0
Monday 12 July 2010 - 12:57

Alternativ xidmət: ordudan yayınma yoxsa demokratik dəyər?

Story Code : 30808
Alternativ xidmət: ordudan yayınma yoxsa demokratik dəyər?
Alternativ xidmət: ordudan yayınma yoxsa demokratik dəyər?

Azərbaycan müharibə durumundadır. Ölkə ərazisinin 1/5 hissəsi müvəqqəti də olsa, erməni işğalındadır. Və ordusu inkişaf etməkdə bulunan bir məmləkətik.

Belə bir şəraitdə Avropa Şurası və bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda alternativ hərbi xidmətin tətbiqi tələb edirlər.
Bəs yaxşı, nədir bu alternativ hərbi xidmət və onun tətbiqi bizə nə verə bilər?
... Qərb standartlarına görə, əlinə silah alıb adi, yəni ənənəvi Silahlı Qüvvələrdə xidmət etmək istəyən şəxs qərarının səbəbini açıqlamalıdır.
Alternativ hərbi xidmət seçimində tam əksər hallarda dini və ya mənəvi ünsürlər əsas rol oynayır.
Müdafiə Nazirliyindəki komissiya da ən uzağı 1 təqvim ayı ərzində vətəndaşın ərizəsinə baxmalı, təqdim olunan bilgiləri yoxlamalı, bu şəxsin alternativ xidmətə göndərilib-göndərilməməsi barədə qərar qəbul etməlidir.
Qərar qəbul olunandan sonra isə komissiya vətəndaşa yazılı cavab yollayır.
Ehtiyac yarandığı təqdirdə isə komissiyanın işinə dini və ictimai təşkilatların nümayəndələri dəvət olunmalı, məzkur vətəndaşın dini inanc və təriqət mənsubluğu baxımından gerçədkən də hərbi xidmətə çağrılmasının mümkünsüzlüyü araşdırılmalıdır.
Məsələn, Fransa və ya Almaniyada silahlı qüvvələrdə xidmət etmək istəyən gənc alternativ (qeyri-hərbi xidmət) komissiyasına müraciət etmək zorundadır.

Bir qədər keçdikdən sonra isə qanunla göstərilmiş qaydada alternativ xidmət edəcək vətəndaşlar üçün yer ayrılmış müəssisələrdə azad vakansiyaların olub-olmadığını aydınlaşdıran hərbi komissarlıqla alternativ xidmət komissiyası həmin gənci qulluq edəcəyi müəssisəyə yollayır.

Alternativlik və pasifistlik

Artıq iki əsrdir ki, bu və digər formada alternativ xidmət mövcuddur. Fəqət bu xidmət XX əsrin sonu-XXI əsrin əvvəllərindəki təki heç bir vaxt bunca geniş yayılmamışdı. Əslinə baxsaq, alternativ xidmətin inkişafında İkinci Dünya Müharibəsindən sonra xeyli güclənən pasifizmin böyük rolu var. Pasifizmin fərdi ideologiya və fəlsəfəsi olduğu kimi, alternativ xidmətin mövcudluğunu şərtləndirən fəlsəfi dünyagörüş də yox deyil.

Çağdaş alternativ xidmət ideologiyasının təməl prinsiplərinə nəzər salaq.

1. VİCDAN AZADLIĞI. Alternativ xidmət hüququ birbaşa vicdan azadlığı prinsipindən qaynaqlanır. Bu prinsip isə fərdin istənilən dinə, inanca və ya təriqətə sitayiş etmək hüququna malik olduğunu əsaslandırır. Və belə prinsipdən dolayı hər fərd başqa şəxsə qarşı ölüm silahından istifadə edib-etməməyi məhz özü həll edir, silah gəzdirmək azadlığını düşünür.

2. PROBLEM HƏLLİ. Alternativ xidmət cəmiyyətdəki çeşidli problemlərin həlli yolu kimi qələmə verilir. Belə ki, məzkur xidmətin ən vacib funksional rolu maliyyə çatışmazlığı ucbatından həll olunmamış milli problemlərin çözülməsi prosesinə gənclərin cəlb olunması təki təlqin olunur.

Bəhs etdiyimiz prinsip ilk əvvəl sosial sahə və ekologiyaya, yəni evsizlərə yardım, ətraf mühitin mühafizəsi, təbii kataklizmlər zamanı əhaliyə yardım göstərilməsi, azyaşlı uşaqların təhsil-tərbiyə müəssisələrində iş, qoca və kimsəsizlərə kömək, su hövzələrinin təmizlənməsi, şəhər infrastrukturunun inkişafı və başqa problemlərin qismən də olsa çözümüdür.
Gənclərin sadalanan və həddən az maaş vəd olunan sahələrə cəlb edilməsinin ən rahat yolu isə alternativ xidmətdir.
Alternativ mülki xidmət gənclərin iş problemini həll edir, həmçinin əhalinin sosial cəhətdən yardıma ehtiyacı olan qisminin üzləşdiyi bəzi çətinlikləri aradan qaldırmağa imkan verir.

3. GƏNCLƏRİN SOSİALLAŞMA VASİTƏSİ. Hərbi xidmət ailə və məktəblə yanaşı kişilərin ən vacib sosiallaşma institutu sayılırdı. Alternativ hərbi xidmətin təbliğatçıları da buyururlar ki, bəli, Azərbaycan Milli Ordusunda xidmət xoşagəlməz və qaçılmaz iş, vaxtın mənasız boşa getməsi, yalnız həbsxanaya düşməmək üçün boyun qaçırmağın məsləhət bilinmədiyi "borc"muş. Təbii ki, belə deyil.

Söz yox, məcburi hərbi mükəlləfiyyət 50-80-ci illərdəki önəm və aurasını itirib artıq.
Bununla belə, alternativ xidmət institutu hər hansı gəncin cəmiyyətdə yadlaşmasının qarşısını alan, ona humanizm və xeyirxahlıq hissləri aşılayan, şəxsiyyətin deformasiyasının qarşısını alan yeni sosiallaşma vasitəsi qismində qavrana bilməz.
Ənənəvi hərbi xidmətdən yayınaraq səhiyyə müəssisələri və ya sosial qurumlarda çalışmaq heç bir halda vətəndaşın ölkənin müdafiə qüdrətini artırmaqla yanaşı, onun sərhədləri və təhlükəsizliyinin müdafiəsi borcunun yerinə yetirilməsi deyil.

4. YENİ KONSEPSİYA. Alternativ xidmətin Qərbdəki çağdaş konsepsiyası hətta çağırışçıların ölkə sərhədlərindən kənarda xidmət etmələrinə də imkan verir.
Bu minvalla volontyorlar arasında beynəlxalq mübadilə yaranır. Məsələn, Almaniya hər il yüzlərlə volontyorunu MDB ölkələrinə göndərir ki, bu zaman alman gənclərin postsovet məkanında keçirdiləri vaxt onlara alternativ xidmət müddəti kimi hesablanır.
Göründüyü kimi, alternativ xidmət Azərbaycan silahlı qüvvələrinin peşəkar ordu sisteminə keçidində aralıq mərhələ rolunu oynaya bilmir.

Nə qədər paradoksal olsa da, peşəkar ordunun yaradılmasında pasifistlər çiynipaqonlu hərbçilərdən daha çox maraqlı olduğunu deyirlər.
Məsələn, Azərbaycan Sivil Cəmiyyət Mərkəzinin eksperti Səmayə Allahverdiyevanın sözlərinə görə, məhz pasifizm hərəkatı Böyük Britaniya silahlı qüvvələrinin peşəkar ordu sisteminə keçməsinə səbəb oldu.
"Azərbaycanda alternativ hərbi xidmət olarsa, peşəkar silahlı qüvvələrin yaradılması istiqamətində əhəmiyyətli addım atmış olarıq. Sivil və demokratik dəyərlərin bərqərar olduğu cəmiyyətdə vətəndaşın ordu sıralarında xidmətlə bağlı seçimi olmalıdır. Alternativ xidmət isə ordu sıralarına məcburi çağırışın bir qədər yumşaldılması, sivilləşməsidir", - S.Allahverdiyeva söylədi.

MDB alternativliyi

MDB və Baltiyanı ölkələrin istisnasız olaraq hamısının müdafiə doktrinası ümumi hərbi mükəlləfiyyət prinsipi əsasında qurulub. Və vətəndaşın hansısa səbəblərdən dolayı hərbi xidmətdən boyun qaçırmasının qanuni addım qismində dəyərləndirilməsi bu ölkələrin heç birində normal səviyyədə deyil.
Moldova, Qırğızıstan və ya Gürcüstan kimi ölkələrdə silahlı qüvvələrin məruz qaldığı böhran o qədər də qorxulu deyil. Ukrayna, Rusiya və ya Belarus kimi dövlətlərdə isə həmin böhran həddən ziyadə təhlükəli sayıla bilər.

Hərbi xidmətdən boyun qaçıraraq alternativ xidmətə üstünlük vermək, istənilən vətəndaşın haqqı və təməl insan hüquqları kateqoriyasına daxil olan məqam sayıla bilərmi?

26 may 1995-ci il tarixdə Minskdə imzalanan və 11 avqust 1998-ci il tarixdə qüvvəyə minən "İnsan haqları və əsas hüquqları barədə MDB Konvensiyası" adlı sənədə nəzər salaq.
Sözügedən sənədin 10-cu bəndində deyilir: "...Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir. Bu hüquq insana dinini və inancını fərdi seçmək azadlığı verir".
Sənəddə alternativ xidmət barədə bir kəlmə belə yoxdur.
Bu isə sənədin insan haqları və azadlıqları sahəsində beynəlxalq hüququn tələblərinə cavab vermədiyinə dəlalət edir.

MDB-də Özbəkistan, Moldova, Qırğızıstan və Ukrayna alternativ xidmət sahəsində lider ölkələr sayıla bilər. Nədən ki, adıçəkilən dövlətlərdə ordu sıralarında qulluq etmək istəməyən şəxslərə alternativ xidməti seçmək üçün real imkan yaradılır.
Gürcüstan, Belarus və Rusiya isə Konstitusiya səviyyəsində vətəndaşlarına alternativ xidmət hüququ versələr də, bu xidməti nizamlayan qanunlar yoxdur.
Alternativ xidmət etmək istəyən şəxslər isə əksər hallarda "fərari" adı ilə həbs olunub azadlıqdan məhrum edilir. Ermənistan, Qazaxıstan, Tacikistan və Türkmənistanda isə alternativ xidmət ümumiyyətlə yoxdur.

Etiraf etmək gərək ki, ölkədəki gənclərin hamısı silahlı qüvvələrdə xidmətə yaramır: belələri nə sağlamlıq, nə də mənəvi-psixoloji hazırlıq baxımından səngərdə durmağı bacarmazlar. Hələ Platon özünün "Dövlət"ində yazırdı: "....Hər kəsə yalnız bacardığı işi tapşırmaq gərəkdir ki, bu adam həmin işlə bütün ömrü boyu məşğul olsun. Ona mane olmaq, başqa işə yönəltmək yanlış addımdır. Hərb işinə gəldikdə isə, burada kiçik səhvə belə yol vermək olmaz. Bəyəm qalxan və ya qılınc götürən hər kəs döyüşçüyə dönüb vuruşmağa hazır olacaq? Əsla. Bizi vəzifəmiz vətəni və dövləti qorumağa hazır olanları başqalarından seçib orduya çağırmaqdır".

Ümumiyyətlə, mütəxəssislərin "savaş sosiologiyası" adlandırdıqları prinsiplər toplusuna görə insanlar vuruşmaq bacarıqlarına görə hərbçiliyə yararlılar, hərbçi olmağa çalışanlar, hərbçiliyə məcbur olanlar, savaş zamanı ordunun tələbatlarını təmin edənlər, sülhməramlılar, pasifisitlər və ordu ilə hərbə nifrət edənlərə bölünür.
Alternativ xidmətin reallaşması isə son üç kateqoriyaya mənsub şəxslərin cəmiyyət naminə çalışıb vicdanlarını ləkələməmələrinə imkan verir.
Ermənistanla müharibə durumunda bulunan, torpaqlarının xeyli hissəsi işğal altında olan dövlətə alternativ xidmət gərəkdirmi?
Qayət çətin sualdır. Ən azı ona görə ki, ordu sıralarından yayınmağa çalışaraq belə davranışına ən müxtəlif səbəblər fikirləşənlər arasında "pofiqizm"i xatırladan əcaib pasifizm məfkurəsi yayılmaqdadır. Dövlətin təhlükəsizliyi və bundan sonrakı yaşamı üçün bir ebola virusu təki təhlükə səciyyəli bu anlamın nəticəsidir ki, belə gənclər pulun bütün problemləri həll etdiklərini düşünürlər.

Onların arasında "problemli məmləkət"dən uzaq durmağa üstünlük verənlər də var.
Alternativ xidmətə üstünlük verənlərin sayı məhz belələrinin hesabına formalaşa bilər.
Ölkədəki çeşidli sektalara üz tutaraq "tutarlı səbəb" əldə etmək üçün dinini belə dəyişməyə hazır olanlar yoxmu? Var, özü də istənilən sayda. Baptist, yevangelist, krişnaçı, Yeqova şahidi... Onların Azərbaycan ordusunda xidmət edəcəklərinə inanmaq bir qədər çətindir.
Dinini dəyişən gəncin sabah orduda olarkən, səngərdə durarkən çox asanlıqla silahı ataraq, mənsub olduğu təriqətin tələblərinə uyğun olaraq qarşı tərəfə keçərək "sülhməramlılıq" etməyəcəyinə sabit təminat varmı?

Bu, acı da olsa, bir gerçək...

İşğala məruz qalmış ölkədə qlobal insani dəyərlərə toplu şəkildə riayət olunmasını arzulamaq sadəlövhlükdür. Müharibə durumundakı ölkədə alternativ xidmət institutunun tətbiqini tezləşdirməyə çalışmaq da silahlı qüvvələrin zəiflədilməsinə yönəlmiş destruktiv addım təki qiymətləndirilə bilər.
Avropa Şurasının təzyiqi ilə mentallıq və brutallığımıza tamamən zidd olan homoseksualizmlə barışmaq zorunda qaldıq. İş o yerə çatdı ki, "mavi"lər televiziya ekranlarına bel çıxmağa cəsarət edib "anormal" saydıqları kişilərə kişilik dərsi keçməyə başladılar.
Belə getsə, sıra xristianlığı qəbul etmiş gənclərimizin İsa Məsihin silahın pisliyi barədə söylədikləri həqiqətləri təbliğ edəcəyi günü də görəcəyik.
Niyə də olmasın?
Avropalaşırıq, alternativləşirik hər halda...


Həsən Ağacan
Milli.Az

Comment