0
Wednesday 26 March 2014 - 16:01

Yenə iftira

Story Code : 366025
Yenə iftira
Yenə iftira
Ötən gün milli mətbuat İngiltərənin “The Financial Times” qəzetinə istinadən xəbər verir ki, Suriyada təkcə sələfilər yox, həm də şiələr də savaşır.

Bu cür xəbərlər yenilik deyil, dünya ictimaiyyəti artıq çoxdan bilir ki, Bəşər Əsəd hakimiyyətinin sələfilər tərəfindən məğlub edilməməsinin əsas səbəbi İran hakimiyyətinin rəsmi Dəməşqə verdiyi dəstəkdir ki, bu özünü birinci növbədə Livandakı Hizbullah təşkilatının Əsəd tərəfindən uğurla döyüşməsində göstərir. Bundan başqa İran, İraq və Əfqanıstandan da şiə mənşəli fədailər döyüşməkdən daha çox ordakı müqəddəs hərəmləri qorumaq üçün Suriyaya gedir.

İngilis qəzeti yazısında Əsəd tərəfindən döyüşmək üçün Suriyaya Azərbaycandan da şiələrin getdiyini iddia edir, bu ölkədə 10 minə qədər şiə döyüşçüsünün vuruşduğunu bildirən mənbə, qeyd etdiyi fikirlərlə bağlı məlumatların internetdə olduğunu iddia etsədə heç birisini istinad kimi qeyd etməyib.

Bu önəmli məsələdir və bir qədər təfsilata varmağa dəyər. Məsələ burasındadır ki, dünyanın çox ölkələrindən, bütün qitələrindən, o cümlədən Azərbaycandan Əsədə qarşı döyüşmək üçün Suriyaya vəhabilər gedib və getməkdə davam edir.

Qanuni Əsəd hakimiyyətinə qarşı döyüşmək üçün Azərbaycandan gedən 5 minə qədər vəhabiləri ilə bağlı xeyli sayda dəlillər var, həm internetdə onların video müraciətləri yerləşdirilib, həm onların kimlikləri və ünvanları məlumdur, onların valideyinləri və ailə üzvlərindən yerli jurnalistlər müsahibələr götürüb və bu müsahibələr mətbuatda işıqlandırılıb.

Hətta onların Suriyaya getməsində dəstək verən vəzifəli şəxslər və həmin vəzifəli şəxslərin övladları belə məlumdur. Yəni Suriyada döyşən azərbaycanlı vəhabilərlə bağlı heç bir gizlin məqam yoxdur.

Üstəlik Azərbaycanın rəsmi şəxsləri və hüquq mühafizə orqanları da verdikləri açıqlamalarda qeyd edirlər ki, vətəndaşlarımızın Suriyaya döyüşmək üçün getmələrində bir problem görmürlər. Ancaq şiə azərbaycanlılarının Əsəd tərəfindən döyüşmək üçün getmələri ilə bağlı iddialar hələlik yalnız dəlili, sübutu olmayan sözdən başqa bir şey deyil.

Bu günə qədər hələ heç kim internetdə hər hansı bir şiə azərbaycanlısının Suriyada döyüşməsini isbatlayan video yerləşdirməyib, hələ ki, heç bir jurnalistin Suriyada döyüşən hər hansı bir şiə azərbaycanlısının ailə üzvləri ilə bağlı müsahibəsini görməmişik. Belə olan halda ingilis qəzetinin iddiaları nəyə əsaslanır ki, yerli mətbuat orqanları da onlara istinad edirlər?

Bu sualın cavabını bizim portal bir neçə dəfə cavablandırıb. Belə ki, əliyev rejimi Azərbaycanda İslama və möminlərə qarşı represiya maşınından başqa həm də nəzarətində olan mətbuat orqanlarından istifadə edir. O da hamıya yaxşı məlumdur ki, Azərbaycanda İslamı, dini dəyərləri qoruyan əsasən şiə müsəlmanlarıdır, digər məzhəb təmsilçiləri isə ancaq formal olaraq müsəlmandır, bunun bariz nümunəsi kimi hicab azadlığı uğrundan aparılan mübarizədə görə bilərik. Hicaba azadlıq tələb edənlərin və bu yolda həbsə düşənlərin hamısı, birmənalı olaraq şiə müsəlmanlarıdır. Deməli şiələrin hələ Azərbaycanda görəcəkləri çox iş var ki, ən azı bu səbəbdən onlar Suriyadan daha çox vətənlərində müqavimət göstərməlidirlər.
Source : Islamtimes
Comment