0
Saturday 7 June 2014 - 00:22

Cəmil Həsənli: “Milli Şura bu gün də var, sabah da olacaq”

Story Code : 390664
Cəmil Həsənli: “Milli Şura bu gün də var, sabah da olacaq”
Cəmil Həsənli: “Milli Şura bu gün də var, sabah da olacaq”
- Milli Şuranın yaradılmasından bir il ötür. Şura bir ildə nələr etdi, nələri edə bilmədi? Bir illik fəaliyyəti necə qiymətləndirirsiniz?

- Milli Şura bır sıra tanınmış ziyalıların, partiya rəhbərlərinin, vətəndaş cəmiyyəti liderlərinin və fəallarının, müxtəlif partiyalarda təmsil olunan siyasətçilərin, gənc liderlərin toplandığı bir qurum kimi təsis olundu və Azərbaycanda dəyişiklik etmək istəyən, dəyişiklik arzusunda olan insanların, qüvvələrin birlik modeli kimi ortaya çıxdı. Ötən ilin payızında prezident seçkisində də iştirak etdik. Hesab edirəm ki, Milli Şura uğurlu ideya idi.

Şuranın yaradılması ideyası görkəmli ziyalı Rüstəm İbrahimbəyova məxsusdur. Birliyin yaranmasında onun müstəsna rolu olub. Hamımızın arzusu o idi ki, Rüstəm İbrahimbəyov prezident seçkisində vahid namizəd kimi iştirak eləsin və biz onun ətrafında birləşməyə hazır idik. Amma iş elə gətirdi ki, Rüstəm İbrahimbəyovun namizəd olması hüquqi və texniki baxımdan mümkün deyildi və o zaman mənim namizədliyim üzərində dayanıldı. Ölkədə siyasi şəraitin dəyişməsi, ictimai rəyin formalaşdırılmasına güclü təsir imkanının əldə edilməsi Milli Şuranın böyük nailiyyəti idi. Milli Şura ideyası göstərdi ki, Azərbaycan hakimiyyətinin sosial dayaqları necə zəifdir. Seçki ərəfəsində keçirilən sosioloji sorğulara diqqət yetirin. Birmənalı olaraq bütün sorğuların nəticəsində Milli Şura və qurumun namizədi ön mövqe tutub. Əslində prezident seçkisində də nəticə elə idi. Sadəcə olaraq seçki saxtakarlığı, Azərbaycan xalqının konstitusion hüququnun əlindən alınması nəticəsində seçki seçicilərin rəyi ilə deyil, Mərkəzi Seçki Komissiyasının arayışı ilə yekunlaşdı. Milli Şura seçkidən sonrakı dövrdə də bir təşkilat olaraq qorunub saxlandı, bu gün də var, sabah da olacaq.

- Amma şuranın fəaliyyətini dayandıracağı haqda informasiyalar da yayılır...

- Fəaliyyətə başladığı müddətdən indiyədək elə həftə olmayıb ki, şuranın toplantısını keçirməyək. Növbəti sessiyanın keçirilməsi üçün müzakirələr gedir və qərar verildikdən sonra mətbuata açıqlama veriləcək. Son vaxtlar Milli Şuranın toplantıları AXCP qərargahında keçirilirdi, amma həmin qərargah partladıldı, daha sonra isə söküldü. Bundan sonra iclasları Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirdik. Növbəti sessiyamızın vaxtı da yaxın günlərdə bilinəcək. Ona görə də Milli Şuranın fəaliyyətinə xitam verilməsi xəbərləri yanlışdır.

- Milli Şuranın gələcək planlarına nələr daxildir?

- Şuranın fəaliyyətinin əsas istiqamətini Azərbaycanda normal, ədalətli cəmiyyətin qurulması təşkil edir. Milli Şura hesab edir ki, Azərbaycan xalqı ləyaqətli həyat, demokratik cəmiyyət haqqına malikdir. Siyasi məhbuslarsız Azərbaycan şuranın fəaliyyətinin çıxış nöqtəsidir. Əhalinin geniş təbəqələrinin sosial rifah halının yaxşılaşdırılması, seçki demokratiyasının inkişaf etdirilməsi, azad və ədalətli seçkinin keçirilməsi, Avratlantik məkana inteqrasiya Milli Şuranın fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Avropa strukturlarında təmsil olunmaq, mütərəqqi Qərb dünyası ilə əlaqələrin genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərimizdən biridir.

Ən nəhayət, Qarabağ məsələsi ilə bağlı deyə bilərəm ki, bir ölkənin ərazisinin 20 faizinin 20 ildən artıq işğalçı dövlətdə qalması tarix üçün kifayət qədər böyük vaxtdır. Cənab İlham Əliyev dəfələrlə deyir ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var. Ərazisi işğal altında olan dövlətin və ordunun gücü işğal olunmuş ərazisini azad etməkdən keçir. Əgər bu yoxdursa, o gücün meyarı nədir? Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti Qarabağ məsələsində təşəbbüsü addım-addım beynəlxalq təşkilatlara verdi, uzun müddət Azərbaycan cəmiyyəti Qarabağ probleminin həllindən uzaqlaşdırıldı. Belə bir fikir formalaşdırıldı ki, bu, yalnız prezidentin səlahiyyətinə aid məsələdir. Sonra məlum oldu ki, prezident bu məsələni həll edə bilmir. ATƏT-in Minsk qrupunun uğursuzluğu isə göz qabağındadır. Milli Şura olaraq hesab edirik ki, ölkədə işğalın Azərbaycan cəmiyyətinə adaptasiya etdirilməsi kimi çox qorxulu bir tendensiya var və bu sindromdan uzaq durmaq lazımdır.

- Rusiyanın himayədarlığı ilə Avrasiya İqtisadi İttifaqı yaradılıb. Ermənistan da bu ittifaqa qoşulacağını bəyan edib. Belə bir vəziyyətdə, sizcə, Azərbaycan hansı addımları atmalıdır?

- Biz Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının əleyhinəyik. Hesab edirik ki, ölkəmizin yeri Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında olmalıdır. Eyni zamanda ticarət, iqtisadiyyat baxımından Azərbaycanın yeri Gömrük İttifaqında deyil, Dünya Ticarət Təşkilatında olmalıdır. Enerji daşıyıcıları hara istiqamətlənirsə, siyasət də ora istiqamətlənməlidir. Gürcüstan, Moldova və Ukrayna tezliklə Avropa İttifaqı ilə assosiativ saziş imzalayacaq. Azərbaycan da bu siyasi məkanda təmsil olunarsa, həmin siyasi məkana meyllənərsə, əlbəttə, bu, mütərəqqi tarixi proses olar. Baxmayaraq ki, Ukrayna ağır bir dövr yaşadı, ağır sınaqlardan keçdi, böyük itkilər verdi, amma daimi böhranda yaşamaqdansa, bir dəfə o böhranı yaşayıb normal həyata keçmək lazımdır. Ukrayna bu sınaqdan çıxdı və əminəm ki, ərazi bütövlüyünü də təmin edəcək.

Azərbaycan strateji baxımdan Avropa məkanına, “Şərq tərəfdaşlığı”na, mütərəqqi dünyaya meyllənməlidir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu istiqamətdə qeyri-müəyyən siyasət yürüdür, üstəlik, ölkədə mütərəqqi dünyaya meyilli qüvvələrə qarşı repressiyalar həyata keçirilir və bütün bunların nəticəsində Azərbaycan Avrasiya İttifaqına meyilli kimi görünür. Bu, yanlış siyasətdir. Azərbaycan birmənalı şəkildə mütərəqqi dünyaya inteqrasiya yolunu tutmalıdır.
Source : Mediaforum
Comment