0
Sunday 3 August 2014 - 10:26

Dualarında hicab məhbuslarını unutmayan iraqlı şəhid alim

Story Code : 402726
Dualarında hicab məhbuslarını unutmayan iraqlı şəhid alim
Seyid Cəfər İsmayıl Təqi Musavi 1971-ci ildə dünyaya gəlib. Evli idi və 4 övladı var. Övladlarını 3-ü oğlan 1-i qızdır. Adları Ruhullah, Feyzullah, Sarəllah və Rüqəyyədir.

Seyid Cəfər Kərkükün cənubundakı türkmənlərin yurdu olan Bəşir kəndində dünyaya gəlib. 6 övladdan ikincisidir. O, dindar bir ailədə dünyaya gəlib, atası və anası seyiddir.

Atası seyid İsmayıl tanınmış Əhli-Beyt (ə) məddahlarındandır. Bəşir kəndinin türkmən olan əhalisi milliyyətçi Səddam Hüseyn tərəfindən 1986-cı ildə başqa ərazilərə köçürülərək onların yerinə sünni-ərəblər məqsədyönlü formada yerləşdirilib. Hətta Səddam rejimi onlarla türkmən gənci həmin dövrdə edam etdirib. Onların arasında Seyid Cəfərin əmisi oğlu Seyid Haşim Abbas da olub. Bəşir kəndi yaxşı coğrafi şərait və münbit torpağa malik idi.

Seyid Cəfərin böyük qardaşı Seyid Haqqı 1991-ci ildə Səddam rejiminin çevriliş cəhdi zamanı Kərbəla şəhərində şəhid olub.

Seyid Cəfər Səddam dövründə Nəcəf şəhərinə dini təhsil almağa getsə də, böyük qardaşının ölümü və ailənin məsuliyyəti boynunda olduğu səbəbi ilə 2 il sonra geri qayıtmalı olur. Seyid Cəfərin diplomu olmasına baxmayaraq dövlət idarələrində işləməsinə imkan verilmirdi. Buna səbəb onun türkmən və şiə olması idi.

O, ailəni dolandırmaq üçün hətta taksi sürücüsü də işləyir. Bütün təzyiqlərə baxmayaraq, Əhli-Beyt (ə) təbliğini davam etdirirdi, o, həm xütbə deyir, həm də mərsiyələr oxuyurdu. Həmin dövrlərdə çox vaxt Əhli-Beyt (ə) məclisləri evlərdə gizli keçirilirdi.

2008-ci ildə Seyid Cəfər yenidən Nəcəf şəhərinə hövzəyə təhsil almağa gedir. O, höccətil-islam səviyyəsinə qalxır, hətta tədris etməyə də başlayır.

Seyid Cəfər hər kəs tərəfindən sevilən bir şəxs olub. Gözəl əxlaqı, səmimiyyəti və imanı onun seçilən xüsusiyyətlərindən idi. O, təhsil aldığı müddətdən Nəcəf şəhərində yaşamağa başlayır. Lakin hər il müqəddəs 3 aylarda - Rəcəb, Şəban və Ramazan aylarında məmləkəti Kərkükə gələr, məscid və hüseyniyyələrdə, hətta evlərdə məclislər təşkil edərdi.

Xüsusilə qeyd etməyimiz yerinə düşər ki, Seyid Cəfər xütbələrində, dualarında Azərbaycanı unutmazdı, Azərbaycan əhalisinin İslama, Həzrət Əbəlfəz (ə) ağaya olan sevgilərindən, hicabı müdafiə etmələrindən danışardı və haqq üstə məhbus olmuşları, xüsusən hicab məhbuslarını dua edərdi. Seyid Cəfər azərbaycanlılarla Kərbəla şəhərində tanış olduğunu söyləyirdi.

İraqda yaşanan təkfirçi terrorçu İŞİD fitnəsi zamanı Seyid Cəfər tanınmış mərcə Seyid Əli Sistanının cihad fətvasından sonra Kərkükə qayıdır və Türkmən özünümüdafiə dəstələrinə qoşulur. Nəhayət Seyid Cəfər doğulduğu Bəşir kəndinin müdafiəsi zamanı gedən döyüşlərdə 28 iyun 2014-cü ildə İŞİD terrorçuları tərəfindən şəhid edilir. Döyüş yoldaşları seyidin xütbələrindən ruh aldıqlarını dilə gətirirdilər.

İŞİD terrorçuları onu və bir neçə döyüş yoldaşını şəhid etdikdən sonra hələ də meyitlərini geri qaytarmayıb. Meyitlərin qaytarılması üçün külli miqdarda pul istəyən terrorçulara pul verilməsini Ayətullah Sistani qadağan edib.

Təkfirçi terrorçular seyidi Bədr ordusunun lideri kimi təqdim etsə də, aldığımız məlumatlara görə o, heç bir partiya və qrup üzvü olmayıb. Qısacası seyidin ölüsünə də böhtan atılıb. Hətta seyidin cəsədini avtomobilə bağlayıb sürüyüblər.

Seyidin döyüş yerində lentə alınan son sözlərindən:
"Burada o adamlar toplaşıb ki, ürəkləri polad kimidir. Nə ölümdən, nə İŞİD-dən, nə də İŞİD-i bəsləyənlərdən qorxurlar. Gün gələcək bunu isbat edəcəklər və bütün dünyaya elan edəcəklər ki, onları tərbiyə edən Həzrət Hüseyndir (ə). Çünki bizim qeyrətimiz Əbəlfəzlidir (ə). Əqidəmiz ələvidir. Özümüz də hüseynçiyik. Ölümdən heç qorxumuz yoxdur. Həzrət Hüseyn ibn Əli (ə) ağamızın dediyi kimi, “Zillət bizdən uzaqdır.” Bizim kimilər İŞİD kimilərə beyət etməz. Biz vətənimiz üçün döyüşəcəyik…”

Allah rəhmət eləsin! Azərbaycanı, möminlərin haqq mübarizəsini unutmayan alim və məddah Seyid Cəfər hər zaman qəlbimizdə yaşayacaq!

Seymur İsmayıl
Source : Xebername
Comment