QR CodeQR Code

RAMAZAN AYI

H. Arzu

Dəyərlər AİN , 20 Aug 2009 23:51

شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ...بقره 185


O bir yağışmı islada
yaxasını açanları?
O bir küləkmi aşıra
sahil boyu qaçanları?

O, qapını döyüb-durur,
yoxsa baxıb ötüb-keçir?
Biz seçirik o günləri,
o günlərmi bizi seçir?

Yox, əziz dost! Yatanlara
bu günlərin faydası yox,
Yerə enən mələklərin
zorla sevmək qaydası yox!
Baxmayana baxmayası,
yan keçəndən yan keçəsi,
Sevənləri sevindirər
Ramazanın hər gecəsi!

Bu bir gəmi – yerdən göyə
otuz günlük səfəri var,
Keçmişindən qurtulası
bu gəmiyə sığınanlar.
On bir ayın xəritəsi
bu gəmidə cızılası,
Talelərə xeyir-zərər
bu səfərdə yazılası.

O, tufandan, şimşəklərdən
təbəssümlə keçən gəmi,
Göyərtəsi götürəsi
bir mahalı, bir ölkəni.
O bizləri seçən deyil,
min təlaşla seçiləndi,
Ayələrin endiyi yol
ayələrlə keçiləndi.

Gəda deyil yatanların
qapısını döyəcləyə,
Olubmu ki, əlidolu
əliboşa oyan deyə?!
Nəyin ola axır gündə
özgələrə qalasıdı,
Bircə bu nur gecələrdə
saydıqların sayasıdı.

Bilən varmı dünyasından
həftə qalıb, saat qalıb?
Bu bir uğur – nur gəmisi
qapımızdan yolun salıb.
Qalx ayağa, tax belinə
iman, təqva kəmərini,
Yatmayasan mələklərlə
ərşə doğru səfərini!


Story Code: 10165

News Link :
https://www.islamtimes.org/az/article/10165/ramazan-ayi

Islam Times
  https://www.islamtimes.org