0
Tuesday 13 April 2010 - 07:30

XACƏ NƏSRƏDDİN TUSİ

Story Code : 23523
XACƏ NƏSRƏDDİN TUSİ
Müqəddəs Qum şəhərinin böyük alimlərindən olan Şeyx Vəchəddin Məhəmməd ibn Həsən, şiələrin 8-ci imamı Əli ibn Musa Rzanı (ə) ziyarət etmək məqsədi ilə ailəsi ilə birlikdə Məşhəd şəhərinə yola düşür. Şeyx ziyarətdən qayıdarkən həyat yoldaşının yolda xəstələndiyindən Tus şəhərinin məhəllələrinin birində məskunlaşmaq qərarına gəlir.
Şeyx Məhəmməd bir müddət sonra məntəqə əhalisinin istəyi ilə məsciddə camaat namazı qılmaqla yanaşı elmi mədrəsədə də dərs deməyə məşğul olur.
Hicri-qəməri 597-ci il cəmadiul-əvvəl ayının 11-ci günü bu ruhani ailənin üçüncü övladı və yeddinci əsrin parlaq şəxsiyyətlərindən sayılan bir oğlan uşağı dünyaya göz açdı.
Sonralar, “Nəsrəddin”, “Mühəqqiq Tusi” və “Xacə” ləqəbləri ilə məşhur olan bu övlada atası Məhəmməd adı qoydu.

Təhsilatı

Məhəmməd uşaqlıq və yeniyetməlik dövrünü Tus şəhərində keçirdi. O bu müddət ərzində atasının yanında yazıb-oxumağı, Quran qiraətini, ərəb və fars dillərinin qrammatikasını və hədis kimi digər elimlərə yiyələndi.
Bir müddət sonra atasının məsləhəti ilə riyaziyyat və məntiq elimlərinə yiyələnmək üçün bu elmlərdə tanınmış alim olan dayısı “Nurəddin Əli ibn Məhəmməd Şii” nin yanında dərs almağa məşğul olur.
Bundan əlavə Xacə “Kəmaləd-din Məhəmməd Hasib” və Nəsrəddin Abdullah ibn Həmzə” kimi elmi şəxsiyyətlərin hüzurundan istifadə edərək riyaziyyat , dirayə və hədis elimlərində öz biliyini artırır və ustadı Nəsrəddin Abdullah ibn Həmzə tərəfindən müqəddəs din alimi libasını geyərək “Nəsrəddin” ləqəbini iftixarla qazanır.
Xacə Nəsrəddin atasının vəfatından sonra elmini davam etdirmək məqsədi ilə Neyşapur şəhərinə yollanaraq bu şəhərdə Siracəddin Qəməri, Damad Neyşapuri, Qutbuddin Misri və tanınmış arif olan Əttar Neyşapuri kimi dahi şəxsiyyətlərdən istifadə edərək öz biliyini artırdı. Bir müddən sonra xacə Nəsrəddin Rey şəhərinə yola düşür və orada Burhanəd-din Məhəmməd ibn Əli ilə tanış olduqdan sonra onun dəvəti ilə Xacə əbu Səadat Əsədin dərslərindən istifadə etmək məqsədi ilə Qum şəhərinə üz tutur. Xacə Nəsrəddin bir müddən sonra Qum şəhərindən İsfahana və oradan İraqa yola düşür.
Xacə fiqh elmini Muinid-din Salim ibn Bədrani adlı böyük alimin hüzurunda öyrənir və 619-cu ildə hədis nəql etmək üçün ustadından icazə alır.
Bu minvalla Mühəqqiq Tusi təhsilat dövrünü keçirərək illər boyu ailə və vətənindən ayrılıqdan sonra Xorasana qayıtmaq qərarına gəlir.

Dəyərli xidmətləri

İsmailiyyə firqəsi imam Sadiqin (ə) oğlu İsmaili sonuncu imam olaraq tanımış şiələrdən sayılan bir firqədir. Adı çəkilən firqə illər keçdikdən sonra qəməri 483-cü ildə Həsən adlı bir şəxs tərəfindən İranda dirçəlməyə başladı və qısa bir müddət ərzində kəskin şəkildə siyasətə meyillənərək öz fəaliyyətini genişləndirməyə başladı.
Qəzvin şəhərinin kənarında yerləşən “əl-Movt” qalası bu firqənin paytaxtı hesab edilirdi, bundan əlavə siyasi mübarizlərin amanda qalması üçün əl çatılması çətin olan müxtəlif sayda digər möhkəm qalalara malik idilər.
Bu arada Xacə Nəsrəddin qəməri tarixi ilə 628-ci ildə “Qain” şəhərində evləndi və bir neçə ay bu məntəqədə yaşadıqdan sonra həyat yoldaşı ilə birlikdə “Qəhistan” qalasının hakimi “Nəsrəddin Əbdur-rəhman ibn Əbi Mənsur” tərəfindən görüşə çağrılaraq İsmaililərin qalasına dəvət edildi.
Xacə Nəsrəddin Bağdadda yerləşən Abbasi xəlifəsinə məktub yazaraq İsmaili firqəsinin insanlara qarşı törətdiyi zülmlərə qarşı kömək istədi. Qalanın hakimi məktubdan xəbərdar olduqdan sonra isə Xacəni zindana saldırdı. Bir müddət sora isə Xacəni “əl-Movt” qalasına köçürdülər. Bu qalanın hakimi isə Xacənin elm və biliyindən xəbərdar olduğundan onunla xoş rəftar etdi.
Nəsrəddin Tusi ömrünün 26 ilini İsmaili qalalarında keçirtdiyi müddət ərzində müxtəlif elmi fəaliyyətlər etmiş və çox sayda kitablar yazmışdır.
Qəhistan qalası hicrətin 651-ci ilində “monqollar” tərəfindən fəth edildi. Qalanın hakimi Xacənin məsləhəti ilə tam şəkildə “monqollara” təslim oldu və bu yolla Nəsrəddin Tusi böyük bir müharibənin və kütləvi insan qətlinin qarşısını aldı, bu səbəbdən Xacə Monqol xanının yanında böyük bir hörmətə sahib olmuşdu. Hicrətin 656-cı ilində isə İsmailiyyə hakimiyyəti köklü şəkildə İranda aradan qaldırıldı.
Bundan əlavə Monqol xanı, hakimiyyəti dövründə çox sayda müsəlmanların qanlarının tökülməsinə səbəb olmuş sonuncu Abbasi xəlifəsi “Motəsimin” öldürülməsində və Bağdadı fəth etməkdə Xacənin məsləhət və fikirlərindən bəhrələnmişdir.
Həmçinin Xacə Monqol xanının yanında qazandığı hörmətdən bəhrələnərək İslam mədəniyyətinə və müsəlman ölkələrinə dəyərli xidmətlər etmişdir ki, bir neçəsini xatırlatmağı özümüzə vəzifə bilirik:
1. Elmi və mədəni işlər görməklə yanaşı dəyərli kitablar yazmaq.
2. Əl-movt qalasında yerləşən böyük kitabxananın monqollar tərəfindən yandırılmasının qarşısını almaq.
3. Monqolların qəzəbinə düçar olmuş İbn Əbil Hədid kimi bir neçə alimlərin canını qurtarmaq.
4. Xacənin vasitəsilə Monqol tayfasının İslam mədəniyyətinə qarışaraq İslam dininə üz gətirmələri; elə bir həddə ki, İslam dini hicrətin 694-cü ilində İranın rəsmi dini olaraq müəyyən edildi.
5. Hicrətin 656-ci ilində bir dəstə alimlərin həmkarlığı ilə Mərağə rəsədxanasının yaradılması.
6. Rəsədxanaya məxsus böyük bir kitabxananın hazırlanması.

Xacənin əxlaqi xüsusiyyətləri

Xacə Nəsrəddin həyatı boyu təkcə kitab yazmaq, təhqiqatlar aparmaq və bu kimi digər elmi nailiyyətlərə yetişməklə məşğul olmamış, bəlkə daima əxlaqi xüsusiyyətlərə dəyər vermiş bir şəxsiyyət idi. O heç bir zaman elmini əxlaqından üstün tutmaz, başqalarının fikirlərini dinləyər və onlarla təvazökarlıqla davranardı.
Dağıdıcı düşüncəyə malik Monqolları ram etmək özü Xacənin həkimanə düşüncələrə sahib olmasının bariz nümunəsidir.
Şiə və əhli-sünnə alimlərinin bir çoxları da Xacəni təriflərlə xatırlamışlar, burada onlardan bir qisminə işarə edirik:
Xacənin məşhur şagirdlərindən olan Əlamə Hilli onu tərif edərkən belə deyir:
“Xacə dini elmlərdə şiə məzhəbinə aid kitablar yazmış və müxtəlif elmlərdə çoxlu əsərlər sahibidir. O gördüyüm ən dəyərli alim idi.”
Xacənin Hənbəli məzhəbli şagirdlərindən biri olan ibn Fuvəti belə yazır:
“Xacə fazil, səxavətli, gözəl əxlaqlı və təvazökar bir şəxs idi. Heç bir zaman bir şəxsin istəyindən narahat olmaz və ehtiyaclı şəxsi cavabsız geri qaytarmazdı. O hamı ilə xoş rəftarla davranardı.”
Əhli-sünnə tarixşünaslarından olan ibn Şakir Xacənin əxlaqı xüsusiyyətlərini belə qələmə almışdır:
“Xacə gülərüz, səxavətli, səbirli, zirəng, fərasətli və xoş davranışlı bir şəxs idi. O zəmanənin siyasətçilərindən biri hesab edilirdi.”

Xacənin elmi dərəcələri və şagirdləri

Xacənin yaşadığı dövrdə olan fəlsəfə, riyaziyyat, məntiq, ədəbiyyat və bu kimi elmi biliklərə malik olması onun dillər əzbəri olmasına və “alimlərin fəzilətlisi”, “fəqihlərin sultanı” və “üçüncü müəllim” kimi ləqəblərlə xatırladılmasına səbəb olmuşdur.
Xacənin yüksək elmi dərəcələrə malik olmasına nəinki təkcə müsəlman alimlərinin sözlərində bəlkə hətta qeyri-müsəlman alimlərin sözlərində də rast gəlmək olar.
Xacə həyatı dövründə müxtəlif şəhərlərə və ölkələrə səfər edər və parlaq günəş kimi çoxlu şagirdlər onun elmindən istifadə etmişdir. Biz burada Xacənin şagirlərindən bəzilərinin adlarına işarə edəcəyik.
1. Cəmaləd-din Həsən ibn Yusif Mütəhhər Hilli (Əllamə Hilli). Əllamə özü dəyərli əsərlər yazmış şiə aləminin böyük alimlərindən biridir ki, Xacənin kitablarına da şərhlər yazmışdır.
2. Kəmaləd-din Meysəm ibn Əli ibn Meysəm Bəhrani. Dəyərli riyaziyatçı, mütəkəllim və fəqih alim.
3. Mahmud ibn Məsud ibn Müslih Şirazi. “Qütbuddin Şirazi” ləqəbi ilə məşhur olmuş din alimi.
4. Kəmaləddin Əbdur-Rəzzaq Şeybani Bağdadi. Xacənin ibn Fuvəti ləqəbi ilə məşhur olmuş Hənbəli məzhəbli şagirdi.
5. Seyyid Ruknud-din Əstərabadi. Xacənin kitablarına şərhlər yazmış məxsus şagirdi.

Xacənin əsərləri

Xacə Nəsrəddin həyatı boyu müxtəlif çətinliklərlə üzləşməsinə baxmayaraq müxtəlif sahələrdə təqribən yüz doxsana kimi kitab və elmi əsərlər qələmə almışdır ki, burada onlardan çox az bir qisminə işarə ediləcəkdir:
1. Təcridul-əqaid
2. Qəvaidul-əqaid dər mozue usule-əqaid
3. Şərhe-işarat (İbni Sinanın işarat kitabına yazılmış şərh)
4. Əxlaqe nasiri
5. Ovsaful-əşraf
6. Əsasul-iqtibas
7. İsbatul-cəvahir
8. İsbate-lövhe-məhfuz
9. Şərhe-üsule-Kafi
10.Təcridul-həndəsə

Elm günəşinin batması

Xacə Nəsrəddin sonda hicrətin 673-cü ili ziqədə ayının 18-i Bağdad şəhərində dünyasını dəyişdi və İmam Kazimin (ə) kənarında hamının gedəcəyi qəbr evinə tapşırıldı.

Mənbə: Gülşən Əbrar, cild 1.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@Islam times.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.
Translator :
Comment