0
Saturday 24 November 2012 - 21:05

Rusiya müdafiə nazirinin Pekin səfəri və Qərbə ismarıcları

Story Code : 214897
Rusiya müdafiə nazirinin Pekin səfəri və Qərbə ismarıcları
General Şayko xaricə ilk səfərində çərşənbə günü Çinin yüksək rütbəli başçıları ilə görüş keçirib.

Çin prezidenti Hu Cin Tao, ali hərbi komandanın müavini Şu Çi Lyang, Çin müdafi naziri Lyang Quanq Li rusiyalı nazirlə müzakirələr aparıb.

Çin hərbi komissiyasının müavini postunda olan Şu vəzifəyə yaxın zamanlarda təyin olunub. O iki ölkə arasındakı rabitələrin genişləndirilməsini mühüm saydığını bildirib.

O deyib ki, Çin və Rusiya orduları arasında yaxın rabitələr var və münasibətlərin genişləndirilməsi Pekin üçün prioritetdir.

Çinli general vurğulayıb ki, Çin Moskva ilə hərbi əməkdaşlığı genişləndirməkdə çox maraqlıdır və bu mövzuya ən yüksək səviyyədə diqqət ayırır.

Rusiya müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığı və ümumi münasibətlərin genişləndirilməsini müsbət hal kimi dəyərləndirərək deyib: “İki ölkənin birgə hərbi təlimləri, terrorizmlə mübarizə, Şanxay Həmkarlıq Təşkilatı çərçivəsində əməkdaşlıq tərəflər arasında münasibətlərin gücləndiyinə bariz nümunədir.”

Tərəflər hərbi rabitələrin genişləndirilməsinin hər iki ölkə üçün həyati əhəmiyyət daşıdığını bildirib.

Çin və Rusiya ötən 10 ildə hərbi əməkdaşlığı xeyli gücləndirib. Xüsusi ilə 2005-ci ildən bu yana keçirilən manevrlər bu həmkarlıqların nə dərəcədə artdığını göstərir.

Analitiklər rabitələrin genişləndirilməsini ABŞ, Yaponiya, Cənubi Koreyaya açıq ismarıc kimi dəyərləndirirlər. Moskva-Pekin ittifaqı Asiya və Sakit okean hövzəsində hərbi nisbətə mühüm təsir göstərir.

“Tayvan Daily” nəşriyyəsi bu haqda yazır: “Çin Rusiyanın köməyi ilə ABŞ-Yapon-Cənubi Koreya birliyinə lazımi cavab verə bilər.”

Bu iki dövlətin yaxınlaşmasında məqsədlərdən biri də ABŞ-ın Asiya, Sakit okean hövzəsi, Koreya və Mərkəzi Asiyada fəaliyyətlərini məhdudlaşdırmaqdır.

Çin ümid edir ki, Rusiya ilə həmkarlıq sayəsində öz hərbi texnologiyalarını müasirləşdirəcək.

Çinin təyyarədaşıyan gəmi, radardan yayınan təyyarələr istehsal etməsi bu əməkdaşlığın nəticəsidir.

Cənub dənizi və Sarı dənizdə Çin Yaponiya və ABŞ-ın hökmranlığına qarşı dayanır. Pentaqonun Tayvana müasir silahlar satması böhran yaradıb. Şimali Koreyanın nüvə problemi də Çinlə münasibətlərin genişləndirilməsini, eyni zamanda Çin-Rusiya həmkarlığını zəruri edir.

Pekin uzun zamandır ki, orduda yenidənqurma aparmağı planlaşdırırdı. Bu işi Moskvasız görmək çətindir. Bundan da mühümü Asiya və Sakit okean hövzəsində qüvvələr nisbətində uduzmamaqdır.

Rusiya müdafiə nazirinin Çinə səfəri Çində 5-ci nəsil kommunistlərin hakimiyyətə gəlişi ilə bağlı bir ismarıcdır.

Obamanın bir neçə Asiya ölkəsindəki görüşləri, o cümlədən Myanmar səfəri Çinə qarşı təxribat kimi qiymətləndirilir. General Sergey Şaykonun səfəri də buna bir cavabdır.

Çin prezidenti Şayko ilə görüşündə elan edib ki, Rusiya ilə münasibətlər genişlənməkdə davam edəcək. Pekin Moskva rabitələri ötən 10 ildə diqqəti cəlb edəcək dərəcədə genişlənir. Prezident deyib: “Çin qarşıdakı 10 ildə həmkarlıqları genişləndirmək əzmindədir.”

Rusiyalı nazir də Moskvanın eyni mövqedə olduğunu çatdırıb və hərbi əməkdaşlıqların əhəmiyyətini vurğulayıb.

Çin və Rusiya rəhbərliyi iqtisadi mübadilələrin həcmini 2015-ci ilədək 100 mlrd dollara, 2020-ci ilədək 200 mlrd dollara yüksəltməyi planlaşdırırlar.
Comment