0
Friday 18 September 2009 - 15:45

BİZLƏRƏ YAXIN MÜSİBƏT

Nuran Mikayıloğlu
Story Code : 11855
BİZLƏRƏ YAXIN MÜSİBƏT
Bu il fələstinli müsəlman Ramazan ayı yaşamına bir çox dəyişikliklərlə gəlmiş oldu. Qəlblərə od vuran bir dəyişiklik, insanlığı sarsıdan bir dəyişikliklərlə daxil oldu mübarək İlahi ziyafətə. Biriləri isə heç olamadı bu ayın qonağı. Bütöv bir ailələr, bir ailələrin körpələri, Suməyyələri, Mərvaları...

Onsuz da artıq alışmışdı iftarları belə aclıqla qarşılamağa, şam işığında soyuq daxmada süfrə başına yığışmağa. Ancaq balasını qoynuna alıb, Mərvasını tumarlayıb isinirdi onun qəlbi. İndi Qüdslü ailənin, Qəzzalı ailənin bu ocağını da söndürdülər. Mən təsəvvür edə bilmirəm beş qızından məhrum olmuş kişinin iftar süfrəsinə yalqız əyləşməsini, Allahla bu zaman münacatını, razu-niyazını...

Evləri dağıdılmış, işıqları söndürülmüş, suyundan, yeməyindən, məhrum edilmiş onlar. Ancaq bir dərd də əlavə olundu onların dərdinə bu il. Elə bir dərd ki, indi biz onu çox yaxşı hiss edərik. Elə bir dərd ki, indi bu məmləkətin müsəlmanın da qəlbinə dağ çəkib. Məscidləri sökülmüş Qəzza! Müsəlmanları hər vəhclə səndən ayrı salmağa çalışılan Əl-Əksa! Yadlar tapdağında qalan Qüds! İndi mənə necə də yaxınsan?!

Ey Qəzza, sənin üç yüzdən çox məscidini yerlə yeksan edəndə, izlədiyimiz təsvirlərdə minarələri çökmüş vəziyyətdə görəndə insan heyrətə gəlirdi. Düşünürdük ki, yəni insan nə qədər gərək insan sifətini itirmiş olsun ki, məscidə bomba yağdırsın. Mübarək qonaqlıqda olan Qüdslülərin Rəbbləri ilə görüşmək üçün məscidlərə tələsdiyi bir vaxtlar var idi. İndi bu məscidləri onlar üçün salafan otaqlardan ibarət ibadət yerlərinin əvəz etdiyini görəndə sarsılırdım. Ancaq görünür bu sarsıntımın sonu deyildi...

Haradan biləydim ki, bir gün mən də televiziyadan, xəbərlərdən görüb heyrətləndiyim, qəhərləndiyim məscid dağıntılarını, məscid söküntülərini öz gözlərimlə görə bilərəm?! Haradan biləydim ki, özülünə Zəm-zəm suyu səpilmiş, üzünə mübarək Kərbəla türbəti çəkilmiş “Peyğəmbərimiz Muhəmməd (s)” məscidinin dağıdılması gözlərimlə seyr edə bilərəm?! Kaş ki, görməz olaydım! Necə təsəvvür edəydim ki, Xəzərin dalğalarını mülayimliklə sahilinə çırpdığı məscidin daşlarını indi elə həmin dalğalar utana-utana öz ağuşuna alacaq?! Heç Xəzər özü də təsəvvür edə bilməzdi. Nə biləydim ki, məscidin qarşısında Quran kitabəsinin lomla parçalanmış hissəsini əlimə alıb ona tamaşa edəcəm?!

Ey Qəzza, möhtəşəm məscidin ucaldığı bir ərazidə indi qara torpaq görəndə sən yadıma düşürsən, sənin məscidlərin yadıma düşür. Ey Əl-Əksa, fələstinliləri sənin qoynunda ibadət etməyə qoymadıqlarını eşidəndə yadıma bizləri aram səslə səsləyən “Şəhidlər came”sinin bağlı darvazalarının səsi düşür! Ey fələstinli, sənin Qüdsdən yapışdığın əli buradan qoparmaq üçün başına bu müsibətləri gətirirlər. Bəs mənim, mənim müsəlman məmləkətimin günahı nə idi?! Mənim İslam mədəniyyəti paytaxtı olmam axı kimə qəzəbli gəldi?!...

Ey Qəzza, bilirsən sənin dərdlərinlə nə zaman tam doğmalaşdım? Yadına gəlir, bir neçə ay bundan öncə acı bir tarix yaşadın, bəlkə də göyləri titrədən bir xəbərin çatdı bizə?! Bildik ki, sənin köksündən bir gülü qopardıblar ki, onun acısına bu gün də yanırsan. Xəbərimiz oldu ki, sənin sinəndə boy atmış Fatimeyi-Zəhra (ə) məscidinə bomba atıblar, Xanımın (ə) adına olan məscidi yerlə yeksan ediblər. Bəs indi sənə necə doğma olmayım, ey Qəzza?! Bəs indi sənin ağrılarının şiddətinə necə yanmayım ki, mənim də Fatimeyi-Zəhra (ə) məscidimi qapayıblar, mənim də Xanım Zəhra (ə) məscidimi almaq istəyirlər əlimdən. Sənin inanclıların bu ilin Ramazan ayında tövbə göz yaşlarını, Zəhraya (ə) təvəssül göz yaşlarını bu məscidə axıtmadıqları kimi, bu məmləkətin də Zəhra (ə) yetimləri analarının adına olan məscidə həsrət qaldı...

Zatən, möminlərin qəlbləri Rəbblərinə Allah evi qədər əziz. Bir qəlb ki, orada Xanım Zəhraya (ə) sevgi olar, elə həmin qəlbin özü Xanımın (ə) adını daşıyan Allah evi və bu qəlbi ki, onlardan heç kəs alamaz! Allahım, Qüdsü, Qarabağı, sökülən məscidlərimizi, Xanım Zəhra (ə) məscidlərimizi bizlərə qaytar! Amin!
Source : "Deyerler" AIN
Comment