0
Monday 22 October 2012 - 07:08

Azərbaycan və din, Lenin və tiryək

Story Code : 205542
Azərbaycan və din, Lenin və tiryək
Haradan başlayım ki, qurtara bilim?..

Dədə-babadan dəyərli bir ifadə var dilimizdə: BİR KİTABLIQ... Azərbaycan adlı rüşvət səltənətində dözülməz ağrıların təkcə adları bir kitablıqdır. Haradan başlayım? Saxta seçkidən, mandat alverindən, bütpərəstlikdən, şou-dövlətçilikdən, haradan? Haradan başlayım ki, oxuyanın hövsələsi daralmasın, bu qəmnaməni başacan bölüşsün? Çarə yoxdu, BİR KİTABLIQ dərdlərə kor olub, bəşər tarixində “ən unikal siyasi axmaqlıq”dan, Əliyev rejiminin İslamı baltalamaq layihəsindən bir-iki kəlmə yazmaqla yuvamıza çəkilək.

Lenin, ata nənənə rəhmət!

Əvvəl ULU Lenin haqqında haşiyə çıxım ki, dindar qardaşlarım “rəhmət” sözünə görə bəndəni lənətləməsin. Leninin ata nənəsi, yəni atasının anası kalmık olub. “Kalmık” sözünün “qalmaq” sözündən düzəldiyini deyirlər. Yəni ULU BABAnın damarlarında türk qanından da nəsə var. Kalmıkların buddist olduğunu yazırlar. Amma mən türk əsilini əsas götürüb elə müsəlman adətiylə bədzüryət arvada rəhmət oxudum.
Bir nöqtə də: kiminsə pisliyini qabartmaq üçün lənətlik birinə rəhmət demək metoddur. Yəni sənə baxanda filan oğlu filana rəhmət düşür.
Lenin! Hərçənd “Din xalq üçün tiryəkdir!” (“Reliqiya opium dlya naroda”) şüarı sənin yaradıcılığın deyil. Bunu səndən qabaq Marks, Marksdan qabaq romançı Markiz de Sad, şair Novalis dilə gətirib. Fərqi yox, əsas odur ki, biz səni tanımışıq. Amma sən dinə tiryək desən də onu dindarların evindən, cibindən çıxarmamışdın. Sən dinsiz, bir kişi kimi, din adamlarının boynuna daş bağlayıb dənizdə batırsan da qurbanlarına narkoman yarlığı asmamışdın. Kim bilir, bəlkə qanındakı türk havası buna yol verməyib.
Xoş xəbər var, Lenin. Səndən 100 il sonra Azərbaycan adlı səltənətdə Dini əsil Tiryək formatında dindarların qəlbindən yox, cibindən çıxardılar. Xəbərin xoşluğu ondadır ki, cəhənnəmdə sənə kölgə olacaq odunlar yol üstədir.

Oyunun olsun, Musavat!

Musavat yazdı ki, “Hicab aksiyasının” “Şeyx” ləqəbli təşkilatçısı saxlanılıb. Şeyx Allahşükür Paşazadə hökmən inciyəcək: Qaçaq-qulduruqmu ki, ləqəbimiz ola?! – haqqı var. Azərbaycanın müxalifət güzgüsü saydığımız Musavat elə bilirmiş ki, ŞEYX ləqəbdir. Bunu Musavatın duzlu yazarları qələmə alsaydı yozmağa yer tapılardı. Amma...
ULUlardan giley naməsində Musavat üzərində yüz kəlməlik dayanacaq pis olmazdı.
Musavatcan, axı sən xalqın içindən çıxmısan. Axı səndən umacaqları var bu dindar xalqın. Axı sən yaxşı bilirsən ki, ŞEYX ləqəb deyil, din xadimi üçün tituldur. ŞEYXi ləqəb saymağın təsadüfi naşılıqdır, yoxsa rüşvətxor padşahlığa şit təbəssüm payı? Xalqın zülm sarayanı silkələyən lənət fəryadı səni sevindirirsə, bu nə improvizədir?! Yoxsa dini cameəni üstünüzə qaldırmaqla Əliyevi sevindirəcək əl var aranızda?
Nə dedimsə dost kimi dedim. Çünki dost olduğunuza hələ ümidim var.

İran dəbdən düşür, Suriya...

Xəbər yayıldı ki, Suriyada təhsil almış Cavid Məmmədov həbs olunub. Siyasi proseslərə qatılmayan, ideoloji polemikalarda fəallığı ilə tanınan Cavidin həbsi dini kəsimdə də təəccüblə qarşılandı. Çünki bu PAK, SADƏ, NİKBİN toplum hələ də rüşvətxor Əliyev qruplaşmasında insanlıq, vicdan axtarır. A “Cavid hara, aksiya hara” deyənlər, cavab verərsinizmi ki, rüşvətxor dəstə hara, hakimiyyət hara? İlham Əliyev hara, prezidentlik hara? Hacı Mövsüm, hara terror hara? Hacı Abgül hara, narkotika hara? Yox, cavab verə bilməzsiniz. Siz öz paklığınızla hələ düşünürsünüz ki, qəzetdə yazılan, radio-televiziyada deyilən düz olur. Siz hələ məhkum olduğunuz rejimin Lenindən qabağa keçdiyini, məcazi tiryəki, həqiqi tiryəkə çevirdiyini görmürsünüz...
Allahın dinini təbliğ edən bir insan, Cavid Məmmədov qanunsuz silah saxlamaqda ittiham olunur. 5 oktyabr aksiyasında iştirak edən bərdəli Nəsimi Yusif oğlu Həsənovdan narkotika tutur bu yaramaz rejim. Aksiya iştirakçılardan olan Səxavət Quliyev də narkotiklə şərlənərək həbs olunub.
Qayıdaq Suriya üzərinə. Eşitdiniz ki, "Azad Suriya Ordusu” adlandırılan radikal vəhabi birləşmələrin qətlə yetirilmiş muzdurları arasında həmvətənimiz olub. Suriyada İslamla Küfr vuruşur. Təəccüblənməyin. İlanın bir başı olur, bir quyruğu. Əgər Suriya müxalifəti, Azad Suriya Ordusu adlanan mübhəm qüvvəni ABŞ və İsrail himayə edirsə, onların kiminlə vuruşduğu sual deyil, əzizlər. Azərbaycan hakimiyyəti həmişə olduğu kimi ABŞ və İsrailin yanındadır, əsgəri qüvvə ilə əl tutur. Necə olur ki, şiə Azərbaycanda aksiya keçirə bilmir, vəhabi Suriyada vuruşur?! Bəşar Əsədi ortalığa atmayın. Hamı bilir ki, Əsəd marionetdir. Söhbət Suriya torpaqlarının İrana ya Fələstinə yol olacağından gedir. Bəşar hər kimsə, Suriya İsrailə qarşıdır. Bəşar getsə, Suriya İrana qarşı olacaq. Bu “iki vur iki”dir və mübahisəyə yer qalmır. Beləcə, din əhlini də Suriyaya bağlamaq orijanal görünür.

Ölmüş ataların gözü yolda

Oğul dünyasını dəyişmiş ataya nə yaxşılıq edə bilər? Əgər kafirsə, etiqadsızsa heykəl qoyar, adına park salar, saray tikdirər. Əgər iman əhlisə, məscid tikdirər, ehsan paylayar, Allahın qullarına sevgi göstərər ki, Allah da onun atasına rəhm etsin.
Bizdə ölmüş atalara da yanaşma dəyişib. Kimi Cenifer Lopes, Rihanna və Şakiranın üryan əndamını ehsan edir, kimi də xalqın bəh-bəhindən ötrü “maidə” açır.
Lenin atası üçün nə edib görəsən? Axı tiryək söhbətini Azərbaycanda o salmışdı ağızdan-ağıza. Heykəl qoydu atasına, fond açdı? Bu barədə məlumat əldə edə bilmədim. Amma bir şey həqiqətdir ki, Lenin “Din xalq üçün tiryəkdir” deyəndə ağlına da gəlməyib ki, dindarın cibindən tiryək çıxarsın. Bu bizimkilərin ağlına gəldi... Daha doğrusu beyninə düşdü. Ağlı olan əbədi axirəti müvəqqəti dünyaya satmaz.

Hər şeydə birincilik ehtirası

Biz Vətən, Din sevgisindən savay hər şeydə birinciliyə sinov gedirik - intiharda, rüşvətdə, şərləmədə, soyunmaqda, paxıllıqda. Dindarın cibindən narkotika çıxarmaq ideyası da həmin sinovluqdan doğulub. Yox deyirsiz? Yox deyənin 20 faiz torpağı işğalda qalmaz, yox deyənin seçkilərdə səsini qəpik-quruşa almazlar, yox deyənin məscidi uçurulanda min yox, milyonların ürəyi yanar...
Dinlə düşmənçilikdə birə çıxdıq. Təbrik edək bir-birimizi. Holokost, qolodomor əfsanəyə çevrilmiş şişirtmələrdir. Gerçək Bakının bu günüdür - şərlənərək həbsxanaya atılmış yüzlərlə PAK ALLAH ADAMI! Məşhur azlıqdan deyilsənsə, cavabdehliyin var, yaxanı kənara çəkmə.

Arzu Eyvazov
HaqqYolu
Comment