0
Monday 26 July 2010 - 06:06

Nimeyi-şəbanın «İntizar» Karvanı

Story Code : 32203
Nimeyi-şəban
Nimeyi-şəban
Bəli, hələ də bizlərin naqabil əməlləri ucbatında 1175 yaşlı Allahın Höccəti (ə.f.), Həzrəti Bəqiyyətullah (ə.f.) gözlərdən pünhan qalıb. Bu naqabil əməllərin nigarançılığı qoymadı yata bu gecə «İntizar» karvanını.

Fərəcə aparan yol

Yol. Özü qədər mühüm, lakin çox alışdığımız bir nemət. Hər gün kiçik ölümdən (yuxudan) ayılaraq ilk addımla yola başlayırıq. İlk addımlarımızla yola başlayırıq. Bu yolla başqa yollara, yol ayrıclarına çatırıq. Beləcə yollar özümüz də bilərəkdən və ya bilmədən, əhəmiyyət verərəkdən və ya verməyərəkdən bizləri bir yerlərə aparır. Hər hansı mənzilə aparıb çıxarır.

O gecə də «İntizar» karvanının gedəcəyi mənzillər var idi. Onun (ə.f.) görüşünün intizarı ilə yola düşdü bu gecə karvan. Bu gecədə «İntizar» karvanı öz yeni qədəmini atırdı əhyalı, yəqzalı, nurlu «İntizar»ın fərəcinə doğru. Bu gecə «İntizar» karvanı yatağını yuxuya deyil, yola dəyişmişdi. Qəflətə, yatıb dalmaya deyil, yəqzaya (oyanışa), dirilməyə, oyanışa dəyişmişdi. Adiləşən, növbələşən mövlud gecələrinə deyil, yeni bir gecəyə, həsrətə qovuşduran, Mövlaya aparan gecəyə dəyişmişdi. Aman Allah! Gecə nə gecə!

Bu gecənin əcrinə aparan yolçuluq

Bu gecədə bir çoxları üçün oddan bəraət almaq tofiqatı nəsib olur. Bu gecəyə “bəraət gecəsi”, “mübarək gecə” və “rəhmət gecəsi” də deyilir. İmam Baqir (ə) və İmam Sadiqdən (ə) bu gecə haqda belə nəql olunur: “Şəban ayının 15-ci gecəsi yetişdikdə üfüqdən bir səs gələr: “Ey Hüseyn ibni Əlinin qəbrini ziyarət edənlər, qayıdın, sizin günahlarınız bağışlandı. Əcriniz Allahınız və Məhəmmədlə (s) olsun”.

Beləcə rəhmət və bəraət ardınca olan karvan mübarək yolçuluğa başladı. Ey kaş həyat yolumuzun istiqaməti hər an belə ola...
Artıq karvan aeroport yolu ilə Şüvəlan kəndinə yol almaqdadır. «İntizar» karvanı Allahın vasitəçi qərar verdiyi kəramət əhlinin ziyarəti ilə başlayır bu yolu.
Şüvəlan kəndi. Çarələrin istənildiyi, hacətlərin qəbul olunduğu qapı. Karvan artıq bu qapının mübarək sahibi Mir Möhsun Ağanın hüzurunda ziyarət namazı qılır, hacətlərini diləyir, Zəmanə Sahibinə (ə.f.) salamlarını yetirir. Ziyarətə gələn digər zəvvarları da salamlayan, onlarla mövludlaşan Fərəc (ə.f.) aşiqləri yeni hacət qapısına yetişmək üçün yenidən yola düşür. Saatlar gecə yarısı 01.05-i göstərərkən bayırda bədrlənmiş ayın bəm-bəyaz aydın şüaları «İntizar» karvanının yoluna nur saçmaqdadır.

Mənəvi anlarla dolu gecə

Əhli-Beyt (ə) vətəni olan yurdumuz hər zaman bu eşqinə, sevgisinə sadiq çıxdığını nümayiş etdirib. Tarixin şanlı səhifələri buna aydınca işıq tutmaqdadır. Tarixin belə səhifələrindən birində yenə də Allaha və Əhli-Beyt (ə) haqqına zülm edilərkən yeddinci imam İmam Museyi Kazımın (ə) qızları yurdumuza pənah gətirmişlər. Burada onlar hörmətlə qarşılanmış, hər zaman sevilmişlər. Xalqımız hər zaman onların xidmətində dayanmışdır. Onlardan biri də günah girdabından çıxmaq istəyənlərin üz tutduğu qapı olan, Həzrəti Rəhimə xanımın mübarək və müqəddəs məzarının yerləşdiyi Nardaran hərəmidir. Bəm-bəyaz mübarək mövlud gecəsi Ayının yoluna saçdığı nur ilə «İntizar» karvanı Rəhimə xanımın hüzuruna yetişir. Allah, Allah! Sübhanallah!

Hərəmin həyətində bir qədər mənəvi hazırlıq yaşayan karvan üzvləri 02.00 üçün müqəddəs hərəmin mübarək qapılarından içəri daxil olur. Zəmanə İmamının bibisinə məxsus qapı! Qəlblərin paklandığı, günahların arındığı, tövbə və istiğfarların qəbul olunduğu bir qapı.

Mövlud gecəsini necə keçirməli?

Bəli, «İntizar» karvanının əhli səfa və səmimiyyət dolu nurani bir mühitə daxil olur. Öncə Rəhimə xanım və onun həyat yoldaşı Abdullah karvan əhli tərəfindən ziyarət olunur. Sonra hərəmin ikinci mərtəbəsində «İntizar» həsrəti ilə gözləri hər an yol çəkən, Zəmanə Sahibinin (ə.f.) nökərinə nökər olmağı özünə səadət sayan, «İntizar»sız həyatının mənası olmayanların məna və saflıq, nurani alış-veriş dəqiqələrinə başlayır. Kimiləri mövlud münasibətilə Zəmanə İmamına (ə.f.) hədiyyə namazı qılır, kimiləri “Təvəssül”, “Kumeyl” və sair kimi dualar oxuyur, kimiləri “Yasin” və digər surələr oxuyaraq mövlud sahibinə hədiyyə edir. Kimiləri dualarında vətənimizi, Qarabağımızı, Qüdsümüzü, Fələstinimizi, Kəşmirimizi, ümumən Darul-İslamı dua edir, kimiləri Allahı ilə razu-niyaz edir, bağışlanma, tofiqat, izzət və cəlal diləyir, kimiləri öz vəzifəsini anlayaraq həyatda həqiqi izzət mənbəyinin onun üzərində qoyduğu kimi yaşama diləyir. Kimiləri gecənin məxsusi zikrlərini edir, kimiləri dəyərli, əziz və nurlu göz yaşları ilə əfv və zühur dilərkən, Fərəcin (ə.f.) zühurunun təcilini dilərkən mübarək Kərbəla türbətini, Əba Əbdillah nişanəsini nəmləndirməkdə idi. Beləcə karvan əhli 03.00-a qədər bu səfa mühiti ilə ibadətlərini yekunlaşdıraraq hərəmin təvaf yerində bu gecənin daha bir təkidli əməlini icra edərək «İntizar» maşınlarına doğru irəlilədilər. Bu əməl sağ və sol cəhətlərə baxaraq sonra üzünü səmaya tutmaq və Əba Əbdillahı salamlamaqdan ibarət idi.

Obaşdana doğru

Budur, karvan artıq yeni bir mənzilə yol almaqdadır. Elə bir mənzilə ki, onu Ziyafətullaha bir qədər də yaxınlaşdıracaq, bir qədər Allah ayına kökləyəcəkdi. Bu Allahın bizlərə bəxş etdiyi ən gözəl nemətlərdən biri olan mavi Xəzərin sahillərində obaşdanlıq (sahur) anlarının yaşanacağı mənzildir.

İntizar əhli olan karvanı dəniz çox sakit halda həzin ləpələrlə qarşılayır. Sahildə intizarla yola çıxanlardan başqa kim isə gözə dəymirdi. Uzaqlarda isə adda-budda bəzi kafe işçiləri gözə dəyirdi. Düz yarım ay sonra 1 ay müddətinə salınacaq obaşdanlıq süfrələri bu gecə mavi Xəzərin sahilində açılır. Burada obaşdanlıq anları bitdikdən sonra karvan yenidən növbəti hacət qapısına doğru yola çıxdı. Bu Bibi-Heybət ziyarətgahı kimi tanınan Həkimə xanımın qapısı idi.

Mövlud gecəli cümə sabahı

Hərəmə yenicə çatan «İntizar» karvanının qulaqlarında sübh azanın səsləri eşidilməkdədir. Cəmlə qılınan sübh namazından sonra bibi Həkimə xanım üçün və İmam Zaman (ə.f.) üçün ziyarət namazları qılındıqdan sonra karvan yeni yolçuluğa üz tutur. Açılan səhər həm də cümə səhəri, cümə namazlarının qılınacağı sabah idi. Beləcə növbəti nurani anların yaşanması üçün karvan intizarı sona çatdıracaq mənzilə doğru yol aldılar. /Deyerler/
Comment