0
Tuesday 6 May 2014 - 23:13

NİDA-çılara höküm oxundu

Story Code : 380260
NİDA-çılara höküm oxundu
NİDA-çılara höküm oxundu
Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 nəfər üzvünə höküm oxunmalı idi.

Məhkəmə başlanmazdan əvvəl binanın ətrafında xeyli sayda siyasətçi, ictimai fəal, jurnalist və diplomatik korpusun nümayəndələri yığışmışdı. Onlardan da daha çox həmin əraziyə polis qüvvələri yerləşdirilmişdi.

Polislər məhkəmə zalına iştirakçıları növbə ilə buraxılacağını bildirsələr də əksər izləyiciləri yer olmaması bəhanəsi ilə məhkəmə zalına buraxmayıb. Məhkəmə prosesində isə çöldə qalanlar prosesin bitməsini gözləyirdilər.

Məhkəmə prosesi elə də uzun olmadı, çünki höküm oxunmalı idi və oxundu. Hakimin çıxartdığı hökmə görə Zaur Qurbanlıya 8 il, Rəşadət Axundova 8 il, Rəşad Həsənova 7 il 6 ay, Məmməd Əzizova 7 il 6 ay, İlkin Rüstəmzadəyə 8 il, Bəxtiyar Quliyevə 7 il, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası verildi.

Vəkillərin dediyinə görə ümumiyyətlə bu məhkəmə digər siyasi fəalların məhkəməsində olduğu kimi hüquqdan və qanundan kənar bir proses oldu, prokurorun hazırladığı saxta ittihamnamədəki müddəalarla bağlı verilən vəsadətlər təmin olunmadı, şahid ifadələri cəfəngiyyatla dolu oldu və nəticədə prokurorun gənclər üçün hansı cəza tələb etdisə həmin cəzanı da, azaltmadan, çoxaltmadan 8 nəfər gənc fəalı həbsə atdı.

Hakim hökümü oxuyan zaman məhkəmə zalına daxil ola bilməyənlər hökümə etiraz etmək istəyirdilər ki, bu zaman polis toplanan insanlara qarşı hücuma keçir, onları itələyir və məhkəmə binasının qarşısından uzaqlaşdırır və nəticədə polislər 20 nəfərdən çox etirazçıları saxlayıb, maşınlara dolduraraq aparıblar. NİDA-çılar və digər həbslər, o cümlədən Yunus ailəsinin başına gələnlərlə bağlı çıxış edən ekspertlər, belə fikir səsləndirirlər ki, əliyev rejimi yeni bir daxili siyasət yürütməkdədir.

Bu siyasət ondan ibarətdir ki, əliyev rejimi Azərbaycanda qərbpərəst qüvvələrə qarşı represiya aparır, onları həbs edir, ancaq Rusiya meylilli qüvvələrə isə gözün üstə qaşın var demə. Əvvəlki illərdə isə belə bir tendensiya müşahidə olunmurdu.

Digər yandan ABŞ, Avropa Birliyi və beynəlxalq təşkilatların da Azərbaycan hakimiyyətinə ünvanladığı çağrışları rejim qulaqardına vurur. Həqiqətən də son zamanlar represiyalara əsasən qərbpərəst qüvvələr məruz qalır, qərbin isə bu həbslərlə bağlı bəyanatları eşidilmir. Elə bu gün də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar NİDA-çıların həbsi ilə bağlı bəyanat versə də heç bir reaksiya yoxdur. Lakin nəyə görəsə ekspertlər demir ki, həmin bu əliyev rejimi təkcə qərbpərəst qüvvələri yox həm də dindar fəalları həbs edir.
Source : Islamtimes
Comment