QR CodeQR Code

Hacı Elşən Mustafaoğlu:

“Bu gün biz “20 Yanvar şəhidləri”mizi, yəni Kərbəla məktəbinin yetirmələrinin xatirəsini uca tuturuq”

deyerler , 20 Jan 2012 23:18

İslamtimes - Haqq-ədalət ilə zülm arasında gedən mübarizənin tarixi bəşər tarixi qədər qədimdir.


1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktından 22 il ötür.

20 yanvar hadisəsi haqqında fikirlərini “Deyerler.org”la bölüşən “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri Hacı Elşən Mustafaoğlu bunları deyib: “Azərbaycanımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş “20 Yanvar faciəsi”nin növbəti ildönümünü qeyd edirik. Dərin hüznlə, eyni zamanda, ölməz qəhrəmanlarımız olan Şəhidlərimizlə qürur hissi duyaraq! Mən özüm şəxsən həmin hadisələrin iştirakçısı olmuşam, dostlarımızla birlikdə ardı-arası kəsilməyən nümayişlərdə əlimizlə tikdiyimiz üçrəngli bayrağımızı dalğalandıraraq iştirak etmişik, o qanlı hadisələrin canlı şahidləriyik. Əliyalın insanlar öz saf qəlblərilə, Vətəninin müdafiəsi əzmilə küçələrə, meydanlara axışdı və öz iradəsini ortaya qoydu. Bu iradə zülmkarlıqla, haqsızlıqla, qara niyyətli qırmızı kommunist imperiyasıyla mübarizə idi. Azərbaycanımızın azadlığı, insanlarımızın zülmkar rejimdən xilası naminə.Haqq və ədalətin bərqərar olması naminə. Bax, bu ülvi amalla insanlar ayağa qalxdı.

Şəhidlik – ölməzlikdir! Rəbbimiz buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur!..” (Ali-İmran surəsi, ayə 169-170).

Haqq və ədalət uğrunda mübarizədə ülvi məramlarla öz canını fəda edib, yaşadığı toplumun xilasını düşünən insanlar Yaradanın Öz Kitabında beləcə mədh etdiyi ölməz qəhrəmanlardırlar.

Haqq-ədalət ilə zülm arasında gedən mübarizənin tarixi bəşər tarixi qədər qədimdir. Həzrəti Adəm (ə) övladları arasında baş vermiş qarşıdurmadan başlayaraq, günümüzdə yer üzündə baş verən qətliamlar, müharibələr, terror hadisələri və cinayətlərin bütün nümunələrinədək, hamısının mənşəyi eynidir. Zaman və məkandan asılı olmayaraq. Hər bir insan iki yol ayrıcındadır – ya haqq-ədalətin yanında yer alacaq, ya da zülmkarlığın. İmam Cəfər Sadiqdən (ə) rəvayət olunduğu kimi – “Hər gün Aşura, hər yer Kərbəladır!..”. Həqiqətən də, Yer üzü zülmkarlıqdan, zülmkarlardan və zülmə qarşı çıxan haqsevər insanlardan xali deyildir. Günümüzdə ətrafımıza açıq gözlə baxsaq, İmam Cəfər Sadiqin (ə) kəlamının nə qədər dolğun məzmun daşıdığının şahidi olarıq. Aşura günü əslində bitməyib! 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağda tökülən qanlar buna bariz nümunədir. Lakin unutmayaq ki, heç zaman silah gücü iman gücü üzərində qalib gələ bilməz. Millətimiz əsrlər boyu İmam Hüseynin (ə) Şəhidlik məktəbindən dərs alıb. Bu gün biz “20 Yanvar Şəhidləri”mizin, zülm qarşısında diz çökməyən azadlıqsevər qəhrəmanların, yəni Kərbəla məktəbinin yetirmələrinin xatirəsini uca tutur, onlara dua edir və Allahdan Yer üzündə zülm edən zalımları cəzalandırmağı diləyirik.

Şəhidlər diridirlər! Biz onları andıqda nəzərə alaq ki, Allah təbirilə, hər zaman diri olan qəhrəmanları anırıq. Ölməz və məğlubedilməz şəxsiyyətləri! Allah dərgahında ən uca məqama yetişmiş olanları. Belə ki, onlar öz qanlarıyla toplumu yaşadır, insanlığa həyat verirlər…

Bu gün biz günümüzün Kərbəlası olan bütün faciələri, qanlı cinayətləri qəti şəkildə pisləyir, dünya xalqlarından, ədalətsevər insanlardan zülmə məruz qalmış hər bir toplumun və hər bir İnsanın fəryadına səs vermələrini təmənna edirik.

Əfsuslar olsun ki, Yer üzündə hələ də günahsız insan qanı tökülür. Dinc əhali, o cümlədən günahsız körpələr, qocalar, qadınlar qətlə yetirilir. Bütün bunlar əslində ayrı-ayrı xalqlara, toplumlara, fərdlərə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönəlmiş bir cinayətdir! Harada yaşamasından, hansı dinə, hansı millətə, hansı irqə mənsub olmasından asılı olmayaraq.

“20 Yanvar faciəsi”nin xatirəsini anmaq, Şəhidləri unutmamaq – onların ülvi amallarına ehtiram, haqq-ədalətə sarılma, zülmkarlığa, eybəcərliklərə, mənəviyyatsızlıqlara “yox!” deməkdir! Həm də bu, yalnız ilin bir günü anılmaqla bitməməlidir. Cəmiyyətimiz hər gün bu ilahi dəyərləri yaşatmalıdır.

“20 yanvar”, “Xocalı qətliamı” kimi faciələri yaşamış Azərbaycan xalqı hər zaman zülmə qarşı mübarizə aparanların yanındadır və biz əminik ki, Allahın yardımıyla tezliklə bütün dünyada haqq-ədalət zülm üzərində zəfər çalacaq!”


Story Code: 131883

News Link :
https://www.islamtimes.org/az/article/131883/bu-gün-biz-20-yanvar-şəhidləri-mizi-yəni-kərbəla-məktəbinin-yetirmələrinin-xatirəsini-uca-tuturuq

Islam Times
  https://www.islamtimes.org