QR CodeQR Code

Əliyevlərin “sevimli girovları”

Hicab.org , 22 Jul 2012 13:18

IslamTimes - Müharibə və aclıqla qorxudaraq, insanları ölümə və aclığa necə düçar etdilər?


Əliyevlər hakimiyyəti əhali üzərində müxtəlif nəzarət formaları tətbiq edib. Bu müxtəlifliyin başlıca meyarları isə əhalinin ayrı-ayrı qruplara bölünməsinə əsaslanır.
Heydər və Ilham Əliyevlər Qarabağ və ətraf rayonlardan köçkün düşmüş bir milyon soydaşımızın üzərində daxili və xarici uzantıları olan bir stabillik siyasəti qurdu. Od-alovun içindən çıxmış insanların “Biz müharibə istəmirik”, “Daha qan axmasın”, “Övladlarımız, qohumlarımız şəhid olmasın”, “Qız-gəlin əsir düşməsin” deməsi nə qədər təbii idisə, bu təbii qorxunun üzərində çirkin siyasi məqsədi həyata keçirmək bir o qədər qəddarlıq və iyrənclik idi. Heydər Əliyev Qarabağı tələb edən hər kəsin yadına müharibənin fəasadlarını salır və insanları keçmişlə qorxudurdu. Psixoloqlar bu vəziyyəti daha doğru analiz edə bilərlər. Məsələn, birisini təsadüfən ağ avtomobil vurursa, o adam xeyli müddət ağ avtomobilə qarşı fobiya daşıyıcısı olur. Heydər Əliyev də böyük mənəvi və fiziki, eyni zamanda, sosial yaralar almış bir toplumun müharibə fobiyasını dövlətçiliyə qarşı silah kimi istifadə etdi. Uzun illər demokratiya, insan haqları və itirilmiş torpaqlarla bağlı irəli sürülən siyasi tələblərin qarşısına şüur müvazinətini itirmiş bu kütlə çıxarıldı.
“Ömrümün qalan hissəsini də Heydər Əliyevə bağışlayıram” deyən qoca qadınları bu sətirlərin müəllifi də zamanında xeyli qınayıb. Amma bir qədər dərin düşünəndə görürük ki, o qadınların ömrü qalmayıbmış. Onlar sadəcə, girovluq həyatı yaşayırlar və istismar müddətinin bitməsini gözləyirmişlər. “Qarabağlılar Qarabağın geri qayıtmasını istəmirlər” tezisi də bu cür ortaya çıxmış və məsuliyyəti hakimiyyətin mərkəzindən uzaqlaşdırmağa hesablanmışdı. Heydər və Ilham Əliyevlər isə bu arada ölkəni çapıb-talamaqla məşğul olmuş, Köçəryana, Sərkisyana arxayınlıq mesajları vermişdilər. Siyasi müxalifət isə bu cür psixoloji vəziyyətdə müharibə, qan-qada tələb edən adamlar kimi təqdim olunmuş, onların totalitar mexanizmlə cəmiyyətlə əlaqələrinin kəsilməsinə çalışılmışdı.

Ünvanlı yardım alan ünvansız vətəndaşlar

Azərbaycan əhalisinin 1,5 milyona qədəri ünvanlı sosial yardım almaq üçün dövlət orqanlarına müraciət edir. Bu rəqəmə aid olanların bir xeyli hissəsi də Bakının mərkəzində yerləşir. Ilham Əliyevin hər ilin ortasında və sonunda səsləndirdiyi rəqəmlərə inansaq, sonuncu açılan 100 min iş yerinə xaricdən işçi qüvvə gətirilməlidir. Amma reallıq budur ki, ünvanlı sosial yardım almaq uğrunda yaşam savaşı verilir. Artıq hər kəs bu yardımın necə alındığını bilir. Vətəndaş altı aylıq müavinətdən gözünü çəkir, yerdə qalan altı ayın yardımını almaqla sevincək olur. “Onsuz da pul vermədən almaq mümkün deyil, yenə də sağ olsunlar ki, nəğd istəmədən işi düzəldirlər” deyib dua da oxuyur.
Əliyevlər hakimiyyətinin mahiyyətcə korrupsioner olması pula meyllə yanaşı, həm də korrupsiyanın inzibati idarəetmədən sosial idarəetməyə keçdiyini göstərir. Vətəndaş altı ayın yardımı ilə yalnız ölməmək barədə düşünür və onun tək məqsədi həyatda qalmaqdır. Bu cür sadə strategiyası olan insanları idarə etməyin ən yaxşı yolu elə yuxarıdakı mexanizmdir. Bunun düşünülmüş bir metod olduğunu və yuxarıdan qaynaqlandığını sübut eləmək elə də çətin deyil. Bu günə qədər bir neçə məmur bu cür hərəkətlərinə görə cəzalandırılsa da, bu mexanizm bütün ölkə boyu işləməkdə davam edir. Deməli, o məmurlar da ona görə cəzalandırılıblar ki, işlərini etibarlı tutmayıblar.
Bu gün milyonlarla insanın real narazı kütlə olduğu heç kimə sirr deyil. Bəs onları potensial etirazçıdan real etirazçıya keçirmək üçün nə etmək lazımdır? Bu, əsas sualdır. Çünki onlar həyatda qalmaqdan başqa heç nə istəmirlər. Bu təbəqənin Əliyevlərə boğazlarından girov düşdüklərini şəksiz demək olar.

Diplomlu sürülər yetişdirənlər

Azərbaycanda onlarla özəl universitet fəaliyyət göstərir ki, onların böyük əksəriyyətinin məzunlarını hansısa bilik müsabiqəsinin nəinki qalibləri, heç iştirakçıları arasında da görə bilməzsiniz. Amma hüquq-mühafizə orqanlarında kifayət qədər bu diplomlarla çalışanlar var. Bu təbii ki, eyni zamanda, pullu ailələrin övladlarıdır. Qalanları isə böyük bir diplomlu işsizlər ordusu yaradıb.
Ölkədə informasiya-elektron hesablama maşınlarından istifadə edə bilməyən, layihə proqramlarının adını belə eşitməyən minlərlə mühəndis var. Bu insanlar demək olar ki, oxumamaq, öyrənməmək üçün pul ödəyən ordunun əsgərləridir. Onlar Əliyevlər hakimiyyətindən xırda vəzifələr qoparmaq üçün dəridən-qabıqdan çıxıb pul yığmaqla məşğuldurlar. Amma öz qaranlıq gələcəklərinin təşkili üçün çalışdıqlarının fərqində belə deyillər. Əliyevlər öz sistemlərinin mahiyyətinə uyğun olaraq, bu insanların ümidlərini girov götürüblər. Onsuz da pul verib hardasa baş girələməkdən başqa bir şey edə bilməzlər. Buna görə də bu sistemin dəyişməsinə dair təsəvvürləri belə yoxdur. Çünki bütün arzularının sonuncu addımı əllərindəki pulu rüşvət olaraq kiməsə verməkdir. Bu asılılıq artıq psixoloji dözülməzliyə gətirib çıxarır.

İdarəçilərmi, alıcılarmı?

Azərbaycanda təxminən 3 milyona yaxın əhali kənd təsərrüfatının hesabına yaşamağa cəhd edir. Amma bu sahədə vəziyyət çox sürətlə pisləşir. Hakimiyyət orqanları, hətta hər fermerə çatası 40 manat yanacaq pulunu da artıq müəyyən şərtlər daxilində verəcək. Bundan başqa, fermerlərin öz torpaqlarını əkib-becərə bilmələri üçün onlara yardım etmək əvəzinə, əkilməyən torpaqlara da vergi tətbiq edərək, insanları müflisləşdirir və torpaqlarını satdırmağa məcbur edirlər. Bununla da torpaqlar yenidən bir əldə cəmləşir və monopoliya xərçəng xəstəliyi kimi bütün damarlara yayılır.
Digər tərəfdən, min bir çətinlikə əkib-becərməyi bacarmış fermer məhsulunu bazara çıxara bilmir. Nəqliyyat Nazirliyinin qoçularından tutmuş, bazardakı qoçularına qədər hər kəsə hesab vermək isə heç şumlamanın da pulunu çıxarmağa imkan vermir. Məhsul ya çürüyür, ya da su qiymətinə yerindəcə monopolistlərə satılır.
Beləliklə, Əliyevlərin artıq neft sektorunu deyil, qeyri-neft sektorunu da əllərinə keçirmək siyasəti tam ortadadır. Bu insanlar isə sadəcə, yaşamaq üçün girovluq şərtlərinə tabe olurlar.

Seymur Həzi/azadliq

P.S. “Bu vəziyyətin dəyişməsi üçün nə etməli?” sualına isə növbəti yazılarımızda cavab


Story Code: 181111

News Link :
https://www.islamtimes.org/az/article/181111/əliyevlərin-sevimli-girovları

Islam Times
  https://www.islamtimes.org