0
Sunday 13 July 2014 - 00:33

İmperializmə işləyən telekanallar

Story Code : 399114
İmperializmə işləyən telekanallar
İmperializmə işləyən telekanallar
Günün aktual mövzularından biri ictimai fikir formalaşdıran tele-radio şəbəkələrinin ideoloji istiqamətidir. Cənab Rəhbər görüşlərdən birində buyurub: “İmam (r) da daxil olmaqla şiə alimləri daim İslam ümmətinin birliyini qorumağa çalışıblar. Britaniya və Amerikada yerləşən və ümmət arasında ixtilaf yaradan şəbəkələr əsl şiə xəttində deyil.”
Cənab Rəhbər hansı şəbəkələri nəzərdə tutur? Son illər şiəlik adı altında əslində ümməti parçalayan tele-radio şəbəkələrinin sayı artır. Nəzərə alsaq ki, imperializm və sionizmin mənafelərinə qarşı cəbhədə İran İslam Cümhuriyyəti öndə dayanır, bu şəbəkələrin anti-İran fəaliyyətləri təəccüb doğurmaz. Biz göbələk kimi artan belə şəbəkələrdən 3 farsdilli şəbəkəni yada salacağıq.
Şiəlik adı altında ümmət arasında təfriqə salan şəbəkələrdən biri “Əhli-Beyt” şəbəkəsidir. Şiəlik iddiasında olan bu şəbəkə əslində lümpen ədəbiyyatla danışır. Əhli-Beyt şəbəkəsi Həsən Allahyari adlanan bir əfqan tərəfindən idarə olunur. Bu şəbəkəyə başçılıq edənlər şiə adını öz üzərinə götürməklə cəmiyyətdə nüfuz qazanmağa çalışır. Bu şəbəkə bir zaman müqəddəs Qum şəhərində təsis olunub. Onun əsas fəaliyyətlərindən biri Ömər ibn Xəttabın ölüm günü xüsusi proqramlar keçirməklə onun təhqiri olub. Allahyari bir müddət şəbəkənin mərcə alimlərdən birinə məxsus olduğunu iddia edib və bu yolla himayə qazanıb. Amma təqlid mərcələri bu iddiaları rədd edib. Bir zaman Qumda məskunlaşmış əfqan alimlərindən olan Ayətullah Qurban Əli Mühəqqiq Kabili bu şəbəkəni himayə edirdi. Şəbəkənin mahiyyəti ifşa ediləndən sonra Ayətullah Kabili bəyanat verib dedi: “Həqiqi Əhli-Beyt (ə) ardıcıllarından istənilir ki, bu şəbəkəyə istənilən maddi və mənəvi yardımdan çəkinsinlər. Mənim nəzərim budur ki, bu və bu qəbildən olan təfriqəçi şəbəkələrə şəriət büdcələrindən hansısa yardım edilə bilməz…”
Allahyari kimdir? Onun fəaliyyətlərindən açıq görünən budur ki, şəbəkə konkret məqsədlərə xidmət edir:
1. Şiə və sünnilər arasında təfriqə yaratmaq;
2. “Nə Qəzzə, nə Livan” şüarı altında bəhanə ilə Bəqi qəbiristanlığının azadlığına çağırış;
3. Təqlid mərcələri arasında soyuqluq yaratmaq (şəbəkənin müdiri heç bir şiə mərcəsini qəbul etmir, hətta onların təhqirindən çəkinmir);
4. İran İslam Respublikasının süqutuna çalışmaq, İslam bayrağını endirmək;
5. İslam hökumətini Abbasilərin hökumətinə bənzətmək;
6. Söz azadlığı bəhanəsi ilə Amerikanın tərifi…
Allahyari Amerikada yaşayır. Amerikada peyk şəbəkələrinin yayımı haqqında qanun var. İstənilən bir din və ya qrupun təhqirinə yol verən şəbəkə dərhal bağlanmalıdır. Sual yaranır ki, nə üçün böyük dini şəxsiyyətləri, o cümlədən başqa məzhəb təmsilçilərini təhqir edən bu şəbəkə bağlanmır? Bu şəbəkənin himayəsində məqsəd nədir?
Allahyarinin düşüncə və danışığı daha çox Höccətiyyə təfəkkürünü xatırladır. Bu əqidəyə əsasən şiə müsəlman heç bir iş görmədən İmam Zamanın (ə.c) zühurunu gözləməlidir. Şəbəkədə baş yarmaq təbliğ olunur və bildirilir ki, İmam Hüseyn (ə) eşqi ilə hər iş görmək olar. Şəbəkənin izləyiciləri Höccətiyyə cərəyanına dəvət olunur, şəbəkədə sünnə əhli söyülür, onların qətlinə hökm verilir. Hazırda bu şəbəkədə sünnə əhlinin təhqiri əsas yer tutur. Bu proqramda yayımlanan verilişlər sünni-şiə birliyinə qarşı yönəlib.
Bir zaman Qum elm hövzəsinin təbliğat işləri üzrə məsulu höccətül-İslam Nəbəvi Əhli-Beyt şəbəkəsi arxasında Ağ Evin dayanması ilə bağlı sübutlarla çıxış etdi. Cənab Nəbəvi deyir: “Şiə məzhəbinin və Əhli-Beytin müdafiəsi adı altında yaradılmış bu şəbəkə məzhəbi gözdən salmaqla məşğuldur.
Qum mərcə alimləri bu şəbəkənin mahiyyətini ifşa etdikdən sonra məhkəmə şəbəkənin Qumdakı qərargahını bağladı. Şəbəkə sonrakı fəaliyyətlərində din alimləri, vilayəti-fəqih, Cənab Rəhbəri aşağılamaqda davam edir. İran İslam Respublikasının vəhdət şüarı ilə çıxış etməsi, sünnə əhlini himayə etməsi hədəfə alınıb. Höccətiyyə təşkilatı da İranda sünnə əhlinin himayəsini əsas götürərək şəbəkəni dəstəkləyir.
İslam ümməti arasında təfriqə yaradan əsas şəbəkələrdən biri də “Salam” şəbəkəsidir. “Siyasətsiz İslam, İslamsız siyasət” şüarı ilə çıxış edən şəbəkəyə Məhəmməd Hidayəti adlı şəxs rəhbərlik edir. Bir zaman Amerika İslamı deyiləndə bu ifadə çoxlarına ciddi görünmürdü. Hazırda dünyada yaranmış vəziyyət bütün həqiqətsevər müsəlmanların diqqətini Amerika İslamına yönəldib. Salam şəbəkəsi açıq-aşkar ümməti parçalamaqla imperializmin mənafelərinə xidmət edir. Dinin siyasətdən ayrı olması iddiası imperializm və sionizmin əsas məqsədlərindəndir. Bu yolu seçənlərin əsas hədəfi dünya məzlumlarının müdafiəsinə qalxmış İran İslam Cümhuriyyətidir.
Salam şəbəkəsinin müdiri “Müasir İranın ənənəvi ruhani cəmiyyəti” adlı təşkilat yaradıb. Bu təşkilatın bəyanatları İranda sabitliyin pozulmasına xidmət edir. İrana qarşı sanksiyalar bütün iranlılara zərbə olub. Dünyanın bütün aparıcı ölkələrində iranlılar bank əməliyyatlarında ciddi problemlə üzləşib. Amma Salam şəbəkəsinin Almaniya, ABŞ Avstraliya, Dubay və başqa ölkələrdəki bank hesabı rəsmi təbliğ olunur. Bu özü də bir təbliğatdır. Belə bir təsəvvür yaratmaq istəyirlər ki, şəbəkə müsəlmanların yardımları hesabına idarə olunur. İnformasiya şəbəkələri üzrə ekspert Mərcan Hüseyni yazır: “Salam şəbəkəsi “Hotbird” peyk sistemi ilə yayımlanır. Şəbəkə bu sistemə böyük məbləğdə icarə haqqı ödəyir. Bütün yer üzünü əhatə edən şəbəkənin idarə olunma xərcləri də nəzərə alındıqda çox böyük rəqəm ortaya çıxır. Bu günə qədər şəbəkə rəhbərliyi öz maliyyə mənbələri barədə şəffaf hesabat verməyib.”
İran tele-radio şəbəkəsinin monitorinq qrupu mətbuatla söhbətində bildirib: “Əgər bu şəbəkənin reklam işinə nəzər salsanız əmin olarsınız ki, şəbəkə reklamdan pul qazanmır. Şəbəkənin yalnız peyklə yayım xərci ayda 60 min dollardır. Əgər idarə etmə xərcləri nəzərə alınsa böyük bir məbləğ ortaya çıxır. Reklamdan qazancı olmayan şəbəkə bu pulu haradan gətirir? Aydın olur ki, şəbəkə Amerikanın çirkli pulları hesabına idarə olunur. Keyfiyyəti hər gün artan şəbəkənin maddi çətinlik çəkməsi ilə bağlı iddialar gülüncdür.
Bu qəbildən olan şəbəkələr öz maliyyə mənbələrini göstərməlidirlər. Onlar iddia edirlər ki, ictimai dəstək hesabına işləyirlər. Amma göstərdikləri mənbə şəbəkənin ehtiyaclarını ödəmək iqtidarında deyil. Şəbəkənin Amerika tərəfindən himayə olunmasının əsas sübutu onun peyk kanalları haqqında qanunlara zərrəcə əhəmiyyət verməməsi, öz işini təxribat və təhqir üzərində qurmasıdır.”
Höccətiyyə təşkilatına bağlı Salam şəbəkəsi bir müddət öncə siyasətdən uzaq alimlərdən dəstək almağa çalışdı. Çünki şəbəkənin din alimləri tərəfindən qəbul edilməməsi onun nüfuzuna böyük zərbədir. Belə şəbəkələr dünya şöhrətli alimlərin adı altında gizlənmək üçün hər yola əl atırlar.
Salam şəbəkəsi son illər baş yarmaq ayini üzərində ciddi manevr aparır. Azadlıq və demokratiya carçısı olan Ağ Ev şəbəkənin bu proqramlarını rəğbətlə qarşılayır. Salam şəbəkəsinin proqramlarından birində Məhəmməd Hidayəti Amerikanın Səsi proqramının eksperti ilə söhbətində dedi ki, baş yarmaq Quran ayələrində təsdiqini tapıb. Hidayəti Quran ayələrini təhrif etməklə başyarma ayininə haqq qazandırmağa çalışır. Bu verilişdə maraqlı bir hadisə baş verib. Proqramın başqa bir eksperti olan Mehdi Xələci Vaşinqton ruhanisinin iftiralarına dözə bilməyərək deyib: “Cənab Hidayətinin sözləri Quranın təhrifindən başqa bir şey deyil.” Buna baxmayaraq verilişdə başyarma ayini fədakarlıq və isar nümunəsi kimi təbliğ olunur.
Maraqlıdır ki, Amerikada başyarma ayini azaddır. Şiələr azad şəkildə Amerikanın böyük şəhərlərində küçələrdə əzadarlıq edib baş yara bilərlər.
İran tele-radio şəbəkəsinin monitorinq mərkəzinin rəisi Mehdi Şərifi Amerikada dini şəbəkələrin ABŞ güc strukturları ilə əlaqəsinə diqqəti yönəldir. Ekspert bildirir ki, əslində bu şəbəkələr hərbi yönlü şəbəkələrin təkrarıdır, sadəcə geyimlər dəyişib. Cihad və mərcəiyyətsiz din Amerika İslamı deyil, bəs nədir?! Bu şəbəkələr əslində şeytanın nərəsidir.
Bu şəbəkələrdən bəziləri Höccətiyyə təşkilatı ilə əlaqədədir. Dini belə təşkilatlardan yox mötəbər təqlid mərcələrindən öyrənmək lazımdır. Təəssüf ki, bəzən enerjili və məlumatsız gənclər müxtəlif müsəlman ölkələrində belə şəbəkələrin təsiri altına düşür. Məlumatsız insanlar bu şəbəkələrin başyarma kimi ayinlərini İslama sədaqət kimi başa düşürlər. İslam ümmətinin başyarma kimi ayinlərə sövq olunmasında yeganə məqsəd din və məzhəbi gözdən salmaqdır.
Əgər internetdə Məhəmməd Hidayəti adını axtarışa versəniz bu şəxsin necə təbliğ olunmasına şahid olarsınız. Onun video çıxışları geniş şəkildə yayımlanır. Siyasi peyk şəbəkələrində Hidayətinin çıxışlarına geniş yer verilir. İranda 5 il öncə prezident seçkiləri zamanı xarici kəşfiyyatın yaratdığı fitnə Hidayətinin sevdiyi mövzulardandır. Şəbəkə hələ də o dövrün fitnəkarlarını himayə edir.
Dinin siyasətdən ayrı olması Salam şəbəkəsinin əsas şüarlarındandır. Şəbəkə İmam Xomeyninin vəfat ildönümü kimi hadisələri də siyasiləşdirir. Şəbəkə siyasi İslama qarşı olan alimlərin tribunası kimi fəaliyyət göstərir.
Şəbəkədə sünnə əhli alçaldılır, məzhəb ixtilafı yaradılır. Bu şəbəkələr öz işində ədaləti elə ayaq altına aldı ki, məzhəb təəssübçüsü olan doktor Qəzvini kimi şəxsiyyət onlardan üz çevirdi.
Təxribat yaradan peyk şəbəkələrindən biri də Fədək şəbəkəsidir. Şəbəkənin müdiri Yasər Yəhya Abdullah Həbibdir. Bu veriliş üçün xoş simalı, natiq, dini hövzəyə bağlı, minbər əhli olan biri seçilmişdir. Bu şəxs zahirən şiəliyin fədaisi, vəhabiliyin bir nömrəli düşmənidir.
Fədək şəbəkəsinin rəisi 1977-ci ildə anadan olub, Küveyt universitetində siyasi elmlər ixtisasına yiyələnib. O zaman 25 yaşı olan bu şəxs dözülməz ifratçılığına görə Küveyt dövləti tərəfindən həbs edilib.
Amma bu cəsur gənc Britaniya kəşfiyyatının diqqətini cəlb edib. Britaniya və ABŞ hüquq müdafiəçiləri Küveyt dövlətini heyrətləndirəcək səviyyədə bu şəxsin müdafiəsinə qalxıb. Gənc şeyx 3 ay həbsdə qaldıqdan sonra azad olunub və Britaniyaya aparılıb. Şeyx Yasər Həbib Britaniyada şiələrin diqqətini qazanıb, Londonda hüseyniyyə və tele şəbəkə açıb. Qısa zamanda Britaniyadan sığınacaq alıb və iki ay müddətində geniş fəaliyyətə başlayıb. Gənc şeyx Londonda din elm hövzəsi açıb, Fədək kanalını təsis edib. 2010-cu ildə Seyyidüşşühəda hüseyniyyəsini qərargaha çevirib. Yəhya Həbib qəzet nəşr edir, sayt işlədir.
Hazırda onun 36 yaşı var və Londonda dövlət tribunaları da üzünə açıqdır. Bu şəxs şiə məzhəbinin səsini dünyaya çatdırmaqda iddialıdır. Yəhya Həbibi yaxşı tanımaq üçün bir neçə il öncənin hadisələrinə qayıtmalı oluruq. Londonda öz hüseyniyyəsində Peyğəmbərin (s) zövcəsi Ayişənin vəfat ildönümünü keçirən şeyx əslində Ayişəni ağla gəlməyən şəkildə təhqir edir. Məclisin yekununda deyir ki, Ayişənin həlak olması bizim üçün bir bayram günüdür və biz bu günü İslamın qələbə günü sayırıq. Fədək şəbəkəsi bu mərasimi geniş şəkildə işıqlandırıb. Britaniyalı şeyx bütün təbliğat orqanlarında “Allah böyükdür Ayişə od içindədir” şüarını yerləşdirib. Bu hadisə televiziya tarixində belə şüara yer verilən ilk hadisə olub. Fədək televiziyası Ayişənin vəfat ildönümü günü böyük şadlıq keçirib.
Şeyx bu hadisədən öncə ayrıca bir kitabda Ayişənin təhqirinə yer verib. Təbii ki, onun bu addımları sünnə əhli və ayıq şiələr tərəfindən ittiham edilib. Fədək şəbəkəsinin fəaliyyətləri dünya imperializmini əsas məqsədlərinə çatdırır. Fədəkdə Ayişənin təhqirindən sonra Səudiyyə müftisi ərəb ölkələrində şiə məzhəbinin yayılmasına qadağa qoyub. Müfti deyib: “Küveytin şiə ruhanisi Yasər Həbibin sözləri şiəliyə meyilli sünnüləri qəzəbləndirib və onları ənənəvi mövqeyinə qaytarıb. Hətta onun sözlərindən sonra şiə məzhəbindən çıxanlar olub. Özünü məzlun göstərən şiələrin iç üzü açılıb, onların xəbisliyi üzə çıxıb. Yəhya Həbibin sözləri şiələri tanımaq üçün Allahın neməti sayılmalıdır.”
Yəhya Həbibin mövqeyi Küveyt və Ərəbistan şiələri üçün böyük problem yaradıb. Hansı ki, həmin iki ölkənin şiə alimləri, şeyx Əmri, şeyx Hüseyn Mətuq, şeyx Həsən Səffar, şeyx Əli Ali Möhsün, şeyx Əbdülcəlil Səmin, şeyx Nimr, Seyyid Haşim Salman Britaniya şeyxinin sözlərini rədd edib. Baş verən hadisələr göstərir ki, Britaniya kəşfiyyatı Yəhya Həbibi seçməkdə yanılmayıb. Gənc şeyx düşmənə işləyən böyük təfriqələrə imza atıb. Onun sözləri vəhhabilər çox faydalı olub. Məzhəblər arasında yaranan hər hansı ixtilafda şeyxin fəaliyyəti öz sözünü deyib. Pis vəziyyətdə qalmış şiə ərəblər Rəhbər Ayətullah Xameneiyə mövzu ilə bağlı sual ünvanlayıblar. Böyük Rəhbərin cavabı od üstünə su ələyib. Rəhbər buyurub: “Sünnə əhlindən olan qardaşların etiqadlarına hörmətsizlik, o cümlədən Peyğəmbərin (s) zövcəsinin ittihamı haramdır. Bu məsələ bütün peyğəmbərlərin zövcələrinə aiddir…” Rəhbərin buyuruğu “Əl-cəzirə” peyk şəbəkəsindən başlamış London mətbuatına qədər yayıldı və misilsiz reaksiya doğurdu. Hətta Əl-əzhər şeyxi Əhməd Təyyib Rəhbərin buyuruğuna rəsmi münasibət bildirdi. Şeyx dedi: “Cənab İmam Əli Xameneinin səhabələrin təhqirini qadağan edən fitvasından xoşhal oldum. Bu fitva fitnə əhlinin təhlükələri qarşısında böyük düşüncə nişanəsidir. Bu fitva müsəlmanların vəhdətinə eşq göstəricisidir. Demək istəyirəm ki, bu fitvanı əhəmiyyətli edən onun böyük şiə rəhbəri tərəfindən verilməsidir. Mən öz məsuliyyətim əsasında bildirirəm ki, müsəlmanların vəhdəti vacibdir, məzhəblər arasındakı fikir ayrılığı ümmətin vəhdətinə zərbə vurmamalıdır.” Təəssüf ki, böyük Rəhbərin fitvası kimi Əl-əzhər şeyxinin tarixi bəyanatı da imperialist dairələrə bağlı şəbəkələrdə işıqlandırılmadı.

vilayet.nur-az.com
Source : Nur.az
Comment