz mövqeyini seçki günü seçki qutusunun yanında səs verməməklə göstərə bilər. Seçkidə iştirak edən vətəndaş hökmən kiməsə səs vermək məcburiyyətində deyil. Seçkidə iştirak etməkdən söhbət gedirsə bu hər bir inanclının vəzifəsidir. Seçim etməkdə, heç bir namizədə səs verməməkdə olar. Bu barədə kimisə qınamaq, buna dini ad qoymaq məncə düzgün deyil.


3) Dini icma üzvlərinə, ümumiyyətlə inanclılara bu haqda tövsiyyəniz...


Ümumiyyətlə bütün inanclı insanlara o cümlədən dini icmamızın üzvlərinə tövsiyəmiz budur ki, seçkilərdə fəal iştirak etsinlər. Seçim edəndə də Allah qarşısında öz məsuliyyətlərində dərk etsinlər. Seçki qabağı bir çox vədlər də verilir. Bəzən inancla bağlı, dini sahə ilə bağlı vədlər yada düşür. Bəziləri bu vədləri verir, sonralar isə tezliklə vədləri unudur, yeni seçkidə yenə inanclılar yada düşür. Ona görə də, burada sözə yox, əmələ diqqət etmək lazımdır. Konkret olaraq hər bir insan seçim etməkdə azaddır. Mən seçkilərdə fəal və ayıq-sayıq olmağı tövsiyə edirəm.

4) Seçkilərdə hansı namizədi dəstəkləyəcəksiniz? Bu haqda ictimaiyyətə açıqlama vermək istəyirsinizmi?

Mən bu barədə fikir bildirmək istəmirəm.
Source : İslamazeri
Comment