0
Thursday 17 October 2013 - 01:07

Qurban – cəmiyyətdə təbliğinə ən çox ehtiyac duyulan dəyər

Story Code : 311656
Qurban – cəmiyyətdə təbliğinə ən çox ehtiyac duyulan dəyər
Qurban – cəmiyyətdə təbliğinə ən çox ehtiyac duyulan dəyər
Bir Qurban bayramını da arxada qoyduq. Bu Qurbanı da sadəcə bayramın zahirinə diqqət yetirərək qeyd etdik. Ancaq Qurbanın bizə nələri çatdırmaq istədiyi haqqında heç düşünmədik. Düşünmədik ki, görəsən Allah təala Qurani Kərimdə bizə İbrahim və İsmail peyğəmbərin macərasını anlatmaqla həqiqətdə hansı mesajları bizə verir?

Hər il milyonlarla insanların nəyə görə Məkkəyə - Kəbəni ziyarətə getməsi təkid edilir? Bəli, bütün bunlarda çox dəyərli mənalar gizlənib. Elə bir mənalar ki, bu mənaları, dəyərləri dərk edən xalqa, millətə heç vaxt ölüm yoxdur. Bu dəyərləri qəbul edən xalq heç vaxt zülmə boyun əyməz və həmçinin zülm etməz. Bəs nədən ibarətdir bu dəyərlər? Bugün cəmiyyətimizin, xalqımızın Qurban bayramından götürməli olduğu ən böyük dəyər hansıdır?

Məlum olduğu kimi Azərbaycan xalqı neçə illərdir ki, çətin və dözülməz bir şəraitdə yaşayır. Azərbaycanda mövcud olan rejim yalnız və yalnız özünü və ətrafını fikirləşərək xalqın malı və sərvəti hesabına özlərinə lüks həyat qurur, xaricdə neçə-neçə villalar satın alır.

Alçalmış, əzilmiş xalq isə min bir əzab əziyyət nəticəsində gündəlik çörək pulunu çətinliklə qazana bilir. Aəzrbaycanda xoş güzəran içərisində yaşayan yalnız xalqın müəyyən təbəqəsidir. Qalan insanlar isə demək olar ki, yaşamırlar, sadəcə əzab-əziyyət içərisində sürünürlər. Ancaq etiraf etmək lazımdır ki, hakimiyyətə xalqın başına oyun açmağa şərait yaradan da elə xalqın özüdür. Çünki, nə qədər ki, öz xoşbəxtliyini xalqın əzab-əziyyəti üzərinə quran bu hakimiyyətə dur demədikcə onlar da bir o qədər öz zülmlərini artırmağa davam edəcəklər.

Məhz bu səbəbdən də Qurban bizim üçün bir çağırışdır. İnsanları qurtuluşa, həqiqətə, zülmə son qoymağa və müstəqiliyyə doğru səsləyən bir çağırışdır. Məhz Qurban bizə müqəddəs amallar uğrunda – Allah yolunda, din yolunda, vətən yolunda, şərəf və ləyaqət yolunda sahib olduğumuz hər bir dəyərli şeylərdən keçməyə hazır olmağımızı öyrədir və aşılayır. Necə ki, İbrahim peyğəmbər öz oğlu İsmayılı Allah yolunda qurban verməyə hazır oldu gərək bizlər də müqəddəs saydığımız hədəflər uğrunda hər bir şeydən keçməyə hazır olaq. Həqiqətən də görəsən biz nə dərəcədə İsmayillarımızı Allah yolunda qurban verməyə hazırıq?

Bugün cəmiyyətimizi yenidən qurmaq, xalqımızı zalımın və zülmün pəncəsindən qurtarmaq üçün yollar axtarırıq. Ancaq xalqımıza nicat verəcək bu çarə və dərmanın öz içimizdə olmasından xəbərsizik.

Bugün cəmiyyətimizdə İslami dəyərlərin təbliğinə geniş şəkildə ehtiyac var. İslami dəyərlərin hər biri insanları qurtuluşa və xoşbəxtliyə səsləyir. Xalqımız, millətimiz bu dəyərlərə sarılmadıqca, bu dəyərləri öz əməllərində yaşatmadıqca həmişə zülmə məruz qalacaq və zalımın hakimiyyəti altında yaşamağa məcbur qalacaq.

Tarix boyu İslam dəyərləri onu həyatında tətbiq edən insanlara, millətlərə qurtuluş və nicat bəxş edib. İmam Hüseyn(ə) kimi şəxsiyyətin zalıma boyun əyməyərək zalım qarşısında üzü ağ, alnı açıq duraraq hər bir şeyini bu yolda fəda etməsi məhz bu dəyərlərin təcəssümüdür.

Heç uzağa getməyək. Yaxın keçmişdə zalım şahın əlindən təngə gəlmiş xalqa nicat verən də məhz bu dəyərlər və bu dəyərlərə sadiq qalan insanlar oldu. Azərbaycan xalqının da nicat yolu məhz bu dəyərlərdən keçir. Allahın izni ilə tez bir zamanda vətənimizdə də həyatını, yaşamını bu dəyərlər üzərinə quran insanlar üzə çıxaraq xalqımızı işıqlı və firəvan gələcəyə doğru aparacaqlar.
Source : Islamtimes
Comment