1
Saturday 21 January 2012 - 18:18

Nəhcül-Bəlağə (3)

Story Code : 132089
Nəhcül-Bəlağə (3)
Nəhcül-Bəlağə (3)
NƏHCÜL-BƏLAĞƏ

İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları

Toplayan:
Seyyid Rəzi
21-ci xütbə

İmam Əli əleyhis-salamın (ölüm və qiyamət barəsində) xütbələrindəndir.

Aqibət və son qarşınızdadır (nəticədə hər bir kəs sonu görəcək, Behiştə, yaxud Cəhənnəmə daxil olacaq), sizi haylayıb qovan qiyamət və ölüm ardınızdadır, (çünki Qiyamət və ölüm gələsidir, elə bil kiminsə ardınca düşüb qovur, buna görə də) yüngülləşin (qiymətli yükləri tərk edin), yetişin (gedənlərə çatın) ki, sizin əvvəldəkilərinizi saxlayıb, axırdakılarınızı gözləyirlər. (Sizdən öncə gedənləri yolda saxlayıblar, axırıncı nəfərin onlara qovuşmasını və bütün karvanın bir dəfəlik Qiyamətə daxil olmalarını gözləyirlər. Seyyid Rəzi buyurur:)

Deyirəm: Bu kəlam pak olan Allahın və Həzrət Rəsulun kəlamından sonra müqayisə olunduğu hər bir kəlamdan daha üstün və daha öndədir (heç bir kəlam ona çata bilməz). Amma o Həzrətin buyurduğu: تَخَفَّفُوا تَلْحَقُوا (yüngülləşin ki, yetişəsiniz) kəlamından daha qısa və daha mənalı kəlam eşidilməyib, bu kəlam necə də dərindir (hər nə qədər fikirləşsən onun dərinliyinə çata bilmirsən). Necə də bu cümlə əvvəldən axıra qədər hikmətli və nəsihətlidir, (hər bir təşnənin) susuzluğunu aradan qaldırır və biz də «Xəsais» kitabında bu kəlamın əzəmət və böyüklüyünü şərh etmişik.

22-ci xütbə

İmam Əli əleyhis-salamın (Osmanın qətlini onun adı ilə bağlayan Təlhə və Zübeyr kimi şəxslərin pislənib məzəmmət edildiyi) xütbələrindəndir. (Onların iddiasının batilliyini sübut edir, sonra isə öz şücaət və igidliyini bəyan edir.)

Agah olun ki, şeytan zülm və cövrün öz yerlərinə dönməsi (fasiqin zülmü özünə peşə etməsi), batilin əslinə qayıtması (cahilin nadürüst danışması) üçün öz dəstəsini səfərbər edib və şər qoşununu toplayıb. Allaha and olsun, pis bir işi (Osmanın qətlini mənimlə bağlayıb onun öldürülməsində razılığım olduğunu yalandan iddia etdilər) mənim adımla bağlamaqdan çəkinmədilər, mənimlə öz aralarında ədalət və insafla danışmadılar (çünki ədalət və insafla rəftar etsəydilər onların iddiasının batilliyi aydın olardı) və (onların doğru olmayan iddiası belədir ki,) özlərinin tərk etdikləri haqqı, özləri tökdükləri qanı (qisası) tələb etməkdədirlər. Belə isə əgər mən o qanın tökülməsində (Osmanın qətlində), onlarla ortaq olmuş olsaydım, onlara da bundan fayda çatardı.[1] Əgər mənsiz özləri bu işi ediblərsə onda onlardan başqa heç kəs təqsirləndirilməməlidir. Onların ən böyük dəlil və sübutları (Osmanın qətlində iştirakı mənim adımla bağlamaları) öz zərərinədir. (Çünki özləri onu qətlə yetiriblər və mən bilirəm ki, onlar Osmanın qanını almaq niyyətində deyillər, onlar) südü qurumuş anadan süd istəyirlər, ölmüş bid’əti diriltmək istəyirlər.[2] Ey dəvət edən naümid, (ya məni müharibəyə, ya da özünlə razılaşmağa çağırırsan, hazır ol) dəvət edən kimdir və nə ilə cavab veriləcək?.[3] Mən Allahın onlara olan hüccətinə və onlar barəsində elminə razıyam.[4] Əgər onlar boyun qaçırsalar, (haqq yoluna dönməsələr) qılıncın iti tərəfini onlara yönəldərəm (onları qətlə yetirərəm) ki, batildən (zülm və cövr xəstəliyindən) şəfa tapmaq üçün bu onlara kifayət edər və haqqa kömək olar. Vuruşmaq üçün meydana çıxmağımı mənə xəbər yollamaları, döyüşdə dözümlü və səbrli olmağımı demələri nə qədər heyrətlidir! Anaları vaylarına otursun, heç vaxt mən müharibə ilə təhdid olunmamışam, qılınc zərbəsindən qorxmamışam. Mənim öz Rəbbimə yəqinliyim var, öz dinimdə heç bir şəkk və şübhəm yoxdur. (Təhdid olunmaq və qorxmaq öz Allahına yəqinliyi olmayan, dinində şübhəsi olan kəslərə layiqdir. Onlar buna görə ölməkdən və öldürməkdən qorxurlar).

23-cü xütbə

İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Burada o yoxsullara dövlətlilərin paxıllığını çəkməmək, dövlətlilərə də heç bir işi riya və özlərini göstərmək üçün etməmək göstərişi verir, qohumlarla əlaqənin, mehribanlığın, yaxınlarına köməyin faydalarını bəyan edir:)

Allaha həmd və səna, peyğəmbərinə salamdan sonra, ilahi fərman (qəzavü- -qədər) hər bir kəsə yağış damlaları göydən yerə düşdüyü kimi yetişər. Hər bir kəsin qisməti, az və ya çox, ona çatır.[5]

Buna görə də sizlərdən biriniz (eyni cinsdən olan) qardaşınızın əhli-əyalında, malında və ya vücudunda bir üstünlük görsəniz, onun üçün fitnə-fəsada səbəb olmayın (onun paxıllığını çəkməyin, özünüzü dünya və axirətin xətərlərinə atmayın). Müsəlman kişi nə qədər ki, (başqasının paxıllığını çəkməyib) alçaqlıq və rüsvaylığını izhar etməyib, camaatın dilinə düşməyib, dəyərsiz olmayıb və bu səbəbdən də dar düşüncəli alçaq şəxslər onu qınamayıb, özünün ilk zərlərindən qələbə və uduş gözləyən uduzmuş qumarbaza bənzər ki, qənimət əldə edib öz ziyanını ödəsin.[6] Eyni ilə də xəyanətdən (Allaha və məxluqa xəyanətdən) çəkinən yoxsul müsəlman kişi iki yaxşı şeydən birini Allahdan gözləyir:

-Ya Allahın dəvət edənini (hamını Allaha tərəf çağıran ölümü) Allah dərgahında tapdığı (axirət nemətləri), onun üçün (dünya nemətlərindən) daha yaxşıdır.

-Yaxud da (dünyada) Allah ruzisini. Beləliklə, o, dini və şərəfi (elm, ədəb və səbri) özündə olmaqla yanaşı əhli-əyal və var-dövlət sahibi olar. Həqiqətən mal və övlad bu dünyanın (puç olacaq) bəhrəsidir, xeyir əməl isə (qalan və bərqərar olan) axirətin bəhrəsidir. Bəzən də Allah-təala bir qism insanlara bunların hər ikisini nəsib edir (onlar həm dünyadan, həm də axirətdən bəhrələnirlər). Buna görə də (olanla razılaşın, günah və itaətsizlik etməyin), Allahın sizləri qorxutduğu əzabından qorxun. Qorxmağınız üzrə və bəhanəyə görə (xəta və ya təqsirə yol verməkdən qorxan, ağıllı insanlar kimi) olmasın. İbadət edin (Allaha), bunu özünüzü camaata göstərmək üçün etməyin, çünki Allahdan başqası üçün iş görənin əcrini Allah-təala kimin üçün iş görülübsə ondan almağı tapşırar. (O Həzrət bütün sözlərində və əməllərində Allahdan başqa kimsəni düşünmədiyinə görə, burada da dua etməyə başlayır:) Allahdan (bəlaya dözümlü olan) şəhidlərin məqamını, (heç kəsin paxıllığını çəkməyən) xoşbəxt insanlarla yaşamağı, (riyakarlıq və özünü göstərmək üçün iş görməyən) peyğəmbərlərlə yanaşı olmağı istəyirik.

Ey camaat, heç kəs var-dövlət sahibi olsa belə, öz tayfa və qohum-əqrabasından tam ehtiyacsız deyil. Onların əməldə və sözdə köməklərinə və müdafiələrinə ehtiyacı var. Yaxınları insanın eyiblərinin qorunması üçün ən mühüm şəxsdirlər və onun dağınıqlığını, çətinliklərini daha yaxşı aradan götürə bilərlər. Dar anda və onun başına ağır hadisələr gəldikdə (başqalarından) ona daha mehriban olarlar. Allah-təalanın bir şəxs üçün camaat arasında yaxşı ad əta etməsi, ona başqasına miras qoyacağı var-dövlət verməsindən daha yaxşıdır.[7] Bu xütbənin bir hissəsidir: Agah olun ki, sizlərdən heç biri öz qohumlarından üz döndərməməlidir. Onları yoxsulluq və pərişanlıq içində gördükdə, onlara ehsan etməlisiniz. Onlara verməkdən çəkindiyiniz mal artmayacaq, onlara sərf etdiyiniz mal azalmayacaq. (Allah onun əvəzini verəcəkdir.) Hər kəs öz tayfasından əl çəkərsə (onlara kömək edib əl tutmazsa) onlardan bir əl azalmış olur, ondan isə çoxlu əllər. (Öz qohumları ilə) təvəzokar, mehriban və yoldaş olan kimsə onların əbədi dostluğunu qazanmış olar. (Seyyid Rəzi buyurur:)

Deyirəm: غَفِيرَة bu xütbədə çoxluq mənasındadır. Necə ki, جمع كثير sözünün yerinə جَمُّ غَفِير və جَمّآءُ غَفِير deyilir. Bir rəvayətdə onun əvəzinə عَفْوَةً deyilmişdir. عَفْوَة yaxşı bir şeyə deyərlər. Necə ki, أَكَلْتُ عَفْوَةَ الطَّعامِ yaxşı bir xörək yedim deməkdir. O Həzrət öz buyruğunda bu sözü necə də gözəl mənada işlətmişdir. وَمَنْ يَقْبِضْ يَدَهُ عَنْ عَشِرَتِهِ Hər kəs yoldaşlığını və xeyrini qohumlarından əsirgəyərsə, onlara bir köməyini əsirgəmişdir, onların yardımına və köməyinə möhtac olan vaxt, onları köməyə çağıranda ona yardımdan imtina edib sözünə qulaq asmazlar. Buna görə də çoxsaylı əllərin yardımından, saysız-hesabsız ayaqların yoldaşlığından məhrum qalar.

24-cü xütbə


İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Döyüşdə öz möhkəmlik və dəyanətini izhar edib, o Həzrətin vuruşmaqda süstlük etdiyini deyən bir kəsin sözünü düzgün bilməyib, camaatı təqva və pərhizkarlığa rəğbətləndirərək buyurur:)

Öz canıma and olsun, haqqa qarşı çıxanlara, azğınlıq yoluna ayaq basanlara qarşı vuruşmaqda süstlük və yumşaqlıq göstərməyəcəyəm (çünki haqqa qarşı çıxanlarla vuruşmaq vacib, bu işdə süstlük və səhlənkarlıq isə günahdır). Belə isə, ey Allah bəndələri, Allahdan çəkinin (yersiz danışmayın, nalayiq söz deməyin), Allahdan Allaha (onun qəzəbindən rəhmətinin, əzabından əfvinin, ədlindən fəzlinin pənahına) sığının. Sizin önünüzdə qoyduğu aydın yola (şəriətin doğru yoluna) yönəlin. Sizin boynunuza qoyduqlarını (şəriət məsələlərini) yerinə yetirin. Beləliklə, (ilahi göstərişə əməl edib şəriət məsələlərini yerinə yetirsəniz) əgər dünyada nicat tapmasanız, axirətdə sizin nicat və qələbənizə Əli zamindir.

25-ci xütbə

İmam Əli əleyhis-salamın xütbələrindəndir.


Müaviyənin səhabələrinin və qoşununun şəhərləri ələ keçirmə xəbəri ardı-arası kəsilmədən o Həzrətə çatırdı və Bosr ibn Əbi Ərtatın o Həzrət tərəfində Yəməndə vali və hakim olan Übəydullah ibn Abbas və Səid ibn Nəmran üzərində qələbəsindən sonra, onlar Kufədə o Həzrətin yanına gəldilər.[8] O Həzrət öz səhabələrinin cihada tənbəllik etmələrindən və onun rəyinə, tədbirinə qarşı çıxmalarından əziyyət çəkdiyi, sıxıldığı bir halda durub minbərə qalxdı və buyurdu:


İxtiyarı və ipi əlimdə olan Kufədən başqa heç bir yer mənim hakimiyyətimdə deyil. Ey Kufə, əgər mənə səndən başqa heç nə qalmasa və sənin də qorxunc küləklərin əssə (sənin əhlinin fitnə-fəsadı, nifaqı və ikiüzlülüyü zahir olsa) onda Allah səni pis vəziyyətə salsın. (Xaraba və viran etsin ki, kimsə səni tanımasın.) Misal olaraq şairin bu şe’rini oxudu:

لَعَمْرُ أَبِيكَ الْخَيرِ يا عَمْرُو إِنَّنِى عَلى وَضَرٍ مِن ذا الْإِنآءِ قَلِيلٍ

-yəni, ey Əmr, yaxşı atanın canına and olsun ki, mən bu xörək qabında qalan azacıq çirkə və yağa çatmışam. (Məmləkətdə payının bu qədər az olmasına işarə edilir.) Ondan sonra buyurdu:

Mənə xəbər çatıb ki, Bosr (Müaviyənin əmrilə böyük bir qoşunla) Yəmənə daxil olub. Allaha and olsun ki, onların öz batil yollarında birlik və həmrəyliklərilə sizin haqq yolunda təfriqə və dağınıqlığınıza görə tezliklə sizlərə hakim kəsilib hakimiyyətə sahib olcaqlarını güman edirəm. Ona görə ki, siz haqq yolunuzda İmam və rəhbərinizə itaətsizlik göstərirsiniz, onlar isə batil yolda olsalar belə öz rəhbərlərinə itaət edirlər. Onlar rəhbərlərinin əmanətini qoruyur, siz isə xəyanət edirsiniz (onların bey’əti davamlıdır, siz isə əhdinizi pozursunuz). Bir də şəhərlərindəki islah işlərinə (bir-birilə ülfət və dostluq edir, birliklərini saxlayırlar), sizin isə fəsadınıza görə (bir-birinizə kin, paxıllıq bəsləməyinizə, ikiüzlülüyünüzə və təfriqənizə görə. Bu bir qövmün məğlubiyyət səbəbidir).

(Beləliklə, sizi o qədər xəyanətkar sanıram ki,) əgər sizdən birinə taxta qədəhi belə tapşırsan, qorxuram ki, onun (dəvənin palanından asdıqları) tutacağını aparasınız. Pərvərdigara, mən onlardan (Kufə əhlindən) bezmişəm və qəlbim sıxılıb, onlar da məndən doyublar. Belə isə, onlardan daha yaxşısını mənə nəsib et, mənim əvəzimə onlara bir şər ver. Allahım, onların ürəklərini (əzab və qorxudan) duz suda əriyən kimi ərit. (Ey Kufə əhli,) agah olun ki, Allaha and olsun, mənim üçün sizlərin yerinə (öz qeyrət, şücaət və yoldaşlıqları ilə məşhur olan) Fəras ibn Qənm övladlarından min süvarinin olmasını istərdim. (Burada Fəras ibn Qənmin övladlarını tərif etmək üçün şairin bu şe’rini oxuyur:)

هُنالِكَ لَوْ دَعَوْتِ أَتاكِ مِنْهُمْ فَوارِسُ مِثْلُ أَرْمِيَةِ الْحَمِيمِ

-yəni, ey Ummu-Zənba (Ummu-Zənba bir qadının ləqəbidir) kömək və zəfər üçün əgər onları (Bəni-Təymi) çağırsan, süvariləri yay buludları kimi sənə doğru gələrlər. Bundan sonra Həzrət minbərdən endi. (Seyyid Rəzi buyurur:)

Deyirəm: أَرْمِيَة kəlməsi رَمِيّ kəlməsinin cəmidir və mənası bulud deməkdir. حَمِيم burada yay fəsli mənasında işlənmişdir. Şair də yay buludlarına ona görə təşbih işlətmişdir ki, yay buludlarında su olmadığından iti sürətlə hərəkət edirlər. Bulud su ilə dolu olduqda, adətən yavaş hərəkət edir və qışda rast gəlinir. Şair də həmin camaatın, kömək və zəfər üçün çağırdıqda, dəvəti dərhal qəbul edib köməyə tələsdiklərini buna bənzətmişdir. Buna sübut şairin bu şe’rdə dediyi sözləridir.

26-cı xütbə

İmam Əli əleyhis-salamın xütbələrindəndir (Nəhrəvana doğru hərəkət etməzdən öncə buyurmuşdur).


Həqiqətən böyük Allah dünya əhlini ilahi əzabdan qorxudan və özünə nazil edilənə əmin olan Məhəmmədi (səlləllahu əleyhi və alih) göndərdi. Siz, ey ərəb qövmü, sizlər o vaxt ən pis (şirk və bütpərəstlik olan) dinə etiqad edir, ən pis yerdə (Hicazda) yaşayırdınız (oralar quraqlığın, fitnə-fəsadın çox olduğu bir yer idi). Daşlıq torpaqlarda və sanki karmış kimi səsdən ürkməyən çox zəhərli ilanların arasında həyat sürür, qara çirkab suyu içir, bərk xörəklər (ələnməmiş arpa unu, xurma çərdəyinin unu və kərtənkələ kimi) yeyir, bir-birinizin qanını tökür, qohum-əqrabanızdan uzaq gəzərdiniz (güzəranızın ağırlığına və əxlaqınızın pisliyinə görə qohumlarla əlaqə saxlamırdınız). Aranızda bütlər asılmışdı (öz əllərinizlə yaratdıqlarınıza pərəstiş edirdiniz) və günahlardan çəkinib uzaqlaşmırdınız.[9]

Bu xütbənin bir hissəsidir


(Həzrət Peyğəmbərin vəfatından sonra başına gələnləri qısa şəkildə bəyan edir: Müxaliflərim mənim haqqım olan xəlifəliyi qəsb etdikdə)


Beləliklə, (öz işlərimi) fikirləşib gördüm ki, öz əhli-beytimdən (Bəni-Haşimdən) başqa yavərim yoxdur, (onlar da bu qədər əleyhdarlarımla mübarizə apara bilməzdilər. Buna görə də) onların öldürülməsinə razı olmadım. Çöp batmış gözümü yumdum, sümük boğazımı tutsa da uddum, tənəffüs yolunun tutulmasına (qəm və kədərin çoxluğundan) və əlgəm otundan (olduqca acı bir bitkidir) daha acı şeylərə dözdüm.
Bu xütbənin başqa bir hissəsidir

(Əmr ibn Asın Müaviyəyə necə bey’ət etdiyini bəyan edir və buyurur:)[10]

Əmr girov və qiymət şərtini (Misirin hakimliyini) qoymayınca Müaviyəyə bey’ət etmədi. Satıcının (dinini dünyanın qiymətinə satanın) əlinin bərəkəti olmaz və alıcının (Müaviyənin) əhd-peymanı onun rüsvayçılığına səbəb olar. Buna görə də (indi ki, Əmr Müaviyəyə qoşulub), müharibəyə hazırlaşın, onun tədarükünü görün ki, döyüş məşəli alovlanıb, onun işığı ucalıb. Dözümü özünüzə şüar edin (döyüşdə sabit olun, onun ziyanına dözün) ki, düşmənə zəfər çalmağın ən mühüm yolu dözümdür.

27-ci xütbə

İmam Əli əleyhis-salamın (şərafətli ömrünün sonlarında buyurduğu və öz səhabələrini Müaviyə ilə cihad etmədiyinə görə qınadığı) xütbələrindəndir:


Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra, cihad (dinə qarşı çıxanlarla döyüş) Allahın özünün xüsusi dostlarının üzünə açdığı Cənnət qapılarından biri, təqva və pərhizkarlıq libasıdır. (Paltar insanı soyuqdan və istidən qoruduğu kimi təqva əhlini müxaliflərin şərindən qoruyar.) Haqq-təalanın möhkəm zirehi və onun (təqva əhlini düşmənlərin silahlarından qorumaq üçün) güclü qalxanıdır. Hər kəs ondan uzaqlaşıb, onu tərk edərsə Allah ona zillət və xarlıq paltarı, bəla və çətinlik cübbəsi geyindirər. Bunun təsirindən isə həmin adam həqir, alçaq, zəlil və biçarə olar. Allah öz rəhmətini onun qəlbindən götürdüyünə görə ağılsızlığa mübtəla olar (öz işlərində heyran və sərgərdan olar). Cihada getmədiyinə və bu mühüm işə əhəmiyyət vermədiyinə görə haqqın yolundan uzaqlaşaraq batil yola qədəm qoyar. Müsibətə və biçarəliyə düçar olaraq ədalət və insafdan məhrum olar (zülmkar ona hakim kəsilərək onunla insafsızcasına davranar).

Agah olun, mən sizləri gecə və gündüz, gizlində və aşkarda döyüşə (Müaviyə və ona tabe olanlara qarşı döyüşə) dəvət edərək dedim ki, onlar sizinlə döyüşə gəlməmiş, siz onlarla döyüşə çıxın. Allaha and olsun, hər hansı qövmün öz evində (diyarında) elə bir müharibə olmayıb ki, orada onlar zəlil və məğlub olmasınlar. Siz isə vəzifənizi bir-birinizə həvalə etdiniz (sizlərdən hər biriniz başqasının öz vəzifəsinə əməl etməsini umurdunuz). Mal-mülkünüz hər yandan qarət olunana, (düşmən qələbə çalıb) yurdunuz əlinizdən çıxana qədər bir-birinizi xar etdiniz. Bu, öz süvarilərilə (Müaviyənin əmrinə əsasən Fərat çayının şərq sahillərində yerləşən İraqın qədim şəhərlərindən biri olan) Ənbar şəhərinə daxil olub, Həssan ibn Həssan Bəkrini (şəhərin vali və hakimi) öldürüb, süvarilərinizi şəhərin hüdudlarından uzaqlaşdıran Qamidin (Bəni Qamid qəbiləsindən olan Süfyan ibn Əuf) qardaşlarındandır. Mənə xəbər çatdı ki, onların bir döyüşçüsü bir müsəlman qadına və müsəlmanların amanında olan bir kafir qadına hücum edərək xalxalı, bilərzik, boyunbağı və sırğalarını qoparmış, o qadın da zar-zar ağlayaraq öz qohumlarını köməyə çağırmaqdan başqa cür onlara mane ola bilməmişdir. Düşmənlərdən heç birinin yaralanmadığı, qanları tökülmədiyi halda onlar (bu döyüşdən) böyük qənimət və sərvətlə qayıtdılar. Əgər müsəlman kişi bu hadisəni eşidib qəm-qüssədən ölərsə ona eyib deyil. Mənə görə isə ölüm bundan daha layiqlidir. Nə qədər də heyrətli və təəccüblüdür! And olsun Allaha, onların (Müaviyə və tərəfdarlarının) özlərinin nahaq işlərinin ətrafında birləşməsi, sizin isə haqq işinizdə təfriqə və ixtilafa düşməniz ürəyi öldürür, qəm və hüznü özünə çəkir. Onların oxlarına tuş gəldiyiniz vaxt üzünüz qara, qəlbləriniz qəmli olsun (düşmən sizə doğru ox atır, siz isə qeyrətsizliyinizə, təfriqə və ixtilafınıza görə sinələrinizi onun hədəfinə çevirib sakit oturmusunuz). Onlar sizin malınızı yağmalayırlar, siz isə əlinizə heç nə almırsınız. Sizinlə döyüşürlər, sizsə döyüşmürsünüz. Allaha asi olurlar, siz isə razısınız. Yayda sizə onlarla döyüşə çıxmağı əmr etdikdə dediniz ki, indi hava istidir və istilər sınana qədər bizə möhlət ver. Qışda onlarla döyüşmənizi əmr etdikdə isə dediniz ki, bu günlər hava çox soyuqdur və soyuqlar çıxana qədər bizə möhlət ver. Siz isti və soyuqdan qaçmaq üçün bu qədər bəhanə gətirirsiniz, Allaha and olsun (döyüş meydanında), qılıncdan daha tez qaçacaqsınız. Ey kişilikdən nişanəsi olmayan namərdlər! Ey ağlı uşaq və bəy otağına təzə girmiş qadın ağlı kimi olanlar! Ey kaş mən sizləri nə görə, nə də tanıyaydım. And olsun Allaha, sizi tanımağın nəticəsi peşmanlıq, qəm və qüssədir. Allah sizləri məhv etsin ki, mənim ürəyimi qan etdiniz, sinəmi qəzəblə doldurub-daşırdınız. Aldığım hər nəfəsdə mənə qəm və hüzn yedirtdiniz. Mənə itaətsizlik, etinasızlıq edərək tədbirimi pozub, puç etdiniz, bunun nəticəsində də Qüreyş «Əbu Talibin oğlu igiddir, ancaq müharibə aparmaq qaydasını bilmir» dedilər. Allah atalarına rəhmət etsin! (Öz dedikləri sözü fikirləşmirdilər.) Onlardan hansı biri döyüşdə mənim qədər çalışqan və ciddi idi, yoxsa öndə getməkdə və ya müqavimətdə məndən artıq idilər? Hələ iyirmi yaşıma çatmamış döyüşə hazır idim və indi də ömrümdən altmış ildən çox keçmişdir. (Mənim döyüşlərdəki fikrim və tədbirim həmişə düz olmuşdur.) Ancaq fərmanına itaət olunmayanın, hökmünə əməl edilməyinin əlacı yoxdur.

28-ci xütbə

İmam Əli əleyhis-salamın (dünyaya etimadsızlıq və axirətə hazırlıq barədə buyurduğu) xütbələrindəndir.


Haqq-təalaya həmd-sənadan və Həzrət Peyğəmbərə salamdan sonra. Həqiqətən dünya arxa çevirərək (sizin ürək bağladığınız şeylərdən) ayrılıqdan xəbər verir. Axirət yaxın və aşkar olmuşdur. (Dünya hamı üçün ötəridir. Ölümlə başlayan axirət isə gələcəkdir. Ona görə də, fani dünyaya ürək bağlamamaq, əbədi məkana getməyə hazırlaşmaq lazımdır.) Agah olun ki, bu günlər (ömrümüzdən qalan müddət xeyir işlər görmək və bəyənilmiş əxlaqa çatmaq üçün) mizmar və hazırlıq günüdür (dünyanın ləzzətinə göz yummaq lazımdır), sabah isə (axirət) önə keçmək günüdür.[11] Önə keçmək (yarışın qalibi olanın yeri) cənnətdir, (axıra qalanın) sonu atəşdir.[12] Belə isə, ölümü çatmadan öz günahından tövbə edən bir kimsə yoxdurmu?

Görəsən özünün bədbəxtlik günü gəlmədən (ilahi əzabdan) öz nicatı üçün çarə edən yoxdurmu? (Yaxşı əməllər etsin ki, o gün saleh əməllərdən başqa heç nə nicata səbəb olmayacaq.) Agah olun ki, siz ardında ölüm dayanan arzu və ümid (həyatın əbədiliyi və yaşayışın davamı) günlərindəsiniz. Əcəli çatmazdan öncə arzu və ümid günlərində iş görən (camaata köməklik, Allaha bəndəlik edən) kimsənin əməli ona xeyir gətirəcək, ölümü ziyan vurmayacaqdır. Əcəli çatmamış həmin günlərdə səhlənkarlıq edənin (camaata köməklik, Allaha bəndəlik etməyənin) işi xarabdır və ölümdən ziyan çəkəcəkdir. (Çünki ölüm vaxtı camaata xidmət və Allaha bəndəlikdəki təqsirlərinə görə peşmançılığın xeyri yoxdur. Buna görə də nəticə etibarı ilə ziyan görəcəkdir.) Agah olun, rahatlıq və əmin-amanlıq vaxtında (əlləriniz çatan vaxt), xof və qorxunun sizə hakim kəsiləndə iş gördüyünüz kimi (xalqa xidmət və Allaha ibadət yolunda çalışın) əməl edin.[13] Agah olun, mən Cənnət kimi bir nemət görmədim ki, onu arzulayan qəflət yuxusunda olsun. Nə də atəş kimi bir əzab gördüm ki, ondan qaçan bihuşluq yuxusunda olsun![14] Bilin ki, haqqdan xeyir tapmayana mütləq batilin ziyanı yetişəcəkdir. Hidayətlə doğru yola gəlməyəni azğınlıq çarəsizliyə və ölümə sürükləyir. Agah olun ki, sizlər köçməyə (bu saraydan əbədi saraya getməyə) məmur edilmisiniz (bundan başqa çarəniz yoxdur) və azuqə toplamağa yönəldilmisiniz.[15] Ən qorxulu olan iki şey var və sizin üçün onlardan qorxuram: Biri nəfsinizin arxasınca getməniz (gözlərinizi həqiqətə yumar) və digəri isə arzularınızın çoxluğudur. (Sizə axirət üçün azuqə və ehtiyat toplamağa imkan verməz.) Belə isə sabah onun vasitəsilə özünüzü qiyamətdə (əbədi əzabdan) qoruyacağınız şeyin, (camaata xidmət və Allaha bəndəliyindən) tədarükünü bu dünyada görün. (Seyyid Rəzi buyurur:)

Deyirəm: Xalqı zahidliyə, dünyaya rəğbətsizliyə, axirətdə işə yarayan xeyir əməllərə vadar edən söz olarsa, hərhalda bunlar Həzrətin həmin sözləridir. Camaatı çox bağlı olduqları amal və arzulardan daşındırır, öyüdün, Allaha və Peyğəmbərə qarşı üsyan və itaətsizliyin qadağa şöləsini həddən çox alovlandırır. O Həzrətin sözlərinin heyranediciliyi ondadır ki, buyurur: «ألا وَ إِنَّ الْيَوْمَ المِضْمارُ وَ غَداً السِبَاقُ وَالسَّبْقَةُ الْجَنَّةُ وَالْغايَةُ النَّارُ» Çünki bu sözdə ifadənin böyüklüyü və mənanın dərinliyilə yanaşı həqiqətə və işin mahiyyətinə uyğun təşbihdə heyrətamiz sirr və incə məna vardır. Buyurur: وَالسِّبْقَةُ الْجَنَّةُ وَالغايَةُ النَّارُ İki mənadakı fərqə görə iki növ sözdən istifadə etmişdir: أَلسَّبْقَةُ sözünü Cənnət üçünأَلْغايَة sözünü isə atəş üçün işlətmişdir. وَالسِّبْقَةُ النَّارُ deyilوَالسَّبْقَةُ الْجَنَّةَ buyurmuşdur. Çünki إِسْتِباق (önə keçmək) sözü yaxşı bir iş üçün və müsbət mənada işlədilir və Behiştin sifətidir. Atəş bu mənanı vermir. O atəşdən Allaha pənah aparırıq. Deməli, وَالسِّبْقَةُ النَّارُ buyurması düzgün olmazdı və ona görə də belə buyurmuşdur: وَالغايَةُ النَّارُ Çünki الغاية ona çatan hər bir kəs üçün bəzən şadlıq gətirmir, bəzən də sevinc bəxş edir. Deməli, bu sözü hər iki mənada izah etmək olar. الغاية kəlməsi burada Allah-təalanın buyurduğu مَصِير و مَأل sözü kimidir. (Qur’ani-Kərimin İbrahim surəsinin 30-cu ayəsi) قُلْ تَمَتَّعُوا فَإِنَّ مَصِيرَكُمْ إِلَى النّارِ «De, nalayiq işlərdən ləzzət alın. Beləliklə, sizin işlərinizin sonu atəşdir». Burada فَإِنَّ سَبْقَتَكُمْ إِلَى النَّارِ deyilməsi düzgün olmaz. Belə isə bu sözü dərindən düşün ki, onun batini heyrətamiz və çox dərindir. O Həzrətin sözlərinin əksəriyyəti belədir. Bəzi əlyazmalarda göstərilir ki, başqa rəvayətə görə سُبْقَة kəlməsində sin zəmmə ilə qeyd olunmuşdur. Ərəblər (yarışda) ötdüyü üçün önə keçənə (qalibə) mükafat verilən mala سُبْقَة (sini zəmmə ilə) deyərlər. سَبْقَة sözünün fəthə ilə olan mənası zəmmə ilə olan mənasına yaxındır. Çünki سُبْقَة (sözündə) sinin zəmməli olması pis və qəbahətli işin cəzası deyil, bəyənilən və sevilən işin mükfatıdır.

29-cu xütbə

İmam Əli əleyhis-salamın (düşmənlərlə döyüşə səhlənkar və etinasız yanaşmalarına görə öz səhabələrini pislədiyi) xütbələrindəndir.


Ey bədənləri bir, fikir və arzuları müxtəlif olan insanlar! Sizin (boş və mənasız) sözləriniz sərt daşları yumşaldır, sizin işiniz isə (öz evinizdə oturub, düşmənlə döyüşə hazırlaşmamanız) düşmənlərdə (malik olduğunuz hər şeyi ələ keçirib sizə sahib olmaq üçün) tamah yaradır. (Bir yerə yığışdığınız) məclislərdə özünüzdən çox danışır (boş və mənasız sözlərdən çox danışıb, igidlik və mərdlikdən dəm vurursunuz), düşmənlə döyüş vaxtı çatanda isə حِيدِى حَيادِ yəni, «ey müharibə, bizlərdən uzaq ol» deyirsiniz (حيدى حياد cümləsi ərəblərin düşməndən qaçarkən işlətdikləri misaldır). Sizi (zəfərə və özünə köməyə) dəvət edənin dəvəti qəbul olunmadı (çünki ona köməklik etmədiniz). Sizin uğrunuzda sizlərə zəhmət və əziyyət çəkənin ürəyi rahatlıq tapmadı. (Cihada getməmək və düşmənlə döyüşməmək üçün gətirdiyiniz) üzr və bəhanələr (doğru deyil), borclu şəxsin öz borcunu (üzrsüz yerə) gecikdirməsi kimi azğınlıqdır.[16] Zəlil və qorxaq (ona edilən) zülmə mane ola bilməz. Zəhmət və səy olmadan haq (və asayiş heç bir qövm üçün) əldə edilə bilməz. (Düşməni əzib məğlub etmək üçün evdə oturub, cihada getməməklə asayiş və rahatlıq istəməniz xətadır.) Hansı evi (diyarı) öz evinizdən sonra (düşmənin işğal və dağıtmasından) saxlayarsınız? (Sizi evinizdən bayıra atdıqda) məndən sonra hansı əmir və İmamla (düşməni özünüzdən uzaqlaşdırmaq üçün) cihada gedəcəksiniz? Allaha and olsun, sizin aldatdığınız şəxs doğrudan da aldanıb.[17] Allaha and olsun, sizin kömək və yoldaşlığınızla nicat tapan (düşməninə qalib gələn) kimsə, (qumarla oynanılan ox atıcılığında qumar üçün təyin olunan bütün oxlardan) daha uğursuz (çox ziyanlı) oxla nicat tapandır. Sizin köməyinizlə (düşmənə tərəf) ox atan (onun zülm və özbaşınalığının qarşısını almaq istəyən) kimsə başı sınmış, ucluğu olmayan ox atmışdır (belə bir ox hədəfə dəysə belə təsiri olmaz. Siz də düşmənlə qarşılaşsanız belə, qorxduğunuza görə onların irəliləməsinə mane ola bilməzsiniz). Allaha and olsun, sizin sözlərinizə (əhd-peymanınıza) inanmadan, sizin yoldaşlığınıza tamarzılanmadan səhəri açdım və düşməni (Müaviyə və qoşununu) sizlərin köməyi ilə qorxutmuram (çünki sizin vəfasızlığınız, yalançılığınız mənə və düşmənə aydın olmuşdur). (Hər nə qədər sizləri düşmənlə döyüşə həvəsləndirsəm də, səhlənkarlıq edən), sizlərin halı nədir, sizin dərdinizin dərmanı nədir (ki, hazırlayım), nə ilə əlac olunursunuz (ki, əlac edim)? Düşmənlər də sizin kimi insanlardır. (Niyə siz də onlar kimi deyilsiniz və onların qorxusu ürəyinizə oturub?) Bilmədiyiniz və inanmadığınız sözləri danışırsınız? (Cihada getmək üçün bir-birinizə «onu edəcəyik, bunu edəcəyik» deyirsiniz. Həqiqətdə isə düşmənlə döyüşməyə əsla iradəniz yoxdur.) Günahlardan uzaqlarda qəflətdəsiniz? (Elə isə oyanın) Haqqdan qeyrisinə tamah salırsnız?[18]

30-cu xütbə

İmam Əli əleyhis-salamın Osmanın qətli barəsindəki kəlamlarındandır.


Əgər onun qətlinə əmr vermiş olsaydım, sözsüz ki, qatil olardım, əgər qarşısını alsaydım, təbii ki, kömək göstərmiş olardım (onu öldürənlər mənimlə məsləhətləşməyiblər ki, mən onlara əmr vermiş, yaxud çəkindirmiş olum). Lakin (bilirəm ki,) ona kömək edən (Mərvan ibn Həkəm və Bəni-Üməyyədən bir dəstə adam) «Mən onu xar edəndən (ona köməklik göstərməyəndən) daha yaxşıyam» deyə bilməz. Onu xar edən də (Mühacir və Ənsardan bir dəstə) deyə bilməz ki, «ona kömək edən məndən daha yaxşıdır». (Burada o Həzrətin məqsədi Osmanı məzəmmət etməkdir.) Belə isə mən indi sizin üçün onun qətl səbəblərini (müxtəsər şəkildə) bəyan edirəm: Osman xilafəti öz ixtiyarına keçirib istibdad və özbaşınalıq etdi. (Məsləhətləşmədən, ümmətin razılığını nəzərə almadan istədiyini edirdi.) Deməli, belə iş görüb özbaşınalıq etməklə çox pis etdi, (siz isə zülm və sitəmdə) səbirsizlik etdiniz (səbr etməyib onu qətlə yetirdiniz), deməli, siz də bu səbirsizliyinizlə pis iş tutdunuz (gərək səbr edəydiniz ki, bu iş yumşaqlıqla islah olunardı və ya onun ətrafından dağılardınız ki, haqq öz sahibinə qayıtsın). Özbaşına hərəkət edən və onu öldürməkdə dözümsüzlük göstərən şəxs barəsində Allahın hökmü dəyişməzdir (Allah-təala qiyamət günü onlar barəsində hökm verəcək və hər kəsi öz günah və təqsiri qədər cəzalandıracaqdır).

[1] Belə isə bunlar Osmanın qanını almağa qalxmamalıdırlar, çünki özləri də qatildirlər. Varis deyillər ki, onun qanını tələb edə bilsinlər.

[2] Mənim də Osman kimi müsəlmanların, fəqirlərin malından istədikləri hər bir şeyi onlara verməyimi umurlar, lakin mən belə etməyəcəyəm, onun bid’ətini qaytarmayacağam.

[3] Bu cümlədə məqsəd o Həzrəti müharibəyə dəvət edənin-istər Təlhə, ya Zubeyr və ya istərsədə Aişə olsun- alçaqlığını bəyan etməkdir.

[4] Allah-təalanın mənimlə onlar arasında hökm etdiyi ilə və onlara tamamladığı höccətiylə razıyam. Allah onların niyyətlərindəki fəsaddan və işlərindəki zəlalətdən agahdır. Allahın höccəti dedikdə Onun düşmənlərlə vuruşum haqqında olan əmri nəzərdə tutulur. Qur’ani-Kərimin «Hücurat» surəsinin doqquzuncu ayəsində buyurulduğu kimi:وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ فَإِن فَاءتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ - Yəni, əgər möminlərdən iki tayfa bir-birilə vuruşsa, onlar arasında sülh yaradın. Əgər bu iki tayfadan biri həddini aşsa, zülm etsə və sülhə razı olmasa, həddini aşanlarla vuruşun ki, Allahın hökmünə qayıtsınlar, onun əmr və fərmanına itaət etsinlər. Beləliklə də, əgər haqqa qayıdıb, vuruş­maqdan əl çəksələr, onlar arasında bərabər səviyyədə sülh yaradın və ədalətli olun ki, Allah ədalətliləri sevir. Bununla o Həzrət Allahın əmrinə razı olduğunu bildirir.

[5] Hər bir kəs Allah-təalanın? hikmət və ədalət əsasında onun üçün təyin etdiyindən bəhrələnər. Qur’ani-Kərimin «Zuxruf» surəsinin 32-ci ayəsində buyurulduğu kimi: نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا - yəni, dünya həyatında onlara çatacaq şeyləri aralarında bölmüşük. Hicr surəsinin 21-ci ayəsində buyurulur: وَ إِن مِّن شَيْءٍ إِلاَّ عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ - yəni, elə bir şey yoxdur ki, onun xəzinələrindən bizdə olmasın. Lakin biz ondan ancaq müəyyən olunmuş qədər endiririk.

[6] Beləliklə, yoxsul və kasıb şəxs öz taylarında, yaxınlarında mal, gəlir yeri və ya övlad cəhətdən üstünlük görsə, onların paxıllığını çəkib günaha düşməməli, onlarla pis rəftar etməməli, onların qarşısında əyilməməlidir. Ehtiyacsızlığını izhar edib qəm-kədəri qəlbinə buraxmamalıdır. Alçaqlıq və xarlığa səbəb olan işlərin baş verməməsi, abır-həyasını və şərəfini yaxşı qorumaq üçün çalışmalıdır. Həmişə udmağını gözləyən uduzmuş qumarbaz kimi şad olub, nemətin çoxalmasını gözləməlidir.

[7] Çünki yaxşı ad onu eşidən qohum və ya yadın onun bağışlamasını dua etmələrinə səbəb olar. İrs isə yalnız irs sahibinə bəhrə verər. Deməli, yaxşı ada görə var-dövlət xərcləmək insan üçün varisə sərvət saxlamaqdan daha yaxşıdır. Bu cümlədə göstərilir ki, insanlar malını qohumları üçün xərcləməkdən çəkinməməli, onlara yardım etməli, əllərindən tutmalıdır.

[8] Onların Yəməndən çıxma səbəbi belə idi ki, Yəmənin şəhərlərindən biri olan Sənada Osmanın dostlarından bir dəstəsi yaşayırdı və onlar məsləhət əsasında Həzrət Əmirə bey’ət etmişdilər. İraq əhalisi o Həzrətə qarşı çıxdıqda, Misirdə Məhəmməd ibn Əbu Bəkr öldürüldükdə, Şam əhalisinin həddini aşmağı və zülmkarlığı çoxaldıqda onlar fürsət ələ keçirib Osmanın qanını almaq adı ilə Übəydullah ibn Abbas və Səid ibn Nəmrana qarşı çıxdılar. Bu xəbər o Həzrətə çatdıqda bir məktub yazaraq onları hədələdi. Onlar da cavabında yazdılar ki, bizim itaət etməmiz üçün Übəydullah və Səidi bu şəhərdən kənarlaşdırmalısan. Sonra İmamın məktubunu Müaviyəyə göndərərək onu bu hadisədən xəbərdar etdilər. Müaviyə fitnəkar və qaniçən bir şəxs olan Bosr ibn Əbi Ərtatı onlara tərəf yolladı. O, Sənaya daxil olduqda Übəydullah və Səid Abdullah Səqəfini öz yerlərinə qoyub oradan qaçaraq Kufəyə gəldilər. Bosr Abdullah Səqəfini qətlə yetirdi. Bu iki nəfər Kufədə İmamın hüzuruna gəldikdə Bosr ibn Əbi Ərtatla döyüşmədikləri üçün o Həzrət onları qınadı və məzəmmət etdi. Onlar döyüşməyə gücləri olmamasını üzr kimi göstərdilər.

[9] Deməli, Həzrət Peyğəmbərin müqəddəs vücudunun səbəbinə o cür pis həyat, əqidə və bütün çətinliklərdən xilas olub, dünya əhli arasında böyüklük və ucalıqla məşhurlaşdınız. İndi isə O böyük şəxsiyyətin canişininə və haq olan xəlifəsinə düşmən kəsilib itaətsizlik etməniz layiqli işdirmi?.

[10] Hadisənin mahiyyəti qısaca olaraq bundan ibarətdir ki, Həzrət «Cəməl» müharibəsi başa çatdıqdan sonra Kufəyə təşrif gətirdi. Orada Müaviyəyə məktub yazaraq, onu bey’ət etməyə çağırdı və məktubu Cərir ibn Abdullah Bəcəlliynən göndərdi. Cərir Şam şəhərinə daxil olub məktubu Müaviyəyə verdi. Müaviyə məktubu oxuyandan sonra dərin fikrə getdi. Cavabını qaytarmaq üçün Cəriri məəttəl saxladı, Şam şəhərinin əhalisindən bir dəstəsini çağırtdırıb, Osmanın qanının intiqamının alınması barədə onlarla söhbət etdi. Onlar Müaviyənin fikri ilə razılaşdılar, ona yardıma hazır olduqlarını bildirdilər. Daha sonra qardaşı Utbə ibn Əbu-Süfyanla bu barədə məsləhətləşdi. Utbə dedi: «Bu işdə Əmr ibn Ası köməyə çağır. Çünki sən onun fitnəkar, düşüncəli və tədbirli olmasını bilirsən». Sonra Müaviyə Əmr ibn Asa məktub yazaraq tərifli sözlərlə onu tərifləyib özünə köməyə və Osmanın qanını almağa dəvət etdi. Əmr məktubunun cavabında yazdı: «Məktubunu oxuyub məqsədini başa düşdüm. İslam dinindən çıxıb azğınlığa düşməyə, sənin ardınca getməyə, o dərəcədə fəzilətli, yüksək məqamlı və şücaətli Əli ibn Əbu Talibin üstünə qılınc çəkməyə hazır deyiləm. Ey Müaviyə, sən Osmanın ölümü ilə Şam şəhərinin hakimliyindən uzaqlaşdırılmısan və onun intiqamını almaq yolu ilə xəlifəliyi ələ keçirmək istəyirsən. Belə hiylələrinlə mənim kimiləri aldada bilməzsən. Sənin yolunda öz dinimdən dönüb canımı qoya bilmərəm». Müaviyə məktubu oxuduqda rüşvətsiz onu razı sala bilməyəcəyini başa düşdü. Bilirdi ki, o, Misirin hakimi olmaq istəyir. Ona Misirin hakimliyinə vəd etdi. Əmr də axirətini dünyasına dəyişərək Müaviyəyə qoşuldu. Buna görə də Həzrət bunları buyurur.

[11] Mizmar atların yarış və cıdırı üçün hazırlanan müddətə deyilir. Belə ki, yaxşıca kökəlməsi və güclü olması üçün atın yemini artırırlar. Daha sonra, artırdıqları yemi adi normasına çatana qədər, tədricən azaldırlar ki, at xamlığını çıxarsın və yarış günü üçün hazır olsun.

[12] Mizmar dövründə hər kəs özünü saleh əməllər, gözəl əxlaqla adət etdirib tərbiyələndirsə, sabah imtahan meydanında önə keçərək cənnəti qazanacaqdır. Səhlənkarlıq edib qəflətdə olan isə sabah xar və xəcalətli olub oda daxil olacaqdır.

[13] Çünki ehtiyac və iztirab içində olan bəşər Allahın razılığını qazanmaq üçün xalis niyyətlə canı dildən çalışır. Buna görə də Həzrət Allahı daha az yad etdiyiniz rahat və əmin vaxtlarınızda da ondan qəflətdə olmamağı buyurur ki, bu xəbərsizlik peşmanlığa səbəb olur.

[14] Ən kiçik mənfəət üçün çalışdıqları halda Behişt kimi ən böyük nemətlərdən qafil olan, cüzi zərərin qorxusundan çoxlu yollara əl atdığı halda, Cəhənnəm böyüklükdə atəşdən çəkinməyən insanlar heyrətlidir.

[15] Qur’ani-Kərimin Bəqərə surəsinin 197-ci ayəsində buyurulur: وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى «Səfərə azuqə toplayın və ən yaxşı azuqə də pərhizakarlıqdır.

[16] Çünki o, borcunu vermək istəmədiyinə görə bəhanə gətirib bu gün-sabaha saxladığı kimi, siz də cihada getmək istəmədiyinizə görə yalan bəhanələr gətirib işi bu gün-sabaha saxlayırsınız. Bu səhlənkarlığın nəticəsində özünüzü xar və zəlil edirsiniz.

[17] Çünki siz öz əmirinizə köməklik vəd edir, düşmənlə üzləşdikdə isə ona arxa çevirib döyüşməmək üçün bəhanə gətirirsiniz.

[18] Allaha, Peyğəmbərə və haq olan İmama itaətsizlikdə, batil yolda xeyir təsəvvür edirsiniz? Belə deyil, Batil yolla xeyir götürməyə tamah salmaq günahlardan qəflət, bilmədən və inanmadan danışmaq dünya və axirətdə bədbəxtliyə, biçarəliyə səbəb olar.
Source : balaghah
Comment