0
Thursday 25 October 2012 - 15:46

Kef Olsun Aclıq Olsun...

Story Code : 206576
Kef Olsun Aclıq Olsun...
Kef Olsun Aclıq Olsun...
www.Islam times.org/az/- Məlum olduğu kimi qarşıdan müqəddəs Qurban bayramı gəlir. İnsanlara şəfqəti, mərhəməti və səxavəti aşılayan bir bayram. Acların üzünün güldüyü, qəlbinin şad olduğu bir bayram. Həmd olsun aləmlərin Rəbbi olan Allaha ki, bizlərə bu cür bayram bəxş edib. Heç olmazsa bu bayram günündə bütün il boyu yalnız özünü düşünüb, ətrafındakı insanların həyat şəraiti ilə bir qırıq da olsun maraqlanmayan bəzi imkanlı şəxslər bu gündə qurbanlar kəsib kasıblara paylayırlar.

Yenə də şükürlər olsun ki, ölkəmizdə artıq demək olar ki, qurban kəsmək bir adət halını alıb. İmkanı olan əksər insanlar, fərqi yoxdur dindar olsun, rüşvətxor olsun, şərabxor olsun, hamı kəsməyə çalışır.

Düzdür bəzilərinin bu əməli yerinə yetirməsindən məqsəd özünü camaata göstərməkdir. Desinlər ki, filankəs də qurban kəsdi. Çünki bilirsiniz də Azərbaycanda insanların əksəriyyəti “qonşudan geri qalmama” prinsipi ilə yaşayırlar. Filankəs filan maşın aldı, mən ondan da yaxşı maşın almalıyam, filankəs oğluna filan yerdə toy elədi, mən ondan da yaxşı yerdə eləməliyəm və s. kimi sözlər deyərək bir-birilərinin bəhsinə girirlər. Ortada qalan da yenə də kasıb olur.

Bəs görəsən məmurlarımız necə qurban kəsirlər? Kasıb camaatın halı ilə maraqlanırlar? İnanıram ki, əksəriyyəti kəsir. Axı niyə də kəsməsinlər?

Xalqın malını Cenifer Lopezə, Rihannaya, Şakiraya xərcləyə birlirlər, qurban kəsməyə gələndə isə kəsmirlər. Onsuzda öz pulları ilə kəsmirlər ki. Xalqın sahib olduğu, lakin ölkənin harınlamış, xalqın qeydinə qalmayan, yalnız özlərini və nəfslərini düşünən, var gücləri ilə ölkəni soyub talamağı qarşılarına məqsəd qoyan, xalqa əzab-əziyyət verməklə gözünü qorxudan məmurlar tərəfindən mənimsənilən pullar hesabına kəsilir.

Həqiqətən də ölkəmizdə son zamanlar çox qəribə hadisələr baş verməkdədir. Deyəsən hakimiyyət özünə yeni şüar seçib: aclıq olsun kef olsun. Deyəsən Azərbaycan hakimiyyəti 2012-ci ili özü üçün kef və şənlik ili təyin edib. Avrovijn, məşhur xarici müğənnilərin ölkəmizə gətirilməsi və onların şou konsertləri, indi də formula 1 yarışları. Nə veclərinə mal xalqın malı. Əziyyət çəkilmədən ələ gətirilən sərvət. İndi də bu qanunsuz pullar ilə özlərinə kef məclisləri qururlar.

Deyirəm insan gərək o qədər qeyrətsiz, gönü qalın, şüursuz və düşüncəsiz ola ki, ölkədə insanlar maddi vəziyyətdən çətinlik çəkdiyi bir vaxtda, milyonlarla soydaşımız dolanışıq üzündən öz doğma vətənlərini və ailəsini tərk edərək xarici dövlətlərə üz tutduqları bir zamanda bunlar pulları boş-boş, heç bir xeyri olmayan mənasız işlərə sərf edirlər.

Məqsədləri isə insanları bacardıqları qədər qeyrətsizləşdirməkdir. Bu cür şou xarakterli əyləncələr qurmaqla xalqın qeyrətini, mənliyini əlində almaq istəyirlər. Böyük şəxsiyyətlərdən biri demişdir ki, əgər hər hansı bir xalqın mənliyini, şəxsiyyətini əlindən alaraq məhv etmək istəyirsənsə bu zaman həmin ölkədə müğənnilərin və şənliklərin sayını artırmaq lazımdır.

Bəli, bugün bizim hakimiyyət də bu siyasəti yeritməkdədir. Televizyada yayımlanan veriliş və proqramlar, ölkədə təşkil olunan əyləncəli şou proqram və tədbirlər dediklərimizə sübutdur. Hakimiyyət bütün sosial, iqtisadi və siyasi problemləri bir qırağa qoyaraq ölkədə şou əyləncələrin sayını artırır. Necə ki, körpə uşaq ağlayanda oyuncağı əlinə verirsən ki, səsini kəssin, bugün hakimiyyət də sanki insanların başını bu şou əyləncələrlə qatmaq istəyir. İnsanların fikrini digər problemlərdən yayındırmaq istəyir.

Çox təəssüflər olsun ki, xalqımız da bütün bu olan hadisələrə, haqsızlıqlara, özbaşınalıqlara və ədalətsizliyə qarşı biganə qalır. Demək artıq hakimiyyətin yeritdiyi xalqı məhv etmək siyasəti öz bəhrəsini verir. Baxırsan ki, ölkədə hamı narazıdır. Kimi dindirirsən hakimiyyətin əleyhinə danışır. Ancaq xalqın gözünü o qədər qorxudublar, mənliyini alçaldıblar ki, heç kəs səsini çıxarıb bir söz də deyə bilmir. Cürət edib səsini çıxaranları isə dərhal həbs edirlər.

Ancaq hər bir şeyin vaxtı və zamanı olduğu kimi, bu xalqın da səbrinin tükənəcəyi bir vaxt var. Bu xalqın da bir zaman xalqın malını, sərvətini qanunsuz olaraq mənimsəyən məmurlara dur deyəcəkləri bir vaxt var və bu vaxt çox uzaq deyil. Artıq qığılcımları da görsənməkdədir. Son zamanlar baş verən etiraz aksiyaları, məxsusən də oktyabr ayının 5-də təhsil nazirliyi qarşısında baş verən etirazlar sübut etdi ki, insanların gözünü həbs etməklə, döyməklə qorxutmaq olmaz. Bu hadisələr hamısı qarşıda baş verəcək böyük hadisələrin qığılcımlarıdır. Sübh yaxındır.

İSLAMTİMES - RƏHİM
Source : İslamtimes
Comment