0
Tuesday 13 July 2010 - 21:48

Klinton Ermənistandan qorxur?

Story Code : 30968
Klinton Ermənistandan qorxur?
Klinton Ermənistandan qorxur?
“Hillari Klintonun səfəri Cənubi Qafqaza diqqətin işarəsi idi”.

Milli.Az xəbər portalının məlumatına görə, bunu politoloq Rasim Musabəyov Day.Az Radionun efirində deyib. Onun sözlərinə görə, son illər ərzində Ağ Evi bir sıra başqa məsələlər, o cümlədən, iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, Yaxın Şərq siyasəti, Rusiya ilə münasibətlər məşğul etdiyindən, Cənubi Qafqaz məsələsi sonrakı yerlərə keçmişdi: “Lakin Hillari Klintonun səfəri o demək idi ki, biz Cənubi Qafqazı yaddan çıxarmamışıq. Hillari Klinton özünü çox diplomatik və ehtiyatlı apardı. Düzdür, o, münaqişənin həlli ilə bağlı yeni bir şey demədi. ABŞ-ın dövlət katibi ənənəvi mövqedən çıxış etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı yetişib. Biz bunu 15 ildən çoxdur deyirik. Amma Ermənistanın qeyri-konstuktiv mövqeyi buna imkan vermir”.

Rasim Musabəyovun sözlərinə görə, Hillari Klintonun Gürcüstandakı münaqişələrə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqe də fərqlənib: “Xanım Klinton Gürcüstanda Rusiyanı işğalçı ölkə adlandı. ABŞ, Fransa və Rusiya prezidentlərinin son bəyanatında Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi məsələsi yer tapsa da, Hillari Klinton Ermənistanı işğalçı adlandırmağa cəsarət etmədi. O, nə Azərbaycandakı, nə də Ermənistandakı çıxışlarında Azərbaycanın işğal edilmiş ərazilərinin işğaldan azad edilməsindən söz açmadı”.

Rasim Musabəyov hesab edir ki, ABŞ-ın bölgədəki maraqları Azərbaycanın milli və təhlükəsizlik maraqları ilə üst-üstə düşmür: “ABŞ-ın maraqları Əfqanıstanda tranzit imkanlarından və İrana əlavə təzyiqlərlə bağlıdır. Bu isə bizim milli maraqlarımıza və təhlükəsizliyimizə xələl gətirə bilər. Ağ Ev Azərbaycanı inandırmağa çalışır ki, ona yardımçı olsa, Azərbaycanın təhlükəsizliyinə təminat verəcək, dəstəkləyəcək. Amma nəzərə almaq lazımdır ki, ABŞ coğrafi baxımdan bizdən uzaqdır. İran isə yaxındadır və bizim münasibətlərimizin tarixi minilliklərə qədər gedib çıxır. ABŞ-ın vədlərinə baxmayaraq, biz atdığımız addımlar barədə düşünməliyik”.

Rasim Musabəyov “907-ci düzəliş”in ləğvi məsələsinə də toxunub. Onun fikrincə, bu düzəliş artıq Azərbaycan üçün əhəmiyyətini itirib. Belə ki, o vaxt “Azadlığa Dəstək” Aktı yenicə müstəqillik qazanan postsovet ölkələrinə yardımı nəzərdə tuturdu. İndi isə Azərbaycanın həmin yardıma ehtiyacı yoxdur. Lakin politoloq “907-ci düzəliş”in mövcudluğunu Azərbaycana qarşı ədalətsizlik hesab edir.

Milli.Az
Comment