0
Friday 8 August 2014 - 01:48

Azərbaycan diktatura caynağında

Story Code : 403651
Azərbaycan diktatura caynağında
Azərbaycan diktatura caynağında
Diktatura-repressiya mexanizmi vergidən, polisdən, prokurorluqdan məhkəməyədək bütün gücüylə işə salınıb. Görün başa çatmağına hələ çox qalmış bir ilin içində müxalifətdən, yurddaş toplumundan nə çox adam tutulub. Müxalifət, yurddaş toplumu ötənilki Avroviziya, prezident seçkisi ilə bağlı rejimə çox böyük problemlər yaratdı, indiki repressiyalar o problemlərə görə öcalmadır. Ancaq yalnız onlara görə yox. Bəlli olduğu kimi, qarşıdan parlament seçkisi gəlir, ondan bir neçə il sonra da yeni prezident seçkisi. Indiki repressiyalar bir də qarşıdakı sosial-siyasi əngəlləri aradan qaldırmaq üçün görülən qabaqlama işləridir. Adı ayrıca çəkiləcək başqa, çox önəmli bir faktor da var: indilikdə bütünlüklə yersiz yerə Azərbaycanda keçiriləcək Olimpiada oyunları!

Bir neçə günün içində Leyla Yunus, onun ardınca Rəsul Cəfərov, sonra da Arif Yunus tutuldu. Bağlanan hesablardan, aparılan göstərişli vergi yoxlamalarından, eləcə də gerçək kimliyi çoxdan bəlli olan Eynulla Fətullayevin birbaşa hakimiyətə bağlı çalışmalarından göründüyü kimi, üstün bir güclə qarşısı alınmasa, tutqu-repressiyalar hələ çox çəkəcək. Yurddaş toplumu üçün çox çətin bir dönəmdə bu topluma bağlı olan, ancaq əliyevçi rejimlə işbirliyində bulunmayanları açıq-açığına “Amerikanın agentlərı” adlandırması Eynullanın eləcə jurnalist saldırısı deyil, gizli orqanların agentura yoluyla açıq hücum siyasətidir. Bu siyasətin başqa adı ANTIMILLI rejimin MILLI GÜCLƏRLƏ informasiya savaşıdır.

Biz sözügedən savaşın necə kəskin, eləcə də necə iyrənc xarakter daşıdığını ermənilərin birdən çoxlu əsgərimizi öldürməsindən sonra rejimin müxalifətçilərə qarşı başladığı yeni gözdənsalma kampaniyasından gördük, görürük: elə bil əsgərlərimizi ermənilər deyil, müxalifətçilər öldürüb. Bu hakimiyət illərlə ölkəni dedi-qoduyla, ermənilərdən qat-qat artıq düşmən gözündə gördüyü müxalifəti qaralamaqla yönətib. Bu isə gerçək bir ANTIMILLI rejim görsənişidir. Ən azı xalq üçün ağrılı-acılı günlərdə hakimiyət birlik, bütövlük ideyasına köklənməlidir. Ancaq… baxır hansı hakimiyət. Oğru-korrupsioner hakimiyət üçün qaniçən ermənidən qat-qat qorxulu bir DÜŞMƏN var – xalqın birliyi! Televiziyalar, gizli əllərin uzandığı Internet rejimə bağlı antibirlik desantının savaş alanına çevrilib – bax, gör. Gör bunlar bu xalqı nə sayırlar!

“Əsgər ölümünə yox!” deyən NIDAçı gəncliyə divan tutan bir rejim bu günlər özünün cinayətini ört-basdır etmək üçün… ölkəiçi qaralama kampaniyasına baş vurub. Bu bir də özünün uğursuz, cinayətkar siyasətini pərdələmək üçün əl atılan taktiki gedişdir. Prezident-ali baş komandan “Azərbaycan ordusu regionda ən güclü ordudur, Azərbaycan regionun ən güclü dövlətidir, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən qat-qat artıqdır”, deyə xalqı arxayınlaşdıran çıxışlar yapırkən ermənilər bizi qırırlar. Gerçəkdə kimin güclü olduğunu boş-boş çıxışlar deyil, ermənilərin saysız hücüm faktları bir də… bəlli IŞĞAL faktı göstərir. Biz illərlə erməni saldırılarına uğrayırıqsa, ermənilərin ələ keçirdiyi torpaqlarımızın bircə qarışını da qaytara bilmiriksə, onda bizim “regionda ən güclü ordumuz, ən güclü dövlətimiz” nəyə gərəkdir?

Bugünlərdəki qanlı erməni hücumundan, eləcə də yaxın-uzaq çevrədəki durumdan (Rusiya-Ukrayna, Fələstin-Israil, IŞID-Iraq savaşları) yararlanmaqla Azərbaycan ordusu ermənilərin ələ keçirdiyi torpaqlarımızı düşmən tapdağından qurtara bilərdi. Ancaq Qarabağı verməklə hakimiyətə gələnlərin belə bir istəyinin olmadığı bir daha doğrulandı. Kim bilir, bəlkə də, indiki erməni hücumları Leyla Yunusla bağlı əl atılan STRATEJI ORTAQLIQ oyunlarından biridir?! Leyla Yunus son illər təkbaşına Azərbaycan müxalifətinin ən ötkün, rejimlə çarpışmada barışmaz liderlərindən birinə çevrilmişdi…

Xalıq Bahadır/azadlıq
Source : Azadliq
Comment