0
Wednesday 13 August 2014 - 01:04

ABŞ-ın İŞİD-i bombalamasının arxasındakı sirr

Story Code : 404470
ABŞ-ın İŞİD-i bombalamasının arxasındakı sirr
ABŞ-ın İŞİD-i bombalamasının arxasındakı sirr
ABŞ hərbi aviasiyası avqustun 8-dən başlayaraq İraqın şimalında İŞİD-in mövqelərini bombalayır. Gələn xəbərlərə görə, hələlik bombardmana yalnız 3 ədəd F18 (gözə görünməz) qırıcısı qoşulsa da, yüksək peşəkarlığa malik ABŞ təyyarəçiləri İŞİD mövqelərinə dəqiq zərbə endirərək qruplaşmaya ağır zərbə vurublar.

Ancaq dünyanı düşündürən başqa sualdır. Nəyə görə məhz indi? Bilməyənlərə xatırladaq ki, İŞİD 3 ildən artıqdır ki, Suriyada və İraqda terror fəaliyyətləri həyata keçirir, minlərlə dinc insanların ölümünə səbəb olub. İyunun 13-də qruplaşma hücum edərək İraqın ikinci böyük şəhəri Mosulu, ardınca isə Telafer şəhərini ələ keçirib. Tikrit, Samirra kimi şəhərləri tutaraq qanlı qırğınlara səbəb olub. Amma bütün bu hadisələr baş verən zaman Amerika hökuməti qarışmayıb, hətta baş verənlərin “məzhəb savaşı” olduğunu bəyan etməklə yaxasını qırağa çəkmişdi. Məhz İŞİD-in İraqda fəallaşmasından sonra İraq hökuməti ilə əldə olunmuş müqaviləyə əsasən Bağdada satılan 34 ədəd F-16 qırıcılarının təhvil verilməsi dayandırılıb. Vaşinqton bunu qırıcıların terrorçuların əlinə keçməsi təhlükəsi ilə izah edirdi.

Əlbəttə, İŞİD-in törətdiyi qanlı qırğınların miqyası hər keçən gün artır. Ancaq ötən iki ay ərzində İraqda minlərə dinc insan öldürülüb. Onların arasında müxtəlif dinlərdən və millətlərdən olanlar olub. Hətta vəziyyət o həddə çatdı ki, Roma Papası dünyaya müraciət edərək İraqdakı xristianları qorumağa çağırdı. Bir çoxlarına görə, məhz Papanın müraciəti, eləcə də yezidi kürd azlığını kütləvi şəkildə qətlə yetirilməsi və kürdlərə yönəlik hücumların atması Amerikanın İŞİD-ə hücumuna səbəb olub.

Ancaq bizə görə, müdaxilənin əsas səbəbi İraqın şimalındakı kürd administrasiyasına təhlükə yaranması idi. Birincisi, İraqda artıq iki ay idi ki, dinc insanlar öldürülürdü və bunların içərisində kürdlər, assurilər, yezdilər, xristianlar da vardı. Əgər məqsəd dinc insanları qorumaq olsaydı, Vaşinqton daha əvvəl müdaxilə qərarı alardı. Ancaq Vaşinqton müəyyən məqama qədər dözdü, o məqam isə İŞİD-in şimala doğru irəliləyib kürd muxtariyyətinin silahlı qüvvələrinə hücum etməsi oldu. Yeri gəlmişkən, ABŞ hökumətinin müvafiq qərarında göstərilir ki, bombardmanların məqsədi ABŞ-ın diplomatik nümayəndəliyi üçün təhlükənin (ABŞ-ın kürd muxtariyyətinin mərkəzi Ərbil şəhərində konsulluğu yerləşir – K.R) qarşısının alınmasıdır.

İndi o da məlum olub ki, ABŞ hökuməti Şimali İraqın kürd administrasiyasına silah yardımı edəcək. ABŞ rəsmiləri “Assoşieyted-Press” bildiriblər ki, Obama kürd muxtariyyətinə birbaşa silah yardımı etməyə başlayıb. Silah yardımının əsas səbəbi İŞİD-ə qarşı müharibədir. Ötən gün həmçinin rəsmi kanallar Fransa hökumətinin xarici işlər naziri Loran Fabius bildirib ki, özlərini qorumaq üçün kürdləri silahla təmin etmək mütləqdir. O ölkəsinin kürdlərə silah yardımı etməyə hazırlaşdığını bildirib.

Əslində mənzərə aydındır. Amma daha da aydın olması üçün bəzi nüansları qeyd etmək lazımdır. ABŞ hökumətinin İŞİD-in məhz kürd muxtariyyəti qüvvələrinə hücum etməsi və Ərbil üçün təhlükə yarandıqdan sonra hərəkətə keçməsi, eləcə də dəqiq hədəf vuruşlarının məhz kürdlərin bölgəsində, peşmərgəyə hücum edən İŞİD qüvvələrinə vurulması onu göstərir ki, Vaşinqtonun əsas marağı İŞİD-in kürdlərə hücum etməməsidir.

Üstəlik Amerika aviasiyası yalnız kiçik heyətlə əməliyyatlar aparması və eləcə də Obamanın İŞİD-lə mübarizənin uzun zaman alacağı ilə bağlı açıqlaması onu göstərir ki, ABŞ İŞİD-i yox etməkdə maraqlı deyil, sadəcə hücum istiqamətinin dəyişməsini, daha doğrusu kürd muxtariyyətindən əl çəkməsini istəyir. Bu istiqamətdə daha bir mühüm nüans isə yaranmış ilk fürsətdə ABŞ və Fransa kimi Qərb ölkələrinin Bərzaniyə müasir silahlar satmaqla bağlı qərar qəbul etmələridir. Görünür ki, Qərb Yaxın Şərqdə kürd dövlətinin yaranması üçün gərəkli olan addımları atmaqda davam edir.

Kənan Rövşənoğlu
musavat.com
Source : Musavat
Comment