0
Thursday 15 July 2010 - 14:50

Seyyid Həsən Nəsrullah yəhudilərin ən çox inandığı ərəb liderdir

Story Code : 31147
Seyyid Həsən Nəsrullah yəhudilərin ən çox inandığı ərəb liderdir
İsrail kəşfiyyatının yüksək rütbəli bir zabiti Livan Hizbullah Hərəkatının lideri Seyyid Həsən Nəsrullahın 2006-cı ildə 34 günlük savaş ərzində etdiyi çıxışların təhlilini hazırlayıb. Elmi araşdıma şəklində olan təhlildə göstərilir ki, Seyyid Nəsrullah savaş boyunca etdiyi çıxışları ilə son 30 ildə İsrail ictimaiyyətinə təsir edən yeganə ərəb liderdir.

Elmi iş Hayfa Universitetində təhsil alan və adı yalnız polkovnik Ronen olaraq göstərilən İsrail Ordusu Mərkəz Komandanlığının yüksək vəzifəli zabiti tərəfindən hazırlanıb. Haaretz qəzetinin xəbərinə görə, elmi araşdırmada Nəsrullahın 4 il əvvəlki savaş zamanı yayımlanan 10 çıxışı təhlil olunub.

Qeyd edək ki, 2006-cı ilin iyul ayının 12-də 3 israillinin öldürülməsi və iki əsgər - Eldad Regev və Ehud Goldvasserin qaçırılmasından sonra Seyyid Nəsrullah ictimaiyyət qarşısında yalnız bir dəfə mətbuat konfransı təşkil edib. Bundan sonra İsrail Hizbullahı məhv etmək niyyətilə Livana hücum edib. İsrailin sui-qəsd hazırladığını əsas gətirərək Seyyid Nəsrullah savaş boyunca sığınacaqda olub. Savaş ərzində Nəsrullahın çıxışları məhz sığınacaqda qeydə alınıb və daha sonra ərəb televiziyalarında nümayiş olunub.

Polkovnik Ronen elmi araşdırmasında qeyd edir ki, Seyyid Nəsrullah mesajlarını fərqli kütlələrə çatdırmaq üçün yeganə vasitə olaraq teleçıxışlardan istifadə edib. İsrailli kəşfiyyat zabiti bu çıxışların İsrailə atdığı raketlər istisna olmaqla Hizbullahın döyüşdə istifadə etdiyi yeganə hücum silahı olduğunu iddia edib. Həmçinin Ronen araşdırmasında qeyd edib ki, Seyyid Nəsrullah 1960-cı illərdə Misir Respublikasının prezidenti olan Camal Əbdülnasirdən sonra İsrail ictimaiyyətinə təsir edə bilən tək ərəb lideri olub.

Seyyid Nəsrullahın çıxışlarının son dərəcə peşəkar qiymətləndirən Ronen qeyd edib ki, Hizbullah baş katibinin nitqlərinin məzmunu və tonu cəbhədən gələn xəbərlərə görə nizamlanırmış: "İsrail siyasi və hərbi rəhbərliyi bu nitqləri zamanında analiz edə bilsəydilər, döyüşün taleyi fərqli ola bilərdi".

Polkovnik Ronenə görə, savaş boyunca Nəsrullahın nitqlərində davamlı təkrarladığı söz, ərəbcə davamlılıq, möhkəm dayanma mənasını verən "sumud" oldu. Ronen Nəsrullahın çıxışlarının İsrailin hücumlardan vaz keçməyə və eyni zamanda livanlılar, hizbullahçılar şiələrin öz aralarında həmrəylik və müqaviməti gücləndirməyə istiqamətli olduğunu yazıb. Çıxışlarının birində Nəsrullahın "israillilərin tək maraqlandığı qan və pul" dediyini xatırladan polkovnik Ronenə görə, Hizbullah lideri savaş boyunca ictimai rəydə İsrailin siyasi və hərbi liderlərinə yönəlik inamı qırmağa çalışıb.

Xatırladaq ki, Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullahın teleçıxışları 2006-cı il 34 günlük savaş boyunca mütəmadi olaraq yayınlanıb. İsraildə keçirlən bir sorğuya əsasən yəhudilər İsrail hökumət rəsmilərinin və telekanallarının məlumatlarına deyil, Hizbullah liderinin fikirlərinə daha çox inanırmışlar. Seyyid Nəsrullah çıxışlarında İsrail rəhbərliyinin ilk olaraq savaşı başlatdığını, eyni zamanda Hizbullahın hədəfinin dinc əhali olmadığını bəyan etmişdi. Hətta bir neçə dəfə Hizbullah lideri İsrail vətəndaşlarına müraciət edərək Hizbullah raketlərinin vuracağı hədəfləri əvvəlcədən bildirmişdi ki, dinc əhalidən xəsarət alanlar olmasın. Bu kimi hallar sevməsələr də yəhudilər arasında Seyyid Nəsrullaha olan inamı artırmışdı. Bunun əksinə siyasilər və İsrail mediası Nəsrullahın çıxışlarına qarşı kampaniya başlatmışdılar.

HaqqYolu
Cəmiyyət və siyasət bölməsi
Source : haqyolu
Comment