QR CodeQR Code

“Vasif Talıbov artıq Bakıda gözdən düşüb”

Yenisabah , 30 Nov 2022 16:07

İslamtimes - Bugünlərdə Naxçıvan Dövlət Gömrük Komitəsi (DGK) ləğv edilərək Azərbaycan Dövlət Gömrük Komitəsinin tərkibinə verilib.


Bundan əvvəl isə hakimiyyətə yaxın media orqanları məlumat vermişdilər ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib və əvəzində DTX-nin Naxçıvan Baş İdarəsi yaradılıb.
Muxtar Respublikada bu ara həbslər də davam edir. Naxçıvan DGK-də əvvəl şöbə müdirinin, sonra isə maliyyə nazirinin həbs edildiyi bildirilir.
Prezident Vasif Talıbova demişdi ki…
Hələ üç il əvvəl Prezident İlham Əliyev Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən bir sıra maraqlı rəqəmlərə toxunmuşdu. Prezident orada muxtar respublika büdcəsinin yalnız 22 faizinin yerli gəlirlər əsasında formalaşdığını bildirmişdi.
Prezident deyirdi ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır. V.Talıbov isə cavab vermişdi ki, növbəti ildən büdcədə yerli gəlirlərin həcimi artacaq.
Amma son illər Naxçıvanın büdcəsində gəlirlər artsa da, ona ayrılan dotasiya da artıb. Yalnız gələn il muxtar respublikaya dotasiyaların azaldılması nəzərdə tutulur.
“Bundan sonra da davamının şahidi olacağıq”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan”a bildirib ki, hazırda Naxçıvanda struktur dəyişiklikləri aparılır: “Bu, ölkə prezidentinin bu gün həyata keçirdiyi, sistemli xarakter daşıyan islahatların tərkib hissəsi olan struktur islahatı kimi dəyərləndirilə bilər”.
Deputat qeyd edib ki, Naxçıvan MR-da ayrı-ayrı nazirliklər, komitələr, idarələr Azərbaycanın mərkəzi icra strukturlarının tərkib hissəsi kimi yenidən formalaşır: “Bundan sonra da biz cənab prezidentin bu atmış olduğu addımların davamının şahidi olacağıq”.
“Naxçıvan kənarda qalmışdı”
Siyasi şərhçi Şahin Cəfərlinin isə Azadlıq Radiosuna deməsinə görə, hazırkı addımlar ondan xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyəti Naxçıvanın de-fakto müstəqilliyini de-fakto məhdudlaşdırmaq xəttini seçib: “Naxçıvan bir növ Azərbaycan dövlətinə tam tabe olmayan, müstəqilliyinin çərçivəsi geniş olan bir vəziyyətdən mərkəzi hakimiyyətə daha sıx bağlanan bir vəziyyətə keçirilir”.
Ekspertin fikrincə, böyük ehtimalla yaxın zamanda V.Talıbovun da vəzifədən hansısa şəkildə uzaqlaşdırılması reallaşa bilər: “Yeni Azərbaycan Partiyasının yubiley tədbirində onun iştirak etməməsi faktiki olaraq onu göstərir ki, Vasif Talıbov artıq Bakıda gözdən düşüb və onun dəyişdirilməsi üzərində iş gedir”.
Prezidentin Vasif Talıbova dediklərini bu cür yozdular
Politoloqun sözlərinə görə, Naxçıvan son illərdə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi tədbirlərdən sanki kənarda qalmışdı: “Xüsusən müharibədən sonra ciddi şəkildə İlham Əliyevin fərqli bir siyasətçi profilində ortaya çıxdığını görürük. Yəni, millətçi sloqanlara sahiblənən, Qarabağ problemini həll etmiş, Güney (İran Azərbaycanı-red.) məsələsinə sahiblənən bir lider. İlham Əliyev özünü bütün azərbaycanlıların lideri qismində bütün dünyaya təqdim edir və daxili siyasi mübarizələrin fövqündə olan bir lider qismində çıxış edir. Naxçıvan isə İlham Əliyevin apardığı bu siyasətdən bir qədər kənarda qalmışdı”.
“Azərbaycanda Naxçıvana bir xanlıq kimi baxılırdı”
Ş.Cəfərli bu səbəbdən Azərbaycanda Naxçıvana bir xanlıq kimi baxıldığını bildirir: “Bu, heç də əsassız bir fikir deyil. Vasif Talıbov orada bir xanlıq qurmuşdu, Bakıdan icazə almadan, Bakı ilə məsləhətləşmədən bir sıra qərarlar verirdi, Azərbaycanın digər regionlarından tamamilə fərqli mühit yaratmışdı. İndi, görünür, İlham Əliyev bütün bunlara son qoymağa və Naxçıvanı Bakıya daha sıx bağlamağa qərar verib”.
Bu fikirlərə, hələlik, Naxçıvan MR rəhbərliyinin münasibətini almaq mümkün olmayıb. Amma bundan öncə muxtar respublikanın rəsmiləri Naxçıvanda Azərbaycan qanunlarından kənar halların baş verməsi ilə bağlı deyilənləri qəti təkzib ediblər. Onlar Naxçıvanda böyük quruculuq işlərinin həyata keçirildiyini vurğulayıblar.
Azərbaycan prezidenti də əslində indiyə qədər muxtar respublika rəhbərliyinin fəaliyyətini bir çox hallarda yüksək qiymətləndirib. Elə 2020-ci ildə prezident V.Talıbova “Şərəf” ordeni verib. /yenisabah
 


Story Code: 1027690

News Link :
https://www.islamtimes.org/az/article/1027690/vasif-talıbov-artıq-bakıda-gözdən-düşüb

Islam Times
  https://www.islamtimes.org