0
Sunday 4 July 2010 - 14:04

Əmanətə vəfa

Story Code : 30039
Əmanətdarlıq
Əmanətdarlıq
Mühüm fərdi və ictimai xüsusiyyətlərdən biri də əmanətə sadiq olmaqdır. Əmanətə sadiq olmaq - həmin şeyin xətər və təhlükədən qorunması deməkdir. Əmanət sözünün kökü “Əmn” sözündən götürülmüşdür və etimad mənasını verir. Çünki əmanətə sadiq olmaq cəmiyyətin xətər və təhriflərdən amanda olmasına, salamat olmasına səbəb olar.

“Əl-misbahil-Munir” kitabının müəllifi Qəyyami yazır: “Əmanətin kökü “Əmn” sözüdür. Mənası qəlbin sakitliyi və aramlığı deməkdir.”

Əmanətin əksi xəyanətdir ki, əqli və dini nəzərdən ən çirkin xüsusiyyətdir. Baxmayaraq ki, insanların arasında əmanətə sadiq olmaqdan söz düşəndə, insanların əksəriyyəti bu xüsusiyyəti mal-dövlətə aid edirlər. Ancaq onun lüğəti mənasına, ayə və hədislərə nəzər salsaq, əmanətə sadiq qalmağın geniş mənaya və müxtəlif şaxələrə malik olduğunu görərik.

Əmanəti iki hissəyə bölmək olar: mənəvi və maddi hissəyə. Bunların hər biri də bir neçə hissəyə bölünür.

Mənəvi əmanətlərə: İslamı, Quranı, imanı, namazı, vilayəti və sairi müsal göstərmək olar. Maddi əmanətlərə isə: depoziti, qərzül-həsənəni, beytul-malı, bankları, şəxsi maddi qiymətliləri və sairi misal göstərmək olar.

Hətta bir iynə və ya sap da bir növ əmanət sayılır. Hədislərimizi tədqiq edəndə, bu nəticəyə gəlmək olur ki, İlahinin ən böyük əmanəti həmin məsuliyyətdir ki, Allah bəndələrinə verdiyi iradə kölgəsində onların ixtiyarına qoymuşdur. Buna görə Həzrət Əli (ə) nəql edir ki, Peyğəmbər (s) rəhmətə getməmişdən bir saat əvvəl mənə xitab etmişdir: “Ey Əbul Həsən! Əmanəti istər yaxşı insana aid olsun, istər pis insana, istər az olsun, istərsə də çox, hətta iynə və ip misalı kimi - sahibinə qaytar”.

Əmanətə sadiq olmaq haqda İmam Səccad (ə) buyurub: “Sahibinə əmanəti qaytarana eşq olsun, and olsun Muhəmmədi (s) Peyğəmbərliyə məbus edən Varlığa ki, əgər atam Hüseynin (ə) qatili atamı şəhid etdiyi qılıncı mənə əmanət üçün versəydi (mən də onu qəbul etsəydim), bu əmanətə xəyanət etməzdim”.

İmam Sadiq (ə) də buyurur: “Hər kimi ki, əmanətə məsul etsələr və o da əmanəti sahibinə qaytarsa, cəhənnəmdə boynuna sarılmış min düyünü açmış olar. Ona görə əmanəti qaytarmağa tələssinlər. Ona ciddi yanaşsınlar. Çünki hər kim ki, əmanətə xəyanət etməz, şeytan yüz nəfər yoldan çıxardan şeytanları ona hakim edər ki, onu vəsvəsə etsinlər və onu yoldan çıxartsınlar”.

Bu hədisdən görmək olur ki, əmanətə sadiq olmaq və əmanətə xəyanət etməmək çətin bir işdir. İnsan bu yolda ciddi və ehtiyatlı olmalıdır ki, şeytanın tələsinə düşməsin. İnsan gərək güclü iradəyə malik olub, şeytan vəsvəsələri qarşısında müqavimət göstərə bilsin.

Quran və hədislərimizdə əmanətə sadiq olmağın lazımlığı və xəyanətin pisləndiyi haqda çox sayda ayələrə və hədislərə rast gəlmək olar. Həmçinin Allah möminləri və namaz qılanları təsvir edərək, buyurur: “Onlar əmanətlərinə və əhdlərinə riayət edirlər” (“Muminun” surəsi, 8). Yəni onlar ki, əmanətə xəyanət edirlər, əməli saleh mömin və həqiqi namaz qılan deyillər.

Həmçinin Allah bildirir ki, əmanətə riayət etmək İlahi göstərişlərindəndir ki, ona mütləq əməl edilməldir. Belə ki, buyurur: “Allah sizə göstəriş verir ki, əmanətləri sahiblərinə qaytarasınız”. (“Nisa” surəsi, 58)

Bu ayənin nazil olması haqda belə nəql edirlər: 8-ci hicri ilində Peyğəmbərin (s) rəhbərlik etdiyi İslam ordusu Məkkəni fəth edir. Osman ibni Təlhə müşriklər tərəfdən Kəbə Evinin açarına nəzarət edirdi. Peyğəmbər (s) onu çağırır və açarı ondan alır ki, Kəbə Evinin qapısını açsın. Kəbə Evini də bütlərdən paklasın. Bu işi görəndən sonra Peyğəmbərin (s) əmisi Abbas Peyğəmbərdən (s) xahiş edir ki, Kəbə Evinin açarına baxmaq vəzifəsini ona tapşırsın. Ancaq Peyğəmbər (s) bu xahişə baxmayaraq qapını bağlayıb, açarı Osman ibni Təlhəyə verir. Bu ayəni tilavət edir.

Peyğəmbərin (s) bu yanaşması Quran əsasında olaraq, əmanətə sadiq olmağın xüsusi əhəmiyyət daşıdığını göstərir. Əmisinin xahişini rədd edərək, hələ də müşrik olan birisinə əmanəti tapşırır.

Hədislərdə əmanətin əhəmiyyəti haqda

Həzrət Peyğəmbər (s) və İmamların (ə) kəlamlarında əmanətə xüsusi diqqət edilir. Onlarla, bəlkə yüzlərlə dəfə Məsumlardan (ə) əmanətə riayət və xəyanətdən çəkinmək haqda xəbərdarlıqlar oxumuşuq. Bir neçə hədisə nəzər salaq:

1. İmam Sadiq (ə) buyurur: “İnsanların uzun müddət getdikləri rüku və səcdəyə diqqət etməyin (təkcə onu dinin nişanəsi kimi qəbul etməyin). Çünki bu elə bir işdir ki, ona adət ediblər, əgər onu tərk etsələr, nigaran olarlar. Ancaq onların düz danışmağına və əmanətə sadiq olmaqlarına diqqət edin”. Əgər əmanətə sadiq olmasalar, bilin ki, dində deyillər.

2. Həmçinin buyurur: “Bir çoxlarının namaz, oruc, həcc, dualarının səs-küyü, gecə ibadətlərinə deyil, onların düz danışmağına və əmanətə sadiq olmaqlarına diqqət edin”. Yəni, düz danışmaq və əmanətə sadiq olmağın səviyyəsi ilə insanların mənəvi və dini şəxsiyyətlərini dəyərləndirin, nəinki onların zahiri bəzəkləri ilə. Belə ki, Peyğəmbər (s) buyurur: “O kəs ki, əmanəti kiçik hesab edər, bizdən deyildir”.
3. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, əmanətə xəyanət edər və onu sahibinə qaytarmaz, bu halda ölsə, İslam dinində olaraq, ölməmişdir. Çünki o halda Allahla görüşər ki, Allah ona qarşı qəzəbli olar”.

Həzrət Peyğəmbər (s) əmanəti qorumaqda o qədər ciddi idi ki, ona “Əmin” ləqəbi vermişdilər. Belə ki, besətdən qabaq müşriklər onu görəndə dəyərdilər: “Əmin gəlir.” Həcərul-Əsvədin öz yerinə qoyulması macərası besətdən beş il qabaq baş vermişdi. Onlar demişdi: “Biz Həcəril-Əsvədin yerinə nəsb edilməsi məsələsində Əminin qəzavət etməsinə razıyıq”.

Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti zamanı Həzrət ən çətin və təhlükəli şəraitdə Həzrət Əlini (ə) öz yerində qoyur. Gecə vaxtı Məkkədən çıxır. İş belə gətirir ki, Peyğəmbər (s) Əlini (ə) öz canişini qərara verir. O, bəzi müşriklərin Peyğəmbərin (s) yanında qoyduqları əmanətləri sahiblərinə qaytarırdı. İbni Həşam yazır: “Həzrət Əli (ə) üç gün Məkkədə qalır ki, Məkkə insanlarının Peyğəmbərin (s) yanında qoyduqları əmanətləri sahiblərinə qaytarsın. O, əmanətləri qaytarandan sonra hicrət edəcəkdir”.

Bu macərada maraqlı olan nöqtə odur ki, 7-ci hicri ilində baş verən Xeybər döyüşündə İslam ordusunun azuqəsi qurtarır. O qədər ərzaq qıtlığı olur ki, ətləri məkruh olan heyvanların ətindən qidalanırlar. O zaman yəhudini görürlər ki, qoyunlarını otlaqdan qalaya tərəf aparır. Onlar qoyunları qənimət kimi götürmək istəyirlər. Coban deyir ki, bunlar əmanətdir. Peyğəmbər (s) bu qədər ac əsgərlərin qarşısında açıqca deyir: “Bizim dinimizdə əmanətə xəyanət etmək - böyük cinayətdir. Sən gərək bütün qoyunları qalaya aparıb, sahiblərinə qaytarasan”. Həmin çoban İslam dinini qəbul edir. Qoyunları sahiblərinə qaytarır. Sonra İslam ordusuna qoşulur. Yəhudilərlə vuruşaraq, şəhid olur.

Başqa bir yerdə oxuyuruq ki, Peyğəmbər (s) və ordusu Xeybər döyüşündən qayıdanda Əlqora vadisinə çatırlar. Mədəm adlı qulam Peyğəmbərin (s) əşyalarını dəvənin üstündən düşürdürdü. Qəflətən düşmən tərəfindən atılan nizə Mədəmə dəyir. O, şəhid olur. Səhabələr onun cənazəsi ətrafında cəmləşirlər. Ona xitab edib, deyirlər: “Behişt sənə xeyirli olsun”. Peyğəmbər (s) buyurur: “Xeyr. And olsun o Varlığa ki, Muhəmmədin canı onun əlindədir, indi Mədəmə geyindirilən alovlu libasın alovları şölələnməkdədir. Çünki o, Xeybər qənimətindən götürmüşdür”. (Əmanətə xəyanət etmişdir) Orada olanlar Peyğəmbərin (s) bu sözündən çox təsirləndilər. Səhabələrdən biri qarşıya çıxır, deyir: “Ey Allahın Rəsulu! Görəsən mən də qənimətdən bir cüt ayaqqabı görtürdüyüm üçün cəzalandırılacağammı?” Peyğəmbər (s) buyurur: “Sənin üçün də bir cüt ayaqqabıya görə cəhənnəmdə alov vurulacaqdır”.

İmam Sadiq (ə) buyurur: “Həzrət Əli (ə) Peyğəmbərin (s) yanında dəyərli məqama iki xüsusiyyətinə görə çatmışdı: düz danışmağı və əmanətə sadiq olmağına görə”.

Həzrət Əlinin (ə) əmanətə sadiq olmağı bütün işlərdə, xüsusilə də xalqın malını qorumaqda ciddi əhəmiyyətə malik idi. Onun bəzi dostları ona təklif edirdilər ki, hökumət işlərinin inkişaf etməsi üçün xalqın malını paylayanda nüfuz sahiblərinə daha çox pay versin. O, Həzrət də qəzəblə bu təklifi rədd edərdi və buyurardı: “Mənə əmr edirsiniz ki, öz qələbəm üçün hökumət etdiyim insanların haqlarına zülm və sitəm etməklə onlardan istifadə edim? Allaha and olsun ki, nə qədər ki, sağam, gecə və gündüz vardır, səma ulduzları həmin yerdə doğub və batırlar, heç bir vaxt belə bir iş görməyəcəyəm. Əgər bu mal mənim də olsaydı, onların arasında bərabər bölərdim (ədalətə riayət edərdim). O ki, qalsın ki, Allahın malını bölüm”.

Hədisdə deyilir: “Həzrət Əli (ə) namaz vaxtı yaxınlaşanda o qədər dəyişərdi ki, qeyri-adi görünərdi. Bunun səbəbini soruşanda buyurur: “Namaz vaxtı - Allahın səmadan yerə göndərdiyi həmin əmanət vaxtıdır”.

Bədəllah ibni Sənan nəql edir: “İmam Sadiqi (ə) Məscidül-Nəbidə gördüm ki, namazdan sonra qibləyə tərəf əyləşmişdi. Soruşdum: Bəzi hakimlər bizim yanımıza əmanətlərini qoyurlar. Öz mallarının xümsunu da vermirlər. Görəsən onların əmanətlərini özlərinə qaytaraq?” Cavabında üç dəfə buyurdu: “Bu qiblənin Pərvərdigarına and olsun ki, cəddim Əlinin (ə) qatili İbni Mulcəmdən intiqam almaq üçün onu axtarıram və o, özünü gizlədir. Əgər mənə əmanət versə və mən onu qəbul etsəm, mütləq ona geri qaytararam”.

“Səhifə Səccadiyyənin” Yəhya ibni Zeyiddən əmisi oğlanları olan Muhəmməd və İbrahimə verilməsi haqda nəql edilir: “Mütəvəkkil ibni Harun deyir: “Səhifəni” əmanət kimi Mədinəyə gətirdim. Əvvəl İmam Sadiqin (ə) yanına getdim. Yəhya ibni Zeydin vəziyyəti və onun şəhadəti haqda xəbər verdim. Sonra ərz etdim: Yəhya “Səhifeyi Səccadiyyəni” mənə verdi ki, əmisi oğlanları Muhəmməd və İbrahimə çatdırım. (Deyilənə görə, Abdullah ibni Həsənin oğlanları Muhəmməd və İbrahim ilə İmam Sadiqin (ə) arasında qiyam məsələsinə görə fikir ayrılığı var idi. Mütəvəkkil də istəmirdi ki, “Səhifəni” onlara çatdırsın). İndi “Səhifəni” sizin yanınıza gətirmişəm. İmam Sadiq (ə) Yəhyanın şəhadətinə görə şiddətlə göz yaşı tökdü. Ona görə dua etdi. “Səhifəyə” nəzər salıb, dedi: “Allaha and olsun! Bu əmim Zeydin xətti və cəddim İmam Səccadın (ə) imlasıdır”. O zaman ərz etdim: “Bu “Səhifəni” Abdullah ibni Həsənin oğlanları Muhəmməd və İbrahimə verim, yoxsa yox?”. O, əvvəl bu ayəni tilavət etdi: “Allah sizə göstəriş verir ki, əmanətləri sahiblərinə qaytarasınız”. Sonra dedi: Bəli, “Səhifəni” onlara ver (çünki əmanətdir, Quranın buyurduğu kimi əmanət sahibinə qaytarılmalıdır) O zaman Mütəvəkkil qalxdı ki, Muhəmməd ilə İbrahimin yanına getsin. İmam Sadiq (ə) buyurdu: “Burada qal”. O, xəbər göndərir və hər ikisi gəlirlər və Mütəvəkkil İmam Sadiqin (ə) yanında “Səhifəni” Muhəmməd və İbrahimə təqdim edir”.

Əmanətlərdən biri də qərzül-həsənədir. Borc alan gərək diqqət etsin ki, götürdüyü məbləğ əmanətdir. Vaxtı çatanda onu sahibinə qaytarmaq lazımdır. Əgər heç bir üzürlü səbəb olmadan əmanəti bir saat gecikdirsə, o qədər də xəyanət etmiş olar. Ona görə İmam Sadiqdən (ə) nəql edilən hədisdə deyilir: “Abdullah ibni Siyabə atası ilə birlikdə İmam Sadiqin (ə) dostlarından idi. Siyabə dünyadan köçür, yoxsul olduğu üçün oğlu Əbdürrəhman üçün miras buraxmır. Siyabənin dostlarından biri Əbdürrəhmanın yanına gəlir. Ona başsağlığı verəndən sonra min dirhəmi ona borc verir. Əbdürrəhman həmin pulu qəbul edir və onunla iqtisadi fəaliyyətə başlayır. İşləri yaxşı gedir və qərara alır ki, Məkkəyə ziyarətə getsin. Anasının yanına gedir və qərarını ona deyir. Anası ona deyir: Ziyarətə getməzdən əvvəl atanın dostundan aldığın borcu qaytar. O, atasının dostunun borcunu qaytarır və təşəkkür edir. Sonra Məkkəyə gedir. Həcc mərasimini yerinə yetirəndən sonra Mədinəyə gəlir. İmam Sadiqi (ə) ziyarət etmək üçün onun yanına gedir. İmam Sadiq (ə) Səyabənin vəfatını eşidəndə çox təəssüflənir. Əbdürrəhmana başsağlığı verir. Sonra ona buyurur: “Atan sənin üçün miras buraxıb?” (yəni Məkkəyə hansı pulla getmisən). Cavab verir: “Xeyr, heç bir miras buraxmayıb”. İmam Sadiq (ə) soruşur: Bəs hansı pulla Məkkəyə getmisən? Abdulrəhman borc macərasını ona danışır. Hələ sözünü bitirməmiş, İmam Sadiq (ə) buyurur: “O min dirhəmi nə etdin? Sahibinə qaytardın?” Cavab verir: “Bəli, qaytarmışam”. İmam Sadiq (ə) buyurur: “Əhsən sənə! Düz danışmağına və əmanətə sadiq olmağına görə sənə eşq olsun”.

Əbdürrəhman deyir: “İmam Sadiqin (ə) sözlərini yadımdan çıxartmadım. Mənim işlərim o qədər genişləndi ki, bir illik zəkatım 300 min dirhəm oldu”.

Bəli, əgər əmanətə sadiq olmaq cəmiyyətdə kamil şəkildə riayət olunsa, fikri rahatlığa, möhkəm rabitələrə və etimadın artmasına səbəb olar. Bunun əksi olarsa, qardaşlıq və dostluq əlaqələri qırılar, insanlar bir-birinə qarşı bədbin olarlar. Təhlükəsizlik hiss etmək əvəzinə, dəhşət hiss edərlər. Rahatlığın yerini nigarançılıq alar. Həmin bu məsələ də cəmiyyətdəki dəyərlərin məhv olmasına gətirib çıxarar. Belə ki, etimadın olmaması nəticəsində xeyriyyəçilər bu müqəddəs işə əməl etməzlər. Çox təəsüf ki, bu məsələ cəmiyyətdə özünü göstərməkdədir.

Beləliklə deyə bilərik ki, əmanət İlahi məsuliyyətdir və ona hər bir müsəlman əməl etməlidir. Ona xəyanət etmək böyük cinayətdir və insanların etimadını sarsıdar. Ona görə də Quran və Məsumların (ə) diqqət etdikləri və tövsiyə etdikləri əmanətə xüsusi diqqət edək və İlahi qəzəbə düçar olmayaq. İnşaallah!

Deyerler.org
Comment