0
Friday 5 July 2013 - 17:36

Doktoru azad edin!

Story Code : 279949
Doktoru azad edin!
Doktoru azad edin!
Yaşadığım 24 il 7 ay ərzində bir çox siyasətçi, avtoritet, jurnalist, dövlət məmuru və ruhani görsəm də, onlar arasında bir nəfər mənim üçün xüsusi şəkildə yadda qalan olub. Bu insanın siyasi, ictimai və şəxsi həyatı mənim üçün qeyri-adi görsənib. Çünki üzləşdiyi çətinliklər, məruz qaldığı problemlər və üzərinə düşən məsuliyyətə əməl etmək maraq doğurub. Bütün bunların öhdəsindən lazımınca gəlməklə yanaşı, öz dini abı-havasını da yüksək səviyyədə saxlamaq isə hər adama nəsib olmur.

Barəsində danışdığım şəxs hamının tanıdığı və hazırda məhbus həyatı yaşayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovdur. Azərbaycan Tibb Universitetini bitirmiş şəxsin bu gün saxlanıldığı həbsxananın karserinə salınması və onunla vəkilinin belə görüşünə icazə verilməməsi insana təəssüf hissi keçirməkdən başqa çıxış yolu qoymur. Ölkəmizin inkişafı, çiçəklənməsi və ən əsası mənəviyyatla zənginləşməsində pay sahibi olacaq şəxsin ağır şərtlər altında zülmə məruz qalması heç də anlaşılan deyil.

Axı örnək götürdüyümüz Qərb, həm də bəyənmədiyimiz Şərq bu gün malik olduqları inkişaflara görə düşünən beyinlərinə borcludur. Bu gün inkişaf etmişlərin alim və mənəviyyatlı şəxslərə verdiyi dəyərdir ki, onları bu səviyyəyə çıxarıb. Bəs nə üçün biz bizdən olan üstünləri zindanlarda çürüdürük? Bu qədərmi özümüz özümüzə düşmən kəsilmişik? Axı uzaqgörən siyasətçi, istedadlı həkim və böyük din alimini zindanda qaranlıq bir çərçivəyə saxlamaq hansı ədalətdəndir? Azərbaycanın ictimai, siyasi və dini camiəsində çox sevilən və hörmət bəslənən bir şəxsin karserdə saxlanılması, seçkiöncəsi hakim dairələrə yaxşı heç nə vəd etmir. Onsuz da hicab daxil olmaqla bir çox dini qadağalar birbaşa və ya dolayısı yolla xalqla hakimiyyət arasında uçurum yaradıb. Bu gün Azərbaycanın inanclılarının çox sevdiyi bir şəxsin həbsxanada ağır şərtlər altında qalması ölkədə narazılıq yarada bilər. Doktor Səmədovun timsalında bütün həbsdə olan alim və dindarların, o cümlədən müxalif düşərgənin məhbuslarının azadlığa çıxması nəhayət bir gün baş verəcək. Amma bunun hansı dövrdə və hansı şərtlər altında reallaşması maraq doğuran məsələdir.
Orxan Hüseyn
Faktxeber
Source : Faktxeber
Comment