QR CodeQR Code

Ərköyün

1 Dec 2012 13:08

IslamTimes - Dünyanın əskik adamlarından və başagəldilərindən gündə bir kitab bağlayıb Azərbaycan Respublikası adlı qalada hakimiyyət deyilən nəmənənin başçısından yazmamaq azı biganəlikdir...


Dünyanın əskik adamlarından və başagəldilərindən gündə bir kitab bağlayıb Azərbaycan Respublikası adlı qalada hakimiyyət deyilən nəmənənin başçısından yazmamaq azı biganəlikdir. Bir azərbaycanlı, bir insan, bir müsəlman buna biganəsə, bilsin ki, zərrəcə də olsa öz həyatında acısını yaşayasıdır. Azərbaycan bugünkü şou-siyasətlə böyük fahişəxanaya çevrilsə, onun bazarı hər azərbaycanlıdır. Bu bazarın “radiasiyası” atomunkundan gücsüz deyil yox, min qat güclüdür və dünyada bütün insanları hədələyir. Müsəlman fərd də bilməmiş deyil ki, dünyanın bir başında kömək harayını o biri başında eşidib köməyə tələsməyənin müsəlmanlığı şübhə altındadır.
Dünyanı xarabazara çevirən kök amil elə biganəlik deyilmi?! Duraq atasından xəbərsiz Obamadan küsək ya anası məşhur Netanyahudan?! Dünyanın qara camaatında bir zərrə qeyrət demirəm heyrət olsaydı düşdüyü vəziyyətə mələklər ağlayardı. Nə edəsən ki 99 faizi əzən, qanını soran bir faiz kaftar, gordan çıxardığı ölüdə donmuş heyrət də görmür.

Mənimsə ağzımı açan ürəyiyananlıq yox, əlimdən alınmış çörək, itirilmiş vətəndir. Etiraf edim ki, Ərköyün dediyim adamla şəxsi hesabım var. Azı-azı, azı-azı atasının borclarını verməlidir ya yox?! Demişəm, bir də deyim: məşum 2002-ci ildə Cəlilabad şəhərində MTN-nin qaramaskalıları MÜDHİŞ əməliyyat keçirdi və DÖVLƏT ÇEVRİLİŞİnə cəhddə ittihamla “çəpgöz dovşan, topal ayı, tərs keçi” ZƏRƏRSİZLƏŞDİRİLDİ. Bəndey-i həqiri başına torba keçirilib Bakıya aparılan qrupda kimə bənzətsəniz yeri var. Nə isə, o biriləri bilmirəm, məni iki həftə qapı arasında sıxıb “dövlət çevrilişinin” qiymətini oxudular. Satdım Cəlilabad əhlinin yaxşı tanıdığı ehtiyat hissələri dükanını (dükan şərikli idi və şərikim demək olar ki haqqını mənə güzəştə getdi), tokdüm MTN-nin prezident aparatına bitişik bağırsaqlarına. Burunlarından gəlsin. Burunlarından gəlsin Telman, Səyavuş adlı çekistlərin. İttihamım əsassız deyil, Elşad Abdullayevin kompromatlarından bir az qorxaq olar. Deməyin ki, bu da yorğan davası edir. Öz haqqı uğrunda vuruşa bilməyən insan milli və dini haqlar uğrunda vuruşa bilməz. Vuruşanlara qoşulsa da ağır gündə meydandan qaçasıdır. Bəs mənim batmış haqqım necə olsun? Məşədi HEYLİDER, mənim bir abbasımı kim verəcək? Halal edim məscid sökən, hicaba əl atan dinsizlərə? Ay-hay! Allah vurmuşdu bu quldurları. Qiyamətdə Əliyevlərin yaxasıdı, mənim kimilərin əli! Bir sözlə, bu yazı İlhamın atasının başçılığı dövründə halal var-dövləti əlindən çıxarılmış bir adamın qarğışıdır. Bu dəqiqə nə yazdığımı görən külfət yalvarır ki, bəsdir, bu yazıların acığını çıxacaqlar. Nə etsələr günahları və borcları artacaq. Allah zalımları azad buraxıb ki, günahlarını artırsınlar, od payları bol olsun!

Söhbəti bir kəlmə ilə bitirmək olardı. Mövzu İlham Əliyevin, onun simasında Azərbaycanda mövcud rejimin kimliyidir. Hacı Mövsüm bu işi ənənəvi üsulla, kəsə yolla gördü: Dedi İlham Əliyev YEZİDdir. Bu Hacı Mövsümün qənaətidir. Mən hesab etmirəm ki, dünyada iki eyni adam var. Yezid də bir nüsxə olub. İlham Əliyev isə... Elə bu barədə danışacağıq. Yazının dəyəri ilə bağlı iddiam yoxdur. Olsun ki tarixin ən cəfəng yazısıdır. Amma kimlərinsə dərdlə dolu ürəyinə təskinlik verəcəyinə ümidim var. Yoxsa ki bu işi görməyə haqqı və gücü çatan həmvətən çoxdur. Bu həmvətənlər saray hadisələrindən, hücrə xəbərlərindən halidirlər. Etiraf edim ki, mənimçün çətindir. Çünki “Əliyev getsə kim gələcək” kimi bir müəmma durur ortada. Mənimsə bu mövzulara müdaxiləmin lətifə tərifi var: Birindən soruşurlar ki, həyatın boyu gördüyün ən çətin iş nədir? Cavab verir ki, duzqabını doldurmaq. Ətrafdakıların təəccübün görüb şərh verir: Axı dəlikləri çox kiçikdir!..

Əliyev İlham Heydər oğlu...
Anadan olub: 24 dekabr, 1961-ci ildə, Bakıda... Uzaqlarda.wordpress.com
adlı vebcəfəngiyyatda bu hadisə belə xatırlanır: “24 dekabr 1961-ci il, düz 50 il bundan qabaq Bakıda gözəl, nurlu bir körpə gözünü açdı…”
O gün göydən düşəsi daşı şeytan alıb ovdu xalqın ətəyinə. Xalq da elə öyrəşdi, elə öyrəşdi, deyir bu daşı ətəyimizdən tökmərik!
“Nurlu körpə”nin gəliş öncəsi 23 dekabrda (1961) ABŞ hərbi vertolyotları Vyetnamda ilk uçuşları həyata keçirib. Numerologiya astrologiya kimi qədim bir elmdir. Numerologiya əsasında taleyini öyrənməyə cəhd göstərənlər çoxdur. Əgər sən “abcd” ilində, ayın “xy”-ci günü anadan olmusansa, belə bir hesablama aparırsan: XY+A+B+C+D=ZF. Sonra Z+F cəmini tapır və 9 proqnozdan birini sənə yazılmış tale kimi qəbul edirsən. İlhamın numerologiyada taleyi: 23+1+9+6+1=40. Sonra 4+0=4. Numerologiyada 4-cü proqnozla tanış olaq: Sənin hər şeyə öz baxışın var. Çoxluqla razılaşmırsan. Buna görə ətrafla problemlərin var. Bazar günü sənin üçün ən xoş gündür...
Cəfəngiyyatdır? Yüz faiz! Amma son cümlə yerinə düşüb. Doğrudan da, İlham üçün bazar günü çox xoş keçir, ÇOX!


Təyinatları mafioz mənafelərə xidmət edən dövlətnümanın 7-ci baş naziri...(2003)
Seçkiləri saxta Azərbaycan Respublikasının 4-cü prezidenti. Kim seçib? Bu ölkədə ancaq yumurtanı seçirlər. Qalan kim varsa qaranlıqdan uzanmış bir əldən tutub taxta çıxır və buna deyirlər seçki. Allah atasını rəhmət etsin Gülərin, dünya və axirəti, şərəf və ləyaqəti bahasına bütün nanomaskaları yırtdı...( 2003)
Dini (İlham yoldaşın) İslam - əgər dinlə vuruşub mömin insanları həbsxanalara doldurubsa, əstəğfirullah deyin, ürəyinizə şəkk gəlsə - günah həmişə İranda və dindardadır. İranın günahı keçmişdə bu sülalənin QAYIDIŞINA əl tutmaq, hazırda pəhləvanlarını Əliyev (DİKTATOR) turnirinə göndərməkdir. Dindarların günahı Əliyevə yox, Allaha sitayiş etmələri, Əliyevi yox, Allahı ULU saymalarıdır.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan. Kim fikirləşdi bu adı? Köhnə hamam, köhnə tas – kommunist atanın dövründən nə dəyişmişdi ki, YENİ dedilər? Rüşvət, şər, diktatura, hamısı öz yerində. Burada hərif səhvi olub bəlkə də. Çox olur ki, səhvi etiraf etməyi ayıb sayanlar onu bir yerə yozurlar: Yeni içkilər, Yeni rəqslər, Yeni bəzək-düzək, Yeni cins – homoseksual, Yeni pul vahidi... Vahid adı çəkilir. Soruşurlar hansı Vahidi deyirsiz? Cavab gəlir ki, Pul Vahidi! (Deyəsən, Yeni telekanal başçısını nəzərdə tuturlar) Qalır hərif səhvi harda olub? “Yeni”- də ilk iki hərfin yeri səhv düşüb. Klaviaturada ən məşhur barmaq büdrəməsi iki hərfin yerinin səhv salınmasıdır: Eyni Azərbaycan! EYNİ, yəni dünya dəyişsə də dəyişməyən, eynən yüz il qabaqkı Azərbaycan! Dekarasion dəyişiklikləri gözümüzə soxmasınlar. Yüz il qabaq Tağıyevə fəhləlik etmək kişi işi olub.
Ali təhsilli (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu), tarix elmləri namizədi İlham... Politologiya (siyasətbazlıq) üzrə doktor... Kaş bisavad olaydı. Bilib günah edənlərin qiyamət əzabı yaman olacaq. Yazıq doktorlar, namizədlər... Yazıq bildiyinə əməl etməyən Mollalar, yəni çoxbilmişlər!

Yaddan çıxmasın, 1997-ci ildən Milli Olimpiya Komitəsinin Prezidenti... Etiraz aksiyalarında mülki geyimdə sümük qıran boynuyoğun nökərlər bu komplekslərdə quyruq bağlayır.
Atası Azərbaycan Sovet Sosialist Respublikası DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, sonra kompartiyanın 1-ci katibi, (Əliyevlər ailəsini 1982-ci ildə Moskvaya Andropov gətirdi. Bəli, Sov.İKP MK-nın baş katibi seçilmiş sabiq DTK sədri Andropov. Həmin il İlham MDBƏİ-ni bitirib həmin müəssisədə tədris etməyə başladı) sonra SSRİ Ali Soveti sədrinin müavini, sonra işsiz, sonra Naxçıvan xanı, sonra Azərbaycan parlamentinin spikeri, sonra prezident, sonra... Allah əməllərinin əvəzini versin!
İlham 1991-ci ildə “Oriyent” firmasına başçılıq edir. 1992-ci ildə qəhrəmanımızın İstanbul səfəri başlayır. Atası yerini möhkəmləndirəndən sonra papasının gül balası sabitlik və atəşkəs hökm sürən VƏTƏNə qayıdır.
1994-2003-cü illərdə İlham ARDNŞ-ə nəzarət edir.
Ata Əliyev oğul Əliyevi öz yerinə hazırlayırdı. Bu məqsədlə İlham 2000-ci ildə Milli Məclisə nümayəndə seçildi. Elə həmin il İlham həm də YAP sədrinin müavini oldu. Bir il sonra Azərbaycanın Avropa Şurasında parlament nümayəndəliyinin rəhbəri təyin edildi.
Sağlamlıq durumunun ağırlaşdığını görən Ata Əliyev 2003-cü il prezident seçkilərində özü ilə yanaşı oğlunun namizədliyini irəli sürdü. Qanuna görə prezident öz səlahiyyətlərini icra edə bilmədikdə onu baş nazir əvəz etməli idi. Ata cəld tərpənib 2003-cü il, 4 avqustda MM-nin növbədənkənar iclasında İlhamı baş nazir təyin etdi.
2 oktyabr, 2003-cü ildə Heydər Əliyevin xalqa müraciəti (televiziyada) oxunur. Müraciətdə bildirilir ki, cari koordinatları mübhəm prezident öz oğlunun xeyrinə prezidentlikdən (namizədlikdən) imtina edir. Əksəriyyət düşünürdü ki, İlham dövləti idarə edəcək ciddiliyə malik deyil, tezliklə taxtdan salınacaq. Amma bu əksəriyyət anlamırdı ki, Əliyev MƏKTƏB qoyub gedib və bu məktəbdə işə günorta da gəlmək olar. Çünki bu məktəbin müəllim və şagird heyəti robotlardan ibarətdir.

15 oktyabr, 2003-cü ildə prezident seçkilərində İlahm 79,46 % səslə beynəlxlaq dərəcəli saxtakarları şoka salır.
İlhamın, atasının komandasına əl gəzdirmək istəkləri 2005-ci ildə dövlət çevrilişinə cəhdlə cavablandırılır və yuxarı eşalondan Fərhad Əliyev, Əli İnsanov, akademik Eldar Salayev həbs edilir. Xalq üçünsə heç nə dəyişmir. Çünki bu həbslər saray çəkişmələrinin kiçik bir hissəsi idi.
İlham 15 oktyabr, 2008-ci ildə 88 % səs toplamaqla ikinci müddətə przident oldu. Daha sonra dünya falsifikatorlarını da narazı salan addım atıldı: iki müddət prezidentlik limiti ləğv edildi! Artıq o ömür boyu seçilə bilər.
Economist Intelligence Unit təşkilatının hesabatında demokratiya səviyyəsinə görə Azərbaycanı 140-cı yerə atdılar. Əslində bu ədalətsiz qərar idi. Qərb israrlıdır ki, İslam olan yerdə demokratiya yoxdur, demokratiya olan yerdə İslam. Əgər Azərbaycanda İslam yoxdursa, demək demokratiya var - əlbəttə ki, Qərbin məntiqi ilə.
Əliyev 1983-cü ildə, 22 yaşında evlənib. Həyat yoldaşı Mehriban Paşayeva yazıçı Mircəlalın soyundandır. Mehriban x. Mircəlal nəslinə daha üç varis verdi: Leyla, Arzu, Heydər.
İlham Ginnes üçün də maraqsız olmayıb. Dünya masştabında korrupsiyada ittiham olunan Oğul Əliyevə 50 illiyində 50 metrlik tort hədiyyə edilib. Fakturası büdcədə tapılar.

2005-ci il, apreldə Əliyev Ermənistanla müharibəyə hazır olduğunu bildirdi. 15 mayda Varşavada keçirilən görüş nəticəsiz qaldı və İlham Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə start verdi. Kəmər Dağlıq Qarabağ ərazisindən keçirdi. Bəziləri düşünür ki, Əliyev bu yolla neft partnyorlarını Yerevana təsir etməyə həvəsləndirmək istəyib. Əslində bu kəmər Rusiyanın Avropa üzərində neft monopoliyasına son qoyurdu. Demək, KƏMƏR OYUNU böyük oyun olub, İlhamdan boy-boy uca oyun.

2005-ci il parlament seçkilərinə hazırlıq ərəfəsində İlham müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edib Bakıya ordu yeritdi. Min nəfərə yaxın müxalif həbs edildi. ATƏT buna qarşı olsa da Buşdan İlhama dəstək gəldi. O Buşdan ki, əli yox, ağzı müsəlman qanına bulaşıb.
İlham 2006-cı ildə Vaşinqtonda oldu. İranın ABŞ-ın hücumu müqabilində Bakı-Tbilisi-Ceyhanı vurmaq hədəsi İlhamı bitərəflik barədə bəyanat verməyə sövq etdi. Rusiyadan asılılığı qırmaq öhdəçiliyi götürmüş İlham 2007-ci ildə Zaqafqaziyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini başladı.
2 noyabr 2008-ci ildə Ermənistan prezidenti Sarkisyanla görüş birbaşa prezidentlər tərəfindən imzalanmış sənədlə yadda qaldı.

Rəvayətə görə, Ata Əliyev, İlham üçtəkərli velosipedlə oynayan vaxtdan ona yol açıb. Prezident taxtının qansız fəthi belə nəzərdə tutulurdu: İlham parlamentə spiker seçilir. İstənilən fors-major şəraitdə spiker ölkənin ikinci şəxsdir. Amma bu plan pozulur. Çünki İlham prezident olmaq istəmirdi. Ata Əliyevin ən sadiq tərəfdarları İlhamı əyyaş və qətiyyətsiz kimi tanıyırdı. Başqa bir rəvayətə görə, hətta İlham atasından xəbərsiz parlamentə mesaj göndərir ki, onun spikerliyi gündəlikdən çıxarılsın.

İnsafən o azad deyildi. Bəlkə də azad bir tələbəyə qibtə edəcək qədər əsarətə alınmışdı. Ata Heydər xarizmi İlham üçün tamamilə yad bir nəsnə idi.
İlhamla seçki marafonuna qatılmaq istəyənlər az olmadı. Onların hər biri İlhamı səhnədən vurub çıxaracağına əmin idi: “velikiy moşennik” Rəsul Quliyev, ağ çərçivədə ledi Lalə Şövkət, hətta heç nəyə yaramayan, ağlağan Mütəllibov meydan arzusunda idi.

Hazırda Azərbaycan ustufca Rusiyaya yaxınlaşır. Buynaksda partlayışda şübhəli dağıstanlıların Moskvaya verilməsini buna start sayırlar. Bakı Moskva üçün varlı adaxlıdır – deyirlər. Nəyi var Bakının axı? Neft, Qəbələ RLS? Azərbaycanı dünya çaplı canavarlar üçün maraqlı edən onun İranla qonşu olmasıdır. Azərbaycan elçisi çox gözəlçənin çəpəri kimi adaxlıların ayağı altda qalıb.
Oğul Əliyevin çevrəsi, xarakteri, həyat tərzinə yad işlərindən biri müharibə bəyanatlarıdır. Bəyanatlar üç səbəblə şərh edilir:
-Ölkədaxili problemləri ikinci plana keçirmək; Məsələn, 2010-cu il, may ayında Azərbaycanın 40 rayonu sel altında qaldı. 62.5 mln dollar zərər dəydi və dövlət kompensasiya ayırdı. Kompensasiyalar məmurların cibinə axanda Sabirabadda (14 avqust) mitinqlər başladı və 20 nəfər həbs edildi. Hansı ki Əliyevin azyaşlı oğlunun Dubayda 44 mln dollar dəyərləndirilən 9 malikanəsi var. Prezident övladları Leyla, Arzu, Heydərin adına 75 mln dollarlıq mülk yatır. Eyni vaxtda Bakı ətrafında 800 min insan çadırda yaşayır. Yəni sosial partlayışı əngəlləmək;
-Müharibə labüddür və müharibədən hamıdan çox qorxan Əliyev elə müharibə bəyanatları ilə ABŞ, Rusiya, Avropa Birliyini bunun qarşısını almağa sövq edir.
-Ermənistana təzyiqlə güzəştlər qoparmaq.

Onun dostu varmı? İnsanın əsas xarakteristikalarından biri onun təmənnasız dostlarının olmasıdır. Qanı batırılmış Elmar Hüseynovun da təmsil olunduğu jurnalistlər nəsli Oğul Əliyevin rəsmi dostu elan edilidi. “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi İlhamı “Jurnalistlərin dostu” seçib. Dünyada necə, onu sevən tapılırmı? Freedom House-un 30 iyun 2010-cu il hesabatına görə Azərbaycan məhkəmə sistemi, vətəndaş cəmiyyəti, demokratik institutlar baxımından bataqlıqdadır. Son xəbər 3 mart 2012-ci ildə dünyanın məşhur ərzaq kompaniyası Nestle-nin Azərbaycana ərzaq satışını dayandırması oldu. Səbəb mövcud üsul-idarə, korrupsiyadır. Nestle-dən hər addımda rüşvət tələb edilib.

Azərbaycan respublikadırmı? Kimi aldadırıq! Qarabağ konflikti başa çatsa, müxaliflər güzəşt alıb sussa, dindarlar son nəfərədək qılıncdan keçirilsə, ABŞ, İsrail, Rusiya, İRAN qıraq dursa, Azərbaycan xoşbəxt olacaqmı? Problemimiz xaricdir ya quldur rejim? Aşmaqda olan, amma aşıb qurtarmayan Pizzaya bənzədirlər bu rejimi. Aşacaqmı? Şərhçilər Əliyev sülaləsinin gedişini iki yolla mümkün sayır: Ermənistanla tam məğlubiyyətli müharibə ya da regionu dağıdacaq ABŞ-İran müharibəsi. Ciddi və müstəqil şərhçilərin gündəmində heç bir Qiyam nəzərdə tutulmur. Bu xalqımız üçün ən böyük təhqirdir. Yəni bu xalq qara günlə barışıb, qaraguruhla barışıb, Allahdan küsüb!

Ölkənin var-dövləti kimindir? İlhamın! İqtisadiyyata kim nəzarət edir? İlham! Belə bir vəziyyətdə nə üçün xırda məmur rüşvət almalı, adi etirazçı şərlənməli, məktəbli qıza örtük yasaqlanmalıdır? Ölkə başçısı ilə bağlı bütün sualların bir sadə cavabı var: İlham ərköyündür! Ermənilər, bu ərköyün uşağı qoruyun! Nə qədər Xan hakimiyyətdədir, xalqla müharibə olacaq, ermənilərlə yox! Müqəddəs Savaşın Susurluk Hesabatında Qumarxanalar Kralı Ömər Lütfü Topaldan söz açılır. İllik qazancı 1.1 mlrd dollara çatan Topal Bakıda otel-qumarxana layihəsinə 8 mln dollar xərcləmişdi. Öldürüldü. Bu həmin Topaldır ki, Oğul Əliyevin ona 500 min dollar qumar borcu vardı. Xalq içliyi boyunda spiralvari yüksəliş yolu keçmiş bu Ata və Oğul haqqında çapdan çıxmış kitabda Ata peyğəmbər, oğul peyğəmər varisi adlandırılır. Heydər Əliyev tipik diktator idi. Oğlu İlham həmin sıradan bir diktatordur. Amma zorən diktator! “Heydər Əliyev bizim Allahımızdır” kimi yaltaqlıqlar onun ərköyün, amma sadə xarakterini ehtizaza gətirmir.

O qorxmur. Qorxaq da olsa qorxmur. Çünki qorxulu bir şey yoxdur. Qarabağı satan satıb, alan alıb, İlham üçün bu dərd deyil. İti düşüncəli qələm sahibləri Lütisferi qoyub, Allahla vuruşur. Guya İslammış Qarabağı satan, korrupsiyanı kəlləçarxa çıxaran, qız-qadınları ərəb bazarında ərə yox, icarəyə verən, Tbilisi prospektində geyləri fırladan. Bu mürtəd qövm İblis ardınca yüyürüb Allah verən istedadla İslamı vurur. Xalq arasından çıxmış (keçmişini yıxmış) Müxalifət öz elektoratını bunkerdən idarə edir. Yeganə səmimi və fədakar Güc olan dindarlar MTN-nin yeni MOSSAD formatlı təxribatlarında parçalanır. Parçalanmamaq üçün zəruri olan təqva və siyasətçilikdə əskiyimiz var. Bir az da zorən başçımıza bənzəyirik - ərköyünlüyümüzlə!

Arzu Eyvazov
HaqqYolu


Story Code: 216764

News Link :
https://www.islamtimes.org/az/article/216764/ərköyün

Islam Times
  https://www.islamtimes.org