0
Tuesday 16 July 2013 - 10:56

Bəşar Əsədi sevindirən çevriliş

Story Code : 283559
Bəşar Əsədi sevindirən çevriliş
Suriya mövzusu Misirdəki hadisələrdən sonra arxa plana keçdi. Bəşar Əsəd Müsəlman Qardaşlarının süqutunu müsbət qarşıladı və dedi: Ümid edirəm Misir dindən öz hədəflərinə çatmaq üçün bir vasitə kimi istifadə edən Müsəlman Qardaşlarından sonra ərəb əslinə və layiq olduğu məqama dönəcək.
 
Məhəmməd Mursi çevrilişdən bir həftə öncə Misirdəki Suriya səfirliyini bağladı və Bəşar Əsəd hakimiyyəti ilə siyasi rabitələrə son qoydu. Amma çevriliş baş verdikdən sonra bir çoxları Mursinin Suriya ilə bağlı qərarına etiraz etdi və Misirdəki Suriya səfirliyinin fəaliyyəti bərpa edildi. 
 
Misir böhranı, Müsəlman Qardaşlarının bu ölkədə kənara qoyulması və Məhəmməd Mursi və digər partiya üzvlərinin həbs edilməsi Bəşar Əsədin qatı müxaliflərindən olan Müsəlman Qardaşlarına sarsıdıcı zərbə oldu. Mursi Misirdə sələfilər və digər təkfirçilərlə həmkarlıqda ittiham edildiyi kimi Suriyada Müsəlman Qardaşlarından olan Bəşar Əsəd müxaliflərinin Əl-Qaidənin qolu olan “Ən-Nəsrə” ilə həmkarlıq etdiyi bildirilir.
 
Son aylarda Suriyadakı terrorist qruplaşmaların cinayətləri dünyaya nümayiş etdirildikdən sonra Müsəlman Qardaşları bu cinayətləri qınadı və terroristlərlə həmkarlığa son qoyduğunu iddia etdi. Misirdə çevrilişin birbaşa təsiri səbəb oldu ki, Suriyadakı Müsəlman Qardaşlarnın mövqeyi zəifləsin.
 
Əgər Suriya daxilində baş verən hadisələrə nəzər salsaq iki həqiqət ortaya çıxacaq. Onlardan biri Suriya dövlət ordusu və Bəşar Əsədi dəstəkləyən qüvvələrin üstünlüyü ələ alması, Suriya şəhərləri və kəndlərinin 80%-nin terroristlərdən təmizlənməsidir. Bu qələbələr Bəşar Əsədə siyasi manevr gücü verib və onun böhranda siyasi balans yaratmaq imkanlarını göstərir.
 
İkinci həqiqət isə Bəşar Əsəd müxaliflərinin pərişan və sarsılmış halıdır.
 
Baxmayaraq ki, Azad Suriya Ordusunun rəhbəri Səlim İdris Qatar və Səudiyyə Ərəbistanı vasitəsi ilə müasir silahlar əldə etdiklərini açıqlamışdı, amma ekspertlər bildirir ki, artıq gecdir və bu silahlar belə Suriyadakı qarşıdurmalarda müxaliflərin xeyrinə böyük dəyişikliyə səbəb ola bilməyəcək. Bir neçə gün öncə bütün bu problemlər azmış kimi Əsəd müxalifləri arasında daha bir ixtilaf yaranıb və Azad Suriya Ordusu ilə Ən-Nəsrə qruplaşması arasında silahlı qarşıdurma olub. Qarşıdurma nəticəsində bir neçə nəfər yaralanıb, digər bir neçə nəfər isə həlak olub.
 
Bu qarşıdurma Ən-Nəsrə komandanlarının İdlibdə suriyalı uşaqlara təcavüz etməsi xəbərindən sonra baş verdi. Qarşıdurma nəticəsində Azad Suriya Ordusunun tanınmış komandanlarından olan Kamal Həmami Ən-Nusrə üzvləri tərəfindən qətlə yetirildi və bu ölüm xəbəri Azad Suriya Ordusu üçün böyük bir şok yaşatdı. Bundan sonra silahlı terroristlər Suriyanın şimalındakı bir kitabxanaya hücum edərək şerin haram olması bəhanəsi ilə məşhur suriyalı şair Nizar Qəbbaninin divanına od vurublar. Azad Suriya Ordusu üzvləri arasında ixtilaflar, onlarla Əl-Qaidə və Ən-Nəsrə qrupları arasında silahlı qarşıdurmalar, bundan da əlavə müxaliflərin ali şurasının idarəçiliyi ilə bağlı fikir ayrılıqları bu gün hamıya gün kimi aydındır. Yuxarıda qeyd etdiyimiz iki həqiqət onu göstərir ki, Bəşar Əsəd Misirdəki çevrilişdən sonra öz mövqeyini daha da möhkəmləndirib və əldə etdiyi hərbi üstünlüklə Suriya daxilində siyasi planlarını rahatlıqla yürüdəcək. 
 
Bu gün Avropa ölkələrinin əksəri Suriya müxaliflərinə müasir silahlar göndərməklə bağlı ikifikirlidir. Xüsusi ilə son həftələr ABŞ və Avropa şəhərlərində yaşayan suriyalıların etiraz aksiyaları başlayıb. Bir neçə gün öncə Çikaqo və Los Ancelsdə suriyalılarla birlikdə ABŞ vətəndaşları da aksiya keçirdi və ABŞ dövlətindən tələb etdi ki, Suriyadakı terroristləri silahlandırmağa və onlara maliyyə yardımları göndərməyə son qoysunlar. 
 
Misirdə Müsəlman Qardaşlarını böhrana salan çevrilişdən sonra Qərb KİV Suriyadakı terror dalğası və təhlükəli Əl-Qaidə və Ən-Nəsrə terror təşkilatlarının bu ölkədəki fəaliyyətini gözdən keçirərək Suriyadakı Müsəlman Qardaşlarının siyasi proseslərini problemlə üzləşdirdi. Uyğun şəraitdə Cenevrə 2 konfransının keçirilməsi ilə Suriya böhranının siyasi həll yolunun tapılmasına çalışılır. Rusiya ən qısa zamanda bu konfransın baş tutmasını istəyir. Amma ABŞ və Avropadakı müttəfiqləri Suriyadakı hadisələrin Bəşar Əsədin xeyrinə hərəkətdə olduğunu görərək Əsəd müxaliflərindən Cenevrə 2 görüşünü təxirə salmalarını tələb edir. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriya dövləti müxalifləri ABŞ-dan əmr alır və sülh müzakirələrinin başlanılmasına icazə vermir. Rusiya yaxın zamanlarda Suriya dövlət nümayəndələri və müxaliflərin nümayəndələrinin iştirakı ilə Cenevrə 2 konfransının keçirilməsinə çalışır. Amma Suriya Müxalifləri Birliyinin yeni rəhbəri Əhməd əl-Cərba bildirib ki, müxalifət qüvvələri döyüş meydanında uğur qazanmayanadək müzakiərələr baş tutmayacaq.
Comment