0
Sunday 6 November 2011 - 13:09

Fasiq insanın Qiyamət günündəki halı

Story Code : 112066
Fasiq insanın Qiyamət günündəki halı
Fasiq insanın Qiyamət günündəki halı
Qurani-Kərimin bir çox ayələrində fasiqlərin Qiyamət günündəki taleyinə işarə edilmişdir. Belə ki, buyurur: “Fasiq olanlara (gəldikdə) isə onların qalacaqları yer oddur. Hər vaxt oradan çıxmaq istəsələr, yenə ora qaytarılacaqlar və onlara: “Yalan hesab etdiyinz odun əzabını dadın!”- deyiləcəkdir. Və onlara böyük əzabdan qabaq mütləq kiçik (dünya) əzabından da dadızdıracağıq ki, bəlkə (Allaha tərəf) qayıtsınlar”. (“Səcdə” 20-21).

Ərəblər xurmanın qabağından çıxmasına “fisq” deyirlər. Quran da buna görə itaət, insanlıq və ibadət çərçivəsindən çıxmış insana “fasiq” deyir. Fasiq hər bir əməlində - həm daxili və həm də batini əməlində möminin əksidir. Mömin ibadət və itaət dairəsində ixlas, iman, düzlük, kəramət və fəzilətə çatır. Bu məsələlərdə mətanət göstərir, həyatın acı və şirinlikləri qarşısında sabitqədəm olur. Əllərini bu dairədən xaric olanların əllərinə qoymur. Mömin Haqladır və Haqq da möminlədir. Mömin həmişə haqqın tərəfindədir.

Həzrət Peyğəmbər (s) buyurur: “Əmirəl-möminin (ə) davamçıları həqiqi möminlərdir. İmamları kimi hər yerdə və hər bir şəraitdə haqladırlar. Haqq da onlarladır. Və o tərəfə hərəkət edərlər ki, haqq hərəkət edər”.

Ancaq fasiq iman dairəsindən kənarlaşaraq, itaət və ibadət dairəsindən çıxaraq, əllərini hər bir iblis və şeytanın əlinə qoyur. Fəsad törədirlər, diqqət etmədən dünya və axirətlərini əldən verirlər. Vücudlarının sərmayəsini zay edirlər. Vacibatları yerinə yetirməkdən və haramları tərk etməkdən çəkinirlər. Peyğəmbərlərə (ə), İmamlara (ə) və Qurana tərəf üz tutmurlar. Haqqı tanımaqdan qaçırlar. Qarınları və ləzzətlərindən başqa bir şey düşünmürlər. Ölümlərinə qədər çəkən bu halları ilə özlərinə cəhənnəm əzabı hazırlayırlar. Qiyamətə daxil olanda isə atəşdən başqa yerləri olmayacaqdır. Dünyada olanda bir günahdan ayrılandan sonra o biri günahı işlədirdi. Qiyamət günü də inkar etdiyi bu əzabı hiss edəcək və dadacaqdır.

Bəzən fitrət də adlandırılan Haqqa qarşı insanın daxili və batini cazibəsi o zaman inkişaf edər ki, eşq insanın bütün vücudunda təcəlli tapar. İbadət, itaət, iman və ixlasın köməyi ilə kamala çatmaq üçün zəminə yaranar. Bu cazibənin kamil nümunəsi Qiyamət günü zühur edəcəkdir. Orada mömin Allah ilə vücudi qovuşmaya tələsəcəkdir.

Ancaq fasiq insan batini fitrət və cazibəsini dünyada günahın iti qılıncı ilə məhv edər. Qiyamətdə də Allahla görüşə nail ola bilməyəcək və əbədi behiştdən məhrum olacaqdır. Cəhənnəmdən çıxmaq istəsə də, batin və zahirində elə bir qüdrətə malik ola bilməz ki, canını qurtara bilsin. Çünki onlar cəhənnəmə layiqdirlər. Onlar Qiyamətə aid Haqqın kəlamını və İlahi vədəsini təkəbbürləri üzündən inkar etmişdilər. Həqiqətlər qarşısında ağıllarından istifadə etməmişdilər. Nəfslərinin bütün hava və həvəsini həyat mehvərləri qərar vermiş və əlacı olmayan bir bəlaya düçar olmuşdular.

Onlar Mübarək Ramazan ayından, Məhərrəm, Səfər və Fatimə (s.ə.) əyyamından bəhrələnməmişdilər. Peyğəmbərin (s), İmamların (ə) və alimlərin heç bir kəlamlarını qəbul etməmişdilər. Beləliklə ölüm çatır və sonu acı olan bir əbədiyyətə qovuşarlar.

Beləliklə görürük ki, mömin və fasiq arasındakı fərq böyükdür. Fasiqlər özlərini maddi aləmə bağlayıblar. Zahirə çox diqqət edirlər və bu yanlış düçüncə ilə hər bir həqiqi düşüncə ilə vuruşurlar. Peyğəmbərlərin (ə) dəvətini qəbul etmirlər. Haqqı qəbul etməkdə təkəbbür göstərirlər. Bundan başqa, həqiqəti məsxərə də edirlər.

Quran buyurur: “Məgər mömin kimsə ilə fasiq olan şəxs birdirmi? Əlbəttə onlar bir olmazlar”. (“Səcdə” 18).

Hazırladı: Məşhədi Xanım
Source : deyerler
Comment