0
Tuesday 3 January 2012 - 11:23

Nəhcül-Bəlağə (2)

Story Code : 127230
Nəhcül-Bəlağə (2)
Nəhcül-Bəlağə (2)
NƏHCÜL –BƏLAĞƏ
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları

Toplayan:
Seyyid Rəzi


11-ci xütbə

İmam Əli əleyhis-salamın «Cəməl» döyüşündə (Aişənin dəvəyə mindiyi döyüşdə) döyüş bayrağını övladı Məhəmməd ibn Hənəfiyyəyə verdiyi vaxt ona xitabən buyurduğu kəlamlarındandır:[1]

Dağlar yerlərindən qoparılsa da, sən öz yerindən tərpənmə. (Sən döyüş meydanında dağdan möhkəm olmalı, qaçmamalısan.) Dişlərini bir-birinə sıx (özünü müharibənin çətinliklərinə alışdır). Başını Allaha tapşır (döyüşdə başından keç, ya bütün fikir və xəyallarını Allaha bağla). Ayağını mismar tək torpağa mıxla (döyüş meydanında möhkəm dayan, düşmənin çoxluğundan qorxma). Qoşunun sonunu görüncəyə qədər bax (bütün düşmənlər məğlub olmayanadək arxayınlaşma və ya öz işində uzaq görən olman üçün onların ən son hiylə və tədbirlərini nəzərdə tut). Gözlərini yum (düşmənlərin hiylə və tədbirlərini bildikdən sonra hər tərəfə baxma və onların qılınclarının parıltısından vahiməyə düşmə). Bil ki, qələbə və fəth pak olan Allahdandır. (Döyüş qaydalarına əməl etdikdən sonra, əgər Allahın istəsə qələbə və zəfər sənə nəsib olacaqdır.)

12-ci xütbə

İmam Əli əleyhis-salamın kəlamlarındandır. «Cəməl» döyüşündə Allah o Həzrətə qələbə nəsib etdikdən sonra Həzrətin yoldaşlarından biri dedi: «İstəyərdim qardaşım filankəs də bu döyüşdə bizimlə olaydı və Allahın sənə düşmənlərin üzərində necə qələbə çaldırdığını görəydi». Həzrət buyurdu: «Sənin qardaşının meyli və istəyi də bizimlədirmi?» Dedi: «Bəli». Həzrət buyurdu: «O da bu döyüşdə bizimlə olmuşdur». (Bizi istəyənlərdən hətta) kişilərin belində və qadınların bətnində olanlar da bizimlə birgə qoşunumuzda olmuşlar (yəni, olmuş kimidirlər). Tezliklə ruzigar onları insanın burnundan qəfil axan qan kimi meydana gətirib zahir edəcəkdir. Onların (xidmət və yayılmalarının) səbəbinə iman güclənəcəkdir. (Bizim düşmənlərimiz onlar tərəfindən məğlub ediləcəklər).

13-cü xütbə

İmam Əli əleyhis-salamın Bəsrə şəhəri və əhalisini məzəmmət etdiyi kəlamlarındandır: [2]


Ey camaat, siz bir qadının (Aişənin) qoşunu idiniz və dilsiz bir heyvana (Aişənin dəvəsinə) tabe olmuşdunuz. Onun səsi ilə (onun ətrafına toplaşıb) idarə olunurdunuz damarları kəsildikdə (öldürüldükdə) isə hamılıqla qaçdınız.[3] Sizin əxlaq və xasiyyətiniz süst, əhd-peymanınız boş, inancınız ikiüzlü, şəhərinizin suyu şor və dadsızdır.[4] Sizlərin arasında yaşamış hər kəs öz günahının girovuna çevrilmişdir.[5] Sizləri tərk edən hər kəs Pərvərdigarının rəhmətini dərk etmişdir. (Çünki sizinlə birlikdə olma günahının cəzasından xilas olmuşdur.) Mən sizin məscidi (suda batan) gəminin sinəsini görürmüş kimi görürəm. Allah-təala bu şəhərin yuxarısından və aşağısından əzab göndərmişdir (göydən yağış, yerdən isə dənizin suyunun daşması) ki, onda olanların hamısı qərq olmuşdur. Başqa bir rəvayətdə deyilir (Həzrət buyurub): Allaha and olsun, sizin şəhəriniz batacaqdır. Onun məscidini (suda batan) gəminin sinəsi və ya sinəsi üstə yatmış dəvəquşu kimi görürəm. Başqa bir rəvayətdə göstərilir ki, (buyurdu: suda batan məscidi) dənizdə batan toyuğun sinəsi kimi (görürəm).[6]

14-cü xütbə

İmam Əli əleyhis-salamın əvvəlki (Bəsrə şəhəri və onun əhalisini məzəmmət etdiyi) bəyanına bənzər kəlamlardır:


Sizin şəhərin torpağı suya (dənizə) yaxın, səmadan uzaqdır. (Çünki çökəklikdə yerləşmişdir. Yaxud rəzil əxlaqınıza görə İlahi rəhmət sizdən uzaqdır.) Sizin ağılınız yüngüldür və helminiz, səbriniz lazım olmayan yerlərdə işlədilir (öz din və dünyanızın məsləhətini bir qadının əlinə verib dəvəyə itaət etdiyiniz kimi). Buna görə də (ağlınız yüngül, helminiz nöqsanlı olduğuna görə) oxatanlar üçün hədəf, yeyənlər üçün loxma və hücum edənlər üçün ovsunuz.[7]

15-ci xütbə

İmam Əli əleyhis-salamın öz xəlifəliyi dövründə müsəlmanlara qaytardığı torpaqlar barədə kəlamlarındandır. Bu, Osmanın (xəlifəliyi dövründə qohumlarına və ehsana layiq olmayanlara) bağışladığı torpaqlar idi.

And olsun Allaha, Osmanın bağışladığını tapsam, onunla qız ərə verib kəniz alsalar belə sahibinə qaytaraca­ğam. Çünki ədalət və düzlükdə (camaat üçün din və dünya işlərində) açılma və genişlik var. Ədalət və düzlük dar gələn şəxsə (ona uyğun rəftar etməkdə aciz olana sözsüz ki,) zülm və sitəm daha dar (daha aciz və gücsüz) olar.

16-cı xütbə

İmam Əli əleyhis-salamın Mədinə şəhərinin əhalisinin onunla bey’ət etdiyi zaman buyurduğu xütbələrindəndir.

Mənim əhdim dediyim sözlərdədir və onların hamısına zəmanət verirəm. (Sözlərimin doğruluğu şübhəsizdir və onda batildən əsər-əlamət yoxdur.) Ruzigarın hadisələri və ibrətləri qarşıda olan günahın cəzasından və dünyadakı dəyişikliklərdən saxlayan şəxsi təqva və pərhizkarlıq şübhələrə düşməkdən (haqqın batil və halalın haramla səhv salındığı şeylər) saxlayar. Agah olun ki, əzab və bəla (fikir ayrılığı və cahillik) Allahın Peyğəmbərinizi seçdiyi gün (cahiliyyət dövrü) kimi sizlərə qayıtmışdır. And olsun haqq olaraq Peyğəmbəri göndərənə ki, sizlərdən ən aşağıda olan ən yüksək məqama yüksələnə, sizlərdən ən yüksəkdə olan isə ən aşağı məqama düşənə qədər bir-birinə qarışacaqsınız.[8] (İmtahan ələyində) ələnəcək, bir-birinizdən ayrılacaq, (qaynayıb daşan zaman) kəfkirin xörək qazanının dibini qarışdırdığı tək qarışdırılacaqsınız. İslamda qabağa düşən, (Təlhə, Zübeyr və başqaları kimi Peyğəmbərin yanında) qədri və məqamı olmayanlar önə keçəcəklər (irəli düşənlər, hamıdan əvvəl İslama iman gətirənlər Allahın peyğəmbərinin yanında böyük məqam və hörmət sahibi olanlar) əlbətdə dayanacaqlar. Allaha and olsun, heç bir sözü gizlətmədim, (deməli olduğunu dedim) heç vaxt yalan danışmadım. Bu məqam (sizin bey’ətiniz) və bu gün (bey’ət üçün toplaşmanız) barədə mənə xəbər verilmişdi (Allahın Rəsulu mənə xəbər vermişdi). Agah olun ki, günahlar yüyəni qırmış azğın atlara bənzər ki, ona minən günahkarları od-alova atar. Təqva və günahdan çəkinmək isə yüyəni sahibinin əlində olan ram edilmiş dəvələrə bənzər. Onlara minənləri behiştə daxil edərlər. Təqva və günahdan çəkinmə haq və doğru yol, günahkarlıq isə batil və həlakət yoludur. Bu hər iki yolun öz əhli var. Batil yolun yolçuları çox olsalar (qəribə deyil, çünki) əvvəlki dövrlərdə də çox olub və günaha batıblar. Əgər haqq azalarsa onun artmasına ümid var.[9] Haqq zəifləyərsə güclənməsi çətin olar.[10] (Bundan sonra Seyyid Rəzi əleyhir-rəhmə buyurur:)

Deyirəm: bu qısa söz (İmam əleyhis-salamın) söz gözəlliklərindən bəzilərini özündə daşıyır. Mədh edənlərin öz dərk etdikləri kimi tərifi ona çatmaz. Bu sözlərin heyranlığından olan xeyir, xudpəsəndliyin xeyrindən çoxdur.[11] Dediklərimizə əlavə olaraq bildirirəm ki, o Həzrətin sözlərində heç bir dilin vəsf etmək gücünə malik olmadığı, heç bir insanın dərinliklərini dərk edə bilmədiyi fəsahət var. Bəyan etdiyim sifətləri dərk etmək bütün ömrünü fəsahətə həsr edib onun kök və əsasını əldə edən şəxslərdən başqa heç kəsə nəsib olmur. Bu sözü alimlərdən başqa kimsə qavraya bilməz.


Bu xütbənin bir hissəsidir

Qarşısında Cənnətlə Cəhənnəm olan[12] hər bir kəs asudə deyil.[13] (Birinci, saleh əməllərlə) cəld səy göstərən (İlahi əzabdan) nicat tapmışdır. (İkinci) Haqqı axtaran ki, tənbəldir və (Allahın rəhmət və bağışlamağına) ümid edir. (Üçüncü) Təqsirkar (haqqa göz yuman), ilahi atəş və əzab içində həlak olandır.[14] Yolun sağı və solu ilə getmək azğınlığa gətirib çıxarar. Doğru yol orta yoldur (ondan kənara çıxmaq olmaz. Çünki) qorunmuş kitab (Qur’ani-Kərim) və peyğəmbərliyin nişanələri (Həzrət Rəsulun sünnəsi) onu (şahid) göstərir. Bu doğru yoldan (xalis ədalətdən) Allah Peyğəmbərinin yolu, sünnəsi əldə olunur və işlərin sonu (dünya və axirətdə insanlar) ona doğru qayıdır. Haqdan qeyrisini iddia edən hər kəs həlak oldu, yalan danışan hər kimsə ziyan gördü. Nadan camaatın arasında haqqı bəyan edən hər kimsə həlak olur. (Onların əllərindən və dilindən ziyan görür və ya öldürülür.) Öz məqam və qədrini bilməyən kişiyə cəhalət və nadanlıq bəs edər.[15] Təqva və günahdan çəkinmək üzərində qurulmuş sarsılmaz əsas və möhkəm dayaq məhv olmaz, camaatın əkdiyi onun təsirindən susuz qalmaz.[16] Öz evlərinizdə gizlənin (fitnə-fəsad üçün bayıra çıxmayın) aranızda olan ixtilafları aradan qaldırın, tövbə (Allaha tərəf qayıdaraq pis əməllərdən peşman olmaq) sizin arxanızdadır. (Günahlardan peşman olduğunuz zaman tövbəyə qayıdın, o sizdən ayrı deyil.) Heç bir şükr edən (nemət gördükdə) Pərvərdigarından başqasına həmd və şükr etməsin (çünki bütün nemətlər Ondandır.) Heç bir məzəmmət edən də (bir şər gördükdə) özündən başqasını məzəmmət etməsin.[17]

17-ci xütbə

İmam Əli əleyhis-salamın camaata hökmranlıq edən, am­ma bu vəzifəyə layiq olmayan kəslər barəsində kəlamlarındandır.

Məxluqat arasında Allahın ən düşmən bildiyi (Haqqın rəhməti heç vaxt halına şamil olmayan) iki şəxsdir: (Əvvəl) Allahın (itaətsizlik etdiyinə və asi olduğuna görə) özbaşına buraxdığı şəxs. Belə ki, (bu cür şəxs istədiyi hər bir şeyi etdiyinə görə) doğru yoldan azıb, bid’ət yaradan sözə, camaatı azğınlığa dəvətə ürək bağlayıb (dində olmayan bir şeyin dində yaranmasına səbəb olacaq sözü danışmağı sevir, camaatı azğınlığa və pis əməllərə vadar edir). Beləliklə, bu kişi onun vasitəsi ilə fitnəyə düşən şəxs üçün fitnə-fəsad səbəbidir. Ondan əvvəl doğru yolla gedənlərin (kitab və sünnəyə əməl edənlərin) yolundan azandır, sağlığında və ölümündən sonra ona tabe olan şəxsləri azdırandır. (Azdırdığına və günaha saldığına görə) başqalarının günah yükünü daşıyır və eyni zamanda öz günahlarının da girovundadır. (İkinci) nadanlıqları özündə birləşdirən (və onların vasitəsi ilə) nadan camaatı azdıran şəxsdir. Fitnə-fəsadın qaranlıqlarında (onun üçün nicat yolunun olmamasından) xəbərsizdir. (Camaatın arasını) düzəldərkən kordur. (Onların necə islah olunacaqlarını bilmir) Avamlar onu alim adlandırır, halbuki o, nadandır. Hər səhərini azlığı çoxluğundan daha yaxşı olan şeyi artırmaq istəyi ilə açdı. Ona çatdıqda isə iylənmiş su ilə doydu, boş mətləblərlə doldu.[18] Camaat arasında hökm vermək üçün əyləşib özündən qeyrisi üçün anlaşılmaz olanları anladığını güman edir (hər bir mübahisəli məsələnin və çətinliyin həllinə hazırdır). Əgər çətin məsələlərdən biri ondan soruşulsa, cavabında öz rəyinə əsaslanaraq boş və mənasız sözlər düzüb-qoşar (sözlərinə uyğun hökm verər) və verdiyi cavabın doğruluğuna əmin olar. Onun (camaatı aldatmaq üçün) şübhəli məsələləri (bir-birinə) qarışdırması hörümçəyin tor hörməsinə bənzəyir.[19] Doğru hökm verdiyini və ya xəta etdiyini bilməz. Əgər doğru hökm vermiş olsa belə, xəta etməyindən qorxar. Əgər səhv etmiş olsa ümidvar olar (ki, camaat) düzgün hökm verib (desin). Nadandır və nadanlığı ilə də çoxlu səhv edir. Gözlərinin nuru çatmır (cəhalət və nadanlığın zülmətində əlacsız qalıb, hansı yolla gedəcəyini bilmir) və önünü görməyən dəvələrə çox minir (çətin məsələlərdə mat-məəttəl qalır, nə cavab verəcəyini bilmir). Nadanlığına görə qəti cavab verə bilmir (dedikləri təxəyyül əsasındadır. Heç bir məsələdə elmi və yəqinliyi yoxdur). Hədisləri (məlumatsızlığı, səhihliyini və batilliyini başa düşməməsi səbəbindən) küləyin quru və faydasız otları dağıtması kimi göyə sovurur (hədislərdəki məqsədi başa düşmür və onlardan harada istifadə yerini bilmir, hədisləri səbəbsiz olaraq hər yerdə danışır). Allaha and olsun, ona verilən suala cavab vermək gücündə deyil (elm və bilikdən bəhrələnməyib). (Camaatın din və dünya işlərindən) ona həvalə olunana ləyaqəti çatmır. Özünün inkar etdiyi şeyi başqa birisinin bildiyini güman etmir.[20] Başqa birinin onun dediyinə zidd biliyinin olduğuna inanmır (özünü hamıdan daha bilikli sandığından, kimsənin onun dedi­yinin əksinə sözü olduğunu güman etmir). Hər hansı bir məsələ ona qaranlıq qaldıqda (məsələnin cavbında ilişib qalanda), onu bilmədiyini başa düşdükdə (bilənlərdən) gizlədər və («o bilmir» deməsinlər deyə) aşkarlamağa qoymaz. Onun zülm və sitəmlə verdiyi hökmlərə görə axıdılan nahaq qanlar dilə gələrək fəryad çəkirlər. Miraslar (haqsız yerə öz sahiblərinə çatmadıqlarına görə) onun zülmünün əlindən uca səslə nalə çəkirlər. Cəhalət və nadanlıqla yaşayan, azğınlıqla ölən dəstədən Allaha şikayət (öz dərdlərimi izhar) edirəm. Doğru oxuduqda və onda heç dəyişiklik etmədikdə onlar üçün Allahın kitabından daha kasad və dəyərsiz mal yoxdur. Təhrif və dəyişiklik etdikdə (öz batil qərəzlərinə uyğun tə’vil etdikdə) ondan qiymətli və geniş yayılmış başqa bir mal olmaz. Onlar üçün yaxşı işlərdən pis və pis əməllərdən yaxşı olan iş yoxdur. (Çünki onların qərəzli məqsədləri dində qadağan edilmiş şeylərlə bağlıdır.)

18-ci xütbə

İmam Əli əleyhis-salamın əks fətva verən (hökmü «şəriət» dəlilləri ilə deyil, «qiyas» əsasında, öz rəyləri ilə verən) üləmaları məzəmmət etdiyi kəlamlarındandır.

Üləmaların birindən dinin əhkamı barəsində bir məsələ soruşulduqda, o, öz rəyi əsasında fətva verir, həmin məsələ digər qazıdan soruşulduqda, onun fətvası birinci qazının fətvasının əksinə olur, bu zaman bir-birinə zidd hökmlərilə onları qazı təyin edən rəhbərin ətrafına toplanırlar (onun təsdiq etməyini istəyirlər). Qazılar qazısı onların, Allahı, bir, Peyğəmbəri bir, Kitabı bir olduğu halda hamısının rəyinin düzgün olduğunu söyləyir.[21] Allah-təala onlara (eyni bir məsələdə) ziddiyyətli fətva verməyə əmr edibmi ki, onlar da onun göstərişinə itaət ediblər? (Ziddiyyət, heyrət və sərgərdanlığın səbəbidir, belə bir işə isə əmr verməyin Allah-təalanın şəninə layiq olmadığı aydındır.) Ya onları ziddiyyətdən çəkindirib, onlar isə itaətsizlik və günah ediblər? (Belə isə qazılar qazısının fikir ziddiyyətlərini düzgün hesab etməsi və onların hamısının doğruluğuna hökm verməsi yersizdir.) Yaxud da Allah-təala naqis bir din göndərib, onu tamamlamaq üçün onlardan kömək istəyib? (Bu da düzgün deyildir, çünki Xaliqin məxluqdan kömək istəməsi ağıla ziddir.) Və ya özlərini Allaha şərik bilib (öz rəylərinə əsasən istədikləri kimi) hökm verirlər və O da razıdır? (Bu da batildir. Çünki Allahın heç bir şəriki olmadığı aydındır.) Və ya Allah-təala tam bir din göndərmiş, (qazıların ixtilafının səbəbi budur ki,) Allahın rəsulu (səlləlahi əleyhi və alih) isə onun təbliğində və çatdırılmasında bir nöqsan etmişdir? Halbuki (belə deyildir, çünki) Allah-təala (Qur’ani-Kərimdə Rəsulu vasitəsi ilə camaata Ən’am surəsinin 38-ci ayəsində) buyurub: «Biz Qur’anda heç bir şeyi əsirgəməmişik» (deməli olduğumuzu demişik). وَ قاَلَ فِيهِ تِبْيانُ كلِّ شىءٍ yəni, orda hər bir şeyin bəyan olunduğunu buyurub[22] və xatırladır ki, Qur’anın bəzi hissələri başqa hissələrini təsdiq edir, onda heç bir ixtilaf yoxdur, beləliklə, (Nisa surəsinin 82-ci ayəsində) buyurub: «Əgər bu Qur’an Allahdan qeyrisi tərəfindən olsaydı (necə ki, kafirlərin və münafiqlərin onun Allah tərəfindən deyil, bir insan tərəfindən bəyan edildiyinə etiqadları vardır) onda çoxlu ziddiyyətlər tapardınız».[23]

Qur’ani-Kərimin zahiri heyrətamiz və gözəl, batini isə dərin və sonsuzdur (belə isə hər kəs onun sirlərini əldə edə bilməz), qəribəlikləri (incəlikləri və sirləri) tükənməzdir (onları öyrənmək üçün nə qədər çalışılsa belə tükənməz), qaranlıqlar (cəhl, nadanlığı və şübhələrin qaranlığı) ondan başqa heç nə ilə aradan qaldırılmaz.

19-cu xütbə

İmam Əli əleyhis-salamın Əş’əs ibn Qeysə kəlamlarındandır.

Həzrət Kufə şəhərində minbərdə xütbə oxuyarkən, xütbə əsasında dediyi bəzi sözlərə Əş’əs etiraz etdi[24] və dedi: «Bu söz Həzrətin zərərinə tamamlandı və heç bir faydası olmadı». Həzrət ona sərt bir nəzər salaraq buyurdu: «Hansı bir şey səni nəyin bizim zərərimizə, nəyin xeyrimizə olduğundan agah etdi? Allahın lənəti (Onun rəhmətinin uzaqlığı) və lənət edənlərin lənəti, qarğışı sənə olsun, ey, toxucu oğlu toxucu. Ey kafirin oğlu münafiq![25]

Allaha and olsun, bir dəfə küfr zamanı, bir dəfə də İslamın zamanında əsir oldun. Bu iki əsirliyin heç birində nə var-dövlətin, nə əsil-nəcabətin və nə də böyüklüyün səni xilas edə bildi.[26] Öz qövmünü qılınca (ölümə) yönəldən, onları ölümə tərəf qovan kişi yaxınlarının onu düşmən bilmələrinə, yadların isə ona etimad etməmələrinə layiqdir. (Seyyid Rəzi buyurur):

Deyirəm: O Həzrətin məqsədi budur ki, Əş’əs bir dəfə kafir olarkən əsir olmuşdur, bir dəfə də İslama gəldikdən sonra əsir olmuşdur. Amma Əş’əsi məzəmmət edərkən qılıncı öz qövmünə yönəldən şəxs dedikdə o Həzrət Yəmamədə Əş’əs ilə Xalid ibn Vəlidin hadisəsini nəzərdə tutur. Əş’əs o şəhərdə öz qövmünü aldatdı, hiylə işlətdi və Xalid onların hakimiyyətini ələ keçirdi. Bu hadisədən sonra onu «عُرْفُ النّار», yəni, alovun ucalığının nişanəsi adlandırdılar. Onların arasında məkr və hiylə işlədən bu adla çağırılırdı (yəni, məkr edən öz alovunun nişanəsidir, ona yaxınlaşan oda düşər).

20-ci xütbə

İmam Əli əleyhis-salamın xütbələrindəndir (günahkarları ölümdən sonrakı çətinliklərlə agah edir, sanki buyurur: Ey, İlahi göstərişlərə əməl etməyən kəslər).


Əgər siz ölülərinizin gözləri ilə gördüklərini gözünüz ilə görsəniz, mütləq qəmgin olarsınız və ahu-zar edərsiniz, (Allahın əmr və qadağanını) eşidər və itaət edərsiniz, lakin keçmişdəkilərin gördükləri şeylər sizdən gizlindir (Buna görə də ahu-zar etmir, qorxmur və Allaha, onun Rəsuluna və haq olan xəlifəsinə itaət etmir və tabe olmursunuz). Tezliklə (keçmişdəkilərin gördüklərini siz də görəsiniz deyə) pərdə qaldırılacaq. Həqiqətən görən olsanız, gözlərinizi açıblar, eşidən olsanız qulaqlarınızı açıblar, əgər hidayət qəbul etsəniz (sizə doğru yolu göstəriblər), hidayət olunmusunuz. Həqiqətən deyirəm: ibrətlər sizə (peyğəmbərlər vasitəsi ilə) aşkar edildi, qadağan olunmuşdan siz çəkindirildiniz (belə isə üzrxahlıq yeri qalmayıb) səmavi elçilərdən (mələklərdən) sonra insandan başqa heç kəs Allah tərəfindən haqqı təbliğ etməyəcək.[27]

[1] O Həzrətin oğlu Məhəmməd anası Cə’fər ibn Qeysin qızı Xəvlənin bəni-Hənifə qəbiləsindən olmasına görə ibn Hənəfiyyə kimi məşhurlaşmışdı.

[2] Cəməl döyüşündə və Bəsrə fəth edildikdə Həzrət buyurdu ki, carçı şəhər əhalisini cümə namazına çağırsın. Cümə günü hamı toplaşıb O Həzrətlə bir came məsçidində namaz qıldılar. Sonra Həzrət qiblənin divarına söykənərək dayandı. Allaha həmd-səna etdikdən, Həzrət Peyğəmbərə salamdan, mömin kişi və qadınlar üçün istiğfar etdikdən sonra bu kəlamları buyurdu.

[3] Cəməl döyüşündə Aişənin kəcavəsini zirehlə örtüb dəvəyə mindirmişdilər, qoşunun arasında bayraq əvəzi kimi saxlayıb ətrafına yığışmışdılar. Aişə onları döyüşə həvəsləndirir, onlar isə kəcavənin başına fırlanaraq meydan oxuyur və həlak olurdular. Böyükləri isə fəxrlə dəvənin cilovunu tutur, hər biri torpağa düşdükcə başqa birisi onun yerini tuturdu. Nəhayət, kəcavə və dəvəyə çoxlu yaralar vuruldu. Dilsiz-ağızsız heyvan hadisənin dəhşətindən və yaralarının yanğısından fəryad edirdi. Onlar, dəvə üç ayağı vurulub artıq ayaq üstə dayana bilməyənə qədər daha da çox toplanıb dəvəni dövrəyə aldılar. Həzrət Əli buyurdu: «Onu şeytan saxlayıb, onu qılınclayın» Qılınc vurulduqca dəvə yerə yıxıldı və camaat qaçdı. Deməli, din və dünyalarının məsləhətini bir qadının ixtiyarına verən, dəvəyə tabe olanlar alcaq insanlardır.

[4] Dənizə yaxınlığı çoxlu qorxulu xəstəliklər, mədə pozuntularına səbəb olurdu və bunun nəticəsində də zehni gerilik, düşüncəsizlik və kütlük yaranırdı.

[5] Çünki ya sizinlə birlikdə olduğundan, ya da sizləri günahdan çəkindirmədiyinə görə günaha düşər. Hər iki halda özü öz günahının əsirinə çevrilmişdir.

[6] Deyirlər ki, bu hadisədən sonra Bəsrə iki dəfə su altında qalmışdır. İlk dəfə əl-Qadir-Billahın xəlifəliyi dövründə, ikinci dəfə isə əl-Qaim-Biəmrillahın dövründə yüksəklikdə tikilmiş came məscidinin çıxıntılarından başqa bütün şəhəri su basmışdı.

Nəql olunur ki, bu xütbənin sonunda Həzrət Bəsrə camaatına ürək-dirək verərək buyurmuşdur: «Məqsədim budur ki, söhbətimdən ibrət alasınız və bir daha zəmanənizin İmamına qarşı qiyam etməyəsiniz.»

[7] Düşüncəsizliyiniz və nadanlığınıza görə sizi öz hədəfinə çevirib, malınızı yeyən və sizi çətinliyə salan özgə qoşununu öz diyarınıza buraxdınız.

[8] Əgər haqqa göz yumub, Allah və Peyğəmbərin buyurduqlarına itaət etməsəniz aranıza fitnə-fəsad düşəcək. Sizin əzizləriniz xar, xar olanlarınız əziz olana qədər alt-üst olacaqsınız.

[9] Bu zühur vaxtında və haqq dövlətinin zamanında olar.

[10] Zühurdan başqa vaxt haqqın batili aradan götürməsi çətindir. Buna görə Həzrət bunları buyurmuşdur.)

[11] Fəsahət sahiblərinin O Həzrətin bəyanının gözəlliyinə olan heyranlıqları Həzrətin kəlamını dəqiq və incəlikləri ilə dərk edə bilməyində olan xudpəsəndliklərindən çoxdur. Çünki O Həzrətin sözlərində ağlın, bəsirətin nuru ilə dərk etdiyi və dilin bəyan etməkdə aciz qaldığı kifayət qədər yeniliklər var.

[12] Hansı əməlin insanı Cənnətə yönəltdiyini, hansı əxlaqın Cəhənnəmə göndərdiyini bilən.

[13] Sonra əhalini üç qismə bölür.

[14]Bu bölgünü böyük Allah Qur’ani-Kərimdə Fatir surəsinin 32-ci ayəsində buyurmuşdur: فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ «Bəndələrimizdən bəziləri öz nəfslərinə zülmkardırlar və onlar batil yola düşür və pis işlər görürlər. Bəziləri yaxşı və pis işlərində mötədildirlər. Bəziləri də Allahın izni və fərmanı ilə yaxşı işlərdə öndədirlər».

[15] Çünki cəhalətin özü mənasız iddialarda bulunmaq, yalan söyləmək və Allaha inanan insanlara əziyyət vermək kimi bir sıra digər nadanlıqlara gətirib çıxarır.

[16] Təqvaya əsaslanan etiqad möhkəmdir və düşmənin təbliğatı nəticəsində aradan getməz. Təqvasız olan, kiçicik səbəbdən məhv olan və quruyan əkin və əməldən fərqli olaraq, təqva əsasında edilən əkin, əməl fitnə-fəsadın istisindən qurumayacaqdır. Allah-təala Qur’ani-Kərimin Tövbə surəsinin 109-cu ayəsində buyurur: أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَى تَقْوى مِنَ اللّهِ وَرِضْوَانٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىَ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ «Öz dininin bünövrəsini təqva və günahdan çəkinmək üzərində qurub Allahın razılığını istəyən yaxşıdır, yoxsa dininin bünövrəsini axan selin altını boşaltdığı və dağılmaq ərəfəsində olan çayın kənarında qoyan? Deməli, o Cəhənnəm atəşində çöküb məhv olacaqdır.»

[17] Çünki şər onun öz tərəfindəndir, özünü ona düçar edib. Allah-təalanın Qur’ani-Kərimin Nisa surəsinin 79-cu ayəsində buyurduğu kimi: مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّهِ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ «Sənə çatan yaxşılıqlar Allah tərəfindəndir, sənə çatan pisliklər isə sənin tərəfindəndir. Günahların və pis əməllərin buna səbəb olub.»

[18] Sözünü və əməlini haqqa qarşı qoyan, iylənmiş su kimi zərərli olan şeyləri topladı. Çünki iylənmiş zərərli su susuzluğu yatırmamaqdan əlavə müxtəlif xəstəliklərə də səbəb olur.

[19] Hörümçək milçəyi ovlamaq üçün ağzının suyu ilə tor hördüyü, bu tor, möhkəm əsası olmadığına görə, xəfif bir küləyin əsməsi ilə dağıldığı kimi həmin şəxsin mənasız sözləri də doğru-dürüst əsası olmadığından cüzi bir irad tutmaqla aradan gedər, söylədiklərində tərəddüdə qalar.

[20] Cəhalətinə görə bilmir və bildiyini iddia edir. Ona məlum olmayanın başqalarına da məchul olduğunu və heç bir həll yolu olmadığını güman edir.

[21] Belə isə bir məsələnin hökmünü ziddiyyətlə bəyan etmək nə üçündür? Qazılar qazısının bütün bu ziddiyyətlərin düzgünlüyünü təsdiq etməsi nəyə əsaslanır?!

[22] Bu cümlə Allah-təalanın Nəhl surəsinnin 89-cu ayəsində buyurduğunun məzmunudur. Orada buyurur: وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ «Sənə hər bir şeyi bəyan edən Qur’anı göndərdik».

[23] Çünki insan kəlamı ləfz və məna cəhətdən səhvsiz və xətasız deyil. Qur’anda məna cəhətdən bir-birini inkar edən və nəzm fərqi kimi ziddiyyətlər tapılmaması onun insan tərəfindən deyilməməsinə dəlildir. Bu bəyan olunanlardan o da məlum olur ki, Allahın Rəsulu hökmlərin çatdırılmasında nöqsana yol verməyib və Allahın kitabına olan cəhl və nadanlıqdan başqa heç bir şey qazıların ziddiyyətinə səbəb olmayıb. Əlbəttə, belə şəxslər hökm verməyə layiq deyillər.

[24] O böyük şəxsiyyət nitqində Müaviyə ilə müharibədə iki hakimdən danışırdı və bu zaman Həzrətin səhabələrindən biri ayağa qalxaraq dedi: «Bizi iki hakimi qəbul etməkdən çəkindirib sonra ona icazə verdin. Bilmirik, bunlardan hansı biri daha yaxşıdır». Sonra Həzrəti-Əmir əlini əlinə vuraraq buyurdu: هَذَا جزآءُ مَنْ تَرَكَ الْعُقَدَةَ «Bu heyrət və sərgərdanlıq öz işlərində düşüncə və ehtiyatı əldən verərək məni iki hakimin dediklərini qəbul etməyə məcbur etdirən sizlərin cəzanızdır». Əş’əs Həzrətin məqsədini başa düşməyərək Onun «bu məsləhətdən uzaq qalaraq, ehtiyatı əldən verdiyimə görə mənim cəzamdır» deyə buyurduğunu güman etdi.

[25] Həzrət Əş’əsi etiraz etdiyinə görə deyil, onun sahabələri arasında olmasına baxmayaraq, nifaqdan əl çəkməməsinə, həmişə ikiüzlülük etdiyinə görə lənətləmişdi. «Münafiq şəxs lənətə layiqdir» Allah-təalanın Qur’ani-Kərimini Bəqərə surəsinin 159-cu ayəsində buyurduğu kimi: إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ - yəni, Kitabda camaat üçün bəyan etdiyimizdən əlavə, göndərdiyimiz aydın və yolgöstərən nişanələri gizlədənləri Allah və bütün lənət edənlər lənətləyirlər.

Bəzi tarixçilərin əsərlərində Əş’əs və atasının Yəmən parçası toxuduqları göstərilir. Uzun müddət fasiləsiz parça toxumaq əqli çatışmazlığa və səfehliyə gətirib çıxartdığından Həzrət onu bu adla məzəmmət etmişdir. Bəzi kitablarda isə qeyd olunur ki, o, Kində qəbiləsinin böyüklərindən idi. Yol gedərkən lovğalığından çiyinlərini atardı. Belə hərəkətə isə ərəb dilində «حِياكَة» deyirlər Həzrət də buna görə onu məzəmmət edir. Hər halda nitqinin bu hissəsində Əş’əsin əqli çatışmazlığını məzəmmət etmişdir.

[26] O, küfr zamanı Murad qəbiləsi tərəfindən öldürülmüş atasının qanını almaq üçün etdiyi müharibədə məğlub olaraq əsir götürülmüşdü. Nəhayət, üç min dəvə fidyə verərək əsirlikdən azad oldu. Ondan sonra yetmiş kişi ilə Həzrət Peyğəmbərin qulluğuna müşərrəf olaraq İslam dinini qəbul etmişdir. İslam dövründə əsir olmağının səbəbi isə budur ki, Həzrət Peyğəmbərin vəfatından sonra mürtəd oldu. O vaxt Həzərmoutda yaşayırdı. Həmin məntəqənin əhalisinin zəkat verməsinə mane oldu və Əbu-Bəkrə bey’ət etmədi, sonra Əbu-Bəkr Ziyad ibn Lubəydi bir dəstə ilə onunla döyüşə göndərdi. Əş’əs qalaların birində mühasirəyə düşənə qədər onlarla vuruşdu. Ziyad isə onunla sərt davrandı. Onun və ona tabe olanların suyunu kəsdi. Sonra Əş’əs özü və on nəfər qohumu üçün pənah istədi ki, barələrində hökm çıxartmaq üçün onu Əbu-Bəkrin yanına aparsınlar. Pənah aldıqdan sonra Ziyadı və qoşunlarını qalaya buraxdı, onlar qalaya daxil olan kimi oradakıları öldürməyə başladılar. Onlar dedilər: «Siz bizə pənah vermisiniz». Ziyad dedi: «Əş’əs özü və on nəfərdən başqa heç kəs üçün pənah istəməyib» Beləliklə də, onları öldürdülər. Ziyad Əş’əsi və on nəfəri əsir götürüb Əbu-Bəkrin yanına göndərdi. Əbu-Bəkr onu bağışladı və Əbu Quhafənin qızı, öz bacısı Ümmü Fərvəni ona ərə verdi. Ondan üç övladı oldu: Məhəmməd, İshaq və İsmayıl. Məhəmməd ibn Əş’əs həmin şəxsdir ki, sonralar Kərbəlada Seyyidüş-Şühədanın qanının tökülməsində iştirak etdi. Xülasə, Əş’əs ağılsızlığı üzündən öz qövmünü ölümə verdiyi üçün İmam bunları buyurdu.

[27] İnsanları hidayət və agah etmək insanın əli ilədir, belə isə mələklərin sizə nazil olub İlahi əhkamı təbliğ etməsini gözləməməlisiniz.
Source : balaghah
Comment