0
Monday 2 April 2012 - 09:49

Azərbaycana görə Obamaya hücumlar başladı

Story Code : 149685
Azərbaycana görə Obamaya hücumlar başladı
Azərbaycana görə Obamaya hücumlar başladı
İsrail ABŞ-ı İran əməliyyatını pozmaqda ittiham etdi “The Foreign Policy” jurnalının araşdırması Qərbdə böyük rezonansa səbəb olub; “New York Post”: “Obama administrasiyasının bu hərəkəti Azərbaycanı zərbə altına qoyur”

Nüfuzlu “The Foreign Policy” jurnalının İsrailin İranın nüvə obyektlərinin bombardman edilməsi əməliyyatında Azərbaycan ərazisindən istifadəni razılaşdırdığı barədə sensasion araşdırması ABŞ prezidentinə qarşı güclü hücumlara səbəb olub. İsrail hakimiyyət çevrələri, aparıcı qəzetləri və Amerikadakı yəhudi lobbisi bu informasiyanın sızdırılmasına görə günahı Barak Obamanın üzərinə atır.

Bildirilir ki, Obama administrasiyası İsrailin İran əməliyyatları ilə bağlı məxfi detalları mətbuata sızdırmaqla, bu əməliyyatı pozmağa çalışır. Hətta İsrail mediasında Obama administrasiyasının bu hərəkəti “yəhudi dövlətinə qarşı xəyanət və terror aktı” kimi dəyərləndirilir.

Xəbər verildiyi kimi, “The Foreign Policy” Amerikanın hərbi kəşfiyyat və diplomatik rəsmilərinə istinadən İsrailin İran əməliyyatlarında Azərbaycan ərazisindən istifadəni razılaşdırdığını yazıb. Jurnala məlumat verən mənbələr deyiblər ki, bu razılaşma İranın nüvə hədəflərinə zərbələr endirib geri qayıdan İsrail təyyarələrinin yanacaq götürmək üçün Azərbaycan ərazisində yerə enməsini, habelə ölkədə vertolyot-xilasetmə dəstələrinin yerləşdirilməsini nəzərdə tutur. Rəsmi Bakı isə iddiaları təkzib edərək Azərbaycan ərazisindən İrana qarşı istifadəyə heç vaxt yol verilməyəcəyinə dair bəyanatlarını bir daha təkrarlayıb.

Jurnalın bu araşdırması Qərb mediasında, o cümlədən İsrailin özündə böyük rezonansa səbəb olub. İsrailin mərkəzi qəzetləri mövzuya səhifələrlə yer ayırıblar. Nüfuzlu İsrail analitikləri İran əməliyyatlarında Azərbaycan ərazisindən istifadənin mümkünlüyünə dair fərqli fikirlər irəli sürür.

“Yediot Ahronot” qəzetindən Aleks Fişman qeyd edir ki, Azərbaycan ərazisinə çatmaq üçün İsrail aviasiyası Türkiyə və İraqın hava məkanından keçməlidir. Həmçinin, Ermənistan və Gürcüstan da yolüstü ölkələrdir. “Bu cür bir məqalə kifayətdir ki, nəinki Tehranla Bakını üz-üzə qoysunlar, eyni zamanda digər ölkələri də başqasının ”razborkasına" qatsınlar.

MOSSAD-ın keçmiş direktoru Meir Daqan İrana qarşı hərbi əməliyyatların bütün regionu qarışdıracağını deyərkən məhz bu situasiyanı nəzərdə tutur; yəni bu o deməkdir ki, İranın nüvə fəaliyyətləri ilə bağlı münaqişəyə heç bir dəxli olmayan ölkələr də bu tonqala düşəcəklər", deyə, analitik bildirib.

“Yediot Ahronot” qəzetindən xüsusi xidmətlər üzrə ixtisaslaşmış Ronen Berqman isə yazır ki, əgər İsrail Azərbaycan ərazisindən istifadəni razılaşdırıbsa, o zaman İran əməliyyatları üçün strateji üstünlük əldə etmiş olur. Lakin Berqman qeyd edir ki, əgər Təl-Əvivlə Bakı arasında bu barədə razılaşma olubsa belə, məlumatın “Foreign Policy” jurnalına sızdırılmasından sonra onu aradan qalxmış hesab etmək olar.

Qəzetin hərbi-siyasi məsələlər üzrə şərhçisi Ron Ben-İşay isə bu məxfi məlumatın sızdırılmasına görə Ağ Evi və şəxsən prezident Obamanı ittiham edib. Onun fikrincə, məqsəd İsrail qüvvələrinin əməliyyatını pozmaqdır. “Obama İsrailə xəyanət edir?” başlıqlı məqalə ilə çıxış edən Ron Ben-Yişay dərc olunan məlumatı terror aktına bənzədib. Onun sözlərinə görə, Obama administrasiyası əlindən gələni edir ki, İsrail rəhbərliyi üçün İrana hücum etməyi çətinləşdirsin. Ən pisi isə odur ki, baş verənlər İsrailin hücum olacağı təqdirdə itkilərini artıra bilər.

İsraildəki nüfuzlu Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun təhlilçisi Yoel Quzanski də hesab edir ki, məlumatın sızdırılması İsraili İrana hücumdan saxlamaq üçün aparılan kampaniyaya oxşayır: “Obama administrasiyası xeyli narahatdır ki, İsrail tezliklə İrana hücum edəcək. Onlar bunun qarşısını hər vəchlə almağa çalışırlar.” Amerika mediası, aparıcı telekanalları da mövzuya geniş yer ayırmaqdadır. Xüsusən, yəhudi çevrələrinə yaxın media və respublikaçı düşərgə bu fikirlə həmrəydir ki, Azərbaycan ərazisindən istifadəyə dair məlumatın sızdırılmasının arxasında Obama administrasiyası dayanır.

“New York Post” qəzetində dərc edilmiş məqalədə deyilir ki, Obama administrasiyasının bu hərəkəti İsrailin müttəfiqi olan Azərbaycanı zərbə altına qoyur və düşmənə kömək edir. Bildirilir ki, Obama bütün yollarla İsrailin İrana qarşı əməliyyatlarını ən azı Amerikadakı prezident seçkilərinə qədər əngəlləmək istəyir. Obamanın Yaxın Şərq məsələləri üzrə keçmiş müşaviri Denis Ross qəzetə açıqlamasında deyib ki, bu cür məlumatların sızdırılmasını Obama administrasiyasında İsrailin İrana hücum etməsini istəməyən “ayrı-ayrı şəxslər” təşkil edir.

İsrail hökuməti isə “The Foreign Policy”nin yazdıqlarını şərh etməkdən imtina edir. Yüksək rütbəli İsrail rəsmilərindən biri “The Guradian”a ancaq onu deyib ki, İranın öz qonşusu Azərbaycana qarşı təzyiqləri bu ölkənin yəhudi dövləti ilə daha sıx tərəfdaşlıq qurmasına səbəb olur. Bu da faktiki olaraq İsraillə Azərbaycanı bir-birinə müttəfiq edir. “İrandan təzyiqlər nə qədər artsa, iranlılar Azərbaycandakı səfirliklərə qarşı nə qədər çox terror planları hazırlasa azərbaycanlılar da bizlə o qədər çox əməkdaşlıq edəcək”, deyə, həmin rəsmi bildirib.

O əlavə edib ki, hazırda İranla Azərbaycan arasında münasibətlər olduqca mürəkkəbdir və mürəkkəbləşməkdə davam edir: “İranın qorxusu ondandır ki, onun ərazisindəki azərbaycanlılar müstəqil olmağa can atır, Azərbaycana qarşı təzyiqlərin arxasında da bu amil dayanır. Nəticədə Azərbaycan İsraillə münasibətlərini dərinləşdirməkdə çox maraqlıdır” deyə, İsrail rəsmisi bildirib.

ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton isə ABC News telekanalının efirində bu mövzu ilə bağlı təşkil olunmuş debat zamanı deyib ki, Azərbaycan ərazisindən istifadəyə dair məlumatın sızdırılması Obama administrasiyasının işidir. Bolton bunun İsrailin əməliyyatlarını pozmaq üçün məqsədli şəkildə edildiyini deyib. “Ağ Ev İrana qarşı zərbələri əngəlləmək üçün bütün gücü ilə çalışır, bu informasiyaların sızdırılması da həmin məqsədə xidmət edir” deyə, Bolton bildirib.

Amerikanın mühafizəkar çevrələrə yaxın “WorldNetDaily” nəşri isə yazıb ki, Obama İsrailin əməliyyatlarını pozmağa çalışmaqla İrana zərbələri əngəlləmək istəyir. Eyni zamanda o, Tehranla gizli danışıqlar apararaq təminat almaq istəyir ki, İsrail İranı vursa cavab zərbələrinin hədəfi Amerikanın regiondakı bazaları olmayacaq.

Nüfuzlu analitiklərə görə, İsrailin Azərbaycanla gizli anlaşmasına dair məlumatın sızdırılması Amerikadakı yəhudi lobbisinin Obamaya seçkilərdə dəstəyini kəsə bilər. Bundan əvvəl xəbər verilmişdi ki, Amerikadakı yəhudi lobbisi İrana qarşı sərt addım atmayacağı halda Obamaya dəstək vermək fikrində deyil.

İranın “The Foreign Policy” jurnalında yazılanlara reaksiyası məlum deyil, ancaq istisna deyil ki, Tehran bu dəfə də iddialara Bakıya qarşı nota ilə cavab verəcək. Bundan əvvəl Qərb mətbuatında İsrail kəşfiyyatının Azərbaycandakı fəaliyyəti barədə yazılanlara Tehran çox sərt reaksiya vermişdi.

Bu arada İsrail hökumətinə yaxın İzRus portalı xəbər verib ki, aprel ayında yəhudi dövlətinin rəhbərliyində yer alan şəxslərindən biri Cənubi Qafqaza səfər edəcək. Bildirilir ki, bu İsrailin regionda artan, İran və Türkiyənin narazılığına səbəb olan fəallığının tərkib hissəsidir. Səfər aprelin 20-nə planlaşdırılıb, məlumatı portala Təl-Əvivdəki yüksək vəzifəli diplomatik qaynaq verib. Mənbənin bildirdiyinə görə, qəbul edən tərəf son ana qədər bu səfərlə bağlı detalların məxfi qalmasını xahiş edib.

Bu səbəbdən portal İsrail rəhbərliyindən kimin və hansı məqsədlə regiona səfər edəcəyini dərc etmir. Qeyd edək ki, bu günlərdə Seulda keçirilən nüvə təhlükəsizliyi sammitinin kuluarlarında İsrailin baş nazirinin müavini və kəşfiyyat strukturlarının işini kurasiya edən nazir Dan Meridor Azərbaycan prezidenti ilə görüşərək İranın nüvə layihələrinə dair məlumatları bölüşmüşdü. Həmçinin prezident Əliyevi İsrailə səfərə dəvət etmişdi.
Source : musavat
Comment