0
Friday 23 November 2012 - 16:58

Montaj və Şantaj sindromu

Story Code : 214588
Montaj və Şantaj sindromu
Montaj və Şantaj sindromu
Islam times.org/az/ - Yaxşıki ölkənin bir sıra özəl ictimai siyasi qəzetləri var. Əgər bunlar da olmasaydı insanların beyni ancaq AZTV ilə işləyərdi. Bu ictimai siyasi özəl qəzetlər ölkənin kriminal durumu haqda az da olsa həqiqətə uyğun yazılar yazırlar və vətəndaşlara reallığı əks etdirən məlumatlar verirlər.

Eyni yönlü internet saytları da var, amma reklamları az olduğundan bu mediya nümayəndələri ictimaiyyət arasında məşhurlaşmayıblar. Və ya belə demək mümkünsə hakimiyyəti tərifləyən yazılar yazmırlar deyə bu məşhurluğu əldə edə bilməyiblər.

Bu gün belə bir qəzetlərin birində maraqlı bir məlumat oxudum. Bir müddət əvvəl rüşvətxorluqda itiiham olunan Milli Məclisin deputatı Gülər Əhmədova yenidən prokurorluğa çağırılaraq ifadəsi alınıb.

Oxucularımıza xatırladaq ki, sabiq deputat Gülər Əhmədovanın keçmiş Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin parlamentə seçilməsi üçün ondan 500 min dollar istəməsi ilə bağlı qalmaqallı videoçarx Bakı Şəhər Prokurorluğunda CM-in 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işinin qaldırılmasına səbəb olub.

Gülər Əhmədova ilə bağlı başlanan cinayət işi deyilənə görə birbaşa prezident İlham Əliyevin nəzarəti altındadır. Belə bir cinayət işinin ölkə başçısının nəzarəti altında olması doğrudan da təəccüb doğurur. Belə də ki, bəlkə də təəccüblənməyə əsas yoxdur çünki, ortada 500 min söhbəti var.

Ədliyyə Nazirliyinə aid olan bir mənbənin verdiyi məlumata görə ölkədə 178.3.2 maddəsi artıq geniş yayılmış cinayət işinə çevrilmişdir. Azərbaycan həbsxanalarında bu maddə ilə 50 faizdən artıq cinayətkar həbs cəzası çəkməkdədir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsində göstərilən qanunun müddəalarına görə təqribən 3000 manatdan artıq olan məbləğ külli miqdar sayılır və bu ağır cinayətlər təsnifatına aiddir.

Prossesual Məcəllənin tələblərinə görə isə bu maddə ilə təqsirli bilinən vətəndaşa 7 ildən 12 ilə qədər azadlıqdan məhrum olma cəzası gözləyir. Hüquq elmindən başı çıxanlara məlumudur ki, istintaq hərəkətləri zamanı cinayətin predmetindən və keyfiyyətindən asılı olraq itiiham olunan şəxsə qarşı həbs qəti imkan tədbiri seçilməsi istintaq gedişi zamanı meydana gələ biləcək maneələrin qarşısını almağın ilkin addımlarındandır.

Bu cür maddə ilə ittiham olunan müttəhim həbs olunmalı və onun ətraf mühitlə əlaqələrinə müvəqqəti məhdudiyyət qoyulmalıdır. Çünki əgər müttəhim azadlıqda olarsa və onun barəsində hər hansı bir istintaq hərəkətləri aparılarsa, bu zaman müttəhim azadlığından istifadə edib onun əleyhinə ifadə verəcək şahidlərə və ya bu cinayətdə qarşı tərəfə təsir göstərə bilər.

Nəticədə istintaqın gedişini öz lehinə həll edə bilər. Əgər Gülər Əhmədova olayı bu qədər əhəmiyyət kəsb edirsə və istintaq ölkə başçısının nəzarəti altındadırsa, nəyə görə sabiq deputata istintaq xətm olunana kimi həbs qəti imkan tədbiri seçmir?

Burdan belə məlum olur ki, aparılan istintaq hərəkətləri qeyri səmimi və qeyri obyektivdir. Son məlumatlarda isə bildirilir ki, sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı başlanan cinayət işində ciddi irəliləyişlər var. Bu barədə hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən mətbuata məlumat daxil olub.

Mənbənin məlumatına görə, istintaq işində yeni nəticələr əldə olunub. Cinayət işindəki yeniliklər haqqında hələki rəsmi açıqlama olmasa da, yaxın vaxtlarda istintaqın nəticələri barədə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.

Adətkərdə olduğumuz üçün az da olsa hüquq mühafizə orqanlarının bu yaxınlarda ictimaiyyətə verəcəyi məlumat haqda proqnoz verək. Yəqin ki, veriləcək məlumatda məlum video görüntünün Elşad Abdullayevin növbəti fırıldağı kimi qələmə verəcəklər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevin dediyi kimi Gülər Əhmədova da deyəcək ki, videogörüntüdəki şəxs mənəm və mən Elşad Abdullayevin otağında olmuşam, lakin danışığımız o tərzdə olmayıb.

Səsi sonradan montaj ediblər. Son nəticə olaraq belə çıxacaq ki, Elşad Abdullayev montaj edərək sabiq deputatı şantaj edib. Bununla da Gülər Əhmədova yenidən Milli Məclisin kürsülərinin birini tutacaq və Elşad Abdullayevin cinayətlərini ifşa etdiyi üçün bəlkə bir medal da aldı. İnanmırsınız? Görərsiniz. Əsas odur ki, Gülər Əhmədova həbs olunmayacaq.

Bu montaj, şantaj terminlərini eşidəndə adam lap bu dövrdə yaşamasına nifrət edir. Texnologiyanın inkişafı sən demə insanlara rahatlıq deyil həm də narahatlıq bəxş edirmiş. Əgər baş vermiş bu olay sovetlər dövründə baş versəydi, Gülərin səs yazısı kifayət idi ki, NKVD onu sürgünə göndərsin. Çünki o dövrdə nə montaj var idi nə də şantaj. Amma öz aramızdır heç o vaxtlar mandat alveri də yox idi.

İSLAMTİMES - FATİMƏ
Source : İslamtimes
Comment