0
Wednesday 18 June 2014 - 15:55

Rafiq Tağını kim öldürüb?

Story Code : 393130
Rafiq Tağını kim öldürüb?
Rafiq Tağını kim öldürüb?
“Baksovet” metrosuyla üzbəüz olan 132 saylı məktəbin “1 Q” sinfində, qara parta arxasında əyləşib “Ana dili” dərsliyimi könülsüz-könülsüz vərəqləyirdim. Sinif rəhbərimiz – göygöz, iri vücudlu Müşərrəf xanım bizə pis-yaxşı artıq A, B, V, Q kimi hərfləri öyrətmişdi. Gəlib yetişmişdik dövlət əhəmiyyətli, ideoloji S hərfinə. SSRİ, Sovet, Staxanov, Moskva kimi ağır çəkili sözlərin tərkibində ayrıca olaraq qırmızı rənglə işarələnmiş bu hərfi görəndə həəə, yadımdadı dalağım yamanca sancdı, nə sancdı…

Hiss etdim ki, öz taleyimdə nəsə bir başqa, yad ünvana, xüsusi məqama gəlib yetmişəm. Elə-belə, sadə ötüşməyəcək bu S hərfi mənim üçün. Daxilimdəki bir məhrəm səs mənə pıçıldadı ki, ehtiyatlı olum bu dəfə, itə-qurda, sinifdəki avara şagirdlərə çox da qulaq asmayım. Hiss edirdim ki, bu siyasi S hərfi, bir başqa cür, xüsusi zərbəylə həkk olacaq uşaq beynimin əzik yaddaş dəftərçəsinə.

– Gəl yazı taxtası önünə, Herisçi!

Sinif rəhbərimizin cümləsi hələ bitməmiş mən artıq yazı taxtası önündəydim. O vaxtkı Bakıda həm Mircəfər dövründən qalma boz paltolu müəllimlər, müəllimələr çoxdu, həm də yerə basdırılmış nöyütlü, qara şalban dirəklər. O qara şalbanlar Nardaran, Maştağa kimi kəndlərdə indi də qalıb, Mircəfər dövrünün havasını yaşadır. Ancaq Mircəfər dövrü müəllimlərini, müəllimələrini indi, hazırda gündüz şamla da axtarsan, tapa bilməzsən. Sinif rəhbərimiz Müşərrəf xanım isə, Mircəfər dövrü adamlarının lap axırıncılarından idi. Özü demişkən “iranlıları, həmşəriləri” qətiyyən sevmirdi. Gözünün ucuyla, tərs-tərs baxardı, indiki kimi yadımdadı, həmişə mən tərəfə.

Yeri gəldi-gəlmədi, heysiyyatımı aşağılamağı özünə borc bilirdi. Cəmiyyətlə, vəzifə sahibləri ilə toqquşmalarım, ilk dəfə bax, bu əzazil xanımdan başlayaraq indiyədək davam edir. İndikilərlə davam düşəndə, bir də görürsən, qəfil, gördüyüm səhnələr gözümdə azca bulanır, dəqiq cizgilərini itirir bircə an. Düz sözümdü, inan, Müşərrəfin divarda canlanan boz kölgəsiylə, sərt simasıyla əvəzlənir bəzən. Sonra, tək-tük hallarda Mircəfərin yumru eynək şüşələri də, bir də görürsən, gözlərimdə canlanır.

– Tərkibində S hərfi olan sözləri, əlinə tabaşir götürüb, yazı taxtasına yaxşı-yaxşı, səliqəylə yaz.

Yaxını yaxşı görməyən Müşərrəfin, uzağa çəkilib ordan kiməsə zillənməsi, day biz bilirdik, müsbət heç nə vəd etmirdi biz şagirdlərə. Mən də hiss etdim ki, nəsə xoşagəlməz bir hadisə baş verəcək indicə.

Uşaq deyildim (əslində, uşaqdım amma)… Siyasi səhvlərə yol vermədim. Əvvəlcə tərkibində S hərfi olan Moskva sözünü səliqəylə yazı taxtasına həkk etdim. Qəfil, əlimdə, barmaqlarımın ucunda Təbriz xalçaçılarının sənəti, incə ilmələri, düyünləri, rəng duyumu dirildi elə bil: SSRİ, stol, Saxalin kəlmələrini götürüb toxudum eee, yazı taxtasının sərt sifətinə.

Buraxdığım hər nöqsanı qabartmağa öyrəşmiş Müşərrəf xanım,- baxıb görürdüm,- məni yaxşıca görmək xatirinə astaca bir-iki qədəm də geriyə addımladı. Əvvəlcə, kürəyi divara dirənərkən qəfil diksindi. Sonra yazdıqlarımda səhv tapa bilməyəndə. Gözlərim görə-görə sifəti təəssüfdən ayazıyıb ağardı.

Fərqli lal baxışlarımızın, fərqli sükutumuzun sərt toqquşmasına bu dəfə Müşərrəf tablamadı. Hirsindən üzünü soyuq lay divarlara tuşlayıb, əl barmaqlarını əsəbi-əsəbi xırçıldatdı.

Aramızda cərəyan edən gərgin hadisələrə uyğun şəkildə bu an qəfil tənəffüs zəngi çalıb, hamımızın diqqətini eyni vaxtda sinif qapısına doğru çevirdi. Birinci zəng qısaydı, ikinci, üçüncü zənglər isə çox uzun-uzadı. 1 Q sinfinin bütün şagirdləri, sanki buna bəndmiş kimi, sel olub qapıya sarı axdılar bu vaxt. Sinifdə bir mən qaldım, bir Müşərrəf, bir də yeri gəldi-gəldi mənə sataşan bədnam Sovetski küçəsi sakini sırtıqsifət Məlik.

***

Başqalarına qoşulub qapıdan eşiyə çıxmağa macal tapmamış, həmin Məlik, yaxşı yadımdadı, məni möhkəmcə sancdı:

– Həmşəri xuliqanı!

Mən də sakit durmadım:

– Sovetski xuliqanı!

Qışqıraraq Məliyin yaşadığı iyvermiş, bədnam ünvanı digərlərinə xatırlatmaq istədim. Sonra götürüb çırpdım bu Məliyi üzərinə Moskva, SSRİ, stol, stul Saxalin həkk etdiyim xalçanın…yox ey, üzr istəyirəm, yazı taxtasının üzərinə. Məlikin üst-başı tabaşir tozuna bulaşdı. Əclaf tappıltıyla yerə dəyib, sinfimizin palıd parketi üzərində sürüşə-sürüşə gəlib Müşərrəfin ayaqlarına toxundu. Müşərrəfə də elə bu lazımdı.

– Nə, “Sovetski xuliqanı”?…Sən həmşəri…

Müşərrəf, ətrafımda bir dairə vurub, dərindən bərk udqunaraq, fikrini lap dəqiqləşdirdi:

– İranlı, antisovet söhbətlər etməyəmi başlamısan, hə?

Müşərrəfin gözlərindən od yağırdı:

– Get! İtil! Atası gəlməyənəcən mən bu iranlını, əttövbə, dərsə buraxmayacam.

Müşərrəfin əsəbi nidası evimizə gələnəcən qulaqlarımdan kəsilmədi. Evdə başıma gələn müsibəti bir təhər, iki-üç variantda rəhmətlik dədəmə danışdım. Sonra hıçqırtıyla bir xeyli ağladım onun qucağında.

Rəhmətlik nədənsə əsəbiləşmədi bu müsibətimə. Əksinə, gülümsədi. Mat qaldım.

– Gülməlidi yəni?

– Əlbəttə, dayan bir, sabah məktəbə gəlib direktorunuz İbrahimlə bu məsələni bir təhər yoluna qoyaram.

***

Rəhmətlik dediyinə əməl edənlərdən idi. Vədələşdiyimiz vaxt gəlib məktəb direktorunun otağına daxil oldu. Mən qaldım tabutabənzər uzun qara dəhlizdə, üstündə Direktor lövhəsi qızaran qara meşin üzlüklü qapının önündə.

Birinci dərs bitdi, ikinci başladı, tənəffüs zənglərinin biri digərini əvəzlədi. Həyəcanım artırdı. Atamdan xəbər çıxmırdı.

Bir də gördüm, hə, budu, atam qapını aralayıb, ordan məni səsləyir:

– Gəl, içəri.

Direktorumuz bir mənə baxdı, bir atama, sonra başını bulayaraq, əyləşdiyi kreslonun dərinliklərində itdi sanki. Bir də gördüm ordan bir səs gəlir:

- Qələmi götür. Ağ kağız hazırdı. Yaz ki, bəs mən…

Deyilənlərə əməl etdim. Qələmi barmaqlarım arasında sıxdım. Qəfil yadıma düşdü ki, əlifbanı hələ ki, ancaq S hərifinədək öyrənmişəm. Qorxa-qorxa pıçıldadım:

- İbrahim müəllim, mən hələ ki, ancaq…

Ardını day özünüz gözlərinizin qabağında canlandırsanız, yaxşı olar. Atamla İbrahim müəllim qəfil bir ağızdan gülüşməyə başladılar. Direktorun katibəsi də bir də gördüm ki, cürətlənib onlara qoşuldu. Ürəkləndim nəysə…Gülümsəməyə bir-iki uğursuz cəhd göstərərək axırda istədiyimə nail oldum. İbrahim müəllim sevincək mənə yaxınlaşıb sağ əliylə bir-iki dəfə yumşaq saçlarıma sığal çəkdi. Masa üzərindəki ağ kağızı cırıb zibil qutusuna atdı lap axırda.

Əlifbanın ən mühüm S hərfi bax belə, gərgin şəraitdə yaddaşıma əbədi həkk olundu. Xatirə dəftərimin bu acı səhnəsini sonralar “Nekroloq” romanımın aparıcı süjet xəttinə çevirdim. Sadəlövhcəsinə düşündüm ki, hə, artıq mən bu mövzuya nöqtə qoymuşam.

Yoxxx, sonrakı hadisələr göstərdi ki, sən demə, mən bax, bu “İran casusu” mövzusunu hələ bir az da dərindən yaşamalıydım…

***

“İran casusu” mövzusu bayaq dediyim kimi, həyatımdan uzun müddət hələ silinmədi. Axırda gəlib öz qələm dostlarımın, AYO-çuların cızma-qaralarında peyda oldu.

Mən, ölkəmizin çox nadir o qələm sahiblərindənəm ki, İran, islam, SSRİ, Şərq, solçuluq, tolerantlıq, Azərbaycan, Avropa, demokratiya kimi dəyərləri bir nöqtədə birləşdirməyi bacarıram. Hesab edirəm ki, bu dəyərlər arasınsa əlaqə tapmaq lazımdı, nəinki hər hansı bir ziddiyyət. Lakin AYO-çular ölkəmizdəki yadelli qüvvələr tərəfindən, yadımdadı, həmişə bunun ziddinə təhrik edilirdilər. Təəssüf, məlum “Rafiq Tağı olayları” zamanı bu, bir daha təkrarlanıb daha qorxulu şəkillər almağa başladı. Rafiq qazamatda yatanda Amerika səfirliyinə bağlı qüvvələr ölkədə “İslamdan imtina!” kompaniyasına başladılar və biz AYO-çuları Bakı Mətbuat mərkəzinə yığdılar. Yadımdadır, orda bir şəxs iclas vaxtı ayağa qalxıb üzünü Amerika səfirliyinin nümayəndələrinə tutdu:

– Sizə xatırlatmaq istəyirəm ki, burdakı yaradıcı şəxslər məlum hadisələr nəticəsində islamdan imtina ediblər. Səfirlik də onları maddi cəhətdən dəyərləndirmək qərarına gəlib. Növbəylə gəlin bura.

Bu xitabdan sonra qələm dostlarımın Amerika səfirliyi tərəfindən 300 dollar məbləğində mükafatlandırıldığını görmək, düzü, çox sarsıdıcı, lap gözlənilməz oldu mənim üçün. Ağzım qurudu. Nitqim kəsildi qəfil. Mən uşaq deyiləm (hə, bu dəfə doğrudan da day uşaq deyildim). Səfirliklərin işinə bələdəm, bilirəm ki, 300 dollar söhbəti baş verən və hələ baş verəcək silsilə hadisələrin ancaq bircə həlqəsidır.

Səfirliklər boşuna pul paylamır, ən azı öz sənədlərində buna müxtəlif bəraətlər qazandırırlar. Ən azı silsilə bir əməliyyat kimi düşünüb planlaşdırırlar bütün bu xeyriyyə işlərini.

Gələcəkdə bizi gözləyən digər zay əməllər də qəfil gəlib gözlərim önündə canlandı bu vaxt. Susdum.

Məclisi səssiz tərk edib çıxıb getdim Xəzər sahillərində azad-asudə nəfəs almağa.

***

Rafiq Tağı sərbəst buraxıldıqdan sonra AYO day əvvəlki deyildi. Siyasiləşmişdi yamanca. İran, islam barədə burdakı yazarların savadı sıfır səviyyəsində olsa da, dostlarım nədənsə elə hey dəyərləri təhqir etmək istəyirdilər…

Müşərrəf xanımın ölməz ruhu, mövzusu hə, görürdüm, yeni vüsət alırdı yavaş-yavaş. Mənim üçün isə, İran, islam anlayışı digərlərində olduğu kimi, qətiyyən mücərrəd, spekulyativ deyildi. Çox dəqiq və diriydi. İran, Güney, islam deyərkən gözlərim qarşında Təbrizdəki əndərunlu, birunlu evimiz, ordakı dəqiq ünvanımız, İranda ilk dəfə, 1941-ci ildə milli qəhrəman adını qazanmış doğma əmim İbrahim Herisçi canlanırdı.

İranla Azərbaycan arasında elə bir fərq, yaxud başqa bir maneə qətiyyən yox idi mənim üçün. Türk olduğumu danmadığım kimi, iranlı olduğumu da danmaq fikrində deyildim. Ancaq bütün bunlar deyəsən, AYO-çuları, xüsusən rəhmətlik Rafiq Tağını əsəbiləşdirib cin atına mindirirdi. Üzdə bu hisslərini büruzə verməsə də, daxildə gizlincə nəyəsə hazırlaşırdı.

2011-ci ilin yayında AYO-çuların sanki hamısı hardansa müəmmalı sifariş aldılar.

Hamısı işlə təmin olundu, sayt rəhbərləri təyin edildi, vəzifə qazandı birdən-birə. Şərt də sanki o idi ki, məni, bir də tanış ünvanları ya tənqid, ya təhqir etməlidirlər. Rafiq Tağı da bu sifarişdən kənarda qalmadı. Üzümə deyə biləcəyini, nədənsə, mətbuat səhifələrinə çıxararaq məni İran casusu çıxardı az qala.

Taleyimə yazılmış məlum süjet yenidən həyatımı silkələməyə başladı. Sübut etdi ki, hələ də diridir, hələ də qan-tər tələb edir məndən.

Rafiqin tanış siması bir an gözlərimdən silindi bu vaxt. Müşərrəf müəllimənin tanış cizgiləri, boz kölgəsi, hədə-qorxularıyla əvəzləndi. Əsəbiləşib qeyzlənərək Rafiqə mətbuatda cavab verdim:

– Həkimsən. Nə yazırsansa yaz, təki tibb reseptlərini düz yaz. Yoxsa bəyənmədiyin İranda şəfa axtaran xəstələrimizin sayı daha da arta bilər.

Sonra xəbər gəldi ki, bəs Rafiqi gecə evə qayıdanda bıçaqlayıblar.

İki gün sonra o yatdığı xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişdi.

***

Taleyin mənə açdığı “İran casusu” mövzusu isə hələ də davam edirdi.

“Koala” adlanan uşaq-əyləncə bağına balaca İbrahimlə yamanca dadanmışdıq. Day, o uşaq atraksionu qalmırdı ki, biz orda ata-bala birlikdə atılıb düşməyək. Adətimiz idi, lap axırda gedib “Koala”dakı uşaq kafesində şam yeməyi sifariş verirdik özümüzə.

Bax, belə boz fevral günlərinin birində telefonuma Ağır Cinayətlər Məhkəməsindən zəng gəldi.

– Sizi sabah günorta gözləyirik. Rafiq Tağı işiylə əlaqədar. Mütləq gəlin.

Adətən, telefon zənglərimə heç bir maraq göstərməyən İbrahim bu dəfə həyəcanlandı:

– Ata, nə istəyirlər ey, səndən?

-Deyirlər ki, casusam.

– Əla! İbrahim sevincini gizlətmədi. Sənə əsl supercasus olmaq lazımdı. Özünlə diktafonu götür, söhbəti lentə al.

İbrahimin dediyinə əməl etdim – bir barmağım diktafonun düyməsi üstə, Dəmiryol vağzalı önündəki məhkəmənin qapısından keçdim. Növbətçi məni tanıdı:

– Sizə həmişə televiziyadan baxmışam. İndi şükür, canlı görürəm. Maraqlı verilişlər müəllifisiniz.

– Məni müstəntiq çağırıb.

– Bəli, az qala unutmuşdum. Buyurun içəri. Bu sənədə qol çəkin. Şəxsiyyət vəsiqəniz məndə qalacaq amma. İkinci mərtəbəyə qalxın. Dəhlizin lap axırında, 47-ci otaqda sizi bayaqdan gözləyirlər.

Dəhlizi bəzəyən qalın, qırmızı xalça ağır addımlarımın səsini ac timsah kimi udurdu. Tam sakitlik idi ətrafımda. Qəfil otaqların birinin qapısı açıldı, tanımadığım müstəntiq əlində öz sabunu, tualetə doğru getdi. Cəlbedici bir başqa nəsə yox idi dəhlizdə. Nişan verilən qapını taqqıldadaraq içəri girdim:

– Ah, Həmid bəy, nəhayət, gəldiniz, nə yaxşı…

Rafiq Tağı işinin müstəntiqi sözlü adama oxşayırdı. Əvvəl hiyləyə əl atdı, alnından yuxarı saçları tökülmüş bu sakit təbiətli hiyləgər şəxs. Cinayət üzrə izahat verən bəzi qələm dostlarımın ifadələriylə məni tanış etdi. Hamı eyni sözü vurğulayırdı: “Rafiq Tağı axırıncı dəfə Həmid Herisçi ilə dalaşmışdı. Buna xüsusi nəzər yetirməyinzi xahiş edərdim…”

İş üzrə ifadə verənlər, nədənsə, hədəf kimi, deyəsən, elə təkcə məni seçmişdilər. Qarşımdakı pencərənin açıq nəfəsliyindən elə bil üzümə 1937-ci ilin boğuq havası vurdu. Üzümü turşutdum. Oxuduğum ittihamları təkcə özüm vərəqləmirdim. Nəfəslikdən vuran külək də hərdən bu işdə kömək edirdi mənə. İfadələrin ən lazımi, ən əclaf yerlərinə diqqətimi yönləndirirdi.

Az sonra otağa ikinci müstəntiq də daxil olub xətir-hörmətlə mənə salam ünvanladı. O, lap açıq danışdı mənimlə:

– Deyin, sizcə cinayəti kim, hansı qüvvələr törədib?

Birinci müstəntiq cəld, arxa plana keçib, mirzə vəzifəsini ifa etməyə başladı. Dediklərimizin hamısını bilgisayara yazılmaqdaydı. Bəlkə, səsimizi, görüntülərimizi də lentə alırdılar. Mən də gizlincə, cibimdəki diktafonun düyməsinə barmağımı basmağı unutmadım.

Gözlərimlə danışdım əvvəlcə. Sonra keçdim sözə:

– Onu öldürənin adı Qəhhardır. Digərinin adı Qəffar.

İfadə verməyə başlayınca müstəntiqin, cəld tərpənib gözünün bir kənarında öz köməkçisinə xüsusi işarə ötürməyi diqqətimdən qaçmadı. Qalın sait səsləri xüsusi ahəngdə deyərək, ifadə verməyə başlamağım, müstəntiqlər üçün tam gözlənilməzdi elə bil. Burda hə, onları yamanca çaşdırdım. Sonra day aman vermədim hər ikisinə.

***

– Qəhhar kimdi? Hardadı ünvanı? O adamla görüşmüsünüzmü? O İran vətəndaşıydı, hə?

Müstəntiq mənə mane olmaq istəməyərək yönləndirici suallara başladı.

– Qəhharı çoxdan tanıyıram. Yeddi-səkkiz yaşlarımdan. Qəffarla qoşa gəzərlər həmişə. Qəffar dincməramlıdır, dava-şavanı sevməz əsla. Qəhhar isə silahlı gəzər həmişə. Bircə yad səsə diksinər. Əvvəl divarda kölgəsi görünür, sonra özü. Sırf peşəkardı. Seçdiyi qurban quyunun dibində olsa belə, gəlib tapacaq.

– Necə həbs edək bu cinayətkar cütlüyü? Bizə bu işdə…

– Yox…kömək edə bilməyəcəm. Dəqiq ünvanları olmur bu qüvvələrin.

Bu vaxt pəncərənin o tərəfindəki lal təbiət gücləri də sükutunu kəsərək hərəkətə keçdi elə bil. Ağacların budaqları, küləyin təsirindən vəcdə gəlib pəncərə şüşələrinə toxundu. Hər üçümüzün eyni anda bütün diqqəti buna yönəldi.

– Gördüzmü? Söhbətimizə müdaxilə etmək istəyən sirli qüvvələr az deyil. – ifadələrimə zarafat qatmağım müstəntiqlərin ürəyincə olmadı.

Seyrək saçlı olan bilgisayarda yazdıqlarına ara verdi. İkincisi mənə bahalı siqaretlər təklif etsə də, etirazımla qarşılandı:

– Siqaret çəkmirəm gör neçə ildir.

– Eləysə, davam edin. Rafiqi niyə öldürmək istəyirdi bu cinayətkar cütlük? Sifariş kimdən gəlirdi?

Bu zaman, pəncərə şüşəsinə sıxılmış eşşək arısı da, dinc durmayıb, mövzumuza maraq göstərdi elə bil. Gəlib qondu cinayət işlərinin birinin üstünə. Birinci müstəntiq əlinin sərrast zərbəsiylə arını cəhənnəmə vasil edib, sifətimə zilləndi:

– Hardadı indi bu cinayətkarlar?

Açdığım tamaşaya yavaş-yavaş aydınlıq gətirmək qərarına gəldim:

– Rafiq Tağı xəstəxanada həkimlərin tam nəzarəti altındaydı, hə?

– Bəli. – hər iki müstəntiq fikrində yekdil idi.

– Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşları bəs necə? Daim qoruyurdular da Rafiqi orda, eləmi? – gözlərim otağın tavanında, divarlarında gəzişib, sonra iti sürətlə hər iki müstəntiqin sifətinə sancıldı:

– Bəs niyə həkimlərin, DTK-çıların tam nəzarəti altında olan bir kəs dünyasını dəyişməliydi? Rafiqin ölümü barədə tibb sənədinə xahiş edirəm, verin baxım bir.

Hər iki müstəntiq mat-məəttəl qaldılar dediklərimə. Sonra tənbəl-tənbəl hərəkət edərək tələb etdiyim sənədi cinayət işinin arasından çıxarıb mənə uzatdılar.

Sənədddə yazılmışdı ki, bəs Tağıyev Rafiq Nazir oğlu asfiksiya nəticəsində 23 noyabr tarixində vəfat edib. Asfiksiyaya səbəb kimi yediyi dovğa göstərilib.

Sənədlə tanışlıqdan sonra növbəylə hər iki müstəntiqin sifətinə zilləndim. Bircə sual qopdu qup-quru dodaqlarımdan:

– Dovğadan da adam ölər heç? İkinci belə nümunə varmı dovğanın vətəni bu Azərbaycanda? Həkimlər hardaydı axı bu vaxt? DTK-çılar hara baxırdı? Tibb bacılarının ətəyinə?

Bəli, Sualım tam sarsıdıcı oldu hər iki mütəntiq üçün.

Nəhayət, ikincisi sükutu pozdu:

– Yaxşı, bəs bu Qəhharla Qəffarı biz necə…

Yazığa icazə vermədim cümləsini bitirsin:

– Yadda saxlayın, Qəffar uca Allahın “Bağışlayan” sifətidir, Qəhhar isə “Cəzaverən”. Rəhmətlik, Allaha, onun peyğəmbərinə şəkk gətirmişdi. Cəzasını məhz bu Qəhhardan aldı, bildinizmi? Dovğadan heç adam ölər? İndi gedə bilərəmmi? Yoxsa məni qandallamaq niyyətiniz var?

Hər iki müstəntiq eyni vaxtda dərindən ah çəkərək arxalarındakı yumşaq kreslo üzərinə çökdülər. Birinci müstəntiq bilgisayara, bayaqdan yazdıqlarına ötəri nəzər atıb başını buladı. Digər müstəntiq azca gülümsəyərək əlini telofonuna uzatdı. Arxa otağa keçərək orda bir başqasıyla xeyli danışdı.

Bir də eşitdim ki, qarşımdakı kreslodan qısa-qısa, kəsik-kəsik xorultu sədaları yüksəlir. Yazıq müstəntiqlərin biri, özündən bixəbər şirin röya aləmindəydi deyəsən.

Beş-altı dəqiqədən sonra birinci müstəntiq otağa daxil olub uca səslə mənə deyəndə ki, bəs siz azadsız, bir barmağımı dodaqlarım üstə sıxıb, ona kreslodakı həmkarını göstərdim. Müstəntiqlə bir-birimizi yaxşı anladıq. Səssizcə, çəkmələrimin ucunda qapıya yaxınlaşıb onu ehmalca araladım. Əlimdə buraxılış vərəqəsi birinci mərtəbəyə düşüb çıxış qapısına doğru inamla addımladım.

***

Düşünürəm ki, bütün azərbaycanlı xəstələr kimi Rafiq də aldığı bıçaq zərbələrindən müalicə üçün İrana getsəydi, bəlkə, bu gün yenə sağ idi…

Həmid Herisçi
1937.az
Source : Nur.az.com
Comment