0
Wednesday 15 September 2010 - 14:21

QURANIN TƏHQİR OLUNMASINDA KİM GÜNAHKARDIR?

Story Code : 37213
QURANIN TƏHQİR OLUNMASINDA KİM GÜNAHKARDIR?
“Hollandiyada əziz Peyğəmbərimizin karikaturasının çəkilməsi, Fransada müsəlman qadınlarına hicab qadağası, Almaniyada müsəlmanlara qarşı aparılan ayrıseçkilik, indi də Quranın təhqir olunması xristian mədəniyyətinin tənəzzülündən xəbər verir. Bu mənada istəyirlər ki, İslam dünyasına qarşı radikal addımlar atsınlar və nəticədə tənəzzülə uğramış xristianlığı xilas etsinlər” – bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sentyabrın 11-də Birləşmiş Ştatlarda müqəddəs Qurana qarşı edilmiş hörmətsizliyi pisləyərək FaktXeber.com-a bildirdi. Onun sözlərinə görə, iki milyarda yaxın bir toplumu terrorçu adlandırmaq olmaz: “Quran müsəlmanların inandığı müqəddəs kitabdır. 10 nəfər terrorçunun əməlinə görə Quranı təhqir etmək ona bənzəyir ki, bir amerikalı əsgər axmaq hərəkət edəndə Amerika əhalisinin hamısını qırasan. Bundan əlavə keşişlərin böyük əksəriyyəti uşaqbazlıqla məşğuldur. O zaman gərək keşişlərin hamısını bu məsələ ilə bağlı ittiham edəsən. Bu mənada Quranla terrorizmin heç bir əlaqəsi yoxdur. Tənəzzüldə olan xristianlığı xilas etmək üçün bəhanə kimi Quranı təhqir edirlər. Çünki, Quran da xəbər verir ki, gec-tez bütün bəşəriyyət İslamı qəbul etməlidir”.

S.Cəlaloğlu hesab edir ki, bu cinayətdə Amerikanın rəsmi dairələri günahkardır: “Quranın təhqir olunmasının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Amerikanın öz qanunlarında da təsbit olunur ki, başqasının əqidəsinə və inamına hörmətlə yanaşmaq lazımdır. Bu, beynəlxalq normadır. Əgər on milyondan artıq müsəlmanın əqidəsi kobud şəkildə təhqir olunur və ABŞ rəhbərliyi buna dözümlülük göstərib, göz yumursa, deməli bu, dövlət siyasətidir. Əslində insan azadlığını qorumaq üçün bunun qarşısını bütün vasitələrlə almalı idi”.

Söz və fikir azadlığı o demək deyil ki, kiməsə istədiyini deyəsən. Bu mənada həmin keşişin əməli ilə söz və fikir azadlığının heç bir əlaqəsi yoxdur. Əksinə ABŞ beynəlxalq hüquqa zidd olan hərəkətin qarşısını almalı idi - S.Cəlaloğlu vurğuladı: “Hesab edirəm ki, müəyyən dini qurumlar Amerika dövlətini məhkəməyə versə, çox güman ki, udacaqlar. Çünki, faktiki olaraq bu hərəkətin qarşısı alınmayıb, sadəcə Barak Obama öz fikrini bildirib. Hesab edirəm ki, bu, həm də siyasi məsələdir. Eyni zamanda bu hərəkətin heç bir sağlam məntiqə uyğun izahı yoxdur. Fərz edək ki, həmin keşişin başı xarabdır. Necə olur, iki milyarda yaxın müəslmanın əqidəsini təhqir edir, ABŞ hökuməti də bunu amerikalının hüququ bilir? Düşünürəm ki, Birləşmiş Ştatlar bu məsələ ilə bağlı adekvat addımlar atmır”.

Müsahibimiz əlavə etdi ki, dünyanı dəyərlərin böhranı cənginə alıb: “Mənə elə gəlir ki, Qərbdə dərin mənəvi böhran var. Xatırladım ki, Quranı yandırmaq hələ onun sözünü yandırmaq demək deyil. Həzrət Əli (ə) şamlılarla döyüşəndə onlar Quranı nizələrə keçirmişdilər ki, müsəlmanlar hücum etməsinlər. Müsəlmanlar da tərəddüd etdilər ki, biz Quranı necə vuraq. Həzrət (ə) buyurdu: “O bir kağız parçasıdır, Hafizi-Quran mənəm, Quran mənim beynimdədir”. Bu ifadə göstərir ki, Quranı yandırmaqla onun mahiyyətində dəyişiklik etmək mümkün deyil. Amma bu hərəkət simvolik olduğu üçün biz bunu mənəvi cəhətdən iflasa uğradıqları kimi xarakterizə edirik. Bir daha sübut oldu ki, heç bir dinin İslamla sağlam rəqabət aparmaq gücü yoxdur”.

Müqəddəs İslam dini səmavi dinləri tamamlayır. Bu ayrıca din deyil. Bizim dinin tarixi Həzrət Musa və digər peyğəmbərlərdən başlayır. Eyni zamanda onların hamısını qəbul edirik. Çünki, İslam onların dinini tamamlayır. Xristian və yəhudi dünyası İslamın qarşısında tab gətirə bilmədiyi üçün bu kimi zorakılıq hallarına əl atmağa sanki, məcbur olur”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də bu hərəkəti kəskin şəkildə pislədi. O, bizimlə söhbətində bildirdi ki, mən bunu əxlaqsız hərəkət kimi qiymətləndirirəm: “Eyni zamanda onu da deyim ki, İslam peyğəmbərinin karikaturasını çəkmiş rəssamın Angela Merkel tərəfindən mükafatlandırılması da əxlaqsızlığın bir nümunəsidir”.

A.Əlizadə hesab edir ki, bu məsələdə məsuliyyət belə bir əməli törədənin üstünə düşür: “Qanunlar çox şeyə icazə verə bilər. İnsanın özü götür-qoy etməlidir. Atalar misalı var. Məscidin qapısı açıqdı... Amerika dövlətinə gəldikdə, bu məsələdən xəbərdar idi və prezident də bunun barəsində öz fikrini bildirmişdi. Bir sözlə baş vermiş hadisə cəmiyyətin əxlaq və tərbiyyəsini göstərir”.

Əli Mövlud
Source : Faktxeber
Comment