0
Monday 14 October 2013 - 22:55

Səs verən dindarların dinə zərbəsi

Story Code : 311279
Səs verən dindarların dinə zərbəsi
Səs verən dindarların dinə zərbəsi
Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərində din və dindarlar amili də qabardıldı. Sözsüz ki, bu amildən haqqın tərəfində olanlar, hicab uğrunda mübarizə aparanlar, hicab məhbuslarının azadlığı üçün mübarizə aparan kərbəlayi Natiq Kərimov kimi mömin mübarizlərin də mövqeyi yer aldı, eyni zamanda dini və dindarları özünə alət edən hakimiyyətin əməlləri də və baş verənlər heç təəccüblü də deyildi.

Seçki kampaniyası və seçki prosesindəki biabırçılıqlar ətrafındakı müzakirələr hələ də gündəmin bir nömrəli mövzusu olaraq qalır. Ancaq bu dəfəki bəhsimizdə yenə də ölkənin dindar kəsiminə aid olan vətəndaşların seçkidəki mövqeyi və iştirakına bir baxış olacaq. Məlum olduğu kimi bu il keçirilən seçkilər Həcc ziyarəti ərəfəsinə təsadüf etdi və MSK-nın rəsmi məlumatına görə 3054 nəfər seçici Məkkədə səsvermədə iştirak edib. Həmin seçicilər 17 saylı Yasamal 3-cü seçki dairəsinin 46 saylı seçki məntəqəsində tərtib olunan protokolda öz əksini tapıb. Burda maraqlı məqamlar var.

Birincisi, seçkidən əvvəl heç bir mətbuat orqanında və ya rəsmi mənbələrdə zəvvarların səs verməsi ilə bağlı hər hansı bir məlumat yayımlanmadı. Bu da o demək idi ki, zəvvarların səs verməsinin izlənilməsi müxalifət və ya real müstəqil müşahidəçilər tərəfindən aparılmadı.

İkincisi, Həcc gedən zəvvarlar öz qeydiyyatda olduqları seçki məntəqələrindən qeydiyyatdan çıxmaları haqqında çıxarış alıblarmı? Bu sualın cavabını bilən varmı?

Axı bütün zəvvarların hamısı Yasamal 3-cü SD-nin dislokasiyasında yaşamır və ya qeydiyyatda deyil. Zəvvarlar Azərbaycanın hər yerindən, Bakıdan və müxtəlif rayonlardan gediblər. Bəlkə də bir iki nəfər vətəndaş mövqeyi olan zəvvar bunu edib ancaq onların hamısının qeydiyyatdan çıxması barədə arayış alması haqqında heç kimdə bir məlumat yoxdur və çox güman ki, ümumiyyətlə heç qeydiyyatdan çıxan olmayıb da. Bu isə o deməkdir ki, 300 min nəfərdən çox seçici rəsmi şəkildə seçkidə iştirakı şübhəli məqamlarla doludur, həqiqətdə isə burda anlaşılmayan bir şey də yoxdur, həmin zəvvarlar bir Məkkədə səs veriblər bir də onlar üçün Azərbaycanda səs verənləri hakimiyyət özü təşkil edib.

Üçüncü və ən əsas məqam budur ki, Məkkədə səs verən zəvvarlar hamısı müsəlman olduğu iddiasındadır. Yəni heç kim deyə bilməz ki, adam durub burdan Məkkəyə ziyarətə gedib, böyük böyük Həcci titulunu qazanıb ancaq bu adam müsəlman deyil. Düzdürmü? Yaxşı, indi gəlin Məkkədə, zəvvarların səs verməsinin rəsmi nəticəsinə baxaq: Hafiz Hacıyev kimi tərbiyəsiz, xalqı, dini və dindarları təhqir edən bir adam 5 nəfər zəvvarın səsini alıb. Tutaq ki, bu 5 nəfər zəvvar ağlını itirib. Qüdrət Həsənquliyev kimi dini və dindarları hər gün təhqir edən adam 4 zəvvarın səsini alıb. Tutaq ki, bunlar da ağlını itirib. İlham Əliyevə isə 2899 nəfər zəvvar səs verib. Nə oldu bunlar hamısı ağlınımı itirib? Tutaq ki, İlham Əliyevə və elə digərlərinə də səs verən zəvvarlar hamısı sağlam və mömin adamlardır. Onda sual yaranır ki, bu müsəlmanlar həcc getməzdən əvvəl heç xəbərləri olmayıb ki, ölkədə nə baş verir, hicab qanunsuz olaraq qadağan olunub, hicaba azadlıq istəyən dindarlar həbsə atılıb və hələ də atılır? Necə ola bilər ki, dünyanın bütün ölkələrində hicab qadağası haqqında hamı hər şeyi bilir, dindar məhbusların adları beynəlxalaq təşkilatların siyahısında olur, AŞPA-nın binası qarşısında keçirilən piketdə məhbus dindarların şəkilləri və onlar haqqında məlumatlar ictimaiyyətə təqdim olunur, bütün bir cəmiyyətdə hicabla bağlı söz söhbət gəzir, ancaq 4 min manat xərc çəkib Məkkəyə Həcc ziyarətinə gedən müsəlmanın xəbəri yoxdur ki, Azərbaycanda artıq iki ildir hicab qadağandır, bununla bağlı etiraz aksiyası keçirilir və 300 nəfərə yaxın dindar hicab məhbusu kimi həbsdədir? Ya da zəvvarların hamısının sağlamlığı yerindədir (Yerligəlmişkən deyək ki, zəvvarlar sağlam olmasaydılar ziyarətə gedə bilməzdilər), hicab qadağasından, hicab məhbuslarından xəbəri var ancaq bununla belə hicabı qadağan edən hakimiyyətə səs verir.

Onda burda yeganə variant bu zəvvarların imanı məsələsində yaranır. Əlbəttə Şeyxin gedib başının üstündə durduğu bir seçkinin necə keçəcəyi aydındır, ancaq hər halda Allahşükür Paşazadə də zəvvarları zorla İlham Əliyevə səs verməyə təşviq etməyib axı, bundan başqa elə rəsmi məlumatlara görə 95 nəfər zəvvar Cəmil Həsənliyə səs verib. Ən pis halda onu qəbul etmək məcburiyyətindəyik ki, Məkkədə də seçkilər saxtalaşdırılıb. Bu hamısından betər olar. Təsəvvür edin Allahın evində, Həcc ziyarəti zamanı seçki kimi önəmli bir proses saxtalaşdırılırsa və buna həmin səs verən zəvvarlardan hər hansı bir reaksiya, münasibət, təpki bildirilmirsə, o zaman Azərbaycanda mənəvi dəyərlərin deqradasiyası problemi təkcə dünyəvilərə deyil, həm də dindar kəsimə aiddir.

Başa düşürəm ki, Azərbaycanda haqqı müdafiə edən, hacı Tale kimi oğullar da var, ancaq Məkkədəki səsvermənin nəticələrinin ləkəsini əfsuslar ki, bütün dini icmalar daşımaq məcburiyyətindədir, çünki hələ ki, heç kimi yağı baldan ayırmaq fikrində deyil.
Source : Islamtimes
Comment