0
Tuesday 15 September 2009 - 13:08

İSLAMSIZ MƏDƏNİYYƏT PAYTAXTI-2009?

Hacı İlqar İbrahimoğlu
Story Code : 11700
İSLAMSIZ MƏDƏNİYYƏT PAYTAXTI-2009?
Amma o zaman heç düşünməzdim ki, mübarək Ramazan ayının son günlərini yaşadığımız bir dönəmdə, ölkə ilahiyyatçılarından “kaş ki, Bakımızı İslam Mədəniyyət Paytaxtı elan etməyəydilər” sözlərini eşidəcəyəm. Amma günlər-həftələr keçdikcə, bu acı deyim artıq acınacaqlı vəziyyətin sanki bir duyğusal sloqanına çevrildi.

İlin əvvəlində söyləmişdim və indi də əminəm ki, Vətənimiz və onun paytaxtı Bakı, sözün əsl mənasında İslam mədəniyyət paytaxtı olmağa layiq idi və layiqdir. Və bunun təsbiti üçün sadəcə iradə nümayişi, səmimi əzm və işin mahiyyətini anlamaq lazım idi. Amma nəticədə elə şeylər oldu ki, bu il Bakımız “İslamsız mədəniyyət paytaxtı-2009” statusunu almaqda ən iddialı nominantlardan ola bilər. İlin əvvəlindən iki məscid söküldü, birisi bağlandı, birinin də sökülməsinə məhkəmə qərar çıxartdı. İnancla bağlı ən irticavi qanunlar məhz bu il qəbul edildi.

Bu mənada Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin APA-ya eksklüziv müsahibəsində “Bakı - İslam Mədəniyyətinin Paytaxtıdır” ilə bağlı dedikləri diqqəti çəkməyə bilmir. Müsahibədə ““Bakı - İslam Mədəniyyətinin Paytaxtı” ilinin keçirilməsi Azərbaycana nə verdi?” sualının cavabında mədəniyyət naziri: “Dünya miqyasında Azərbaycanın İslam mədəniyyətinə məxsusluğu və bu mədəniyyətin qorunub saxlanılmasında böyük rolunu bütün dünyaya nümayiş etdirdi. Digər tərəfdən, Azərbaycan öz təcrübəsi, öz nailiyyətləri və öz insanları ilə sübut etdi ki, İslam mədəniyyətinin özülləri üzərində müasir, yeni, tərəqqiyə yönəlmiş mədəniyyət və cəmiyyət qurula bilər...Azərbaycanın mədəniyyət potensialının, zəngin tarixi və mənəvi dəyərlərinin dünyada tanıdılmasında bu ilin çox mühüm əhəmiyyəti var... Bu il yanvarın sonundan etibarən silsilə tədbirlər keçirilməsinə başlanılıb. Bu tədbirlərin Azərbaycansayağı keçirilməsi çox böyük önəm daşıyırdı. İş orasındadır ki, Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu geosiyasi və coğrafi məkanda yerləşir. Bizim də əsas məqsədimiz bu müxtəlifliyi, Azərbaycanın mədəniyyətlərarası dialoqa nümunə ölkə olmasını göstərmək idi”, - kimi cavablandırdı.

Açığı, “böyük rolunu bütün dünyaya nümayiş etdirdi” və “sübut etdi” ibarələri məndə qəribə təəccüb doğurdu. Bəli, nümayiş etdirməli və sübut etməli idi. Amma əməldə bunun tam əksi baş verdi və verməkdədir. “Məqsədimiz bu müxtəlifliyi, Azərbaycanın mədəniyyətlərarası dialoqa nümunə ölkə olmasını göstərmək idi” tezisi də heç cür məscidofobiya fenomeni ilə uzlaşmır.

Əslində cənab nazir “Bakının İslam mədəniyyətinin paytaxtı elan olunduğu ildə ölkədə məscidlərin sökülməsinə necə baxırsınız?” sualında bunu özü də biruzə verdirir. “Hər şey qanun çərçivəsində olmalıdır. Hansısa tikili qaydalara, qanunlara zidd inşa olunubsa, əlbəttə ki, lazımi ölçü götürülməlidir. Əgər məscid, yaxud başqa tikili qanun çərçivəsində inşa olunubsa, onu heç vaxt sökməzlər. İnanıram ki, gələcəkdə belə hallar az olacaq. Azərbaycan xalqı dininə dərin hörmətlə yanaşan xalqdır. Buna görə də inanıram ki, bu faktlar gələcəkdə artıq olmayacaq, çünki qanunun aliliyi təmin ediləcək”,- deyə cavablandırır.

Doğrusu bunları dedikdə, nə nəzərdə tutulur – tam aydın olmur. Zira, cənab mədəniyyət naziri də daxil olmaqla hamıya məlumdur ki, ən böyük qanun - toplumun əsrlərdən gələn mədəni-mənəvi paradiqmal əsasıdır. Zatən, hər bir yazılı qanun onun qorunması üçündür. Bu il ərzində bu özülə əslində təcavüz edildi. Bunun ağrıları isə, gec tərpənsək, hələ özünü çox pis və daha dəhşətli göstərəcək. Tarixin inkişaf fəsəfəsi bunu aydın bir aksiomayla çoxdan bildirib.

Sözsüz ki, hər bir azərbaycanlı və mədəniyyət adamı kimi, şəxsən cənab Qarayev belə olacağını istəmirdi. Və tezislərdə vurğuladığı kimi, tam əksini görmək istəyirdi. Və inanıram ki, hər bir məscid söküntüsünü böyük mənəvi iztirabla qarşıladı. Amma, məscid söküntüsü ilə dövlətçiliyə baş verən diversiyanı gərək ittiham edərdi.

Bəs indi nə etməli?!

Heç olmasa, ilin qalan dönəmində səhvləri düzəltməli və parodik vəziyyətdən çıxmağa səy göstərilməli.

İnşəallah!


****


Mübarək Ramazan ayının 25-ci gününün dualarında olan mənəvi çalarlara diqqət edək:

Bizləri dostlarını istəyən və düşmənlərini düşmən sayanlardan qərar ver, ey haqqı batildən ayırmanı bizlərə öyrədən Rəbbim!
Bizləri sonuncu peyğəmbərin din və şəriətini üstün tutub, ona gözəl əməl edənlərdən qərar ver, ey, peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapqınlıqdan qoruyan Rəbbim! Amin!
Source : "Dəyərlər" AİN
Comment